Məmməd Rahimin unudulmayan şeiri: “QIZ XALİQİN ÖLƏYDİ...”

Kulis.Az Xalq Şairi Məmməd Rahimin “Saldı qara gözlərin” şeirini təqdim edir.

 

Saldı qara gözlərin neçə aşiqi bəndə,
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.
Kamına çatmayaydı,
Səni yaradırdısa məni yaratmayaydı.
Nə ad verim hüsnünə, dağlardakı qarmısan?
Ömrə əsən sərin meh,
Sehirli rüzgarmısan?
Sənə mələkmi deyim, görməmişəm mələyi.
Sənmi dolandırırsan söylə çərxi-fələyi?
Bu necə yaraşıqdır,
Bu nə sayaq bədəndir?
Qız, vücudun nədəndir?
Nəyə oxşadılıbdır, yarananda bu qamət?
Hardandır bu təravət?
Sən bahar fəslisənmi?
Leylimi, Əslisənmi?
Yoxsa, adın Şirindir?
Şirinliyin ətirli şəkərdən də şirindir.
Süsənbər, ağ yasəmən səndən təzə tərmidir?
Vücudun ənbərmidir?
Sənə axar su deyim, suyu dayandırarsan.
Atəşmi adlandırım, alovu yandırarsan.
Saldı qara gözlərin neçə aşiqi bəndə
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.

 

LENT

25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017