Yuxu

Qabil Aşirov

 

90-cı illərin şaxtalı fevral günlərindən biri idi. Çöldə əsən şiddətli külək yerdəki qarları havaya qaldırıraq sovurur və uğultuya bənzər qəribə səslər çıxarırdı. Pəncərənin yanına qoyulmuş yatağımda, isti yorğanı başıma çəkərək gözlərimi pəncərədən bayıra – qaranlığa zilləmişdim. Səbəbini bilmirəm ancaq yuxum gəlmirdi. Havalar soyuq olduğuna görə evin birinci mərtəbəsindəki salonda dəmir peçi quraşdırmışdıq; mən, babam və nənəm bu otaqda qalırdıq. Yerimin içərisində sağa-sola dönməkdən bezmişdim, tezliklə səhərin açılmasını arzulayırdım.

 

Birdən babam qan-tər içərisində diksinərək yerindən qalxdı. Bu gecə ikinci dəfə idi ki, kişi belə vəziyyətdə yuxudan oyanırdı. Qalxıb yerində oturdu, əlini uzadıb yatağının baş ucuna qoyduğu stəkandan bir qurtum su içdi. Yerimdən tərpənmədim, özümü yatırmış kimi göstərdim.

 

- Yenə nə oldu? a Camal? – Nənə pıçıltı ilə soruşdu.

 

Artıq otaqdakıların hamısı oyaq idi. Nənəmin səsindən anladım ki, mənim oyandığımdan xəbərləri yoxdu və mən də heç onları xəbərdar etmək də istəmədim.

 

- Yenə həmin yuxunu gördüm. Kəndin qarşısındakı təpədən bir səs gəldi. “Ay Camal o qoyunu kəsmə, get qonşu kənddə Məhəmmədin oğlu Rüstəmdə qoç var, onu al kəs!”. Nə deyirsən de, sabah Məhəmməd gilə gedəcəm. Əgər onda doğurdan da qoç varsa, yalvar-yaxar edəcəm, hətta lap lazım gəlsə evi də satacam ancaq onu alıb gətirəcəm. – Babam ağır-ağır nəfəs alaraq cavab verdi.

 

- A kişi yuxudu, Allah xeyrə döndərsin. Nə fərqi var ki, ha qoç, ha qoyun. Pulun olmayan vaxtında bir yuxuya görə gör başımıza bir iş gətirə bilirsənmi? – Nənəm yenə eyni pıçıltı ilə babamı fikrindən daşındırmağa çalışdı.

 

- Ay arvad, axı biz atalarımızdan – babalarımızdan belə görmüşük ki, erkək heyvan qurban kəsilər.

 

- Molla Cəlil deyir ki, dişi heyvan da kəsmək olar.

 

- Qələt edir o. Dünənin alkaşı nə vaxtdan molla olub.

 

***

 

Kəndimizin mollası babamın əmisi oğlu idi. Sovetlər zamanı yetişmiş digər mollalar kimi dindən başı elə də çıxmırdı. Onun mollalığı əsasən ölü basdırmaqdan və bir də mərsiyə döyməkdən ibarət idi. Mollalığı atasından öyrənmişdi. İçki içdiyi də olurdu, evindəki üzümdən şərab, meyvələrdən isə araq çəkib bazarda satdığı da. Ümumiyyətlə Sovetlər Birliyinin yenicə dağıldığı illərdə bizim tərəflərdə belə şeylərə elə də ciddi riayət edilmirdi. Yaşı kəndin mollasından çox olan babam isə onun bir din adamı kimi qəbul etmirdi.

 

İndi necədir bilmirəm, ancaq mən uşaq olanda bizim tərəflərdə dini bayramlar içərisində ən şən, ən maraqlı keçirilən bayram Xıdır Nəbi bayramı idi. Bu bayramda undan qovud hazırlanardı. Yundan əldə edilmiş lifləri muma batıraraq şam düzəldərdilər. Sonra isə bir sininin ortasına qovudu təpə kimi tökür, kustar üsul ilə istehsal edilmiş şamları bir-birinə yaxın sininin ətrafına yapışdırar, daha sonra qaranlıq bir otağa qoyub şamları yandırardılar. İnanca görə həmin gün Xıdır Nəbi Allahın sevdiyi mömin bəndələrdən birinin evinə qonaq gələrmiş və gəldiyini bildirmək üçün isə atanın nalı həmin qovudun üzərinə düşərmiş. Guya belə evlərdən ruzi-bərəkət əksik olmazmış, həmin evlərdə daima xoşbəxtlik olarmış və bu evdə yaşayanların hər bir arzusu çin olmazmış.

 

Səhərə qədər həyəcandan yata bilməzdim. Tezdən yerimdən qalxar-qalxmaz qaçaraq qovudun qoyulduğu otağa gedər, dünən gecə Xıdır Nəbinin bizə qonaq olub olmadığını öyrənməyə çalışardım. Təəssüf ki, heç bir zaman bizə mehman olmadı. Nəinki bizə, heç qonşulara gəldiyini də görmədim. Lakin kənddə deyilənə görə əvvəllər bir neçə adamın evinə gəlibmiş.

 

Həmçinin bu bayramda da Qurban bayramında olduğu kimi hər evdə xoruz, keçi, qoyun və ya hətta deyilənə görə nadir hallarda buğa da kəsilərdi. Çətinə düşən hər bir insan Xıdır Nəbidən kömək diləyərdi, qarşılığında isə Xıdır Nəbi bayramında qurban kəsəcəyinə söz verərdi – yəni nəzir deyərdi. Buna görə də Qurban Bayramından fərqli olaraq Xıdır Nəbidə bəzi evlərdə birdən çox qurban kəsilirdi. Elə evlər də var idi ki, nəzir deməsələr belə qonşudan geri qalmamaq xətinə heç olmazsa bir xoruz kəsərdi.

 

Xatırlamıram, ancaq böyüklərimdən eşitdiyimə görə mən körpə olarkən bilinməyən səbəbə görə zəhərlənmişəmmiş. Çox ağır xəstə olduğuma görə Bolnisi rayon xəstəxanasında məni qəbul etməyiblər, bir başa Tiflisə göndəriblər. Tiflisdə isə məni reanimasiyaya götürüblər, atama isə vəziyyətin həddən artıq ağır olduğunu, xilas olmağımın sadəcə möcüzə olduğunu, bu səbəbdən hər şeyə hazır olmağı və sabah özü ilə hər ehtimala qarşı mənim üçün kəfən gətirməyi məsləhət görüblər. Atamgil evə çatdıqlarında artıq hava qaralıbmış. Müsəlman olmasına baxmayaraq sosialist təhsil və tərbiyə aldığına görə heç bir dini ritualı bilməyən atam həmin gün həyatında ilk dəfə (və bəlkə də son dəfə) Allaha dua etməyi düşünüb. Lakin necə dua edəcəyini bilmədiyinə görə sadəcə dizi üstə çöküb və əllərini yuxarı qaldıraraq “Ey böyük Allah, sən məni yeganə övladımla imtahana çəkmə, hər Xıdır Nəbidə bir qoyun kəsəcəm” deyib.

 

Səhər hər kəsdən gizli maşının baqaj hissəsinə ağ mələfə qoyan atama Tiflisdə şad xəbər veriblər. Həmin gün növbəsi başa çatmasına baxmayaraq məni görən bir gürcü həkimi, “mən bu körpənin ölməsinə razı olmaram” deyərək mənim üçün təmannasız əlavə növbəyə qalıb, səhərə qədər başımın üstündə duraraq bir ana nəvazişi ilə mənə qulluq edib, bütün biliyini məni xilas etmək üçün səfərbər edib; hətta deyilənə görə bununla da kifayətlənməyib, xristianların özlərinə məxsus dini ayinlərini icra edərək həzrəti İsaya məni xilas etməsi üçün dualar edib.

 

Çox təvazökar bir qadın olduğunu danışırdı atam. Hətta o qədər təvazökar insan imiş ki, mən xəstəxanada qaldığım müddətdə heç bir zaman bizimkilərlə üz-üzə gəlməyib. Bir neçə dəfə bizimkilər onu görmək istəsələr də uğura nail ola bilməyiblər. Ailəm bütün bu olanları bir möcüzə olaraq qəbul edib. Həmin ildən etibarən atam hər il Xıdır Nəbidə bir qoç qurban edirdi.

 

92-ci ilin yay aylarında valideynlərim işləmək üçün Rusiyaya üz tutmuşdular. Gələn il məni də özləri aparacaqdılar. Atam kənddə olmadığı üçün qurban kəsmək babamın üzərinə düşmüşdü. Biz özümüz heyvan saxlamırdıq, babamın isə qəpik-quruş təqaüdü qurbanlıq almağa imkan vermirdi. Atamın pul göndərməsini gözləyirdik. Ən sonunda, Xıdır Nəbiyə beş gün qalmış atamın göndərdiyi pul əlimizə gəlib çatdı. Bu dəfə isə başqa bir problemlə qarşılaşdıq – kənddə və ya qonşu kənddə qoç yox idi, sadəcə dişi qoyunlar qalmışdı. Babam almaq istəmədi, qoyun yerinə xoruz kəsməyin daha münasib olduğunu düşündü. Rusiya ilə əlaqə saxladı. Lakin uşaq vaxtı mənim başıma gələnlərin bir möcüzə olduğuna inanan atam, sözünü tutub nəzirini dediyi kimi yerinə yetirməzsə gözünün ağı-qarası tək övladının başına yenidən iş gələcəyindən qorxurdu. Elə bu səbəbdən də təkidlə qoyun kəsilməsini söylədi. Naəlac qalan yaşlı babam hələ quzulamamış bir dişi qoyun aldı.

 

Həmin qoyun evimizə gələndən babamın yuxusu ərşə çəkildi. Hər gecə yuxusunda ona kəndin qarşısındakı təpədən bir səs “bu qoyunu kəsmə, qonşu kənddə Məhəmməd müəllimin oğlu Rüstəmdə qoç var, get onu al kəs!” deyirdi. Babam bu səsə üç gün tab gətirdi. Xıdır Nəbi bayramına bir gün qalmış, eyni yuxunu gecə bir neçə dəfə gördü. Artıq buna dözə bilmədi və səhər evdə olan xırda para işləri görüb, günorta üstü qonşu kənddə Məhəmmədin oğlunun yanına getdi.

 

İşin qəribə tərəfi burasında idi ki, doğurdan da Məhəmmədin oğlunda bir qoç var imiş və babamın onlara getməsindən bir-iki saat əvvəl satılıbmış. Bu söhbətdən sonra babamın qorxuları daha da artdı. Zarafat deyildi, bütün kəndi, hətta qonşu kəndi belə ələk-vələk etmişdi, lakin qoç tapmamışdı. İndi isə yuxuda ona bir ev deyilir və həmin evdə doğurdan da qoç olub. Deməli bu işdə bir hikmət var. Həm “atalarımızdan görmüşük ki, dişi heyvanı qurban etməkdən uzaq durardılar, hətta peyğəmbərimiz belə çalışardı ki, kəsdiyi heyvan dişi olmasın” deyərək heyvanı kəsmək istəmədi. Həmin vaxtlar babamın təkləndiyini görüb onun tərəfini saxlasam da, daha sonralar oxuduğum dini kitablarda dişi heyvanın qadağan edilməsi ilə bağlı heç bir əmr görmədim.

 

Hər kəs babamı bunun əksinə inandırmağa çalışırdı. Kənd məktəbində ədəbiyyat müəllimi və eyni zamanda direktor işləyən Qasım müəllim “o qədər bu sözləri beynində təkrarlamısan ki, yuxuna da girib dedi.” “Bəs onda Məhəmmədin oğlu Rüstəmdə qoç olduğunu yuxuda necə gördüm?” deyə soruşduqda isə, müəllim cavab verdi ki, yəqin kimsə nə vaxtsa yanında deyib, sonra sən unutmusan.

 

Ən sonunda babam məcbur olub heyvanı kəsdi...

 

***

 

Həmin Xıdır Nəbini unuda bilmirəm. Düzünü desək həmin il bizə düşərli olmadı. Qoyunu kəsdiyimiz zaman bətnindən əkiz quzular çıxmışdı. Bu hadisə bizi məyus etmişdi. Bütün təkidlərə baxmayaraq babam heyvanın ətinə toxunmamış və quzuları ilə birlikdə basdırmışdı. Babam durmadan “Allah bu günahı yerdə qoymaz, kaş yuxunu gördüyüm ilk gün gedib o qoçu alaydım” deyirdi. Həmin ilin yayında, avtomobil qəzası nəticəsində atam rəhmətə getdi. Babam səbəb kimi qoyunu göstərdi. Öldüyü günə qədər bu sözləri təkrar etdi.

 

İndi 35-dən çox yaşım var. Dünyaya gəldiyim Bolnisdəki o kiçik kənddən çox-çox uzaqlarda, xoşbəxt bir həyat yaşayıram. Dindar bir insanam, övladlarım var. Hətta kiçik övladım üçün mən də Xıdır Nəbiyə nəzir demişəm. Artıq evimizdə bir deyil, iki Xıdır Nəbi qurbanı kəsilir. Ancaq qurban kəsərkən babamın o məşhur sözlərini unuda bilmirəm: “Peyğəmbərimiz belə çalışardı ki, kəsdiyi heyvan dişi olmasın”.

LENT

24 May 2017
23 May 2017
22 May 2017
21 May 2017
20 May 2017
19 May 2017