Edqar Ponun Ay yalanı

Kulis.az Mirmehdi Ağaoğlunun tərcüməsində Sunay Akının “Onlar həmişə ordaydılar” kitabından “Naməlum Ay hekayəsi” yazısını təqdim edir.

 

Vestern filmlərində baxmağa alışdığımız bir səhnə var: Gecə ocaq qalayan kovboy yatmamışdan qabaq qəhvə bişirir... Eyni görüntü ilə komiks qəhrəmanı Alyaskanın (“Ken Parker” adlı komiksin Türkiyədəki adı) “Vicdan borcu” adlı macəralarında da qarşılaşırıq. Sadəcə Berardinin hekayələrini yazdığı, Ambrosininin rəsmlərini çəkdiyi bu komiksdə Alyaska ocağın qırağında kitab oxuyur.

 

Kitab oxuyan komiks qəhrəmanı!... Həm də kovboy!... Alyaskanın beş nömrəli macəra kitabı, kitabxanamın ən gözəl əsərlərindəndir. Kitabı tez-tez əlimə alır və haqqında danışdığım səhifəyə diqqətlə baxıram. Kitab oxuyan bir komiks qəhrəmanı görmək hər dəfə məni heyrətləndirir. Detektiv romanın yaradıcısı hesab olunan Edqar Allan Ponun əsərini oxuyur Alyaska. Əlində tutduğu isə yazıçının qorxu janrının şah əsərlərindən heab olunan “Quyu və kəfgir” hekayəsidir.

 

Amma mən Ponun kitabından bəhs etməyəcəm sizə. Kitab oxuyan komiks qəhrəmanının başının üstündə dayanan Ay üçün Amerikada yazılan, amma çoxunuzun bilmədiyinə inandığım bir əhvalatdan bəhs etmək istəyirəm...

 

“New York Sun” qəzetinin 25 Avqust 1845-ci il tarixli sayı bir neçə saat içində satılır. Qəzet köşklərinin qabağındakı növbələrə səbəb olan xəbər başlığı isə budur: “Böyük astonomik kəşflər: Ser Jon Herçelin Ümid Burnunda əldə etdiyi elmi yeniliklər.”

 

Con Herçel məşhur ingilis astronomudur. Atası Uilyam Herçel də Uran planetini və yüzlərlə ulduzu kəşf etmiş elm adamı idi. O gün qəzetdə Con Herçelin güclü teleskop vasitəsi ilə apardığı müşahidələr xalqa açıqlanmağa başlanıb. Yazının çap olunduğu birinci gün səhifədə dağların, meşələrin və bitki örtüyünün göründüyü Ayın rəsmi yer alıb. Yazıda isə qeyd olunub ki, dünyanın peykində həyat olması ehtimalı var. Bunu oxuyan nyu-yorklular səhərin açılmağını səbrsizliklə gözləyirlər.

 

İkinci gün Con Herçel ağ sahilləri ilə əhatə olunmuş bir dənizdən və qırmızı rəngli nəhəng çiçəklərdən bəhs edir yazıda. Palıd ağacına bənzəyən bitki örtüyünün arasında bizona oxşayan heyvanların gəzdiyini öyrənən xalq qəzet köşklərinin qabağından ayrılmır, mətbəə də bu istəyi yerinə yetirmək üçün qəzeti təzədən çap edir. Nüfuzlu elm adamı olan Herçelə inanmamaq heç kimsə ağlına gətirmir. Üstəlik Ayla bağlı açıqlamalar son dərəcə inandırıcı bir dillə təqdim olunur. Tək buynuzlu, mavi rəngli keçilər, qısa boylu zürafələr, qırmızı quşlar teleskopdan görünən canlılardan yalnız bir neçəsidir. Herçel 38 ağac növü də müəyyən etmişdir.

 

Yazının ardının çap olunduğu üçüncü gün otellərdə yer tapmaq mümkün deyil. Nyu-York xəbəri eşidib marağa digər şəhərlərdən gələn insanların və elm adamlarının istilasına uğrayır. Qəzetin 28 avqust sayını oxuyanların heyrətdən gözləri bərəlir. Çünki o gün Ayda yarasaya bənzəyən adamların varlığı açıqlanır. Bunlar bir neçə metr hündürlükdə, zərif dəridən iki qanadı olan, mis rəngində və alt çənəsində saqqalı olan, oranqutana oxşayan canlılardır. Gücül teleskopla müəyyən edilib ki, onlar bir-birləri ilə danışır, üzür və yemək yeyirlər. Yedikləri də sarı rəngli qəribə meyvədir.

 

Silsilə yazılarda bu qədər incəliyə baş vurulması elm adamlarını şübhələndirir. Yeyl Universitetində yaradılan komitə Amerikanın ən çox satılan qəzeti olmuş “New York Sun”dan yazıları araşdırmaq üçün icazə istəyir. Fransa Elmlər Akademiyası isə Avropa dillərinə də çevrilən qəzeti lağa qoyur.

 

Con Herçel o vaxt həqiqətən Cənubi Afrikadakı rəsədxanasında fəaliyyət göstərirdi. Amma qəzetin redaktoru Riçard Lokun Ay hekayəsini özünün uydurduğunu bir başqa qəzetdə etiraf etməsi ilə hər şey alt-üst olur; arzular xəyal qırıqlığına çevrilir. Qəzetin sahibi Moses Y. Biç bir gün Loku hədələyir ki, satışlar artmasa işdən qovacaq. İşdən qovulmaq istəməyən gənc jurnalistin də ağlına belə bir oyun gəlir. Birinci yazını yazandan sonra xalqın arasına çıxaraq onların nələr eşitmək istədiyini öyrənir və bir dostunun köməyi ilə onları yazır.

 

Həqiqət ortaya çıxsa da heç kəs Riçard Loku qınamır. Əksinə onun yaxşı iş gördüyünü düşünürlər. Həmin yazılar isə sonradan kitab halında çıxır. Kitab qısa müddətdə altmış min ədəd satılır, müəllif də yaxşı gəlir əldə etmiş olur. Lok əsl uğurun ona kömək edən dostuna aid olduğunu təkrar etməkdən də yorulmur.

 

Lokun dostu komiks qəhrəmanı Alyaskanın ay işığı altında kitabını oxuduğu Edqar Allan Podur!...

 

Bu əhvalatı öyrəndikdən sonra Ponun bu sözü yeni məna qazanır: “Ay, mənə xəyallar gətirməsə əsla parıldamaz!...” 

 

"Ədəbiyyat qəzeti"

 

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
26 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017