Sabir Məmmədov: “Məni teatra o həkim gətirdi”

 

 

Kulis.az Əməkdar artist Sabir Məmmədovla müsahibəni təqdim edir.

 

- Sabir müəllim, cavan görünürsünüz…

 

- Bilirsiniz, yaşlı, yaxud cavan görünmək genetik məsələdir. Adam var 40 yaşındadır, 60 yaşındakına oxşayır, yaxud da əksinə.

 

- Oynadığınız rollarda da yaşınızdan xeyli gənc obrazları ifa edirsiniz...

 

- Bəli, onlar hamısı cavan obrazlardır. Bilirsiniz, səhnə üçün yaşın elə də böyük əhəmiyyəti yoxdur. Kinoda təbiilik daha çox vacibdir. Hər şey təbiidir orda: meşə meşə kimi, çay çay kimi. Səhnədə isə şərtilik çoxdur. Həm də bu tələb olunur, özü də vacibdir. Ona görə də gənc aktyorun diksiyası, səs tembri, səhnə duruşu təcrübəli aktyordan fərqlənir. Təcrübəli aktyor daha yaxşı oynayar...

 

 

- Təcrübəli aktyor gənc bir adamı da oynaya bilər...

 

- Təbii... Səhnədə bunu bəzən irad kimi tuturlar, ancaq mən bu iradın əleyhinəyəm.

 

- Bəzən deyirlər ki, 50 yaşında da Məcnun olar? Opera üçün deyirlər yəqin...

 

- Opera üçün səs önəmlidir. Adam var yaşı ötsə də səsi 20 yaşlarındakı kimidir və hələ də Məcnunu, Leylini oynaya bilər. Opera üçün vizual görüntü elə də önəm daşımır. Səs vacibdir, səs. Ancaq teatrda vizual görüntü vacibdir, şərtlərdən biridir. Ancaq burda şərtilik çoxdur. Məsələn, “Hamlet”i 25 yaşında bir gənc aktyorun oynamağı çox çətindir.

 

- Şekspirdə oynamısınız...

 

- Orraçionu oynamışam... (“Hamlet” pyesindən-red.)

 

- Uzun illərdir Azdramada çalışırsınız...

 

- Mən 1985-ci ildə ora gəlmişəm. “Bəxt üzüyü” mənim ilk və uğurlu tamaşam olub. Hamı elə bilirdi ki, filmdə də mən oynamışam. Hüseyn rolunda çıxış eləmişəm. Sumqayıt teatrında oynamışam.

 

- Hüseyn, Ayşad Məmmədovun oynadığı rolda?

 

- Bəli.

 

- Ancaq filmdə çəkilmədiniz...

 

- Xəbərim olmadı. Bir də gördüm, filmi çəkirlər.

 

 

- Sizi kastinqə çağırmamışdılar?

 

- Yox, çağırmamışdılar... Amma filmdə hamı elə bilirdi mənəm. Dəyişik salırdılar.

 

- Sabir müəllim, ürəyinizdən keçən hansı rolu oynamamısınız?

 

- Mən bu işə peşəkar yanaşıram. Açığı, elə bir obraz yoxdu ki, mən onun həsrəti ilə yaşayım. Teatr canlı orqanizmdir. İşdir bu. Hər saatın, hər günün, hər situasiyasının öz hökmü var. Elə rejissor olar, gəlib elə bir obrazı oynamağımı istəyər ki, mənim ağlımda tutduğum obrazdan qat-qat üstün olar.

 

- Aktyorların çoxu həmişə baş rol oynamaq istəyir, nəinki epizodik...

 

- Stanislavski sistemində belə bir termin var: xarakter və xarakterlilik yaratmaq prinsipi. Bu prinsiplə işləyəndə epizodik rolda da fərqlənmək olur, eləcə də baş rolda. Elə baş rol ola bilər ki, sən orda zəif görünə bilərsən, ancaq epizodik rolda mükəmməl görünərsən. Hər şey aktyorun peşəkarlığından asılıdır.

 

- Amma elə aktyor var, deyir, mən ömrüm boyu bu rolu oynamaq istəyirəm. Sizdə olmayıb belə bir xəyal?

 

- Yox, vallah. Məndə olmayıb. Ümumiyyətlə, mən xəyal qurmağı sevən adam deyiləm. Xəyallarla yaşamaq istəmirəm. Reallıq hər şeyi çox gözəl göstərir.

 

- Siz həddən çox filmdə rol almısınız....

 

- Doğrudur.

 

- Dublyajda da işləmisiniz.

 

- İndi də dublyajda işləyirəm. Film, reklam və s. Əsas işlərimdən biri də budur. Teatr, serial, bir də dublyaj.  

 

 

- Siz Qazaxdansınız...

 

- Bəli, Poylu kəndindən...

 

- Maraqlıdır, Qazaxdan teatra gəlməyiniz necə oldu? O vaxt teatr vardı Qazaxda?

 

- Mənim vaxtımda yox idi, indi var. Söhbət teatrın olmağında getmir. Qazaxda məndən əvvəl bizim institutda oxuyanlar vardı. Bizim bir müəllimimiz vardı, teatrı çox sevirdi. Əməlli-başlı fanat idi. Ədəbiyyat müəllimi işləyirdi, ancaq həkimliyi bitirmişdi.

 

- Çox maraqlıdır...

 

- İxtisasca həkim idi, amma sonra ədəbiyyatla məşğul olmuşdu. Teatra görə... Məktəbdə teatr dərnəyi yaratmışdı. Həm də həmin ilin gəncliyində aktyor olmaq istəyi vardı. İndiki gəncliyi bilmirəm. Amma onda aktyorluq gəncliyə sirli gəlirdi.

 

- Amma siz uşaq vaxtı daha çox kinoya bağlı idiniz...

 

- Hə, kino...

 

- Məktəbi bitirəndə demişdiniz ki, aktyor olacağam.

 

- Mən 8-ci, 9-cu sinifdə olanda artıq qərar vermişdim. Teatr dərnəyində fəal idim. İncəsənət Universitetinə o vaxt dediyim kimi maraq çox idi. Mənim aktyor olmaq istəyim göydən yaranmamışdı (gülür). Qabiliyyət imtahanında da nə tələb olunduğunu bilirdim. Şeir, etüd, təmsil, monoloq deməliydik.

 

- Həmin il qəbul olundunuz?

 

- Yox, mən ikinci il qəbul olundum.

 

- Həsənağa Turabovun qrupunda...

 

- Təsadüfən Həsənağa gəldi və bizim kursu götürdü...

 

- Universitet illərini necə xatırlayırsınız? Bəziləri deyir ki, İncəsənət Universiteti heç nə vermir...

 

- 80-ci illərdə bizim institut həyatımız çox mənalı idi. Mən 79-cu ildən instututuna qəbul olunmuşdum. Oxuduqca, bu sahəyə daxil olduqca aktyorluq sənətinin çətinliyini dərk edirdim. Gördüm ki, bu elə-belə şey deyilmiş. Bu işlə peşəkar məşğul olmaq lazımmış. Məsələn, rəqs, ritmika, qılınc oynatma, at sürmək... Bunların hamısını öyrənməliymişsən. Mən gördüm ki, bu elə bir-iki şeir demək deyil e (gülür). Dərk edəndə məni qorxu bürüdü. Ancaq çalışdım. Birinci kursda filmə çəkilmişdim.

 

- Hansı film?

 

- “Babamın babasının babası.”

 

- Məşhur filmdi...

 

- Çox məşhur... Mən orda Tapdığı oynayıram. Əsas rollardan biridir. Həmidə Ömərova, Hüseynağa Sadıqov, Səməndər Rzayevlə birlikdə oynamışam.

 

- O zaman belə demək olar ki, teatrdan əvvəl kinoya gəlmisiniz...

 

- Elədir. Mən elə onda xəstələndim də (gülür).

 

- I kurs tələbəsinin filmə çəkilməyi necə oldu?

 

- Sizin dilinizlə desək, kastinqlə... (gülür)

 

 

- Maraqlıdır, Sovet vaxtı kastinqə nə deyirdilər?

 

- O vaxt... Qoy yadıma salım... Hə, “prob” deyirdilər. Sınaq... Məni də sınaq çəkilişində seçmişdilər. Ssenari Ramiz Rövşənin idi. O da rus dilində. Mən də rusca bilmirdim axı. Mənimlə bir gürcü qızı sınaq çəkilişindəyik. Filmdə onun adı Zeynəbdir, mənimki də Tapdıq. Mən orda dedim, rus dilində bilmirəm axı, necə danışacam. Həmin gürcü aktrisa məndən soruşdu ki, niyə bilmirsən. Mən də neyləyim axı? Bilmirəm də (gülür). Rəhmətlik Tofiq Tağızadə onda dedi ki, tərcümə edin, Sabir azərbaycanca oxusun, gürcü də rus dilində...

 

- Bəs kastinqə neçə düşmüşdüz?

 

- İnstitutda oxuyanda Turabov rəhmətlik gəldi ki, ikinci rejissor Tofiq Məmmədov aktyor axtarır. Filmdəki Tapdıq da kənd uşağıdır. İkinci rejissor da bir-bir baxdı bizə. Məni də apardılar sınaq çəkilişlərinə.

 

- Nə qədər adam gəlmişdi sınağa?

 

- Çox... Axırda təsdiq elədilər, rol mənə verildi.

 

- Maraqlıdır, qonorarınız nə qədər oldu?

 

- O vaxtı qonorar çox yaxşı idi. Harda 600 manata yaxın pul aldım. O vaxtkı pulnan.

 

- Aldığınız tələbə təqaüdündən 20-30 dəfə çox...

 

- Üç ay, dörd ay universitetə gəlmirdim. İcazə verirdilər. İmtahanları da yazırdılar. Çox populyar idim onda. Bütün universitet tanıyırdı məni.

 

- Sabir müəllim, filmlərə çəkildiniz, tamaşalarda oynadınız. Sonra da gəldiniz “Azdrama”ya...

 

- Həsənağa Turabovu o vaxt teatrın bədii rəhbəri seçdilər. Rəhmətlik onda mənə dedi ki, yer olsun, səni gətirəcəm bura. 1989-cu ildə xəbər göndərdi, çağırdı məni.

 

- Həsənağa Turabovun rejissorluğu da vardı?

 

- Bir film çəkib deyəsən... Rejissor deyildi, aktyor idi. İlk dəfə aktyoru bədii rəhbər kimi təyin etmişdilər. Turabovdan başladı.

 

 

- “Azdrama”ya gəlmək əvvəldən arzunuz idi?

 

- Əlbəttə ki... Doğrudan böyük arzum idi. Əsgərlikdə olanda dostlarıma deyirdim ki, “Azdrama”nın şəklini çəkib mənə göndərin. Çox sevirəm bu teatrı. Əvvəldən də. Elə indi də...

 

- 28 ildir artıq “Azdrama”da işləyirsiniz. İlk rolunuz nə idi? Yadınızdadır?

 

- İlk rolum... Əgər ona rol demək olarsa... Kütləvi səhnədə bir sözüm var idi, indiki kimi yadımdadır: “Min yüz qırx birinci il”. İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsəri idi. Hərbi formada çıxıb deyirdim bu sözləri.

 

- Azərbaycan teatr mühitində “Azdrama”nın rolunu necə görürsünüz?

 

- “Azdrama” özünün ənənəsi olan teatrdır. Yəni bu teatra nə qədər ağır pyeslərdə yükləsən çəkə biləcək durumdadır. Ümumiyyətlə, həmişə belə olub. Əvvəl bir-iki teatr var idi. İndi alternativlər daha çoxdur. Qabaq bütün işləri rejissor Tofiq Kazımov eləyirdi. Hər şeyi o eləyirdi. Klassik əsərləri də, ekperimentləri də. İndi gənclərimiz üçün şans daha çoxdur.

 

- Amma bəziləri deyirlər ki, “Azdrama”da eksperimentlər eləmək olmaz.

 

- Hər şeyi də klassizmlə bağlamaq olmaz axı. Biz müasir dünyada yaşayırıq. Bizim teatrda müasir tamaşalar da var. Cəfər Cabbarlı “Almaz”ı 30-cu illərdə yazıb. 30-cu il kolxoz quruculuğu, kollektiv təsərrüfat, komsomol, ateizmin təbliği. Bunun özü eksperimentdir. Bu gün dinin daha çox inkişaf elədiyi bir vaxtda belə bir tamaşa nə qədər aktualdır. Bu rejissorun təfəkkürüdür artıq. “Almaz” Azər Paşa müəllimin düşüncəsidir. 10 il əvvəlki “Ölülər”lə indi qoyulan “Ölülər” eyni ola bilməz. Çağdaş olmalıdır. Rejissor ideyadır, ideologiyadır. Rejissor hər şey deməkdir. Mən sadəcə ifaçıyam. Böyük bir orkestrdə ifaçı.

 

- Rejissor kimi özünüzü sınamaq istəməmisiniz?

 

- Yox, heç elə istəyim olmayıb. Nə də ehtiyacım yoxdur. Rejissorluq böyük sənətdir. Sən indi bunu dedin, mən qorxdum. Bəzi gənclər aktyorluğu, rejissorluğu ciddiyə almırlar, məsuliyyətini dərk etmirlər. Bir də görürsən rahatlıqla özünə “mən aktyoram”, “mən rejissoram” deyir. Mən o məsuliyyəti bildiyimdən deyə bilmərəm ki, rejissor olmaq istəyirəm. Tələb olunan aktyor olmaq hamısından yaxşıdır.

 

- İncəsənət institutunda işləmədiniz...

 

- Yox, işləməmişəm.

 

- Gənclərə dərs demək istəmirsiniz?

 

- Özüm istəyirəm studiya açıb gənclərə dərs keçim. Təcrübədən öyrəndiklərimi gənclərə öyrədərdim. 

LENT

22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017