Türkiyədəki azərbaycanlı məzarları – FOTO

 

Qərib məzarlar – LAYİHƏ

 

Rejissor Tahir Tahiroviç neçə illərdi xaricdə vəfat etmiş Azərbaycan ziyalıları, ictimai xadimlərin məzarlarını axtarıb tapır. Bu dəfə o, Şəfi bəy Rüstəmbəyli və Qulamrza Şərifzadənin məzarlarını tapıb.

 

Rejissor deyir ki, bu işdə ona diplomat Ramiz Abutalıbov və türkiyəli alim Ömər Özcan kömək edib: “Onların köməyi nəticəsində İstanbulda məzarlıqları gəzib qəriblikdə uyuyan ziyalılarımızın, ictimai xadimlərimizin məzarlarını tapıram. Düşünürəm ki, bu arxeoloqların işi qədər çətin iş deyil, sadəcə boş zamanımdan istifadə edib əlimdəki məlumatlar əsasında məzarlıqları gəzir, qərib həmvətənlərimizin məzarlarını tapıram.”

 

Kulis.az “Qərib məzarlar” layihəsində Şəfi bəy Rüstəmbəyli və Qulamrza Şərifzadənin məzar fotolarını təqdim edir.

 

 

Şəfi bəy Rüstəmbəyli

 

Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir.

 

1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultayında Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edənlərdən biri Şəfi bəy Rüstəmbəyli olmuşdur.

 

 

Elə həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında da iştirak edir. Şəfi bəy 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığının və seyminin müsəlman fraksiyasının fəal üzvlərindən sayılırdı. Həmin dövrdə Şəfi bəy Azərbaycan Milli Şurasının Tiflisdə və Gəncədə yaranmış bölmələrində çalışmış, dövlət qurumlarının yaradılmasında böyük əmək sərf etmişdir.

 

Şəfi bəy Rüstəmbəyli 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin (rus dilində) redaktoru olmuşdur.

 

İti ağlına, zəkasına və siyasi fəaliyyətinə görə Şəfi bəy Rüstəmbəyli 1918-ci il dekabrın 7-də təntənəli surətdə açılmış Azərbaycan Parlamentinin deputatı seçilir. Şəfi bəy "Azərbaycan" qəzetinin parlament üzvü olan ilk baş redaktoru idi. O, 1919-cu il dekabrın 2-dən 6-dək Bakıda keçirilən Türk Ədəmi-Mərkəziyyət Partiyasının ikinci qurultayında yenidən Mərkəzi Komitənin üzvü seçilir. Şəfi bəy Rüstəmbəyli "Azərbaycan"ın redaktoru olmaqla yanaşı, ADR-in Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifəsini də icra edir.

 

1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir.

 

İstanbulda 1923-1927-ci illərdə "Yeni Qafqaziyyə", 1928-1931-ci illərdə "Azəri türkü", 1928-1930-cu illərdə "Odlu yurd" və 1932-ci illərdə "Azərbaycan yurd bilgisi"ni nəşr etdirməyə başlayır.

 

 

O, hələ Azərbaycan Parlamentinin deputatı və "Azərbaycan" qəzetinin Baş redaktoru olduğu dövrdə – 1919-cu ildə ilk milli mətbuat haqqında qanunu işləyərək parlamentdə qəbul olunmasına nail olur.

 

İxtisasca hüquqşünas olsa da, çox kövrək və həssas imiş. Salnaməçilər söyləyir ki, parlamentin son iclaslarında Məhəmməd Əmin Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə dönür: "Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli ağlayırdı". Şəfi bəy də min bir əzab-əziyyətlə yaradılmış gənc dövlətin süqutuna dözə bilmirdi.

 

O, 1953-cü ildə İstanbulda dünyasını dəyişib. Məzarı Fəriköy qəbiristanlığında yerləşir.

 

Qulamrza Şərifzadə

 

Aktyor, rejissor Abbasmirzə Şərifzadənin böyük qardaşı. 1884-cü ildə Şamaxıda anadan olub. 1911-ci ildə yaradılmış “Müsavat” partiyasının banilərindən biri də Qulamrza Şərifzadə olub. Abbasmirzə Şərifzadə böyük qardaşı Qulamrza Şərifzadənin yanında ticarət işlərdə məşğulluğa başlayıb, həm də onunla teatr tamaşalarına gedib. Abbasqulu Kazımzadə ilə birlikdə Bakıda kitab mağazası var idi.

 

 

Birinci dünya savaşı zamanı Azərbaycandan Türkiyəyə qardaş yardımı edilərkən Qulamrza Şərifzadə xüsusi ilə fəallıq edib. Xatırladaq ki, araşdırmaçı alim Ədalət Tahirzadə Qulamrza bəyin İranda dəfn olunduğunu zənn edirdi, çünki Qulamrza Şərifzadə mühacirətə getdikdən sonra bir müddət İranda siyasi fəaliyyətlə məşğul olub.

 

O, 1942-cı ildə İstanbulda dünyasını dəyişib. Məzarı Fəriköy qəbiristanlığında yerləşir.

 

LENT

06 Avqust 2018
05 Avqust 2018
02 Avqust 2018
01 Avqust 2018
31 İyul 2018
30 İyul 2018