Elcan Rəsulov: “Məni teatra çağırsalar da, getmərəm”

 

Kulis.az aktyor Elcan Rəsulovun Musavat.coma müsahibəsini təqdim edir.

 

- Başlayaq lap əvvəldən.”Oğlan evi” filminə dəvət necə gəldi?

 

-  “Lider” televiziyasının yaradılış günü üçün verilişlərin parodiyasını hazırlayırdıq.  Orada iranlı həkim obrazını canlandırmışdım. Videolarımı İlham Qasımov “Youtube” kanalında görmüşdü. Mənə dedi ki, film çəksək, bu ləhcədə davamlı danışa bilərsən? Dedim ki, əlbəttə. Ssenari yazıldı, çəkildim. 

 

- Bilirəm ki, çox seçici insansınız, hər filmə, hər seriala çəkilmirsiniz. “Oğlan evi”nə dəvət alanda heç tərəddüd etdinizmi?

 

- Seriallara çəkilmirəm.  Nə zaman  seriallara normal aktyor heyəti yığıb, normal qonorar verəcəklərsə, onda çəkiləcəyəm. Bir ATV-də yayımlanan “Ər-arvad ”da çəkilirəm. Çünki peşəkar işdir, peşəkara uyğun da pul verirlər.  İşləmək lazımdır. Zamanımızı da çox almırlar. Nə vaxtsa məsələni Azərbaycansayağı edib, deyəcəklər ki, qardaş, həftənə bu qədər verirəm, o zaman oradan da uzaqlaşacağam.  Özlərinə də demişəm. “Oğlan evi” barədə də çox götür-qoy etdim. İlham bəydən 3 film üçün müqavilə bağlamaq təklifi gəldi. Razı olmadım. 3 filmə birdən imza atmağa qorxdum. Belə razılığa gəldik ki, hər filmdən əvvəl müqavilə imzalayaq. Çünki ola bilərdi ki, film yaxşı alınmazdı. Mən bilmədiyim işə niyə imza atmalıyam?  Məncə, düzgün addım atmışam.

 

- “Oğlan evi” son 3-4 ildə çəkilən filmlərin arasında ən çox bəyəniləndi. Sizcə,  “Oğlan evi” filminin uğuru nədədir?

 

- Zarafatları seçərkən gərək gündəlik və köhnəlmiş zarafatlardan istifadə etməyəsən. Bir də situasiyalı komediya oynayasan. Mütləq filmdə potetika olmalıdır. Çəkdiyin filmin sonunu nəyəsə bağlamalısan. İndi o şeylər yoxdur. “Oğlan evi-2” birincidən ona görə zəif hesab edildi ki, potetikadan uzaqlaşmışdılar. Mən də demişdim ki, uzaqlaşsanız, birinci qədər effektli olmayacaq. Düzdür, ikinci filmi daha güclü hesab edənlər də var. Birlə iki bir-birini tamamladı, ikinin zəif olduğunu düşünmürəm. 

 

- Bəlkə də, birinci film çox uğurlu alındı. İnsanlar ikincini daha güclü gözləyirdi. Birinci səviyyəsində olduğu üçün onlara zəif gəlib...

 

- Məncə, haqlısınız. İkincini bəyənən tamaşaçı da çoxdur. Bir də reklamlar məsələsi var.  Sponsor olmasa, film yaratmaq çətindir. Lakin  ikincidə də maksimum çalışılmışdı ki, reklamlardan az istifadə olunsun.

 

- Reklam çox olsa da, tamaşaçını bezdirmirdi. Səviyyəli şəkildə təqdim edilmişdi...

 

- Hollivud, Bollivud, Avropada da bu cür reklamlardan istifadə olunur. Amma yenə başlayıb kolbasanı reklama görə kamera qarşısında doğramağa, dükanın adını göstərib içinə girməyə. Filmə baxırsan ki, ssenariyə aidliyi yoxdur, amma  aktyor məhsul reklam edir. Bu cür reklamlar sponsoru da, filmi də hörmətdən salır.

 

- Keçən dəfə müsahibə zamanı İlkin Həsəni də reklam məsələsinə toxundu. Bildirdi ki, sponsoru səviyyəli reklama razı sala bilmirlər...

 

- Hazırda rol aldığım “Ər-arvad” serialından narazıyam. Söhbət serialın səviyyəsindən getmir, sponsordan gedir. Biz əvvəldən danışmışdıq ki, sponsorun məhsulunu maraqlı və yaddaqalan edək. Sponsor  özü kinonu və serialı reytinqdən salır, sonra deyir ki, bu serialın reytinqi yoxdur. Onlar başa düşmürlər ki, onlar gələndə bu serial reytinqli idi, onların insanı bezdirən reklamı reytinqi aşağı salıb. Deyirlər ki, mənim markamı elə də, belə də göstər. O zaman reytinq düşür. Ona görə də Aqil M. Quliyev sponsorla danışacaq ki, elə edək həm reklam hörmətli olsun, həm də serial. Mən pulsuz  işləməyə razıyam, nəinki o reklamlarla. Tez-tez deyirlər ki, bizdə rejissor da, aktyor da yoxdur. Onları qınamıram. O qədər  film çəkməyə, aktyorluq etməyə çalışdılar ki, sənəti gözdən saldılar. Artıq evdə oturan da deyir ki, mən bunu edə bilərəm. Biz elə iş görməliyik ki, evdə oturan heyran qalsın və deməsin ki, bunu mən də, oğlum da edə bilər.  Bu gün sənətdən başı çıxmayanlar film çəkməyə çalışır. Bəzən deyirlər ki, xaricdə filankəsi yoldan tutub gətiriblər, məşhur aktyor olub. Onun istedadını görüb gətiriblər. Bizdə isə “bu sponsorun qardaşıdır, filankəsin bacısı oğludur” deyib, kinoya çəkirlər. Nəticədə göz qabağındadır.

 

- Mahmud baba” filminin qala gecəsində aktyor Fəqan Məmmədov bildirdi ki, filmin çəkilişləri zamanı bir çox şirkət onlara sponsorluq etmək istəyib. Lakin sosiska, kolbasa yeməmək üçün razı olmayıblar. Lakin biz saydıq, filmdə gözə batan  9 reklam vardı və insanın gözünü yorurdu. Bizim hələ saya bildiyimiz bu idi...

 

- Kolbasa, sosiska da hamının dilinə düşüb. Kolbasa yoxdur, orda da maşın təkəri, dükan qapısı var. “Oğlan evi-2” də “Kapital bank”ın reklamı var idi. Axırda belə etmişdilər ki, telefon açıq qalır, söhbət  bankın yaddaş kartına yazılır. Sonra “Nar mobile”ın reklamı vardı. İsi obrazının boynundan Nar asılmışdı. Məsələni zarafata bağlamışdılar. Çünki ehtiyac vardı. Hollivud filmlərində də reklam var, razılaşılır ki, aktyor “Coca-cola” yazısının yanından keçəcək. Orada demirlər ki, aktyor kolanı açacaq, içəcək, üstəgəl tərifləyəcək. Ən yaxşı reklam sadəcə gözəçarpan reklamlardır. Amma gözəbatan reklamlar özümüzü gözdən salır. 

 

- Bir də “İnstagram” izləyicisinə inanıb film çəkənlər var. Onlardan biri də son təqdim olunan “Üç badam, bir qoz”dur. Rol alan məşhur vinerlərdir. Onlar sosial şəbəkədə yazmışdılar ki, sosial şəbəkə izləyicilərinə güvənirlər...

 

- Ən böyük səhv odur. 300-400 min izləyiciyə güvənib iş görmək olmaz. Onlara güvənib alver belə etmək olmaz. Düşünürlər ki, 400 min izləyicim var. Hərəsini 1 manatdan hesablasaq, 400 min manat edir.  Sosial şəbəkəyə güvənib film çəkənlər çoxdur. Oksana Rəsulova da bu cür addım atdı, uğursuz oldu. “İnstagram”  izləyiciləri 1 dəqiqəlik videonun 50 saniyəsinə baxan adamlardır. Çoxu yeniyetmələrdir. Onların bilet alıb baxmaq fikri yoxdur. Bəzən mənə yazırlar ki, Londonda yaşayırıq, sizi sevirik, film internetdə qoyulsaydı, baxardıq. Gəlib kinoteatrda izləmə şansımız yoxdur. 

 

Bizim bir bədbəxtliyimiz də ondadır ki, aktyorlar ləhcələrdə danışa bilmirlər. “Hoqqa”da maşın sürən oğlan guya, Aran ləhcəsində danışır. Amma bacarmır. Bəzən deyirlər ki, insanları ləhcə ilə güldürürsünüz, bu çox asandır. Amma elə deyil. Mən iki dəfə Şəkidə olmuşam, şəkilidən yaxşı danışıram Şəki ləhcəsində. Bu şeylər çox çətindir. Üç söz öyrənməklə ləhcə ilə danışmaq olmur. Özünü hörmətdən salırsan, filmə baxanı da qıcıqlandırırsan. Bilmirsən, get soruş.  Əgər mən filmdə telefon ustasını canlandıracağamsa, ustanın yanına gedib, 2 günə bəzi şeyləri öyrənərəm. Ona görə ki, telefon ustası filmə baxıb desin ki, halal olsun bu kişiyə, necə dəqiq bilir. “Ər-arvad”ın ilk 4 seriyasında nə etməli olduğumu bilmirdim. Obrazın formasını 4 seriyadan sonra tapdım. 

 

- “Ər-arvad” başlayanda deyirdilər ki, xarici layihənin eynisi olacaq. Amma ssenari bizə xas oldu. Əsl Azərbaycan ailəsi göstərilir...

 

- Serialın ssenarisi türklərdən gəlir, lisenziyası da onlarındır. İkisini də eyni qadın yazır. İndiyə kimi 7 min ssenari göndərib. Mən də ssenarini götürüb özümünküləşdirirəm. baxıram ki, yazılan ssenari bizim millət üçün gülməli deyil, məcbur olub axırını dəyişirəm. Mənə gələn son 3-4 tədbirdə istəyiblər ki, maraqlı nə isə danışım. Söhbət toydan getmir, tədbirdən gedir, toylara getmirəm. Bəzən danışdığım heç gülməli olmur, amma gülürlər. Düşünürlər i, mən danışıramsa, gülməlidir, onlar anlamayıb. 

 

- “Ər-arvad” serialında tipik Azərbaycan kişilərini göstərirsiniz. Sizə kişilərin reaksiyası necə olur? 

 

- Kişilər tərəfindən tənqid olumamışam. Mənə videolardan göndərirlər ki, burada yoldaşımla məni canlandırmısınız, filan səhnədə mənim yoldaşımı göstərmisiniz. Heç vaxt düşünməzdim ki, bizim kişilər bu cür sözlər yazar. Bəzən təkrar mövzuları çəkirik, amma yenə də baxılır. 

 

-Təkrar səhnələr olduğunu dediniz, eyni zamanda seriyalar arasında fasilələr var. 

 

- Çəkilişlərin fasilələrlə olması mənimlə əlaqədardır. Ölkədə olmuram deyə çəkiliş edə bilmirlər. Biz işə peşəkar komanda ilə başladıq. Sonra komanda da bəzi dəyişikliklər oldu, indi işimizdə axsama var. Hər şeyi yenidən əvvəlki vəziyyətə gətirməyə çalışırıq. Serialın keyfiyyətini qaytaracağıq. Qaytarmasaq, gərək serialı bağlayaq. Çox adam bu  fikirlə razılaşmır. Amma işin keyfiyyəti ölübsə, bağlamaq lazımdır. Əgər əvvəlki vəziyyətə gəlməsə, serialdan ayrılacağam. Mənə deyirlər ki, serialdan ayrılsan, efirdə olmayacaqsan. Adam var ki, 5 ildir ard-arda seriala çəkilir, amma mənim qədər tanınmır. Gərək yaxşı işlər ortaya qoyaq. Nə vaxtsa, mənə verilən obrazı oynaya bilməsəm, aktyorluqdan uzaqlaşacağam. Ciddi deyirəm, arxama baxmadan bu sahədən gedəcəyəm və başqa işlə məşğul olacağam. Bacarıqlı oğlanam, meyxana deyərəm, başqa iş görərəm. 

 

- Artıq kinoteatr tamaşaçısı yaranıb.  Sizcə, teatr tamaşaçısı da yenidən yaranacaqmı?

 

-  Çoxları qorxurdu ki, kinoya pul qoyar, pulu batar. Ürəkli oğlanlara  halal olsun ki, kino sahəsinə sərmayə ayırdı və bu sahə dirçəldi. Çox istəyirəm ki, bu şeylər teatr sahəsində də özünü göstərsin. Çox istəyirəm teatrda oynamaq, tamaşa hazırlamaq. Mən təkliflər verdim ki, 10-12 nəfərlik teatr üçün məkan ayırın, şərait yaradın. Mənə müsbət cavab verən olmadı. Alınsaydı, sübut edəcəkdim ki, teatr tamaşaçısı var, onlar tamaşalara gəlmək istəyir. 

 

- Teatrlarımızın repertuarı illərdir ki, eyni qalıb.  Dəyişiklik olmadığı üçün tamaşaçı da teatra üz tutmur. Düşünür ki, bu gün baxdığım tamaşaya gələn il niyə baxım?

 

- Haqlısınız. Nə inkişaf edirlər, nə də dəyişikliyə imza atırlar. Rus Dram Teatrının həmişə tamaşaçısı var, çünki əziyyət çəkirlər. Dövrlə səsləşən tamaşalar səhnəyə qoyulmalıdır.  

 

-Fuad Poladovun Dövlət Dram Teatrındakı son tamaşasına axın vardı. Deməli, lazım olsa, tamaşaçı teatra gələr... 

 

- Fuad Poladovu 4-5 il idi ki, teatrda saxlamışdılar. Eyni tamaşanı oynayırdı. Ondan lazımi səviyyədə istifadə etmədilər. Onun üçün yeniliklər etmək lazım idi. Fəxrəddin Manafovdan, Fuad Poladovdan istifadə etmək lazımdır. O adamları boş-boş yorurlar. O yaşda aktyorları həvəsləndirmək lazımdır, yaxşı obrazlar və qonorar verilməlidir. O zaman gözəl iş olur. Teatrda yenilik etmək, hər yaş təbəqəsini qarışdırmaq lazımdır. İstədiyim səviyyəyə çatmasa, məni teatra çağırsalar da, getmərəm. Mənə desələr ki, 4000 manat maaş verəcəyik və həftədə 1 tamaşa oynayacaqsan, razılaşaram. O maaşı hazırda heç kim mənə verməz. Məcburam özüm nə isə yaradam. Şəhərdə o qədər boş qalan restoranlar var ki, illərdir ki, orada şənlik olmur. Onlardan birini bizə versinlər, teatr açaq, tamaşa hazırlayıb, tamaşaçı cəlb edək. 

 

 - “Heç vaxt oynamaram” dediyiniz obraz varmı?

 

- Elə obraz çoxdur, mən seçim edən adamam. 60 reklam təklifi gəlib, razılaşmamışam. Düşünmüşəm ki, yaxşı iş olmayacaq. Onlar elə bilib ki, pula görə deyirəm, qonorarı artırıblar. Amma onları başa salmışam ki, mənim üçün pul hər şey deyil. Mən həm də tamaşaçıyam, özümün baxıb bəyənməyəcəyim işdə yer almaram. Bəzən anam zəng edib deyir ki, o verilişə getmə, getmirəm. Bilir ki, aparıcı reytinq üçün nə isə deyər. Mən də mübahisə salaram. Canlı efir  zay olar, aparıcını işdən qovarlar, məni də kanalda qara siyahıya salarlar. Getmirəm, başım da sakitdir.

 

- Mövqeyi olan aktyorlardansınız. Sosial şəbəkələrdə də ölkədə baş verənlərə münasibət bildirirsiniz, tənqidi fikirlər səsləndirirsiniz... 

 

- Düşünürəm ki, bəlkə həmin adam oxuyub başa düşər. İstəyirəm ki, mənə də fikir bildirsinlər, onlar da tənqid yazsın. Biri işini həddən artıq reklam edir, ona aid bir şey yazıram. Mən qala gecələrinə gəlmirəm. Olar ki, nümayiş zamanı problem olsun, ya filmi bəyənməyim. Amma onların yanında məcbur qalıb tərifləyim.  Yalandan tərifləməmək üçün qatılmıram. Tək gedib baxıram. Mənə deyirlər ki, heç kimi pisləmə, sonra səndən xoşları gəlməz. Mən bilirəm ki, üzümə gülsələr də, məndən xoşları gəlmir.

 

- Müsahibələrinizin birində də demişdiniz ki, şou aləmdə dostunuz yoxdur. 

 

- Yoxdur. Heç biri ilə dostluq etmirəm. Bilirəm ki, məndən xoşları gəlmir. Üzümə gülüb “can qardaş” desələr də, xoşları gəlmir.

 

- Niyə  xoşları gəlmir?

 

- Bunu onlardan soruşmaq lazımdır. Kənardan çox yekəxana görünürəm. Bir az da tərif demək qabiliyyətim yoxdur. Əla iş görəndə də yaxşı olduğunu deyirəm. Bu sahə belədir ki, hər gecə bir yerə qaçırlar. “Bu gün filan kəsimizin ad günüdür” deyib tort alıb onun qapısına gedirlər. Sonra da şəkil çəkib paylaşırlar. Mən getdiyim yerləri çəkib paylaşsam,  dəli olarlar. Günlərlə təyyarədə oluram. Elə olub ki, səhər yeməyini bir ölkədə, günortanı başqa, axşamı tam başqa ölkədə yemişəm. Bunları paylaşmıram.

 

- Dediniz ki, tez-tez xaricə üz tutursunuz. Nə iş görürsünüz orada?

 

-  İngilis və rus dilini mükəmməl səviyyədə bilirəm. Gedib aparıcılıq edirəm. Onlardan aldığım pul mənə sərf edir. Yol, geyim və qalmaq pulum ödənir. Mənə də normal pul qalır. Azərbaycan yumorlarını rus və ingilis dilində danışıram, onlar da gülürlər. Qazancım da məni qane edir. Mən artıq yolunu tapmışam.  Buranın şou proqramının maaşı ilə dolana bilmərəm. Azərbaycanda isə restoranda çıxış edəndə 100 manat verirlər. Bir ayağım  xaricdədir. Normal qazandığım üçün burada seçim edə bilirəm. Qazana bilməsəm, burada nəyəsə çəkilməyə məcbur olacağam. O məcburiyyətdə məni quyunun dibinə salacaq.

 

- Pul qazanandan seçici olmusunuz, yoxsa öncədən hədəfləriniz və öz yolunuz olub?

 

- Mən əvvəllər də belə idim. Tələbə vaxtı heç bir çəkilişə getmirdim. Gedib telekanalda veriliş hazırladım ki, tanınım və özləri məni dəvət etsin. Istədiyimə çatdım. Hər zaman hədəfim olub. Əziyyət çəkən oğlan olmuşam. Heç vaxt köməyim olmayıb. Vəziyyətim pis olsa da, qohum-əqrəba kömək etməyib. Atam rəhmətə gedəndə çabalayırdım, evin böyük uşağı idim, evi dolandırmalıydım. Mənim yerimdə kim olsaydı, özünü öldürmək həddinə gələrdi. Yaxınlarım çabaladığımı bilirdi, heç biri kömək etmədi. Mən də onlardan ummadım. İndi onları saya da , saymaya da bilərəm.  O vaxt mənə kömək edib, minnət qoysaydılar, indi kimisə düşünərdim.

 

- Bir az da şəxsi həyatınızdan danışaq. Niyə ailə qurmursunuz? 

 

- Yaxın 2-3 ildə evlənməyi düşünmürəm.  İntensiv işləməyi düşünürəm. Hələ tezdir. Özümü gec  təsdiq etmişəm. 20 yaşımda təsdiq etsəydim,  27-28 yaşımda evlənərdim. Mən özümü 28 yaşımda təsdiq etmişəm.  İndi də 30 yaşım olur. Ona görə işi uzadıram. Tez təsdiq etsəydim, indi minimum bir uşağım vardı. 

 

- Analar adətən övladlarını evləndirmək üçün tələsirlər. Sizdə necədir vəziyyət?

 

- Mənim anam mənimlə dostdur. Deyir ki, evlilik çətin prosesdir. Işini gör, ayaqüstə dura bilən kişi ol. Əmin ol ki, 1 daha sonra bir neçə nəfəri saxlaya bilərsən, o zaman evlən. 

 

- Sosial şəbəkədə aktivsiniz. Sizə eşq elan edən xanımlar da yoxdur?

 

- Mənə eşq elan etmirlər. Tamaşaçılarım da özüm kimidir. Yazırlar ki, hörmət edirik, izləyirik. İzləyicilərim real insanlardır. Əgər yazsam ki, 10 minə ehtiyacım var, azı 7000 yığılacaq. Və ya biri zəng edəcək ki, izləyicilərindən yığma, gəl verim.  

 

- “Facebook”da izləyicilərinizə verdiyiniz sualı mən də sizə vermək istəyirəm. İnsanın səviyyəsi hansı meyarla ölçülür?

 

- Bizdə insanın pulu, görünüşü ilə ölçürlər. Sualı da ona görə yazmışdım. İnsanların fikri mənə maraqlıdır.  Bizim şou bazarda da geyimlə, maddi imkanla ölçürlər. Deyirlər, filan kəsin pulu var, filan yerdə yaşayır, səviyyəli adamdır. Biri metro ilə gəlsə, ona yuxarıdan aşağı baxırlar. Əslində isə o adam çox intellektual adam olur. Düşünürəm ki, bu dövrdə müvəqqətidir. İnsanların düşüncəsi dəyişəcək. Səviyyəli insanlara, keyfiyyətli xarakterə qiymət veriləcək. 

 

Könül İbrahim

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017