Trampı ədəbiyyatla anlamaq

 

Nərmin Kamal

 

Elmi fantastika yazıçısı Isaac Asimovun ABŞ-da prezident seçkiləri haqda bir hekayəsi var, "Franchise" adlı 1955-ci ildə yazılmış bu hekayə uzaq gələcəkdə - 2008-ci ildə cərəyan edir.

 

Hekayədə amerikalı seçicilər artıq başa düşüblər ki, prezident seçkiləri həmişə iki elə oxşar namizəd arasında olur ki, seçicilərin simpatiyası "fifti-fifti" bölünür. Riyazi baxımdan ideal qərar vermək üçün nəhəng "Multivator" adlı bir kalkulyator yaradıblar. (Uzunluğu bir kilometr, hündürlüyü üçmərtəbəli ev boyda olan, yerin altında yerləşdirilən bir kalkulyator: ölçülər məsələsində elmi fantastika proqresin nələrə qadir olacağını qabaqcadan görə bilməyib).

 

Hekayədə haqlı olaraq deyilir ki, inkişaf etmiş sivil bir ölkədə seçicilər təxminən eyni mədəni səviyyədə olurlar, ona görə də "Multivak" növbəti prezidenti seçmək üçün milyonlarla seçicidən yox, elə bir nəfərdən, bir seçicidən rəy soruşub onunla qane olur.

 

Hər seçkilər vaxtı təsadüfi metodla hansısa bir ştat seçilir, oradan da təsadüfi yolla hansısa bir sadə amerikalı.

 

Xüsusi xidmət orqanları "Multivak"ın bu il hansı amerikalını seçdiyini görəndən sonra gedirlər onun evinə, ona bu xəbəri çatdırırlar, sonra onu hörmət-izzətlə gətirirlər "Multivak"ın yanına. "Multivak" ona "Yumurtanın qiymətindən razısınızmı", "Yolların vəziyyətindən razısınızmı" kimi yüzlərlə sual verir, elektron demokratiyadır, sonra seçicini yola salırlar evinə, "Multivak" başlayır onun dedikləri əsasında prezidentliyə namizədlər arasında seçim aparmağa.

 

Hər bir seçkinin qəhrəmanı prezidentliyə namizədlər yox, seçici-vətəndaş olur və seçki o vətəndaşın şərəfinə adlandırılır: Makkomber seçkisi, Müller seçkisi və s.

 

Multivak

 

Azimov seçici qismində seçilmiş vətəndaşın ailəsində baş verənləri rəngarəng təsvir edir. Ailə, xüsusən uşaqlar və qadın sevinir ki, məhz onların ailə üzvü bu il seçici seçilib, onu reklam kontraktları, pul gözləyir. Bu vaxt baba söhbət edir ki, bir zamanlar onun cavanlığında bütün xalq səs verirdi! Nəvə təəccüblənir, axı demokratiyanın taleyini necə milyonlarla seçiciyə etibar etmək olar, "Multivak" daha etibarlı yoldur. Belə bir hekayədir, rus dilində də var internetdə, cəmi 3 səhifədir, oxumayanlar oxuya bilər.

 

İndi ABŞ prezident seçkilərində milyonlarla insanın səsi Electoral College üsuluyla hesablanır, bu, birbaşa ümumxalq səsverməsi deyil, bir səsin minlərlə səsi təmsil etməsi üsuludur. Bu yolun sonu haqda bəlkə elə Asimovun "Multivak" üsulu ən dəqiq uzaqgörənlik idi?!

 

Amerikalılar da bu günlərdə Isaac Asimov yaradıcılığından sitat gətirirlər, amma bu hekayədən yox, onun ayrı, "İnadcıl" (The Mule) adlı hekayəsindən. "İnadcıl" Yer üzünün gördüyü ən dəhşətli, ən amansız dövlət başçısıdır. O, insanların məntiqinə, hisslərinə, xatirələrinə də təsir edə bilir.

 

İnternetdə amerikalıların bu kimi başlıqlarla nə qədər müzakirələr açdığını görmək olar:"Trump, görəsən, Mule'durmu?" ("Is Trump the Mule?"),

 

"Trump Asimovun trilogiyasından "The Mule" rolunu oynayır" ("Donald Trump is playing the role of The Mule from Isaac Asimov's Foundation trilogy"),

 

"Trump və Mule arasında hansı bənzərliklər və fərqlər var?" ("What similarities and differences does D.Trump have with The Mule?")

 

Belə çıxır ki, amerikalılar Trump fenomenini ədəbiyyat yoluyla anlamağa çalışırlar. Ədəbiyyat insanlara anlamadıqlarını anlamağa kömək edir... Bəzən əsərlər, bəzən o əsərlərin bir qəhrəmanı, bəzən o qəhrəmanın bir cümləsi.

 

Bizim də beli şallı nənələrimiz bir işin necə alınacağını bilmək, bir məsələdə qərar vermək üçün övladlarının kitab rəfindən bir kitab götürərdilər, kitabı təsadüfi yerindən açıb bir cümlə oxuyardılar, bütöv oxumağa halları olmazdı, o bir cümlənin pozitiv, ya neqativ olmasına əsasən istixarə edərdilər.

 

Çox vaxt Quran kitabı olardı bu, amma həmişə Quran olmazdı.

80 yaşlı Tutu xala, nənəmin rəfiqəsi, uşaqları çox sevirdi, bizə çoxlu noğul-nabat verirdi, bütün nəvələri bir-bir alnından öpür, çarşabını əlinə yığıb otururdu.

 

Özünün də baş açmadığı siyasi hadisələrdə ailəsinin bütün kişilərini itirmişdi, Bülbülənin iranlılar məhəlləsində tək-tənha yaşayan sısqa bir qarı idi. Hər bizə gələndə cavanların kitab rəfindən bir kitab götürüb istixarə edirdi.

 

Ona gərək olan bircə cümlə idi hər kitabdan, yalnız bir cümlə. Məsələn, Şoloxovun "Sakit Don"unu götürüb gözlərini yumdumu, tən ortadan açırdı kitabı, səhifənin bir yerinə barmaq qoyub deyirdi: "A qızım, gözüm görmür, bu cümləni bir oxu nənəyçün".

 

Cavanlar kitabı alıb o çoxmənalı cümləni onun üçün oxuyurdular: "Qriqori qapını çırpanda Darya şam alovu kimi yırğalandı." /bbc.com/azeri/

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017
21 May 2017
20 May 2017
19 May 2017