Allahın adıyla cahillik

Səhər tezdən vacib bir görüşüm vardı, evdən bir az tez çıxdım.

 

Metroya düşüb saata baxanda bir az yox, xeyli tez çıxdığımı gördüm.

 

Üstümdə kitab olanda vaxta qızırqalanmıram.

 

Bu dəfə də kitabım vardı deyə, düşdüyüm boşluq vecimə deyildi.

 

Özü də kim, kim? Xulio Kortasar...

 

Özü də hansı əsər? “Xana xana oyunu”...

 

Özü də hansı dildə? Türk! 

 

“Nizami” metrosundakı açılıb-yığılan kül rəngli oturacaqlarının birində oturub oxumağa başladım.

 

Bu dəm cavan bir oğlun gəlib yanımda əyləşdi və əyləşəndə bir balaca kitabın ucuna toxundu.

 

Tez də çevrilib şirin Bakı ləhcəsində üzr istədi. 

 

Gərək yox idi, təbii...

 

Bunu ona da bildirdim.

 

Təzədən əyilib kitabın üz qabığına baxaraq “Əmi, nə oxyursan?” – deyəndə əməllicə narahat oldum.

 

Çevrilib adamın üzünə baxdım.

 

Hardasa Elxan Qaraqana oxşayan, yaraşıqlı, azca saqqallı, başına “çeçenka” taxmış aydın gözlü bir gənc idi.

 

“Romandır” – dedim.

 

“Urus romanı?” – sanki roman özümüzünkü ola bilməz.

 

“Yox” – nəzərlərimi kitabdan ayırmadan cavab verdim.

 

“Bəs kimin?”

 

Bilmədim qısa necə cavab verəm ki, məndən əl çəksin.

 

Kortasarı iki-üç sözlə ona necə başa sala bilərdim?

 

“İspan ədəbiyyatıdır” – dedim.

 

“İspanca oxuyursan?” – işə keçmişdim.

 

Gəncin məni ələ saldığını düşündüm, üzünə diqqətlə baxanda belə olmadığına inandım.

 

“Yox, türkcədir.”

 

“Kirill əlifbası budur?”

 

“Bu latındır...”

 

“Bəs kirill nə deməkdir?”

 

“Əvvəlki əlifba...”

 

“Rus dili?”

 

“Demək olar.”

 

“Sən latınca oxuyursan?”

 

“Türkcədir bu?”

 

“Türkcə kirilldi, yoxsa latın?”

 

“Latın”

 

“Bizim dilimiz də əslində latıncadır, eləmi?”

 

“Dilimiz yox, əlifbamız.” – ürəyimdə dedim, yaxşı ki, qırğızca oxumuram, orda kirillə latın qarışıqdır, elə olsa müsahibimin qarşısında lap çətinə düşərdim.

 

Qatı ləhcədə, savadsızca danışmasa məni ələ saldığına əmin olar, kobud cavab verərdim.

 

Adamın səmimi suallar verdiyinə, öyrənmək istədiyinə əmin idim.

 

Yaxşı ki, qatar gəldi...

 

Fiti eşidilən kimi sonuncu sualını verdi: “Həzi Aslanov” “Nərimanov”dan keçir?”

 

Bizimlə üzbəüz divara vurulmuş qatarların nəhəng hərəkət cədvəlinə gözucu nəzər salaraq cavab dedim: “Keçir...”

 

“Ya Allah!” – deyib qoca kişilər kimi sanbal və etiqadla ayağa durdu, qatara mindi.

 

Arxasınca baxa-baxa düşündüm ki, ilahi, kaş bu cavan oğlan mənimlə məzələnmiş olsun...

 

Yazıqdı...

 

LENT

23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017
13 Mart 2017