Əllərimi qaytarma mənə - CAMAL YUSİFZADƏ HAQQINDA

Kulis.az yazıçı Azad Qaradərəlinin bu gün dünyasını dəyişən şair Camal Yusifzadənin  70 yaşına həsr etdiyi “Uşaqlıqdan xoşlamıram ovalı...” essesini təqdim edir.

                                                       

Payızın başı üstdən                                                       

Birər-birər qar gəlir,                                                       

Niyə belə soyuqdu?                                                       

Vətən mənə dar gəlir…

      

Biz tələbə olanda üç şair haqqında o vaxtkı dillə desək, ədəbi ictimaiyyətdə söz-söhbət kəsilmək bilmirdi: İsa İsmayılzadə, Ələkbər Salahzadə və Camal Yusifzadə…

      

İsa müəllim və Camal müəllimlə şəxsi tanışlığım vardı və o sarıdan yaradıcılıqlarına da özləri kimi  bələd idim. Ələkbər müəllimi isə çox-çox sonralar şəxsən tanıdım və anladım ki, bir ildə, hətta bir ayda doğulan bu üç şair bir-birinə həm yaradıcılıq, həm də insanlıq baxımından nə qədər oxşayırmışlar.

      

İsa müəllim haqqında ayrıca yazı(lar) yazdığımdan Ələkbər müəllim haqqında bir-iki kəlmə deyib keçəcəm Camal Yusifzadəyə. Ələkbər müəllim şerində necə saf və təmizdirsə, şəxsiyyətində də elədir. Ələkbər müəllim “Ulduz”dan gedəndə şəxsən mən heyfsiləndim – zaman göstərdi ki, səhv etməmişəm…

      

Ali məktəbdə oxuyanda hekayələrimi “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat qəzeti” – o qəzetə də heyf! – A.Q.) qəzetinə - Sabir Əhmədlinin yanına aparardım. Ustadımız Sabir müəllimin tövsiyələrini eşidə-eşidə o qəzetdəki digər ədiblərlə də görüşürdüm. Orada mən Sabir Rüstəmxanlı, Camal Yusifzadə ilə tanış oldum. Camal müəllimlə tanışlığımız dostluğa çevrildi. Onun o vaxtlar təzə çıxmış kitabından bir şerin ilıq misraları indi də qulaqlarımdadır:

                             

Əllərim əlində qalsa                              

Qaytarma mənə - nəyimə lazım?                             

Belinə dolayarsan məndən uzaqda.                             

Saçına çəkərsən mən olmayanda…

      

Camal Yusifzadənin doqquz kitabı çıxıb. Amma bu on doqquz da ola bilərdi. Nə yazıqlar ki, şair şeirin, sözün dalında dayanıb al-ver etməyi öz əxlaqı ilə bir arada görə bilməyib.

      

Camal müəllimlə biz ayrı-ayrı sahələrdə olsa da, bir binada işləmişik uzun müddət. O, telefilmdə, mən radioda. Hətta bir ara mənim ssenarim əsasında çəkilən filmi başa gətirmək üçün bir yerdə çalışmışıq da. Onun həm erudisiyasına, həm insani əxlaqına, həm də sözə sədaqətinə heyran olmuşam.

      

Camal Yusifzadə yalmanan, yaltaqlananların nəzm  bazarında heç ayaq da saxlamayıb. Bəlkə elə buna görə də ən titulsuz  şairlərdəndir. Onun son illərdə yazdığı şeirlərdən birində özünün də baş açmadığı “bəlkələrin” cavabını bax belə verir:

                 

Bəlkə tanrı bizdən çox yuxarıda?                  

Bəlkə biz tanrıdan çox aşağıdayıq? –                                       

Çatmır səsimiz!

      

Yenə son şeirlərindən birində şair ovalları, çevrələri sevmədiyini deyir, tərslikdən yaradılışın da çoxu ovaldı, çevrədi, dairədi: göy qübbəsi, yer kürəsi, göy qurşağı, qafa tası, alma, nar… Amma şair ovalları deyil, iti bucaqları sevir ki, o da hər dəfə iti ucuyla şairin içinə saplanıb…

      

Camal Yusifzadə şerlərində heç vaxt qışqırmır, yaxud bu şeirləri gərək elə səssizcə oxuyasan ki… Onsuz da onların özünün çəkdikləri özünə bəsdi. Axı bu şeirlərin yarada bildiyi möcüzənin yaratdığı bağırtıdan, haraydan gör nələr ola bilər?!

                   

Açdım sədəf düyməsini,                   

Közərən məhəbbətin;                                      

Kor gördü,                                       

Kar eşitdi,                                      

Yüyürdü şil,                                       

Dindi lal,                                       

Bu nə dünya, bu nə hal!?

      

Bu bir ədəbi tənqid-filan yazısı deyil. Camal Yusifzadənin 70 yaşına bir dost sözüdür. Gözü-könlü tox, cibi kasıb olsa da, mənəviyyatı və poeziyası zənginlərin zəngini olan şairin ad gününə bir dost hədiyyəsidir.

 

 

LENT

17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017