Şirləri və köpək balıqlarını öldürən bu heyvanı tanıyırsızmı? – CAHİLLİKLƏR KİTABI

 

Dünya haqqında biliklərimiz nə qədərdir?

 

Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.

 

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

 

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General Ignorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

 

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

 

Ən çox insan öldürən Afrika məməlisi hansıdır?

 

Begemot.

 

Begemotlar otlaq və şirin su hövzələrinin yanında yaşayırlar. Eynilə insanlar kimi. Qəzaların çoxu su altındakı begemotun başına səhvən vurulan avar zərbəsindən sonra onun qayığı aşırmasından, ya da insanların gecə gəzməyə çıxanda otlayan begemotlara rast gəlməsindən qaynaqlanır. Ürkmüş begemotun ayaqları altında tapdalanmaq şərəfli ölüm olmamalıdır.

 

 

Begemotlar gövşəməyənlər yarımdəstəsinin ən böyük üzvləridir və iki növə ayrılır: adi begemot və cırtdan begemot. Adi begemot Afrika və Asiya fillərindən sonra torpaqda yaşayan ən böyük üçüncü məməlidir. Begemota hücum edəcək qədər axmaq olan heyvan çox azdır. Begemotlar xüsusən də balaları ilə olanda çox tez əsəbiləşirlər. Şirləri suya basıb boğmaqla, timsahları dişləri ilə ikiyə bölməklə, köpək balıqlarını quruya çəkməklə ayaqları ilə əzib öldürürlər. Bununla belə begemotlar vegeteriandır, yəni bu döyüşlər özlərini müdafiə etmək üçündür. Begemotlar əsasən ot yeyir.

 

 

Begemotun dərisi bir tondur. Dörd santimetr qalınlığı olan dəri çox vaxt güllə də keçirmir. Dəriləri begemotların ağırlığının dörddə birinə bərabərdir. Begemotlar yağlı-qırmızılı maye ifraz edirlər. İnsanlar bunun qan olduğunu düşünür. Əslində isə bu yağ onları quruluqdan qoruyur. Onların iri gövdələrinə aldanmayın. Bir begemot insandan daha sürətli qaça bilir.

 

Begemotlar balina və delfinlərdən sonra suyun altında cütləşən və doğan yeganə məməlilərdir. Burun deşiklərini bağlaya, qulaqlarını sallayaraq suyun altında beş dəqiqə qala bilirlər.

 

 

Begemotların nəfəs alıb-vermələri də qorxuludur. Əsnəmiş kimi görünsələr də ətrafdakıları özündən uzaqlaşdırmaq üçün pis qoxu yayırlar. Bu yaxşı məsləhətdir. Çünki onların dişləri çox itidir, bir dişləklə qolu, ya da ayağı ikiyə bölə bilirlər. Begemotların cəmi dörd dişləri var. Bu dişlər fil dişinə bənzəyir. Corc Vaşinqtonun süni dişlərinin bir hissəsi begemot dişindən düzəldilmişdi.

 

Oksford kulinariya kitabına görə begemotun ən dadlı yeri onun müxtəlif ədviyyatlarla qaynar yağda qızardılan və sonra da qaynadılan döş ətidir.

 

Digər yazılar:

 

Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI

 

Amerikadakı dəvələr niyə ölüb?- CAHİLLİKLƏR KİTABI

LENT

23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017
13 Mart 2017