Rənglərin öldürdüyü gənc

 

Ayxan Ayvaz

 

Hamımız onun ölümündə günahkarıq.

 

Heç kim günahı başqasının üstünə atıb qaçmasın.

 

İsa Şahmarlını qoruya bilmədik.

 

Homoseksuallığı, cinsi oriyentasiyanı bir kənara qoyaq.

 

Bir insanı xilas edə bilmədik.

 

Bəs Mövlanə deyirdi ki, ya olduğun kimi görün, ya göründüyün kimi ol?

 

İsa da göründüyü kimi oldu, olduğu kimi davrandı.

 

Bu qədərmi pis hərəkət idi olduğun kimi görünmək?

 

Dünyaya gəlməyi, belə bir cəmiyyətdə yaşamağı İsamı seçmişdi?

 

Seçim şansı əlində olsaydı rahat yaşaya biləcəyi bir məkan seçərdi.

 

Amma onun rahat ola biləcəyi bir yerdə yox idi...

 

Dünya onun rənglərini daşıyacağı qədər güclü deyildi.

 

Dünya ən çətin vaxtda bir gənci ölümə aparacaq qədər balaca bir yer idi.

 

Ona ən qısa yolu göstərdi dünya.

 

Ölüm yolunu.

 

Halbuki yaşamaq vardı. Uşaqların səsi ilə, günəşin rəngi ilə dolu yaşamaq.

 

İsanın rəngləri mane oldu.

 

Onun rəngləri ağırlıq gətirdi.

 

Heç kim bu rəngləri daşıya bilmədi.

 

Hərə bir-birinə ötürüb aradan çıxdı.

 

İsa intihar məktubunda hamını günahkar kimi gördüyünü yazırdı.

 

Və haqlıydı.

 

İntihar məktubunun bir yerində isə belə yazırdı: “Qapını açıq qoyuram. Anama da deyərsiniz ki, onu çox sevirəm”.

 

Və bu məktubdan sonra özünü bayraqla asdı İsa. Rənglər onu ölümə apardı...

 

LENT

17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017