Söyüş söyməyən əxlaqsız qadınlar

 

Sevda Sultanova

 

Ayxan Ayvaz haqlıdır. Qadının dilində səslənən söyüş onun bioloji, mənəvi təyinatına - zərifliyinə, incəliyinə və s. tərsdir. Ona görə “təyinatına tərsdir” deyirəm ki, istər-istəməz qadınla bağlı arxetip təsəvvürlərimiz bunu həmişə diktə edir. Yəni bu təsəvvürlərə görə, qadın üçün bəlli çərçivələr cızılıb: qadın qadınsı, zərif olmalı, heç bir halda kobudluq etməməli, ağır oturub batman gəzməli, bunu eləməli, onu eləməməlidir və s. Qadına münasibətdə bazis təsəvvürlər dəyişmir.

 

Hər halda “qadına söyüş yaraşır, ya yaraşmır” polemikası mənim üçün çox da əhəmiyyətli olmadığından mövzu ilə bağlı başqa məqamlara fokuslanacam.

 

Ümumiləşmiş belə fikir var ki, söyüş söymək və ya qeyri-normativ leksika mədəni səviyyənin aşağı olduğunun göstəricisidir.

 

Şəxsi, ictimai münasibətlərdə dozadan artıq nəzakətli, mədəni davranış göstərən adamlardan (cinsindən asılı olmayaraq) həmişə çəkinmişəm, ya da belə adamlara güvən hissim olmayıb. Həddindən artıq mədəni adamların sonda təhlükəli olduğunu anlayırsan. Təcrübəmdən deyim ki, bir qayda olaraq pedant mədəni, tərbiyəli davranışın arxasında sonradan nəsə bir riyakarlığın, meşşanlığın, mənfəətcilliyin gizləndiyi üzə çıxır. Yəni, bu sosial maska o adamlar üçün niyyətlərini həyata keçirmək üçün vasitədir. 

 

Təbiətən elə yüksək mədəniyyətə malik adamlar da var ki, onların bir qismi ilə söhbətləşəndə o qədər etik davranıb müsahibini çərçivəyə salır, etiket qaydalarına o qədər dəqiqliklə riayət edirlər ki (məsələn, cəngəl mütləq sol əldə olmalıdır qaydası kimi), adamın yağlı söyüş söyüb, boşqabı da yemək qarışıq onun başına çırpmağı gəlir. Mənə elə gəlir ki, bu adamlar dünyaya yalnız ona görə gəlirlər ki, yer məhvərindən çıxsa da, bıçağın sağ, çəngəlin sol əldə olmasını, yeməkdən sonra da mütləq desert yeyilməsini vacib şərt olduğunu sübuta yetirsinlər. 

 

Təbii ki, təbiətində söyüş söyməyi bacarmayan adamlar da var ki, onlarla ünsiyyətdə çox rahatsan, zövq alırsan. 

 

Qısası, söyüşü mədəni səviyyənin aşağı göstəricisi saymıram.

 

Söhbət gündəlik, harda gəldi, necə gəldi, ortamı nəzərə almadan söyən adamlardan getmir. Çünki bu halda söyüş onların sadəcə, leksikonu, özünüifadədir.

 

Mənim nəsə ifadə edən söyüşü sevirəm. Yəni kontekstindən, şəraitdən asılı olaraq söyüş ciddi anlam - etiraz da, mövcud vəziyyəti ifadə eləmək üçün vasitə də ola bilər.

 

Məsələn, Madonnanın Trampı söyməsi kimi... Həmin vəziyyətdə Madonnanın söyüşü onun qadın cazibəsinə xələl gətirmir. Onun söyüşü etiraz, ifadə azadlığı idi və həmin situasiyada qeyri adekvat səslənmirdi.

 

Ümumiyyətlə seçilən ifadə tərzi –adamın mədəni səviyyəsini səslənən sözdən daha dəqiq ifadə edir. Kimsə ağır söyüşü elə ifadə edər ki, qətiyyən kübarlığını itirməz. Başqa birisi isə yüngül söyüş söyəndə belə vulqar görünər.

 

Nəinki söyüş, adi söz belə yerində olmayanda, ortamı nəzər almayanda dözülməyəcək qədər çirkin, kobud təsəvvür yaranır. 

 

Keçmiş Amerika prezidenti Corc Buş kobud ifadələr işlətsə də, amma məsələn, həyat yoldaşının yanında bunu eləmir.

 

Söyüşün yaxşı tərəfləri də var təbii ki. Psixoloqlara görə, energetik balansı saxlamaq və stressi götürmək üçün söyüş köməyə gəlir. Məsələn, Melburnda dalaşan cütlüklər üçün xüsusi psixoloji xidmət var. Ər-arvad qəzəblənəndə xidmətin nömrəsini yığır və dəstəyin o başından elə ağır söyüşlər eşidilir ki, bu, tərəfləri tədricən özünə gətirir. 

 

Əlbəttə ki, pislik eləməkdənsə, fiziki zərər yetirməkdənsə söyüş daha yaxşıdır. Amma orası da var ki, bizdə bir qisim qətllərin əsasında ana-bacı söyüşü dayanır... 

 

Qadının söyməsinə gəlincə, məncə, bunu Faina Ranevskayadan yaxşı kimsə ifadə eləməyib: “Başıaşağı, tərbiyəli zibildənsə, ana söyüşü söyən yaxşı adam daha gözəldir.”

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017
21 May 2017
20 May 2017
19 May 2017