Qan Turalı ilə qətiyyən razılaşmıram - YAZIÇI MİSSİYASI

 

Qan Turalının “Yazıçı alkoqolikə çevriləndə uduzduq biz...” məqaləsi müzakirəyə təhrik eləyən, bir az da sadəlövh yazıdır.

 

Müəllif yazır: “Bizim işimiz nədir? Yazmaq! Sonra? Ölkədə maarifi yaymaq, mümkün mərtəbə daha çox insana çatmaq, onların ruhunu oyatmaq... Onları ədəbiyyatın cazibəsinə salmaq, daha yaxşı insan, daha yaxşı vətəndaş etmək”.

 

Maarifçilik geniş anlayışdır, biliklərin, mədəniyyətin (bu sözlərin böyük anlamında) ötürülməsi, yayılmasıdır.

 

Yazıçının maarifləndirmək missiyasından danışılanda konkret nə nəzərdə tutulur?

 

Yalnız ədəbiyyat bilgilərinin ötürülməsimi? Yoxsa, ötən əsrin əvvəllərində olduğu kimi ədəbiyyat adamlarının fikir azadlığının, dünyəviliyin, təhsilin önəmini vurğulayan təbliğatımı?

 

Ümumiyyətlə, bizdə maarifçilik deyəndə onun bağlarını bir qayda olaraq ədəbiyyata, ədəbiyyat adamlarına pərçimləyirlər və çoxunun da ağlına gələn maarifçiliyin ədəbi, mədəni konteksti olur. Çünki ağıllı adamlardan birinin dediyi kimi, ölkəmizi, dünyanı və s. anlamaq üçün bizdə bədii tekst elmi, hüquqi, fəlsəfi tekstlərdən önə keçdi, indiyədək də bunu dominant kimi qəbul edirik.

 

Mental, milli kodlarımızı anladan, Həsən Quliyevin “Arxetipik Azərilər: mentalitetin simaları” elmi araşdırmasını cəmiyyət üçün daha praktik, faydalı hesab edirəm, nəinki bunun bədii interpretasiyasını oxumağı.

 

Yaxud “Molla Nəsrəddin” jurnalının qabartdığı problemləri sosiologiyanın dili ilə anladan, cəmiyyətimizi analiz edən əsərlərin yazılması daha vacibdir. Dövr çoxdan tələb edir ki, problemlər yeni formada deyilsin, konseptual yanaşmalar olsun. Bu mənada cəmiyyətin maariflənməsi üçün ədəbiyyat yox, problemlərlə peşəkar məşğul olan digər sahələr önə çıxmalıdır.  

 

Qısası, maariflənmənin istiqamətləri çoxdur: hüquqi, siyasi, pedaqoji, dini tolerantlılıq, iqtisadi mexanizmlər,  insan haqları, cinsi münasibətlər və s.

 

Biz Mirzə Cəlil dövründə yaşamırıq ki, bunlar ədəbiyyat adamlarının öhdəsinə buraxılsın.

 

Məsələn, Natiq Cəfərlinin iqtisadi, Erkin Qədirlinin hüquq sahəsindəki maarifləndirici yazıları yaxşı vətəndaşın yetişdirilməsində nəinki çox əhəmiyyətlidir, hətta müqayisədə bir yazıçının qələmə aldığı romandan, rejissorun çəkdiyi filmdən daha funksionaldır.

 

Ona görə ədəbiyyat adamlarını fövqəladə missiya ilə yükləməyə ehtiyac yoxdur.

 

Kiminsə yaxşı vətəndaş olmasından ötrü onun illah da ki, bədii ədəbiyyat oxuması da gərəkmir. Ədəbiyyatın, sənətin əhəmiyyətini inkar eləmirəm, özüm də bilavasitə incəsənətin bir sahəsiylə məşğulam, sadəcə absolyut qaydaların təyininə qarşıyam. Bir həkim peşəkardırsa, vicdanla işini görürsə, o, artıq yaxşı vətəndaşdır.

 

Amma ola bilsin ki, Qan Turalının “Fələk qırmancı” əsərindən xəbərsiz olsun.

 

Turalın gəldiyi qənaət budur ki, yazıçı məşəqqətlərə, əzablara dözməlidir və nümunə kimi keçmişi önə çəkir. Niyə yazıçı, aktyor, sənət adamı insan kimi yaşamamalıdır, əzab çəkməlidir, maddi vəziyyəti acınacaqlı olmalıdır və bunu dilə gətirməməlidir? Bu fikir hardan qaynaqlanır, əsası nədir? Niyə Azərbaycanda düşünürlər ki, sən yazıçısansa, sənətlə məşğulsansa acından gəbərməlisən, amma fədakar olmalısan. Fədakarlıq hissi niyə güclə yazıçının alnına yazılsın? Məmurdan dahamı fədakar olmalıdır yazıçı?

 

Yazıçı adi adamdır, hansısa planetdən gəlməyib, su ilə, hava ilə qidalanmır, cəmiyyətdə baş verənlər ona da təsir edir. Ona görə sosiumdan, hansısa problemlərdən danışması, vətəndaş kimi haqqını tələb eləməsi normaldır.

 

Hər halda daha fərqli sosial, ictimai, iqtisadi dəyərləri olan ölkədə yaşayırıq. Belə bir dövrdə yazıçının Sabir kimi, Hadi kimi məşəqqətlərə dözməsi normal deyil, əksinə, onun normal güzəranın olmaması anormaldır.

 

Məgər Sabirin yaradıcılığında ictimai, sinfi, sosial ədalətsizliyə etiraz yoxdumu? Və bu, həm də onun şəxsi təcrübəsindən doğan etiraz deyildimi?

 

Turaldan fərqli olaraq düşünürəm ki, bizdə ədəbiyyat, sənət ona görə acınacaqlı durumdadır ki, biz yazıçını, sənət adamını məhz acınacaqlı durumda olmasını təbiilik kimi qəbul edirik və üstəlik, ağır sosial şərtlərdə yaşamağı onun boynuna qoyuruq.

 

 

LENT

29 May 2017
28 May 2017
27 May 2017
26 May 2017
25 May 2017
24 May 2017