Nerudanı dənizindən, Nazimi oğlundan ayıranlar

 

Kulis.az Sunay Akının “İstanbulun Nazim planı” kitabından “Məktubunu verməzlər” adlı yazını təqdim edir.

 

Böyüyəndə kim olmaq istəyirsən?... Uşaq vaxtı hamımız bu sualla qarşılaşmışıq. Nazim Hikmət bu sualın cavabını 52 yaşında yazdığı şeirdə verir:

 

Çocukken postacı olmak isterdim,

şairlik filan yoluya değil ama

basbaya, sahici postacı.

 

 

Gənc poçtalyon qapısını döydüyü Pablo Nerudaya heyranlıqla baxaraq “Ah, mən də şair olmaq istəyərdim” deyir. Məşhur şair zarafatla qarşılıq verir: “Balam, Çilidə onsuz da hamı şairdir. Poçtalyon olmağın daha yaxşıdır. Heç olmazsa çox yol gedər və kökəlməzsən. Çilidəki bütün şairlər dumbul kimidirlər.”

 

Poçtalyon ilə şair arasında daha sonra belə bir dialoq olur:

 

- Demək istəyirəm ki, şair olsaydım söyləmək istədiyim hər şeyi söyləyərdim.

 

- Yaxşı, nə söyləmək istəyirsən?

 

- Bax, əsl problem də budur. Şair olmadığım üçün söyləyə bilmirəm.

 

Neruda gənc poçtalyona sahil istiqaməti ilə körfəzə getməyi və yolboyu dənizə baxaraq metaforalar fikirləşməyi məsləhət görür. Metaforanın nə demək olduğunu soruşan poçtalyona nümunə üçün bir şeirini oxuyur: “Burada, adada, ne çok deniz / Her an kendinde doğuyor. Diyor ki, evet, diyor ki, hayır, hayır / Evet diyor maviler içinde, köpüklür içinde, hızlı hızlı / Diyor ki, hayır hayır / Sakin duramıyor hiç bir zaman / Sürekli çarparak bir kayaya, ama başaramayarak onu inandırmayı / Benim adım deniz diyor / Böylece yedi yeşil diliyle, yedi denizden ona doğru koşuyor / Onu öpücüklere boğuyor islatıyor / Adını yineleyerek göğsünü dövüyor.”

 

Misralardan təsirlənərək “Sizin sözlərinizdən sonra özümü dənizdə yellənən gəmi kimi hiss elədim” deyən poçtalyona Neruda gülümsəyərək belə cavab verir: “Bax, metafora işlətdin...”

 

Beləcə gözəl bir dostluq başlayır çilili şair Pablo Neruda ilə poçtalyon Miro Jimenez arasında!...

 

 

Bir gün Mario bir qıza vurulduğunu deyir. Neruda, “Ağır xəstəlik sayılmaz, çarəsi var” deyə qızın adını öyrənir. Poçtalyon sevdiyi qızın adını deyəndə İtaliya şairi Danteni xatırlayır Neruda: “Beatrice...” Dante ilk dəfə doqquz yaşında qarşılaşdığı Beatrice Portinarini on səkkiz yaşına çatanda yenidən görür və üzünə güldüyünə görə ona aşiq olur... Beatricenin ölümündən dörd il sonra onun üçün yazdığı şeirləri, xatirələri topladığı məşhur “Yeni həyat”ı çap edir. Dünya ədəbiyyatına ölümsüz bir əsər bəxş edən bu sevgi şeirimizdə Cemal Süreyanın misraları ilə çıxır qarşımıza:

 

Kökü dışarda bir aşk,

Dante ile Beatriceninkine

Fena öykünüyor.

 

Poçtalyon Mario sevgilisindən danışdığı vaxt Nerudaya partiyası tərəfindən Çili prezidentliyinə namizəd göstərilməsi xəbəri gəlir. Allende seçiləndən sonra isə onsuz da prezidentliyə könlü olmayan şair bundan məmnun olur və kəndə qayıdır. 1971-ci ildə Nobel Ədəbiyyat mükafatını qazanan Neruda daha sonra Parisə səfir göndərilir. Bununla belə şair ilə poçtalyon arasındakı münasibət kəsilmir. Tez-tez məktub yazan Neruda poçtalyon dostuna səsyazan göndərərək bunları istəyir: “Dəniz üçün darıxmışam. Quşlar üçün darıxmışam. Mənə evimin səslərini göndər. Baxçaya gir və zəngləri al. Əvvəlcə küləyin hərəkəti ilə yellənən kiçik zənglərin incə səslərini yaz, sonra böyük zəngin ipini beş-altı dəfə çək. Qayalıqlara get, Mario, dalğaların çırpılmasının səsini yaz.”

 

Mario Jimenez şair dostunun “metafora”ya ehtiyacı yarandığını çox yaxşı başa düşdüyü üçün istəyini yerinə yetirir!...

 

Pablo Neruda evinə geri qayıdanda çox xəstə idi. Qısa müddət sonra isə çox sevdiyi ölkəsində böyük bir xəyal qırıqlığına uğrayır: Çilidə faşistlər hakimiyyəti ələ keçirirlər... Diktatura rejiminin əsgərləri şairin evini nəzarətə götürürlər. İstədikləri isə onsuz da xəstə olan inqilabçı şairin tezliklə ölməsidir.

 

Amma Mario əsgərlərdən yayınıb şairin qapısını döyür. Neruda illər əvvəl ona şair olmaq istədiyini deyən poçtalyon dostunu görəndə göz yaşlarını saxlaya bilmir...Beatrice ilə evlənib, bir oğlan atası olub Mario... Neruda xəstə yatağından qalxıb pəncərədən dənizi görmək istəyir, amma Mario “Sərin külək əsir” deyərək buna qarşı çıxır. Nerudanın cavabı möhtəşəmdir: “Nəyi gizlətmək istəyisən məndən? Bəlkə də pəncərəni açdığım zaman dəniz artıq orada olmayacaq? Onu da mı götürdülər?”

 

 

Faşistlər şairə teleqraf gəlməsini qadağan etdiyi üçün Mario onları əzbərləyib, sonra hər birini şairə oxuyur!... Son anlarda xəstəxanaya aparılan Nerudanın Çilidəki bütün şairlərə bənzəyən “dumbul kimi” bədənini çürüməyə yola salanlar arasında sadiq dostu Mario Jimenez də var... Beləcə şairin bu misraları gerçək olur:

 

Ve çekib gidecekse bu can tenden

Neden böyle sadık bana iskeletim?

 

İstanbulda ən çətin tapılan şeyin, nə su qatılmamış süd, nə təmiz küçə, nə boş tramvay, nə banan, nə də xəstəxanada boş yataq deyil, marka olduğunu 1935-ci ildə yazan Nazim Hikmətin ölümündən sonra xatirəsinə bir marka buraxılır... Neruda ilə dənizin arasına girə “harami”lər Nazim Hikmətlə oğlunun da arasına girirlər. Və Nazim uşaqkən poçtalyon olmaq istəyini açıqladığı şeirini belə bitirir:

 

Moskova'da mektupları birer birer

kendim dağıtırım adreslerine.

Yalnız Memedin mektubunu götüremem yerine.

hattâ yollıyamam.

 

Nâzım'ın oğlu,

haramiler kesmiş yolu,

         mektubunu vermezler.

 

LENT

20 Fevral 2017
19 Fevral 2017
18 Fevral 2017
17 Fevral 2017
16 Fevral 2017
15 Fevral 2017
14 Fevral 2017