İnsanları ölmədiyi zaman gələcəkmi? - HARARİNİN YENİ KİTABI

 

 

Kulis.az Mətləb Ağanın ““Homo deus. Sabahın qısa tarixi” kitabı haqqında bəzi qeydlər” yazısını təqdim edir.

 

Yəqin ki, ağlı başında, normal elə bir adam yoxdur ki, ömründə heç olmasa bircə dəfə də olsun insanlığın gələcəyi haqqında fikirləşməsin. Hər halda, özünə münasibətdə olmasa da, övladlarının sabahı üçün narahatlıq onu bu barədə düşünməyə vadar edib.

 

Janr baxımından bədii ədəbiyyat deyə bilməsək də, Yuval Hoah Hararinin “Homo deus. Sabahın qısa tarixi” kitabı dili və mövzuya yanaşma tərzi etibarıyla mənə bədii ədəbiyyat qədər maraqlı gəldi...

 

Amma bu yazım təkcə “Hararinin gələcəyi” haqqında olmayacaq...

 

Kitabında Harari “Bizi gələcəkdə nə gözləyir?” sualını cavablandırmağa cani-dildən çalışır, bu zaman özü demişkən, kahinlikdənsə, keçmiş tarixi və günümüzü ələk-vələk hesabına öz ehtimallarından söz açır...

 

Harariyə görə, artıq insan qıtlıq, epidemiya və müharibələrə güc gəlib, iddiasını sübut etməkdən ötrü Harari yazır ki, 2012-ci ildə Yerdə ölən 56 milyon insandan yalnız 620 mini zorakılıq ucbatından həyatını itirib ki, bunun 120 minə qədəri müharibələrin, 500 minisə cinayətlərin payına düşür. Həmin il 800 min insan intihardan, 1.5 milyon insansa şəkər xəstəliyindən həyatla vidalaşıb, deməli, indi şəkər barıttan daha qorxuludur...

 

Ən mühümü, get-gedə müharibə anlayışı  insanların böyük bir qisminə yadlaşır. İndi hökumət, şirkət və fərdlər yaxın gələcəklərini planlaşdırarkən müharibəni olası hal kimi götür-qoy etmir, məsələn, bu gün “Mersedes” Şərqi Avropada satış strategiyasını yaradarkən, Almaniyanın sabah Polşanı işğalına yox, daha ciddi fikirlərə əsaslanır. Filippindəki ucuz işçi potensialına arxalanan ayrı bir şirkətsə gələn il İndoneziyanın Filippini işğalından qorxub hürkmür. Düzdür, hələ bu “Yeni Sülh” anlayışından uzaq ölkələr vardır, lakin istisna siyahısında...

 

Başqa sözlə, indi Çinin Kaliforniyadakı Silikon vadisini (Silikon vadisi-Şimali Kaliforniya ərazisindəki San Joze vadisinin qurama adıdır, hazırda yüksək texnologiyalarla bağlı sektorlardan danışarkən istifadə olunur, belə ki, dünya şöhrətli bir-sıra şirkətlərin mərkəzi ofisləri və ya əsas müəssisələri bu vadidədir, məsələn “Google”, “HP”, “Apple”, “Microsoft”, “Facebook”, “Twitter” və s.) zəbt etməsi axmaq bir iş olardı, çünki, çinlilər döyüşü udsalar da, Silikonda silisium mədənləri tapmayacaqlar. Bundansa, “Apple” və “Microsoft” kimi texnologiya nəhənglərinin proqramlarına müştəri çıxıb bu məhsulların istehsalından milyard dollarlara sahiblənirlər. Qısası, Çin bu proqramlarla 1998-ci ildə Konqonun koltan mədənlərini yağmalayan Ruandanın il boyu mənimsədiyini sülhlə bircə gündə qazanır...

 

Beləliklə, artıq “sülh” sözü təzə çalarlara qovuşub, ötənlərdə “sülh”ü müharibənin müvəqqəti yoxluğuna ekvivalent olaraq dəyərləndirirdiksə, indi lüzumsuzluğu kimi baxırıq.

 

Hararinin “indi insanlıq qıtlıq, epidemiya və müharibələrə üstün gəlib” elanı bu sualı doğurur: “bəs onda bəşəriyyət uzun əsrlər baş ağrısı olmuş bu problemlərin yerinə nəylə məşğul olacaq?” Axı, tarix boşluq sevmir!

 

Harari vurğulayır ki, iqtisadi inkişafımız Yerin ekoloji tarazlığına düşmən kəsildiyindən, gələcəkdə nə iş görsək də, ilk növbədə, planeti öz zərərli əməllərimizdən qorumalıyıq. Həm də ki, tarix ədalətsizdir, hansısa bəla varlıdan çox yoxsula dağ çəkir, fəlakətə zənginlər səbəb olsa da, nəticəsinə kasıblar qatlaşır, məsələn, qlobal istiləşmə quraq Afrika ölkələrində yaşayan yoxsulların həyatını zəngin Qərbdəkindən fərqli olaraq cəhənnəmə döndərir...

 

Gələcək nəhəng hədəflərimizin birincisi ölümsüzlükdür. Hazırda ölümün texniki qüsurlardan qaynağlandığını yazan Harariyə görə, həkimlər xəstənin “xəstəliyim nədir?” sualını “xərçəngsən,” “vərəmsən”, “qripsən” və s. deyə cavablandırırlar, heç bir halda “ölümünüz çatıb” diaqnozunu eşitmədiyimizdən, deməli, ölüm hər hansı texniki problem kimi həll edilə bilər, ən azından, heç olmasa, ömrü kifayət qədər uzatmaq olar. Yəni, gələcəkdə tibbin inkişafı o səviyyədə kafi olacaq ki, bankda yaxşı hesaba malik istənilən şəxs hər on ildən bir klinikalara ayaq qoyaraq nimdaş hüceyrələrini təzələyib ömrünü məsələn, beş yüz ilə çatdıracaq. Bunu eşidərkən, istehzayla ”imkansızdır” deməyə tələsməyək, çünki nə vaxtsa qıtlıq, epidemiya və müharibələrin də “əl-ayağının bir yerə yığışdırılacağına”, “nağıldır” deyib keçirdik.

 

İnsanlığın ikinci böyük işi xoşbəxtliyin- indi yaşadığımız və ya dadmağa çalışdığımız ləzzətlərin- kəmiyyət və keyfiyyətinin artırılması cəhdlərimizin bir az da intensivləşməsidir. Burada tarixdəki fəlsəfi cərəyanları da xatırladan Harari, Epikürün “Tanrılara inanmaq zaman itkisidir, ölümdən sonra həyat mövcud deyil və xoşbəxtlik həyatın tək gerçək məqsədidir” müdrikliyini öz istinad mənbələrinə qoşur. 

 

İnsanlığın üçüncü ən şirin arzusu super insan qüdrətinə, necə deyərlər, Olimp tanrılarında belə görülməyən gücə yiyələnməkdir (onsuz da bu gün insan Olimp tanrılarında belə olmayan bacarıqlara sahibdir). Homo erektusdan Homo sapiensə çevrilən insan artıq Homo deusa (latınca-Tanrı insan) yönəlib, onun bu arzusuna da çatacağı real görünür.

 

(Lakin burada Harari ümüdsizcəsinə yazır ki, yəqin ki, sadə insanlar hər üç yarışdan uzaq tutulacaq, çünki kapitalistlər maddi zənginlik hesabına ölümsüzlük, xoşbəxlik və Tanrı gücünü yalnız özlərinə istəyəcək.)

 

Bəs bu yarışda insanların qələbəsini nə reallaşdıracaq? Əlbəttə elm! Texnologiya qocalığı yubatmağımızı, xoşbəxtlik tənliyinin həllini, super qüdrət sahibliyimizi qapımıza gətirdikcə, insanlar tanrı və şirkətlərə daha az vaxt xərcləyib, fiziki və bioloji mövcudluq sirrlərini çözməyə başlayacaqlar, deyilmi?

 

İlk baxışdan adama elə gəlir ki, insanlar qədim Misir və ya orta əsrlər Çinindəkindən daha müasirdir. Elmi inkişaf oynadığımız oyunun qaydalarını dəyişdi. Ənənəvi miflər hələ öz təsirini itirməsə də, müasir ictimai sistemlərin hər keçən gün antik Misir, ya da orta əsrlər Çinində bilinməyən, təkamülçülük kimi obyektiv elmi nəzəriyyələrə daha çox bel bağladığını yazsaq, səhv etmərik. Əlbəttə, indi dünya tam fərqlidir. Misir fironları və Çin imperatorları min illər boyu qıtlıq, epidemiya və savaşları durdura bilmədi, müasir dövlətlərsə hamısına bir-neçə əsrdə meydan oxudular. Bütün bunlar mifin elmlə əvəzləşdirilməsinin fonunda olmadımı? Amma, yalnız ilk nəzərdən belədir, əslində, hər şey çox mürəkkəbdir.Bu da ondan qaynaqlanır ki, müasir elm dediyimiz kimi, sadəcə oyun qaydalarını dəyişib, miflərsə doğrularla əvəzlənməyib. Nağıllar üzərimizdəki hökmranlığını sürdürür və elmin inkişafı bəzi dinlərə daha da qol-qanad verir...

 

Din Hararinin leksionunda ayrı məna daşıyır, yəhudi professorun qənaətincə, məsələn, kommunizm və nasizm də insanın qurub-qoşduğu dinlərdir. Düzdür, kommunizm və nasizmin Tanrısı yoxdur, ancaq bütün dinlər Tanrı yox, insan yaradıcılığı olub ictimai funksiyalara malikdir (buna görə də gəlin, məsələn, xristianlığa “ənənəvi din”, kommunizmə sadəcə din deyək, hər ikisindən danışanda “bütün dinlər” ifadəsini işlədək-Mətləb Ağa). Din həyatın bütün sferalarında hökm sürən müddəa, doğru və dəyərlər üzərində fövqəlbəşər qanuniliyi ələ almış hekayələr məcmusudur, ictimai strukturların fövqəlbəşər qanunlardan törədiyini and-aman edib özünə legitimlik qazandırır.

 

Bütün dinlər bizi, yaratmadığımız və dəyişdirə bilməyəcəyimiz əxlaqa tabeçiliyə çağırır. Dindar yəhudiyə görə bu əxlaq Tanrıdan gəlir və hər şey müqəddəs kitabda yazılıb, bir hindli Vedaları əxlaqın mənbəyi sayır, buddizm və daosizmdən liberalizm və nasizmədək bütün dinlərsə əxlaqın təbiətin mahiyyətindən doğduğunu, Tanrıya ehtiyacımız olmadığını iddia edir. Yəni, kommunistə görə bu qanunları Marks, daoistə görə Laoçzı, nasistə görə Hitler aşkarlayıb, biz məhz buna inanmalı, bu ideya uğrunda döyüşməliyik. Bütün din müridləri ancaq öz həqiqətlərinin müstəsnalılığına biət gətirir, dövri-aləmi yalnız özlərinin dərkinə inanırlar. Məhz buna görə də, Harari “din”dən bəhs edərkən, həm də, Tanrıya, fövqəltəbii (şeytanlar, ruhlar ve pərilər) güclərə və ruhaniliyə diqqət yönəldir. Əgər siz kommunistsinizsə, onda sizə görə, kommunizm doğru, xristianlıq səhvdir, kapitalizmdə bir qızğın sinif mübarizəsi vardır, lakin hər halda, zənginlərin ölərkən atəşdə yanacağı fikri sizə gülünc gəlir və bu düşüncəylə də, siz nə olur-olsun, kommunizmə din deməyəcəksiniz.

 

Elm güc qazanmağa (xəstəlikləri sağaltmağa, müharibələri udmağa və qida yaratmağa) hədəfləndiyindən, dinsə qayda yaratmaq marağı güddüyündən bir-birləriylə yaxşı yola gedirlər. Bu səbəbdən din və elmə həqiqət yox, nizam intizam və güc lazımdır. Həqiqət axtarışısa ruhaniliyə bağlıdır, bu, elm və dinlə əlaqələndirilə bilməz. Məsələn, İsa və Budda həqiqət uğrunda güzəştsiz ruhani mübarizəsi aparmış, hinduizmin və yəhudiliyin qanun, ənənə və strukturlarına meydan oxumuşlar. Amma tarixin istehzasına baxın ki, nəticədə, Budda və İsa adına tarixdə saysız-hesabsız qanunlar yazılmış, ənənə və quruluşlar yaradılmışdır. Bu yöndən, müasir bəşər tarixini elm və din arasındakı müqavilənin məhsulu saymaq daha düzgündür. Müasir cəmiyyət humanist ehkamlara inanır, elmsə bu ehkamları sorğulamaq əvəzinə, onların tətbiqində istifadə edilir. Odur ki, iyirmi birinci əsrdə belə, humanist müddəaların yerini saf elmi mülahizələrin tutacağını gözləməməliyik.

 

Humanist ehkamlar, xristianlıq və islamdakı Tanrı rolunu ”mənadan məhrum dünyaya məna verin” şüarıyla insana dövr etmək istəyir. Zamanla, Allaha küfrdən daha çox hər kəsi insana inandırmaq arzusuyla alışıb-yanan humanizmin təsiriylə azad iradəmizin yeganə söz sahibi olması fikrinə öyrəşmişik. Bizə yol göstərəcək ilahi bir varlıqdansa, uşaqlığımızdan bəri öz hisslərimizə qulaq verib, humanist tövsiyyələrlə böyümüşük: "Özünə dürüst ol, özünə inan, ürəyini dinlə, nə istəyirsənsə, onu et." İstəyimiz təkcə öz həyatımıza rəng qatmaqla kifayətlənməyib ictimai-siyasi prosesləri də anlamlandırır. Ölkəni kimin idarə edəcəyinin, hansı xarici siyasətə bel bağlayacağımızın, nə cür iqtisadi addımlar atacağımızın cavablarını daha müqəddəs yazılarda axtarmırıq...

 

Humanizmin bir-neçə prinsipləri vardır; siyasətdə-seçici ən düzünü bilir, iqtisadiyyatda-müştəri hər zaman haqlıdır, estetikada-gözəllik baxanın gözlərindədir, etikada-özünü necə yaxşı hiss edirsənsə, elə də et, təhsildə-təkbaşına düşünmə bacarığı qazan.

 

Humanizm insanın özünə etibarını artırdıqca humanist etika təzə bir düstur düzüb-qoşdu:“Təcrübə üstəgəl həssaslıq humanist etikaya bərabərdir”. Təcrübəni bilirik, həssaslıqsa duyğu və düşüncələrimizin bizi idarə etməsinə izn verməkdir.

 

Məsələn, insanlar min illlər boyu döyüş meydanlarında tanrı, imperator, sərkərdə və qəhrəmanları görməyə alışmışdı. Ancaq keçən iki əsrdə kral və sərkərdələr müharibə arenalarından çölə atıldı, mövzu-sıravi əsgər, onun yaşadığı duyğu və təcrübələr oldu. Əvvəllərsə, sıravi əsgər və ya adi vətəndaşın hiss və təcrübələri demək olar ki, heç kimi maraqlanmırdı.

 

Bu misaldan elə çıxmırmı ki, humanizm ümumilikdə tərəqqipərvər dünyagörüşdür?! Əlbəttə, elədir, lakin, humanizm yayıldıqca özünü isbatlamış buddizm və ya xristianlığın yoluyla gedib zidd məzhəblərə ayrıldı. Bu məzhəblər bütövlükdə “insani təcrübə ömrümüzün ən ali qaynağıdır” deyir, ancaq cari təcrübəyə ayrı-ayrı baxış bucaqlarından yanaşırlar. Bu aspektdən humanizmi 3 əsas qola bölüb birincini ortodoks humanizm ("liberal humanizm" və ya sadəcə "liberalizm" də demək olar) adlandıraq-bu inam hər bir insanın (fərdin) özünəməxsus daxili səsi və təkrarsız təcrübələri olduğundan əmindir. Humanizmin yuxarıda sadaladığımız beş ümumi əsas prinsipi istisnasız olaraq daha çox liberalist prinsiplərdir.

 

İkinci cərəyan-kommunizm və sosializmin bir tavan altındakı birliyi-sosialist humanizmdir. Üçüncü məzhəb, ən məşhur ardıcılları nasistlər sayılan təkamülçülükdür. Sosialist və təkamülçülər təcrübənin insan həyatının yeganə anlam mənbəyi olması fikrində liberalizmlə şərikdir, lakin həm sosialistlər, həm də təkamülçülər ortodoksluğun insan təcrübələrinə baxışınında çatışmamazlıqlar görürlər. Sosialistlərə görə, başqasının təcrübəsini vecimizə almayıb yalnız öz hisslərimizə fokuslanmağımız düzgün yanaşma deyil, çünki ətrafımızda milyardlarla insan var və biz öz davranışlarımızın qeyrilərinin təcrübələrinə təsirinə diqqət yetirməliyik. Qlobal sülh proletariatın birliyindən doğacaq, hər fərdin öz istəklərini digərlərinin ehtiyac və təcrübələrindən üstün tutmaması sosial təhlükəsizliyimizin təminatçısıdır. Düzdür, bir liberal “öz qəlbini dinləyib insanlara şəfqət və anlayış duyğularını mükəmməlləşdirəcəyini” deyə bilər, ancaq təbii ki, bu fikir Lenin və ya Maonu razı sala bilməz. Məhz bu səbəbdən, sosialistlər məsələn, ədəbiyyatı ictimai yekunlarına görə qiymətləndirir.

 

Darvinin təkamül nəzəriyyəsinin beton bünövrəsinə ayaq dirəyən təkamülçülərsə, insan təcrübələrinin toqquşmasının həllinə tam ayrı cür yanaşır, onlara görə, bu antoqonizmi yalnız alqışlamaq lazımdır. Başqa sözlə, təbiətdəki mübarizə təkamülü irəli dartan lokomotivdir, bəzi insanlar digərlərindən açıq-aşkar üstündür, təcrübələr qarşıdurmasında güclü zəifi ayaqlayıb keçməlidir. Eynşteyn və ya Bethovenin təcrübələri bir əyyaşınkından daha dəyərlidir, onları eyni fəzilətə sahibmiş kimi bərabərləşdirmək gülüncdür. Əgər seçilmiş bir millət inkişafımıza ardıcıl təşəbbüs göstərirsə, onu insan təkamülünə heç bir töhfəsi olmayan digər millətlərdən üstün tutmalıyq. Təkamülçülər deyir ki, insan gələcəkdə daha da güclənib superinsana dönəcək, təkamül Homo sapienslə nöqtələnməyəcək, hələ qarşıda uzun bir yol vardır.

 

Liberal, sosialist və təkamülçü humanizmlərin arasındakı yolagetməzlik ilk baxışdan əhəmiyyətsiz görünür. Bu vəziyyəti xristianlıq, islam və ya hinduizmə münasibətdə müqayisələndirsək, onda həmin nüanslar öz əhəmiyyətini itirmirmi, yəni, sonda onsuz da hamımız humanizmə inanmırıqmı? Lakin gəlin baxaq görək nə baş verdi, humanizm şaxələndikcə daha da dərinləşən ziddiyyətlər tarixdə ən qanlı döyüşləri (I və II Dünya müharibələri) körüklədi. (Yeri gəlmişkən, II Dünya müharibəsində sosialist və liberal humanizmin zorən ittifaqı təkamülçüləri diz çökdürdü).

 

Hazırda liberallar qalibdir. Lakin bu gün elm dinc durmayıb müştərilərlə seçicilərin korluğuna işarə vurur. Sonra nə baş verəcək? Elm genetika mühəndisliyi və süni zəka daxil bütün məharətini göstərdiyində demokratiya və sərbəst bazar bəlkə də tarixin tozlu səhifələri arasında qalmış daş bıçaqlar, maqnitofon kasetləri, kommunizm kimi nimdaş şeylərə dönməyəcəkmi? Doğrudur, elə ölümsüzlük, xoşbəxlik və “Homo deus” liberalizmin də ənənəvi arzusudur. Lakin bu yuxu gerçəkləşsə, yeni posthumanist texnologiyalar liberalizmi tapdalayıb keçməyəcəkmi? Yəni, müştəri və seçicinin heç də hər zaman azad seçim etmədiyini anladığımızda, texnologiya duyğularımıza sahiblənəndə nə olacaq? Əgər bütün kainat insan təcrübəsinə bağlıdırsa, lakin artıq bu təcrübə supermarkettəki satlıq əşyaya dönübsə, neynəyəcəyik? İnsan dünyanı mənalandırıb idarəçiliyini sürdürə biləcəkmi? Biotexnologiya və süni zəka humanizmi necə təhdid edir? İnsanı kim, humanizmi hansı din əvəzləyəcək?

 

Hazırda, təhlükə yaxın deyil, yəni, 21-ci əsrdə fərdilik, insan hüquqları, demokratiya və sərbəst bazar hələ də sağlam oyunçu statusundadır. Lakin bu gün dəqiq elmi çalışmalar liberallığın bünövrəsini silkələməkdədir. Burada, bir daha təkrarlayaq ki, liberallar insan qərarlarının azad iradəyə söykəndiyinə ürəkdən inanırlar. Məsələn, biri cinayət işləyib digərini öldürdükdə, liberalizm belə qərar çıxarır: “Öz iradəsiylə cinayət işlədib, buna görə də cinayətinin məsuliyyətini özü daşıyır”. Genetik və beyin araşdırmalarısa, bu cinayət barədə daha dolğun izahat verir: “Beyində müəyyən bir genetik struktur formalaşdıran bu və digər elektrokimyəvi proseslərin, təkamül yoluyla birləşmiş müxtəlif mutasiyalara təsiri səbəbiylə cinayət işlənib”. Bu fikir insanın azad iradə sahibliyi iddiasına rişxənd etmirmi?  

 

Azad iradə son zərbəsini təkamül nəzəriyyəsindən alır, yəni, bu nəzəriyyəyə görə, seçimlərimiz genetik kodlarımızın əksidir. Beləliklə, elm deyir ki, insan çoxsaylı biokimyəvi alqoritmlərin məcmusudur, beyinin biokimyəvi mexanizmləri hər an təcrübə impulsları yaradır. Orqanizm bir alqoritmdir, insan bölünməz fərd deyil, bir çox fərqli alqoritmin cəmidir, odur ki, insanın tək bir daxili səsi və tək bir mənliyi söhbət mövzusu ola bilməz, alqoritmlər azad olmayıb genlər və ətraf aləmin təzyiqlərilə formalaşır, deməli, xaricdəki bir alqoritmin məni məndən daha yaxşı tanıyıb anlaması mümkündür, belə bir alqoritm inkişaf etdirildiyində seçici, müştəri və bütün tamaşaçıların yerinə keçəcək. Alqoritm ən yaxşısını bilirsə, bu zaman elə biz özümüz də bizi bizdən daha yaxşı tanıyan bir alqoritmə ehtiyac duyacağıq, çünki, öz seçimlərimiz və qərarlarımızdansa alqoritmə güvənməyimiz daha məntiqli olacaqdır.

 

Beləliklə, başlamış proses artıq onun xəbərçisidir ki, yaxın gələcəkdə ya insanlar öz iqtisadi və hərbi dəyəriylə birdəfəlik sağollaşacaq, ya sistem insana kütləvi dəyər versə də, o, bir fərd kimi əhəmiyyətsizləşəcək, ya da sistem bəzi xüsusi seçilmiş fərdlərə baş əyib onlardan superinsan elitası yaradacaqdır. Elmi fikirlər gündəlik texnologiyaya, adi davranışlara və iqtisadi strukturlara çevrildikdə, bizim və xələflərimizin, dini inam və siyasi təşkilatların tam yeniləndiyi təzə doktrinaya ehtiyacımız olacaqdır. Yəni, liberalizmin qorxusu "azad fərd yoxdur" şüarını bayraq tutan fəlsəfi düşüncəylə yanaşı, həm də, gələcək texnologiyalardır, necə deyərlər, bir azdan fərdin azad iradəsini yaxın buraxmayacaq müxtəlif texniki vasitə və strukturların inkişafıyla qarşılaşacağıq. Demokratiya, sərbəst bazar və insan hüquqları bu axına dözəcəkmi? Məsələn, indi bir dəstə insan “Uber” proqramı vasitəsilə milyonlarla taksi şoferini idarə edir, bu zaman bir çox təlimatı heç bir insan nəzarəti olmadan alqoritmlər verir. Proses kütləviləşib milyonlarla şoferi tək bir alqoritm əvəzlədikdə, alqoritmlər insanları işlərindən didərgin saldıqda, varlıq və güc bir ovuc varlının əlində cəmləşərək müdhiş ictimai və siyasi bərabərsizlik doğurmayacağmı?

 

Bu zaman təzə bir dinin bizə hökm etməsi özünü çox gözlətməyəcək. Humanizmi aşırmağa can atan bu yeni texniki din heç bir insanın istək və təcrübəsinə güvənməyəcək. Bəs tanrı və insana hörmət qoymayan bu yeni din bizə mənanın və təcrübənin qaynağı kimi nə məsləhət görür? Əlbəttə, məlumatın özünü! Bu din dataizm (informasiya) dinidir! Dataizm, Kainatın məlumat axınından var olduğunu, hər fakt və varlığın dəyərinin məlumatların emalındakı payıyla müəyyənləşdiyini önə sürür. Ən ali prinsipi “məlumat ötürülməsi” olan dataizm insani qavrayış və müdrikliyə şübhəylə yanaşır, məlumat və kompüter algoritmlərinə bel bağlayır. Dataizmə görə, insan təcrübələri müqəddəs-filan deyil, Homo sapiens yaradılışın zirvəsi olmadığından Homo deusun öncülü də ola bilməz. Dataizm Tanrının insan xəyalının məhsulu olduğunu deyən liberal fikrə şərik çıxır, lakin bildirir ki, insanın xəyal gücü özü də biokimyəvi alqoritmlərin məhsuludur.

 

Beləliklə, insanmərkəzçi dünyagörüş yerini məlumatmərkəzçi dünyagörüşə vermək ərəfəsindədir. Hümanistlər "insan Tanrını yaratdı, İncili yazdı və müxtəlif cür şərh etdi, deməli, o, bütün həqiqətlərin mənbəyidir” deyir. Humanizm, "duyğularınızı dinləyin!", dataizmsə "alqoritmlərə qulaq asın!" buyurur. Məsələn, “Google” və “Facebook” alqoritmləri özümüzü necə hiss etdiyimizi öyrənməklə kifayətlənmir, bizim şübhələndiyimiz milyonlarla şeydən əminlik duyur, elə bu səbəbdən də, duyğularımızla üzülüşüb xarici algoritmlərə qulaq kəsilməliyik. Dataizm "kim olduğunu bilmək istəyirsənsə, dərhal DNT analizi etdir, özü də tək yox, nənəni, ananı, atanı, bacı və qardaşını da apar, onların informasiyaları da çox qiymətlidir” deyə israr edir...

 

Dataizmə inansaq, insanlar gələcəkdə Yerdən qalaktikalara və bütün kainata yayılacaq "Obyektlərin interneti”ni yaradan vasitələrdir. Bu kosmik informasiya sistemi, Tanrı kimi hər yerdə var olub hər şeyə nəzarət edəcək və insanların bu sistemə girib onunla qaynayıb-qarışmaqdan savayı şansı qalmayacaq. Bir dataist hər şeydən əvvəl daha çox kütləvi informasiya vasitəsinə bağlanıb məlumat ötürülməsini bacardığı qədər artırmalı, daha çox məlumat istehlak etməli, yəni, hamı və hər şey-insanlar, maşınlar, soyuducular, toyuqlar və s. internet şəbəkəsinə qoşulmalıdır. Məsələn, mənim bir avtomobilim var, mən bu avtomobildən gün ərzində səhər (işə getmə) və axşam (evə qayıtma) daxil olmaqla yalnız bir saat istifadə edirəm. Qalan 23 saat ərzindəsə maşın mənim nəyimə lazımdır?! Odur ki, kompüter alqoritmləriylə tənzimlənən bir avtomobil paylaşma sistemi yaratsaq, həm kompüter evdən çıxdığım vaxt yaxınlıqdakı boş avtomobili məni işə aparması üçün evimə istiqamətləndirər, həm də nəticədə havanı korlayan maşınların sayı azalar, yol, körpü, tunel tikintisinə xərclənən pullar cibimizdə qalar və maşınları parklamaqdan ötrü əziyyət də çəkmərik. Bundan ötrüsə, hər kəsin məlumat mübadiləsində iştirakı gərəkdir. Məsələn, Vikipediyanı kim yazır? Hamımız!

 

Ancaq o da var ki, bu aramsız məlumat “alveri”, kimsənin ağlına gəlməyən və nəzarət edilməsi mümkün olmayan yeni kəşf və problemləri də özüylə gətirəcək.

 

Bu həm də, demokratiyanın zəifləyib məhv olacağı mənasına gələ bilər; informasiyanın həcm və sürəti çoxaldıqca seçkilər, siyasi partiya və parlament kimi təşkilatlar, məlumatları yetərli sürətlə emal edə bilmədiklərindən köhnələcəklər. Bu gün dünya seçicilərin gözü qarşısında yerdən-göyə dəyişir, onlarsa bu dəyişikliyin səbəbini, necə reallaşdığını anlamır, güclərinin hara qeyb olduğunu başa düşmürlər. Məsələn, ingilis seçici ondan bu gücü Avropa Birliyinin aldığını düşünüb Brexitin lehinə səs verir, lakin həqiqətdə, kimsə nə baş verməsi barədə heç bir təsəvvürə malik deyil. Parlamentlər də, diktatorlar da texnologiyanın sürətinə ayaq çatdıra bilmədikcə, informasiya təzyiqindən əzilir, siyasətçilər hadisələrə sələflərindən fərqli, dar bir gözlükdən baxmağa zorlanır. Hökumətlər adi inzibati mexanizmlərə dönür, ölkəni idarə etsələr də proseslərə istiqamət verməyə nəfəsləri çatmır, müəllimlərin maaşını ödəyib kanalizasiyaları düzgün işlətsələr də, ölkələrinin iyirmi ildən sonrakı durumlarının təsəvvüründə acizdirlər.

 

Və qeydlərimizi yekunlaşdırmağa çalışaq. Əgər insanlıq doğrudan da informasiya şəbəkəsindən ibarətdirsə, bunun axırı nə olacaq? Dataistlər “Obyektlərin İnterneti” tam formalaşdığı andan Homo sapiensin axrının çatacağını deyirlər.

 

Deməli, belə bir ipucu əldə edirik ki, artıq elm orqanizmlərin alqoritmlər, həyatınsa informasiya emalı olduğuna dair fikri ehkamlaşdırmağdadır. Lakin doğrudanmı gələcəkdə, orqanizmlər alqoritmdən, həyatsa məlumatların istehsal-istehlak prosesindən ibarət olacaq; onda belə bir suala da cavab verməliyik ki, zəka, yoxsa şüur daha qiymətlidir; şüursuz, amma ali zəkalı alqoritmlər bizi bizdən daha yaxşı tanıdığda, cəmiyyət, siyasət və gündəlik həyat nə cür olub nəyə bənzəyəcək?

 

Ancaq burada, Hararidən ayrılıb, “Stratfor”un qurucusu və sədri, siyasətşünas və yazıçı Corc Fridmanın “Gələcək yüz il” adlı kitabında vurğuladığı “sonsuz sayda bilinməyən şeylər vardır və gələcək barədə uzaqgörənlik heç bir vaxt tamamilə doğru çıxa bilməz!” fikrini xatırlatsam yerinə düşməzmi?!

 

...Yaşayarıq, görərik!

 

Və ya... yaşasaq, görərik!

 

 

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017