Anama məğlub olan saçlarım – Sevinc Elsevərdən YENİ HEKAYƏ

Kulis.az Sevinc Elsevərin “Sağ ağa, saç ağa, səni çağırır...” hekayəsini təqdim edir.

 

Nənəm hər addımında dodağının altında qəribə dualar oxuyar, səhər-axşam zümzümə edərdi. Cümə axşamları bişirilən yeməklərdən dadmağa ölüləri dəvət edərdi. Bunu xüsusi dualarla edərdi. Qohumlardan kiminsə başı ağrıyır, üşüdür, qızdırır, xəstəhal olurdusa, nənəm deyirdi, onu kiminsə ruhu tutub. Çörək və duz götürərdi, çörəyi tən ortadan bölüb qoyardı bir dəsmalın üstünə. Duzu da ikiyə bölünmüş çörəyin arasına. Sonra da  quyruğundan iplə bağladığı qaşığı duz-çörəyin üstündə saxlayaraq dodağının altında danışardı. Axırda da hündürdən gah ölənlərin, gah müxtəlif yeməklərin adını sayardı. Qaşıq hansısa xörəyin adı gələndə sevincəyə düşüb yellənməyə başlardı. Nənəm onda xəstələnən adama deyərdi ki, səni filan adamın ruhu tutub. Ürəyi də filan yeməyi istəyir. Onun ruhu eşqinə həmin yeməkdən bir qazan asmalısan! Bu, deyəsən xəstələrə  yaxşı təsir göstərirdi. Çünki ruh tutma məsələsinə görə bizim evimizə axışan adamların sayı gündən-günə artırdı.

 

Nənəm saçlarımı daraya-daraya belə oxuyardı: “Saç ağa, saç ağa, səni çağırır  g... ağa!..”  Bu kiçik və qədim mahnıyla nənəm saçlarımı uzanmağa həvəsləndirərdi. 

 

Cavanlıqda özünün necə qalın saçları olduğundan danışardı. Baş barmağını digər barmaqlarından bacardığı qədər çox aralayıb göstərirdi: “Cavanlıqda saçımı bax bu endə hörərdim...”

 

Babam rəhmətə gedəndən sonra saçını uşaqlarının yolunda süpürgə eləməyindən danışardı. Nəticədə saçları qocalmış, əvvəlki gücünü, təravətini itirmişdilər. Amma nənəm yenə də saçlarını qarşısına töküb daramağı, hörməyi sevərdi. Saçlarını hörüb qiymətli xəzinə kimi yaylığının altında gizləyərdi. Gizlətsə də, üzə çıxarmasa da, onlarla öyünərdi. Nənəm hörüklərdən danışanda deyirdi ki, qız olanda saçlarını qoşa hörürmüş, evlənəndən sonra tək. Mən indi də bilmirəm bunun bir mənası varmı? Bəlkə də varmış...

 

Anama icazə vermirdi ki, saçlarımı kəsdirsin. Anamın öz saçları boynunun arxasından idi. Heç vaxt uzanmırdı. Bir balaca uzanan kimi anam saç ustasının yanına qaçır, saçlarını vurdurub boynunun dibinə qoyurdu. Düşünürdü ki, saçlar müasir qadınlara mane olur. Gündüzlər işləyirdi, işdən gələndə evdə ev işlərini görürdü. Saçlar xüsusi qulluq tələb elədiyindən anam onlardan canını qurtarmağa üstünlük verirdi.

 

Anamın acığına nənəm saçlarımın uzanması üçün dualar oxuyur, saçlarımı südlə, ayranla yuyurdu. Evimizdə ət bişəndə nənəm qazanın içindən saqqız kimi çeynənən tikəni çıxarıb mənim boşqabıma qoyurdu. Həmin tikəyə saçuzadan deyirdi. Guya həmin saçuzadanı çox yeyən qızın saçları uzun olurdu. Nənəm o tikəni heç kimə verməzdi, səhvən başqasının qabına düşübsə, əlindən alıb mənə verirdi. Həmin qəribə tikənin dadı ətdən fərqli idi. Artıq onu yeməyə öyrənmişdim və mənə dadlı gəlirdi.

 

Hər səhər məktəbə gedəndə saçlarımı anam darayır, keçi buynuzlarına oxşayan formada yığır, ağ lentlər vururdu. Hər dəfə də göz yaşlarına boğulurdum. Çünki anam sanki bütün hirsini-hikkəsini mənim zavallı saçlarımdan çıxırdı. Xüsusilə nənəmlə dilləşəndə, atamla sözü olanda saçlarımı daha çox yoluşdururdu. Saçlarımı keçi kimi yığandan sonra vurduğu lentin möhkəm olub-olmadığını yoxlamaq üçün bir də bərk dartırdı  “buynuzlarımı”... Onda lap imanım yanırdı! Anamın qorxusundan qışqırmır, ciyildəyirdim.

 

Dəfələrlə saçlarımın üstündə evdə söz-söhbət düşmüşdü. Anam  deyirdi ki, hər səhər saçlarımı yığanda ona konsert verirəm, gərək saçlarım kəsilə. Amma nənəm kimsənin saçlarıma yaxın düşməyinə imkan vermirdi.

 

Nənəm saçlarıma xına qoyanda anam lap əsəbləşirdi. Anam  xınaya nifrət edirdi. Qısa saçlarını sarıya boyamışdı. Xınanı isə “qoca malı” sayırdı. Nənəmsə israr edirdi ki, xına saçları canlandırır, qüvvətləndirir, ən əsası uzadır.

 

Hətta Ukraynadan qonaq gələn dayım qızlarından başıma bit keçəndən sonra da nənəm saçlarımın kəsilməsinə qarşı çıxdı. Dayım öz arvadı ilə boşanma ərəfəsində idi. İki qızını “qonaq aparmaq” adıyla Ukraynadan qaçırtmışdı, uşaqları arvadına vermək fikri yox idi. Uşaqlar bizim yaşadığımız rayonda məktəbə getməyə başlamışdılar, ana babamgildə qalırdılar. Tez-tez bizə gəlirdilər, ya da biz babamgilə gedirdik. Bu qızlar saçlarında gətirdikləri biti evdə hamının başına salmışdılar. Nə qədər qorunmağa çalışsam da, bit mənim də başıma düşdü. Bit şampunlarının, hətta adi şampun və sabunların tapılmadığı dövr idi. Çörək tapılmırdı, o ki qala şampun ola. Başımızı paltar sabunu ilə yuyurduq.

 

Anam deyinə-deyinə saçlarımı neftləyir, qabağıma ağ mələfə sərir, darayır, darayır, darayırdı. Amma bit qurtarmırdı ki, qurtarmırdı. Bütün günü əlim başımda qalmışdı. Bit sirkələrini tutub dırnaqlarımın arasında partladır, anamın əsəblərini pozurdum.  Sirkələr partladıqca onlardan maraqlı səs çıxırdı, xoşuma gəlirdi. Yaman əyləncəli idi.

 

Anam məni harda tutsa, başımı dizlərinin üstünə qoyub bitləyirdi.  Axırda biti evdə hamının başına saldım. Qardaşlarımı keçəl elədilər. Anamın saçları qısa idi, onun saçları təmizləndi. Qaldıq nənəmlə mən.

 

Nənəm qəfil xəstələndi və ölüm yatağına düşdü. Ölənə qədər saçlarından bit təmizlənmədi. Bibilərim yığıldılar, nənəmin saçlarını neftlədilər, daradılar. Onda günahkarlıq hissi hakim kəsildi balaca qəlbimə. Nənəm saçlarını çox sevirdi. 

 

Nənəmin qırxı çıxandan sonra anam məni öz saç ustasına apardı, saçlarımı dibdən kəsdirdi. Mən nənəmin illərlə qoruduğu, üstünə əsdiyi saçlarımı qoruya bilmədim. Sonra mənimçün daha fərqi yox idi. Saçlarım gah uzanırdı, gah kəsdirirdim, müxtəlif formalara saldırırdım.

 

Saçlarım uğrunda gedən mübarizədə nənəm anama məğlub oldu. Amma hərdən mənə elə gəlir ki, saçlarımı qorusaydım, hər şey başqa cür olacaqdı. Ayrı bir qadın olacaqdım, kim bilir...

 

Görüntünün olası içeriği: 1 kişi, iç mekan

 

LENT

29 İyun 2017
28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
25 İyun 2017