Tanrıya ehtiyac olmayan dünya

Hər şey bir yana, doğrudan Tanrı varmı?

 

Varsa, niyə ...?!

 

Yoxsa, niyə ...?!

 

Nöqtələrin yerinə bir kitablıq sual yazmaq olar.

 

Budda hüzur bulacağı təqdirdə heç kimi tanrısından ayırmaq istəmədi.

 

Tanrı varmı, yoxmu məsələnin başqa tərəfidir, ancaq o varsa da belə, yoxsa da belə onunla təskinlik tapan, içində yaşamaq eşqi yaradan milyonlarla insan var.

 

Ona görə, gəlin, Tanrını öz varlığı və yoxluğuyla rahat buraxıb kameramızı yerə - sadə insanlara yaxınlaşdıraq.

 

Təsəvvür edin, iki uşağının ikisi də öldürüləndən sonra döşlərindən yapışıb göylərin boşluğuna – Tanrının laməkanlığına ulayan suriyalı qadını saxlayırsan və deyirsən: “Tanrı yoxdur!”

 

Bu, namərdlikdən, zalımlıqdan öncə əxlaqsızlıqdır.

 

Qara paltarlı, əli qılınclı əzazil bir adam təsəvvür edirəm, o, yavaş-yavaş uşaqlarını itirib göylərin sonsuzluğuna hayqıran qadına yaxınlaşır və “Allah yoxdur!” – deyilincə qılıncını sıyırıb göy üzünü qadının başının üstündən kəsib atır.

 

Qadının ah-naləsi də üzləşdiyi faciələrin yanında qalır, getməyə yer tapmır.

 

Məncə, boşluğuna uladığı göy üzünü o qadından almaq, uşaqlarını almaqdan daha dəhşətlidir.

 

Tanrı varsa da böyükdür, yoxsa da!

 

Tanrı insanın xəyal hüdudlarının fövqündə qaldıqca öz ucalığını itirməyəcək.

 

Əl hər yerdən üzüldükcə yada düşəcək.

 

Çünki əl hər yerdən üzüləndən sonra laübalı bir ümid doğur insanın içində.

 

Doğur və kainatda istinad nöqtəsi axtarır...

 

Yetim bir ümid üçün tanrıdan başqa istinadgah varmı?

 

Tanrı istinadgahın olmadığı yerdə də söykəniləsi varlıqdır.

 

Boşluqda arxanı çevirə biləcəyin divardır.   

  

...Bir dəfə karyera həvəsində olan bir dostumla bulvarda gəzirdik.

 

Ağacların arasında axşam namazı qılan bir fəhlə gördük.

 

Dostum şəhərin alt-üst dəbdəbəsinə eyham vurub dedi: “Sən bu avama bax hələ!”

 

Diksindim.

 

Dostuma izah edə bilmədim ki, sən karyera, mən ədəbiyyat adlı sabahı dəqiq bilinməyən mücərrəd bir dünyanın ardınca düşmüşük, özümüzü mənalı, lazımlı hiss edirik və rahatlıq tapırıq, o da özü üçün bir Tanrı yaradıb, onun dalınca gedir və həyatını mənalandırır.

 

Sənin dəqiq bildiyin hansı həqiqət var ki, bu səmimi insana həqarət edirsən?

 

Bu dünyada insanın ruhi rahatlığından böyük həqiqət yoxdur.

 

Falçılara, pirlərə gedənlərə də həqarət edirlər.

 

Tamam, mən də bilirəm ki, cəhalətin məhsuludur.

 

Ancaq övladı səngərdə olan bir qadın inandığı falçının bir sözüylə bircə gecəni rahat yatacaqsa, niyə də getməsin?

 

Hər şey ona inamımızdan asılı deyilmi?

 

Marksizm də, islam da, ekzistensializm də ona inandığın qədər həqiqi, inanmadığın qədər yalandır.

 

Heç kim düz demir və heç kim yalan demir.

 

Kim harada nə qədər rahatdırsa, elə həqiqət də o qədərdir...      

 

Əli hər yerdən üzülən insanlar varkən Allahsız dünya yaratmağa tələsməyək.

 

Allaha ehtiyac olmayan dünya yarada bilsək, onun varlığı və yoxluğu da bizi narahat etməyəcək.  

 

Göylərin mavi boşluğuna yalnız gözəllik və heyrət üçün baxacağıq.

 

Ora ah-nalə yox, nəğmə göndərəcəyik.

 

Bu, mən tanıdığım Allaha da xoş gedəcək...   

 

LENT

23 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017
19 Aprel 2017
18 Aprel 2017