Əlfəcinlər lazım həyatımız üçün...

 

NARGİS

 

 

Ən çox əlfəcinləri qısqanıram mən. Fikrimcə insanlar Alis kimi möhtəşəmliklər dünyasının sakinləridirlər. Əlfəcinlər hər kəsdən uzaq gəzirlər, gizlənirlər kitabların qoynunda. Ən çox əlfəcinlər çəkir diqqətimi son zamanlar. Kim harda qaldı, kim hansı sətri oxuyanda nələr hiss etdi onlar bilir ancaq. Mənimsə həyatıma dair hər sətir əzbərimdə... Əlfəcinsizdir həyatlarımız. Harda qaldığımız, kimdə kədərləndiyimiz naməlumluqların kölgəsinə sığınır. Bizlər möhtəşəmliklərimizi xatırlamırıq çox vaxt. Əlfəcinlər lazım həyatımız üçün. Xoşbəxtliklərimizi xatırlatsın bizə əlfəcinlər. Bir qədəh şərabda gizlənən eşqimizi, rakı və bəyaz pendirdə qalan kədərlərimizi, vodka-vodka tükənən ümidlərimizi xatırlatsın bizə...Əlfəcinlər gərəkdir hamımıza səhifə-səhifə tükənən ömrümüzdə zəngli saat rolunu oynayan. Bizi bizə xatırlatmaq üçün lazımdır əlfəcinlər. Əlfəcin olmaq keçir könlümdən. Sənin varaqlanan, saralan səhifələrindəki unudulan mənləri işarələmək üçün. Gözəl anlarımızı, xoşbəxt salisələrimizi elani-azadlıq etmək üçün bəlkə də... Əlfəcin ol əzizim, heçliklərin kölgəsini qucaqlamaqdan daha gözəldir əlfəcin olmaq... Addım-addım uzaqlaşdıqca məqsədlərindən xatırlat özünü-özünə...

 

Saralan səhifələrdə unudulan göz yaşlarını xatırlat insanlara. Sən də gəl əlfəcin ol, əzizim, sevginin barmaq izlərini tap qopardılmış vərəqlərə məhkum edilmiş. Bir dodaq boyasında gizlənən məsumiyyətləri göstərmək üçün əlfəcin ol. Göz yaşlarında həbs edilən göy qurşağının ən parlaq rənglərini çıxar suyun üzünə... Addımla suyun üzündə kölgələdiyin içindəki uşağa doğru... Orda tap keçmişini... Körpü olsun ümidlərin keçmişlə gələcəyinin arasında... Sonra əski bir evdə qısıl bir divarın dibinə...Diz çök nə vaxtsa səs, bədən, gözəllik, xəyanət olan kölgələrin önündə... Dur keç masanın başına...Hansı ki, bir çox insani hisslərin şahidi olub... Yandır bir qırmızı şam... Sevgilinin məsumiyyətinin itdiyi anın xatirinə. Sonra bir dodaq boyası kimi təhqir olunmuş hiss et özünü. Dövrə vur şamın ətrafında. Bağışlanmağını dilə atəşdən. Diz çök günahkar ruh, diz çök... Sığın kölgələrin qəhqəhələrinə. Ağla xüdpəsəndliklərini... Nimdaş bir eşqin varisi olan o çarpayıya uzan. Batsın qabırğalarına gerçəklər. Belindəki qəmzələrə dolacaq qədər boşalsın vicdan tərləri bədənindən. Tərin, göy qurşağının, göz yaşlarının, qırmızı dodaq boyasının kirlətilmişlikləri üçün bağışlanmağını dilə... Qalx ayağa diz çök... yanmayan işığın altında...Yanmayacağını dərk et... heç nəyin əvvəlki kimi olmayacağını qəbul et... Unutduqlarınla birlikdə unudulmağa məhkumiyyətini qavra... Qucaqla dizlərini...Onu son dəfə qucaqladığın kimi... Öp kölgənin boynundan. Siyah-bəyaz radio cızıltılarında itir gəncliyini... Əlfəcin olmağı unutduğun anlarının hakimiyyətində məğlubiyyətini elan et... Ağla əzizim, diz çök...yalvar kölgələrə. Qoy səni bağışlamaq üçün cəhd etsin kölgələr. İncit kölgələri. Kölgələri ağlat. Əlfəcin olmaq yerinə, vəhşicəsinə qatla ömür səhifələrini. Qoy intiqam alsın səndən kölgələr. Əllərini kəssin sevgiylə yazdığın o səhifələr... Qanınla ödə qırmızı dodaq boyasının kirlətilmiş məsumiyyətini... Olma əlfəcin əzizim... Soyuq ruhuna, aysberqləşmiş ürəyinə kar etməz heç bir kölgənin odlu toxunuşları... Uyu əzizim, qapat gözlərini. Yaşanmışlıqların məhrumiyyətinə ağlasın kölgələr. Sıxsın boğazını ruhun. Gümüşü bir rahatlıq bəxş etsin sənə kölgələr. Sən isə uyu əzizim... Bağışlandığını xəyal et kölgələr tərəfindən. Seyr etdiyin böyük bir həyatın içindən intihar etsin özünü ruhun əlfəcin tək...

 

LENT

23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017
13 Mart 2017