"Avropa haradır?" – Orxan Pamukun essesi

 

Kulis.az Qismətin tərcüməsində Orxan Pamukun "Avropa haradır?" essesini təqdim edir.

 

İstanbulda, şəhərin Avropa hissəsinin ən avropalaşmış səmti olan Bəyoğlunda gəzişəndə, köhnə bir kitabçıyla qarşılaşdım. Təmirxanalarını, mebel ya da güzgü satılan dükanlarını, balaca yoxsul yeməkxanalarını tanıdığım bu kələ-kötür və dar küçədə bu kitab dükanı təzə idi, içəri girdim.

 

Dükanın içərisi kitablara tozlu əlyazmalar kimi yanaşan köhnə İstanbul bukinistlərinə bənzəmirdi; nə tozlu kitab qalaqları vardı, nə də kitabçının görüb qiymət yapışdırmadığı qarışıq kitablar. Hər şey, eynilə həmin bölgədə çoxalmağa başlayan əntiq dükanlarında olduğu kimi təmiz və sistemli idi; kitablar da təsnifləşdirilmişdi. Bu məkan İstanbulun bu yörəsində yavaş-yavaş köhnə bukinistlərin yerini alan “əntiq kitabçı” dükanı idi. İntizamlı modern ordular kimi rəfləri dolduran cildli kitablara xəyal qırıqlığı ilə baxdım.

 

Bir küncdə rəflər boyu düzülmüş yunanca hüquq kitabları diqqətimi çəkdi. İstanbulda bu köhnə hüquq kitablarını alacaq rum qalmadığına görə, çoxdan ölmüş ya da Afinaya köçmüş rum vəkilin kitabları yeni dükanın boş rəflərini şax cildləri ilə doldurmaq üçün ora düzülmüşdü. İçlərini, ya da cildlərini yox, soy-kökü Bizansa qədər gedib çıxan əski sahiblərini düşünərək hüquq kitablarını əlimə götürüb baxmağa başlamışdım ki, yandakı cildlərin fərqinə vardım. Bunlar Albert Sorelin bu əsrin başında çap olunmuş “L”Europe et la Revoulution Françaies”in səkkiz şişman cildiydi. Xeyli bukinistdə bu cildləri tez-tez görürəm. Bu günlərdə dəyəri yenidən kəşf edilən romançı Nahid Sırrı Örik, yarım əsr əvvəl bu qalın cildləri türk dilinə çevirib, qərbpərəst Cumhuriyyətin Milli Təhsil Nazirliyi də “özəl nəşriyyat müəssisələrinin gücü çatmayan” işi boynuna götürərək bu cildləri “Avropa və Fransız İxtilalı” adıyla çap etmişdi. Evində istər yunanca danışsın, istər fransızca, istərsə də türkcə, İstanbullu əksər ziyalının Albert Sorelin bu cildlərini oxuduğunu, amma bu kitablarda fransız oxucular kimi öz keçmişini ya xatirələrini yox, öz gələcəyini və avropa ilə bağlı xəyallarını axtardığını özümdən bilirəm.

 

Avropanın sərhədlərində bir qeyri-müəyyənlik içində yaşayan və kitablarla nəfəs alan mənim kimilər üçün, Avropa həmişə bir gələcək, bir yuxu olub; yaxşı, ya da pis, istənilən ya da qorxulan bir xəyal, yaxınlaşmaqda olan bir məqsəd ya da bir təhlükə. Bir gələcək: amma heç vaxt bir xatirə yox.

 

Buna görə də Avropayla bağlı xatirələrim dramatik olduqları qədər, həm də xatirə olmaqdan çıxıb röya olurlar: mənim həqiqi Avropa xatirəm yoxdur heç. Burada, İstanbulda yaşadığım Avropa ilə bağlı xəyallarım və uydurmalarım var. Yeddi yaşımda ikən, atamın mühəndislik etdiyi Cenevreyə gedib orada bir yaz qalmışdım. Məşhur fəvvarənin damlar arasından göründüyü evimizdən zəng səslərini ilk dəfə eşidəndə, Avropa ilə yox xristianlıqla qarşılaşdığımı hiss etdim. Tütün ticarətindən qazandığı pulları xərcləyənlər kimi, ya da siyasi, yaxud iqtisadi sürgünlüyün ağrılarını çəkən çoxları kimi, xeyli Avropa şəhərinin səkilərində bir az təəccüb, bir az heyrət, bir az da öyrəşmədiyim azadlıq hissi ilə əlbəttə ki, mən də gəzmişəm, amma vitrinlərdə, kino-teatrlarda, insan sifətlərində və küçələrdə gördüklərim yaddaşımda ancaq mənim gələcəyim ola biləcək qədər xatirəyə çevrildilər. Mənim kimilər üçün Avropa bir gələcək arzusu və təhdidi olduğu zaman maraqlıdır.

 

Mən bu gələcəyə Avropanın sərhədlərində yaşayan xeyli ziyalı kimi, xəstəlik dərəcəsində meyilli olduğum üçün Sorelin tarix cildlərinə İstanbul bukinistlərində rast gələ bilirəm. Dostoyevski bundan 130 il qabaq Avropa təəssüratlarını qəzetində yazarkən, “qəzet-jurnal oxuyan biz ruslardan hansımız Avropanı Rusiyadan iki dəfə çox tanımırıq?” deyə soruşur, sonra yarı-zarafat, yarı-qəzəblə əlavə edirdi: “Əslində on dəfə artıq tanıyırıq Avropanı, amma ayıb olmasın deyə, iki dəfə deyirəm.” Avropapərəst bu marağın xəstəlik dərəcəsinə çatmağı Avropanın sərhədlərində yaşayan xeyli ziyalı üçün əsrlərdir ki, oturuşmuş bir ənənədir. Bu ənənənin bir tərəfi Avropaya olan aşırı həsrəti, Dostoyevskidə olduğu kimi “ayıb” bir şey olaraq görürsə, o biri tərəfi onu qaçınılmaz və “təbii” bir yanaşma kimi görür. Bu iki yanaşmanın arasındakı davanı ifadə edən bəzən qaraqabaq və qəzəbli,  bəzən fəlsəfi və metafizik, bəzən də ironik bir ədəbiyyat var ki, özümü Avropa, Asiya, ya da hər hansı başqa bir ənənədən çox bu polemik ədəbiyyatın bir parçası kimi hiss edirəm.

 

Bu ənənənin birinci qaydası Avropa qarşısında laqeyd qalmaqdır. Türkiyədə hələ də davam etməkdə olan və yaxın zamanda islamçı “Rifah partiyası”nın iqtidara ortaq olması ilə yenidən şiddətlənən bu “Avropa ilə neyləyək” polemikasında, bir yuxu kimi görülən Qərb ilə, bir kabus olaraq təsəvvür edilən Qərbi bir-birindən ayırmaq, həmişə atılacaq birinci addım olur. Liberalından islamçısına, sosialistindən burjuyuna qədər hər ağızdan – humanist Avropa, demokrat Avropa, xristian Avropa, texnoloji Avropa, zəngin Avropa, insan haqlarına sayğılı Avropa – hansı Avropanın vurğulanması ilə bağlı o qədər çox öyüd-nəsihətə qulaq asmışam ki,  süfrədəki din və Allah söhbətlərindən bezib dindən çıxan uşaq kimi, bəzən bu mövzu haqda eşitdiyim hər şeyi unutmaq istəyirəm. Amma yenə də Avropalı oxucularımla paylaşmaq istədiyim bir-iki əyləncəli xatirəm, Avropanın kənarında yaşayan bizim kimi millətlərin özəl həyatına xas olan bir-iki sirrim var. Qulaq verin, mənim İstanbulda yaşadığım Avropa xatirələrimə:

 

1. Uşaqlığımdan bəri eşitdiyim cümlə: “Avropada belə edirlər.” Balıqçılıq haqqında bir qanunmu hazırlanır, evinizə pərdəmi seçirsiz, düşmənləriniz üçün pislikmi planlaşdırırsınız… Bu sehrli söz, metod, rəng, üslub, məzmun və s. haqqındakı bütün söz-söhbəti bir anda bitirir.

 

2. Avropa seks cənnətidir. İstanbulla müqayisə olunanda nisbi də olsa doğrudur. Əksər kitabdangəlmə türk ziyalısı kimi, həyatımdakı ilk çılpaq qadın vücudu rəsmini Avropadan gələn jurnallarda görmüşəm. Deyəsən ilk və ən yaddaqalan Avropa xatirəm budur.

 

3. “Avropalılar görsələr, nə deyərlər?” Bir qorxu və bir arzu. Onlara oxşamayan tərəflərimizi görüb bizi ayıblayacaqlar deyə hamımız çox qorxuruq. Həbsxanalarda işgəncənin azaldılmasını ya da iz buraxılmadan həyata keçirilməsini buna görə istəyirik. Bəzən də qəti onlar kimi olmadığımızı onlara nümayiş etdirməyin zövqünü yaşamaq istəyirik: islamçı bir terroristin tanınmaq istəyi, Papanı vuran ilk Türk olmaq istəyi də belə duyğulardır.

 

4. “Avropalılar çox kübar, çox zərif, çox mədəni və nəcib insanlardırlar,” deyəndən sonra: “Amma mənfəətlərinə dəymədikcə,” deyə əlavə edilir və milliyətçi qəzəbin şiddətinə bir örnək göstərilir: “Parisdə mindiyim taksinin sürücüsü bəxşişi az hesab edəndə…” Ya da: “Bilirsənmi, Xaç yürüşlərini də onlar təşkil eləyib, konslaferləri də.”

 

Avropa bu xatirələrin və şayiələrin, nəzəriyyələrin, xəyalların cəmi və əlbəttə, bunların heç biridir. Mənim kimi onun sərhəddində və onunla mərəzli bir münasibət içində yaşayanlar üçün o, hər şeydən əvvəl kimliyi və sifəti sürəkli dəyişən bir xəyaldır. Mənim və məndən əvvəlki nəsillərin əksəriyyəti bu xəyala Avropalılardan daha çox inandı. Bu gün Avropa Birliyinin həvəsli dəstəkçiləri və universitetlərin kimlik nəzəriyyəçiləri tərəfindən bu Avropa arzusunun həddən artıq ciddiyə alındığını, Hötedən Sartra, Dantedən Lokka xeyli etibarlı adın havası ilə yeni növ bir milliyətçilik, bir Avropa milliyətçiliyi yaradıldığını görmək məni kədərləndirir. Yumordan və ironiyadan məhrum olan, sürəkli şəkildə özünü təbrik Avropa milliyətçiliyinin biz kənarda yaşayanlar üçün daha çox aşağılanma, daha uzun viza növbələri və daha uzaq bir Avropa mənasına gəldiyindən şübhəm yoxdur. Bu yeni Avropa ilə danışmağa çalışmaq, saatlarca gözlənilən viza növbəsindən sonra, konsulluq binasının səs və güllə keçirməyən şüşəsi arxasında oturan qaraqabaq və gözəl qadına dərdimizi anlatmağa bənzəyəcək.

 

Bütün həyatın boyu İstanbulun Avropa hissəsində, yəni Avropa qitəsində yaşamışam. Özümü ən azından coğrafi olaraq hiss etmək mənim üçün heç də çətin deyil. Bu yazını yazarkən eşələndiyim İstanbulun köhnə kitabçılarında isə bundan 100 il əvvəl türk dilinə çevrilmiş Albert Sorelin başqa bir kitabının izi-tozu da yoxdur. “La Question D”Orient au dixhuitieme siecle” (XVIII əsrdə Şərq problemi) adlı kitab Cumhuriyyətdən sonra avroplaşmaq istəyən bizlərin latın əlifbasına keçərkən unutduğumuz ərəb əlifbası ilə çap olunduğu üçünmü axtarılmır, yoxsa həmin kitab bizi Avropanın bir dərdi, bir problemi kimi gördüyü üçünmü, bilmirəm./sim-sim.az/

LENT

19 Yanvar 2017
18 Yanvar 2017
17 Yanvar 2017
16 Yanvar 2017
15 Yanvar 2017
14 Yanvar 2017
13 Yanvar 2017