Kamal Abdulla: “Bizim ədəbiyyatın Coysa aparan heç bir yolu yoxdur”

 

 

Kulis.az Kamal Abdullanın "Ədəbiyyat" qəzetinə müsahibəsini təqdim edir.

 

Azər Turan: Kamal müəllim, “Yarımçıq əlyazma” yadıma Orxan Şaiq Gökyayın “Kitabı-Dədə Qorqud”un on üçüncü boyu ilə bağlı qeydlərini saldı. Gökyay 1936-cı ildə “Bakinski raboçi” qəzetində dərc olunmuş bir xəbərə istinadən yazırdı ki, professor Çobanzadə son dəfə Leninqradda ikən Şərqiyyat İnstitutu əlyazmaları arasında “Dədə Qorqud”un indiyə qədər məlum olmayan on üçüncü hekayəsini  tapmışdır. Tapılmış boyun Azərbaycan ədəbiyyatı və tarixi baxımından böyük əhəmiyyəti varmış. Bakıdakı Dil və Ədəbiyyat İnstitutu hekayəni həmin günlərdə ayrıca nəşr edəcəkmiş. Sonra 1937-ci ildə Bəkir Çobanzadə həbs olunur və Leninqrad Şərqşünaslıq İnstitutunun Əlyazmalar arxivindən tapılan  on üçüncü boy barədə danışan olmur. Amma o da bəllidir ki, Çobanzadə 1936-cı ildə “Kitabi-Dədə Qorqud”un ədəbi-linqvistik təhlilini aparıb. İndi o təhlil də əlimizdə yoxdur, elmə bəlli deyil. Bəzən adama elə gəlir ki, Çobanzadənin evindən müsadirə edilib götürülən əlyazmaların arasında həmin on üçüncü boy da var imiş. Çabanzadənin itən, ya məhv edilən  məqaləsi də elə Leininqrad Şərqşünaslıq İnstitutunun Əlyazmalar fondundan tapdığı həmin boy haqqında imiş. Sizcə on üçüncü boy barədə danışmağa və düşünməyə dəyərmi? O boyun tapılacağına ümid bəsləmək olarmı?

 

Kamal Abdulla: On üçüncü boy əgər var idisə, Fridrix fon Ditsin Türkiyədən apardığı və Drezden kitabxanasında qorunan əlyazmaların içərisində də o boy olmalıydı. On üçüncü boya, açığı, mən həm inanıram, həm də inanmıram. Amma  on üç varsa, o zaman iyirmi dörd də ola bilər. Orada olan qəhrəmanların hər birinin öz boyu, öz dastanı ola bilər. Çünki orda əsas qəhrəmanlarla yanaşı, məsələn, Qazan xanla yanaşı Yeynək boyu var ki, o, əsas olmayan qəhrəmanlar sırasında sayıla bilər. Yəni bir az çətin məsələdir. Həm inanmaq olar, həm də olmaz…

 

Azər Turan: Amma istər-istəməz intibalar doğururdu. “Yarımçıq əlyazma” da Əlyazmalar İnstitununun fondunda olan bir əlyazmanın oxunuşu üzərində qələmə alınıb. Bəkir Çobanzadə də Leninqradda “Dədə Qorqud”un elmə məlum olmayan bir boyunu tapdığından bəhs edir.

 

Kamal Abdulla:  Mən sizin sözünüzə qüvvət, bir söz demək istəyirəm. Türkiyədə bir alim “Yarımçıq əlyazma” barədə məqaləsində yazmışdı ki, Kamal Abdulla Dədə Qorqudun on üçüncü boyunu tapıb… Müəllif, “Yarımçıq Əlyazma”nı dastanın on üçüncü boyu kimi təqdim və təhlil etmişdi.

 

Azər Turan: Digər bir məsələyə də toxunmaq istərdim. Bu, Mahmud Kaşqarlının “Divani-lüğəti-türk” kitabı barədədir. Çoxları bilmir ki, Kaşqarlı Divanı dünyada bütün dillərdən öncə Azərbaycan türkcəsinə çevrilib və bunu 1937-ci il repressiyasının qurbanı Xalid Səid Xocayev gerçəkləşdirib. “Divan”ını 1939-41-ci illərdə Türkiyə türkcəsinə tərcümə edən Besim Atalay Türkiyə nəşrinin ön sözündə etiraf edirdi ki, “Divani-lüğət-it-türk” Türkiyə dışındakı türkləri də ilgiləndirmişdir. Sovetlər Akademiyasının Azərbaycan qolu bir komissiya quraraq başqanlığına Xalid Səidi…  gətirmiş və işə başlamış”dı. 1939-cu Xalid Səidin tərcümə etdiyi üç cildlik Divanı türkoloqlar Malov və Kononov redaktə edib.  Azərbaycan elmi mühitinin ən böyük sirlərindən birinə çevrilmiş Divan hardadır? Bütün mütəxəssislər Xalid Səidin tərcüməsindən danışsa da, heç kəs konkret olaraq həmin nüsxənin harda, hansı seyfdə, hansı arxivdə, yaxud fondda saxlanıldığını demir. Halbuki mövcud əlyazma ortaya çıxarsa bu, Azərbaycan türkologiyasının dünyadakı nüfuzunu daha da artırar. Mühüm hadisə olar. Mən Xalid Səid barədə kitab yazanda Xalid Səidin qızı və sizin də qohumunuz Bəhicə xanımla dönə-dönə görüşdüm. Kanadada yaşayan Bəhicə xanımın Azərbaycandan tək istəyi atasına məxsus olan əlyazmanın meydana çıxarılıb nəşr edilməsidir. Amma bu məsələ nə müəmmadırsa öz həllini tapa bilmir ki, bilmir.

 

Kamal Abdulla: Bu məsələni yaxşı qaldırdınız. Bu məsələ üzərində düşünməyə və əgər imkan varsa, onu reallaşdırmağa dəyər.

 

Azər Turan: Kamal müəllim, XIX yüzilin 40-cı illərindən etibarən Fransada başlayan bir dalğa çağdaş dünya ədəbiyyatının yolunu müəyyənləşdirdi. Bu fikir məncə ciddi mübahisə doğurmamalıdır.

 

Kamal Abdulla: Yəni siz ədəbiyyatın yeni nəfəsini deyirsiniz…

 

Azər Turan: Mən öncə Bodleri nəzərdə tuturam. “Şər çiçəkləri”ni nəzərdə tuturam. Fransız dekadanslarını, simvolistləri, sonra 20-ci yüzilin 20-ci illərində modernizmi, Coysu, “Uilss”i nəzərdə tuturam.

 

Kamal Abdulla: Coys böyük yazıçı olub. Amma təəssüf ki, bizim ədəbiyyatın Coysa aparan heç bir yolu yoxdur.

 

Azər Turan: Əslində, ədəbiyyatın bu dönəmində, modernizm mərhələsində, məsələn, Coysun “Uliss”i, “Uliss”in dili, əsərdəki Babil sintezi, mifolojinin geniş ölçüdə bir bədii mətnə tətbiqi intellektuala doğru yönəlişin ilk böyük əlaməti oldu.

 

Kamal Abdulla: Mən həmişə həm də ona təəssüf etmişəm ki, bizim ədəbiyyatda mifologiya küləkləri əsmir. Mifoloji süjetlərə, qəhrəmanlara çıxış son dərəcə adda-buddadır.

 

Azər Turan: Əslində, hər şeyi, bütün ədəbiyyat hadisələrini öz adıyla adlandırmalıyıq. Məsələn “Yarımçıq əlyazma” Borxesin “Babil kitabxanası” hekayəsi ilə assosiasiya yaradır. Hardasa fikrin, düşüncənin alt qatında mübhəm, oxşar və doğma cizgilər görürəm. Gerçəkdən də dünya bir kitabxanaçının yuxusuna bənzəyir. Sizi Azərbaycan ədəbiyyatında intellektual nəsrin qurucusu hesab etməyimin də nədənlərindən biri budur. Ötən il “Literaturnaya qazeta” “Platon, deyəsən, xəstələnib” kitabınıza məhz intellektual nəsrin inkişafındakı xidmətlərinizə görə “Qızıl Delviq” mükafatı verdi.

 

Kamal Abdulla: İntellektual nəsr cərəyan olmasa da, hər halda, bir anlayış olaraq var. Azərbaycan nəsrində də əvvəl-axır bu olmalıydı. Kimdəsə bu özünü göstərəcəkdi. Mən də çalışıram ki, bu istiqamətdə nələrsə edim. Amma mən əlimə qələm alanda qarşıma məqsəd qoymuram ki, nəsə oturub intellektual nəsr, yaxud ona bənzər nəsə yazacağam. Sadəcə, illərlə, onillərlə yığılan təcrübə boşuna getmir, nə yazmağından asılı olmayaraq istər-istəməz özünü göstərir. Yığılan təcrübə yəni, kitab mədəniyyətindən, kitabxanaçılıq ənənələrindən, kitaba, əlyazmaya olan mənəvi təşnədən gələn bir nəticədir ki, hansısa hekayəyə, hansısa romana hopur.

 

Azər Turan: Çağdaş ədəbiyyatımızda, istər şeir olsun, istər nəsr, istərsə də sırf ədəbiyyatşünaslıq mətnləri, adamı rahatsız edən  elə həmin intellektual mətnin az yaranmasıdır.

 

Kamal Abdulla: Ədəbiyyatda həmən o dediyiniz elmilik, intellektuallıq və ciddilik məqamlarının getdikcə artması, əlbəttə ki, nəsr ideologiyamızın, energiyamızın bütövlükdə yeni məcraya meyl etməsiylə bağlıdır. Yəni biz hansısa romanımızı, hansısa hekayəmizi artıq çimərlikdə oxuya bilmiriksə bunun özü-özlüyündə müsbət dəyər kimi qiymətləndirilə bilər. Yadıma düşür, bu yaxınlarda dünyasını dəyişmiş ustad Umberto Ekoyla görüşəndə o mənə dedi ki, romanınız cəlbedici romandır, amma onu çimərlikdə oxumaq olmaz.

 

Mənə elə gəlir ki, bəzi nəsr əsərlərini oxuyarkən və bundan heç qaçmaq da lazım deyil, insan yanına başqa bir kitab da qoymalıdır, ya lüğət,  ya tutaq ki, bir ensiklopediya qoymalıdır. Orda gedən məsələlərlə ayaqlaşmaq üçün ya kompüterin arxasında Google-dan, ya Vikipediyadan hansısa məqamları tapıb dəqiləşdirməlidir. Artıq müasir ədəbiyyat bu istiqamətə yönlənib.  Artıq ancaq  sevgi məktubları kimi yazılan, ancaq hadisələrin a nöqtəsindən b nöqtəsinə gedən bəsit və sadə yolunu təsvir edən ədəbiyyat öz yerini a nöqtəsindən çıxıb ziqzqlarla dövrələmə b nöqtəsinə heç görünməyən bir məkandan gəlmə istiqamətini yazan ədəbiyyata verib. Bu bizdən asılı deyil. Bu bizim, yəni yazan adamların bilərəkdən ortaya qoyduğu dolanbaclar deyil. Bu, ədəbiyyatla məşğul olan insanın düşüncə tərzidir. O bunu özündə xüsusi olaraq tərbiyə etməyib. Gördüyü məktəbin, oxuduğu kitabların, eşitdiyi ədəbi söhbətlərin, içindən keçdiyi bütün ədəbi və qeyri-ədəbi hadisələrin nəticəsi kimi formalaşan ideyalar, əlbəttə ki, işıq üzü görməlidir. Onları ət maşınından keçirib sadələşdirmək mümkün deyil. Necə gəlirsə elə də işıq üzü görməlidir.

 

Azər Turan: Amma buna rəğmən yeni nəsildə imitasiya çoxdur.

 

Kamal Abdulla: Mürəkkəbliyə imitasiya, yoxsa sadəliyə?

 

Azər Turan: Mən təqlidi nəzərdə tuturam. Bəzən elə olur ki, nə vaxtsa oxuduğun, yaxud əzbər bildiyin bir mətni sanki təkrar oxuyursan. Tutaq ki, mən bu gün yazılmış bir şeri dinləyirəm, yaxud oxuyuram, görürəm ki, bu nə vaxtsa Camal Sürəyyanın yazdığı şeirdir. Və şerin ortasında hiss edirsən ki, bəli, burada Camal Sürəyya bitdi və bizim şair başladı. Buna görə bəlkə hələ ki, özlərini təsdiq etməmiş gənc yazıçıların  daha çox mütaliə etməsi, özü də təkcə bədii ədəbiyyatı deyil, başqa elmləri də oxumaları vacibdir. Axı Füzulinin dediyi kimi, elmsiz şeir özülsüz divar kimidir. Bu gün də elmsiz ədəbiyyat özülsüz divar kimi olur.

 

Kamal Abdulla: Siz çox doğru bir məsələni qaldırırsız. Sizinlə şərikəm. Burda elm deyəndə heç də o demək deyil ki, bütün elmlərə vaqif olandan sonra ədəbiyyat yaratmaq olar. Söhbət ondan gedir ki, düşünürəm, əgər sən oxucuna yeni bir şey verirsənsə bu, artıq ədəbiyyatdır, bu artıq elmilikdir. Artıq onun canı var, bünövrəsi var. Yenidirsə, onun intellektual qayəsi də var. Yəni bayaq dediyiniz kimi, hansısa yazıçını təkrarlamırsa, özü-özünü tapa bilibsə, bu, artıq müəyyən mənada həqiqi ədəbiyyatdan xəbər verir.

 

Azər Turan: XX yüzilin əvvəllərində Hüseyn Cavid var idi. Yeri gəlmişkən, qohumluq və ailəvi yaxınlıq telləri ilə bağlı olduğunuz Hüseyn Cavidi bir yazınızda Azərbaycan ədəbiyyatının fikir və söz zadəganı adlandırırsınız. Məsələn, Azərbaycanda mənim düşündüyüm dünya ədəbiyyatı faktı, dünyaya çıxara biləcəyimiz, əsərləri dünya ədəbiyyatı ilə boya-boy dayana biləcək ədəbiyyat hadisəsi Hüseyn Caviddir. Hüseyn Cavid dalğası Azərbaycanda 37-ci ilə qədər davam etdi. Etiraf edək ki, 37-dən sonra Azərbaycan ədəbiyyatında əsərlərimizi dünya ədəbiyyatı faktına çevirə biləcək hərəkatlar müşahidə olunmadı. Bunu etiraf etmək bəlkə də çətindir, amma həm də lazımdır.

 

Kamal Abdulla: Mən bir dəfə yazmışdım ki, Cavid Azərbaycan ədəbiyyatının semiotik bütövlüyünü qorudu. Yerlə əlləşənlər vardı, Cavid yuxarını, göyü qurdu. Semiotika üçün yuxarı, aşağı, sağ, sol – bu istiqamətlərin, dixatomiyaların böyük əhəmiyyəti var. Cavid olmasaydı Azərbaycan ədəbiyyatı intəhasız ənginliklərdən xali qalacaqdı. Cavidin yaradıcılığını ən azı bu istiqamətdən dəyərləndirmək lazımdır. Digər tərəfdən Cavid əfəndi öz yaradılıcılığında çox qəribə şəkildə, son dərəcə mürəkkəb məqamlarla son dərəcə sadə məqamları üzvi şəkildə birləşdirən bir sənətkardır. Cavid nə edib? Cavid bir tərəfdən “İblis” yazıb, dünyanın içində olan, hər şeyin içində olan İblisdən, Xeyir və Şərin gözlə görünən və görünməyən çarpışmasından yazıb, digər tərəfdən də “Qız məktəbi” kimi sadə, bütün insanları sevməyə hazır olan bir Azərbaycan qızcığzının obrazını yaradan şeir yazıb. Cavidin balaca Gülbaharı bütün insanları sevməyi ilə birbaşa, hamının başı üstündən, birbaşa gedib Füzulinin ideallarına qovuşur. Füzulunin yenicə doğulmuş Məcnunun dilindən dediyi:

 

Hər qanda qəm ola, qılma ehmal

Cəm eylə, dili-həzinimə sal!

Həm ver mənə qəm yemək kəmali

Həm aləmi qəmdən eylə xali!

 

Aləmi qəmdən xali eləmək ideyası Azərbaycan sənətkarının, yazıçısının, şairinin, elə bil ki, intəhasızlıq qarşısında bir missiyasıdır. Füzuli qarasına, ağına, sarısına baxmadan bütün aləmi xilas eləmək istəyirdi. Aləm konkret olaraq bir, ya bir neçə, hətta çox sayda adam demək deyil. Aləm hamı deməkdir. Füzuli Poeziyanın İsa peyğəmbəri kimi Aləmi Aləmin batdığı günahdan xilas eləmək istəyirdi. Əgər bu missiya, bu ideya hansısa şairdə yoxdursa, aləmdən insana qədər azad etmək istədiyi, azadlıq vermək istədiyi, xoşbəxt etmək istədiyi kimsə yoxdursa, demək, o şair deyil. Nizami bir kənizi özünə arvad etməklə onu azad etdi, düzdürmü? Füzulinin cəhdi bütün dünya ilə bağlı idi. Cavid bir qızcığazın dilindən hamını – dostu da, düşməni də sevməyə hazır olan bir azərbaycanlı obrazını yaratdı. Bu hiss  yoxdursa, şair də yoxdur. Sən ya dünyanı sevirsən, ya da konkret bir adamı. Konkret adamı sevəndə dünyanı sevirsən, dünyanı sevəndə konkret adamı sevirsən. Sevgi yoxdursa, məncə, ədəbiyyat da yoxdur.

 

Azər Turan: Bayaq danışırdıq ki, artıq ancaq sevgi məktubları kimi yazılan bəsit və adi ədəbiyyatın yolu yol deyil. Amma sevgi məktubu əsl ədəbiyyatda, məsələn, Ramiz Rövşəndə başqa şəkildə ifadə olunub:

 

 

Ruhum uçar göyə sarı

sevgi məktubu kimi…

 

Kamal Abdulla:

 

Dağ-dağa duman göndərər

sevgi məktubu kimi.

 

Ramiz Rövşən mənə elə gəlir ki, müasir dövrdə həmən o xəttin çox ləyaqətli davamçısıdır. Hamı o saf xətti davam etdirə bilmir.

Füzuli “Şəbi-hicran”la böyük deyil, Füzuli məhz həmin o “Həm ver mənə qəm yemək kəmali, Həm aləmi qəmdən eylə xali!” Ilə böyükdür. Cavidin də böyüklüyü "sevdiklərin kimdir?" sualına “anam, babam, müəlliməm, bir də bütün insanlar” cavabı ilə böyükdür. Divin canı şüşədə olduğu kimi, bu şairlərin də canı bu məqamlarda gizlənib.

 

Azər Turan: Kamal müəllim, Cavid əfəndi İstanbul Universitetində Xalid Ziya Uşaqlıgilin tələbəsi olub. Xalid Ziya isə Türkiyə ədəbiyyatının birbaşa Avropaya çıxış nöqtəsi olub. Cavid də həmnin dalğanın davamıydı. Hətta 1910-cu ildə İstanbuldan gələrkən özüylə gətirdiyi kitablardan biri də Xalid Ziyanın Nəmidə əsəridir ki, bu gün də Cavidin arxivindədir. Sənət görüşləri baxımından, fransız və ümumən, Avropa ədəbiyyatına münasibət baxımından Cavid Xalid Ziya ilə ortaq bir düşüncəni paylaşır. Cavid məncə Tofiq Fikrət səviyyəsində, bəlkə də ondan daha da irəlidə olan bir şairdir. Bayaq dediyim elm məsələsi də önəmli rol oynadı burda. Cavid Türkiyədən gələndə artıq pozitivist fəlsəfəyə vaqif idi. Türk dekadentizminin banisi Cənab Şəhabəddin ona dərs demişdi. Amma sonrakı – Azərbaycan ədəbiyyatının Cavidsiz dövründə kimlərin ədəbiyyat dərsi keçirildi. Yazarlarımızın müəllimləri kimlər oldu, məncə bu da önəmli məsələydi.

 

 

Kamal Abdulla: Nyutonun bir sözü var, deyir ki, mən uzaqları ona görə görə bildim ki, nəhənglərin çiyninə çıxmışdım. Əgər sənin çiyninə çıxdığın nəhənglər yoxdursa sən uzaqları görə bilməzsən. Ona görə də siz deyən kimi, sonrakılar kimin çiyninin üstündən baxdı dünyaya? Proletkultların. Qırmızı Professura məktəbinin içindən çıxan şair və yazıçılardan dərs aldılar. Nəhənglərə söykənə bilmədikləri üçün gördükləri də intəhasız genişlik olmadı. Uzaq başı onların bayramdan-bayrama, şadlıqdan-şadlığa gördükləri bir vətən oldu, el oldu. Amma şairdirlər də. Dediyiniz o boşluğu dolduran insanlardılar. Şairlik nədir? Şairlik ritm axtarmaq, qafiyə axtarmaq və tutalım ki, hansısa şeirin ölçülərini doğru-düzgün yerinə qoymağa çalışmaq, əslində, harmoniyaya canatımdır. Qafiyə axtarma nədir? Həmahənglik, harmoniyaya canatım əgər insanın canında, qanında varsa, bu, Caviddə də olub, siz dediyiniz və adını çəkmək istəmədiyiniz şairlərdə də olub.

 

Azər Turan: Türk ədəbiyyatında Əhməd Haşim simvolizmi yeni bir sistem olaraq gətirdi, gəlişdirdi. Musiqini, mübhəmliyi təklif elədi və böyük bir dalğanın əsasını qoydu türk ədəbiyyatında. Amma Haşimdən iyirmi il sonra Orxan Vəli həmin qafiyədən də, musiqidən də, mübhəmlikdən də imtina etdi…

 

Kamal Abdulla: Amma Orxan Vəlinin şeirlərinin özü bütövlükdə bir harmoniya içində idi.

 

Azər Turan: Bəli, harmoniya içində idi. Amma nəzəri baxımdan imtina etdi hər halda.

 

Kamal Abdulla: Nədən imtina? Qafiyədən? İlk yada, əlbəttə ki, qafiyə düşür. Sizə deyim ki, məsələn, Yunan şeri qafiyə tanımayıb. Homerin poemalarında qafiyə yoxdur. Amma harmoniya var. Ritm var.

 

Azər Turan: Deməli, harmoniya qafiyədən daha önəmlidir.

 

Kamal Abdulla: Ritm də, harmoniya da nə qədər qədimə gediriksə bir o qədər çoxalır. Bəzən adama elə gəlir ki, onlar getdikcə inkişaf edib bu hala gəliblər. Amma yox, əksinə, dastanlarda harmoniya da, ritm də daha çoxdur. Bu qədim saqalarda, Bievulfda, Gilqamişda, qədim yunan poyemalarında – Hesiodda, Homerdə özünü göstərir. Qədim mətnlərdə harmoniya da, ritm də daha çox olub. Onlar müasirliyə yaxınlaşdıqca gücləri azalır. Əlbəttə ki, söhbət daxili ritmdən, daxili harmoniyadan gedir. Onlar bir tərəfdən qafiyəyə "dağılırlar" və zəifləyirlər, digər tərəfdən başqa daxili imkanların bir-birilə həmahəngləşməsinə öz energiyalarını verirlər, bir sözlə, özlərini "xərcləyə-xərcləyə" gəlirlər.

 

Azər Turan: Tutaq ki, hər şey harmoniyaya doğru gedir. Əgər elm yoxdursa, harmoniya da tam olmayacaq. Mən bayaq Haşimin adını çəkdim. Haşimin şeirlərindən biri “Batan Ayın kənarına sətirlər” adlanır. Şeirdəki ay artıq gölə düşmüş, gölə yansıyan bir aydır və yaralanmış bir ilaha bənzəyir. Haşim yunan mifolojisindən bir obrazı çəkib gətirir və onu türk şerində bir obraza çevirir. Gölə yansıyan ayı Zühali bir cidalın əsəri olaraq Saturnla bağlayır. Bu hələ həmin şerin bir tərəfi, bir qatıdır. Belə məqamlar Haşimin təkcə o şerində saysız-hesabsız, qatbaqatdır. Mən bunu demək istəyirəm. Bizim şairlərimiz qafiyəyə çox önəm verdilər, amma harmoniyaya verilsəydi bu önəm, o zaman elmin iştirakı daha zəruri olacaqdı. Yunan heykəltəraşlığında olduğu kimi, bəlkə müqayisəm yerinə düşmür, düşməsə də, Quranda da harmoniya son xilas imkanı kimi verilib. Ədalət pozulanda, harmoniya pozulanda xaos yaranır. Harmoniyanın sistemi var, harmoniya özlüyündə ilahi bir elmdir. Şeirdə qafiyə yerində ola bilər. Amma qafiyə yerindəykən harmoniya pozulubsa, o artıq şeir deyil.

 

Kamal Abdulla: Harmoniya birinci növbədə nizam deməkdir. Bu da qədim dövrdən indiyə qədər Nizamla (Kosmosla) Xaosun mübarizəsinin nəticəsində meydana çıxan bir dəyərdir. Amma siz dediyinizdə bir həqiqət odur ki, kosmosla xaosun qarşıdurmasında kosmos xaosa qalib gəlir, amma onu məhv etmir. Bizdə çox zaman elə təsəvvür edirlər ki, Kosmos Xaosu məhv edib onun yerini tutur. Xeyr. O məhv olsaydı, indi biz xaotik və qəbul edə bilməyəcəyimiz bir çox harmoniyadan kənar hadisələrin şahidi olmazdıq. O, Xaos, elə bil, öz növbəsini gözləyir və hər an yenidən ortaya çıxmağa, döyüşə atılmağa hazırdır…

 

Azər Turan: Çin fəlsəfəsində belə bir anlayış var: Şər öz əsli olan Xeyirdən müvəqqəti üz döndərmiş bir varlıqdır və o, gec-tez öz əslinə qayıdacaqdır.

 

Kamal Abdulla: İndi siz bunu deyirsiz deyə yadıma düşdü. Mən Saib Təbriziyə bir şair kimi böyük önəm verirəm.

 

O hilal Saibə bənzər, necə əymiş belini,

Başını qoymuş üfüqdə bu səmanın dizinə…

 

Bu son dərəcə gözəl poetik bir obrazdır. Elə bil, rəssam bir əsər çəkib. Bu nədir? Bu, yalnız poeziyadır, yoxsa burada elm də var? Ancaq son dərəcə yüksək səviyyəli poeziyanın içərisində elm olmaya bilməz. Ən böyük elmi kəşflərin də canında bir poetiklik var. Bəzən fizikləri oxuyuram. Görkəmli fiziklərin fəlsəfə ilə bağlı çox maraqlı kitabları var. Hayzenberq var ki, onun  “Fizika və fəlsəfə” kitabında Nils Borla olan mübahisələrindən, Nils Borun təbiətə, kainata olan baxışlarından yazıb. Bilirsinizmi, dəqiq elmlərlə humanitar elmlər arasında son dərəcə ciddi izomorfluq (oxşayış) var. Bunlar bir-birini, elə bil ki, təkrar edirlər. Məsələn, fiziklər deyir ki, Kainat Böyük Partlayışdan yaranıb, düzdürmü? Amma mən sizə deyim ki, bədiilik də elə partlayışdan yaranır. Böyük partlayışın məkanı sıxılmış nöqtədir. Partlayışa gətirən səbəb nöqtənin sinqulyarlığı adlanır. 13,5 milyard il bundan əvvəl yaranan kainat bir nöqtədən yaranıb. Amma son dərəcə sıxılmış, içərisində fantastik bir sıxılma olan nöqtədən. O nöqtə partlayıb və kainat yaranıb. Eyni şey ədəbiyyatda da var. Bədii ədəbiyyatın yaranışı kainatın yaranışı kimi bir şeydi. Kiçik bir səsdən böyük bir mətn yarana bilir. Səs Mətni öz içində saxlayır. İzomorfizmi burda axtarmaq lazımdır. Fiziklərlə liriklər bir-biri ilə ancaq zarafat etməməlidirlər. Onlar bir-birilə dostluq və söhbət etməlidirlər. Biz o Böyük Partlayışdan 13,5 milyard il sonra bu gün o Böyük Partlayışın əks-sədasını tapa bilirik (bunu fiziklər edir), buna görə Nobel mükafatı alan alimlər var. Onlar müxtəlif radiocihazlarla Kainata yayılmış o möhtəşəm partlayışın əks-sədasını tuturlar. Təsəvvür edin, 13,5 milyard il bundan qabaq baş verən partlayışın səsini eşidirik, amma ilk bədii partlayışın səbəbkarı olan səsin qüdrətini unuduruq. Bəzən böyük cisimlər fizikası kiçik cisimlər (səslər, cümlələr, mürəkkəb sintaktik bütövlər) aləmində nə baş verir sualına cavab verə bilir.

 

Azər Turan: Böyük partlayışdan danışdınız. “İliada”nın birinci nəğməsi  Axillesin qəzəbi barədə Tanrının dili ilə danışmağa başlayır.

 

Kamal Abdulla: 18-ci əsrin böyük kulturoloqu Cambattisto Viko Homerin əsərlərində iki fərqli dil ayırır. Allahların dili və insanların dili. Bunların ikisi də eyni dildir, qədim yunan dilidir, amma yenə də ayrı-ayrı dillərdir. Və yaxud Firudin Ağasıoğlu öz araşdırmalarında maraqlı bir fakt qeyd edir. O yazır ki, qədim şumerdə kişi dili qadın dilindən ayrı idi. Sinonimlərin olması artıq bir-birinin daxilində müxtəlif dillərin olduğundan xəbər verir. Əlbəttə ki, mən tayfaların birləşməsindən sonra əmələ gələn sinonimləri nəzərdə tutmuram. Mən böyük tayfa birləşməsinə qədər kiçik tayfa daxilində olan eyni sözün, eyni əşyanın müxtəlif sözlərlə adlandırılmasını nəzərdə tuturam. Fakt bundan ibaətdir ki, qadınlar bir cür adlandırırdı eyni şeyi, kişilər başqa cür. Qədim Yunanıstanda da belə bir məqamla qarşılaşırıq. Etnoqraflar, primitiv icmalarla məşğul olan alimlər də Afrika, Cənubi Amerika, Okeaniyada yaşayan qəbilələrin dil şəraitində bu halın olduğunu qeyd edirlər. Bu barədə Levi Bryul da yazır, J. Frezer də yazır. Bu, bir qədimlik əlamətidir. Dəqiq meyardır. “Dədə Qorqud”da da buna bənzər şeylər var. “Dədə Qorqud”da bunun relikt,  çox qədim, artıq aydınlığını itirmiş formasına rast gəlirik. Beləliklə, deyə bilərik ki, Qədim dünyada, primitiv dünyada insanın başına gələn hər şey öləzimiş halda olsa da “Dədə Qorqud”da özünü göstərir. Yəni rüşeymin bir ucu gəlib Bizim Dastana çatıb. Məsələn:  “Qarıcıq olmuş mən ananı bozlatmagil. Ağ saqqalı babanı ağlatmagil”. Babaya "ağlatmagil" feili, anaya isə "bozlatmagil feili aid edilir. Hər cərgənin, hər zümrənin özünəməxsus feilləri ola bilərmiş, özünəməxsus təyinləri ola bilərmiş. Kişi və qadın dillərini “Dədə Qorqud” dastanlarında ən azından intiutiv şəkildə hiss etməmək mümkün deyil və bu intuisiya bəzən real faktlarla təsdiqlənir.

 

Azər Turan: Kamal müəllim, yazıçı sanki dünyanı mifləşdirmək üçün yazır. Amma mənə elə gəlir ki, dünya natamamdır. Bütöv deyil. Natamamlığın bir səbəbini, bəlkə də ən mühüm səbəbini mən yandırılmış İsgəndəriyyə kitabxanasında görürəm. Həqiqət budur ki, yanan əlyazma nüsxələri ilə birgə İskəndəriyyədə həm də tarixin yaddaşı külə dönüb. Bu kitabxanada Kladiusun 20 cild həcmində olan “Etruskların tarixi” əsəri də məhv edilib. Bunu Sədri Məqsudi Arsalın qızı Adilə Ayda yazır.  Bir xalqın ədəbiyyatı, tarixi yandırıldı. Bir xalq tarixdən silindi. İndi Etruskalar yaşayan ərazilərdə kentavr təsvirli əşyalarla, onların üzərindəki işarələrlə, o xalqın varlığı barədə tam dolğun təsəvvür yaratmaq olmur. Ədəbiyyatının yanması ilə bir xalq bütövlükdə yanıb. İndi sual doğur. Tutaq ki, etrusk mərhələsindən sonra gələn yunan mədəniyyətinin qaynağı nə imiş.

 

Kamal Abdulla: Yunan və Roma mifologiyasın bir qaynağı da etrusklardan gəlirdi, Mən İtaliyada etruskların vətəni olan Çerveteri şəhərinə orda olan "Etrusk mədəniyyəti" muzeyinin rəhbərliyinin dəvəti ilə getdim. Çerveteri yaxınlığında yerin altında bir şəhər var. Bu bir panteondur. Əslində, o şəhər bütövlükdə bir muzeydir. Evləri, küçələri ilə birlikdə. Evlərdəki qədim şəraiti də işıqlandırmalar vasitəsilə göz önündə canlandırmaq olur. Yunan və roma mifologiyasının əlamətləri kimi həmişə qəbul etdiyimiz, bildiyimiz çox şey etrusklardan gəlirmiş. Məsələn, Romul və qurd əfsanəsinin müəllifləri etrusklar imiş.

 

Azər Turan: Etrusk ilahəsinin adı da Turandır.

 

Kamal Abdulla: Qədim Roma şahlarının Tarkvini adlı sülaləsi olub. Fomenko və qrupu onların türkmənşəli olması iddiasını irəli sürür. İndi kimsə deyəcək, bu ola bilər, kimsə deyəcək ola bilməz. Ola da bilər, olmaya da bilər. Hər iki ideya istiqaməti, sadəcə, eyforiyaya deyil, ciddi faktlara əsaslanmalıdır.

 

Azər Turan: Etrusk mədəniyyəti bir mədəniyyət olaraq dünyada var olmuş bir insan cəmiyyətinin yaratdığı mədəniyyət olduğu üçün, ən azı o mənada, insanlığın tarixi, mədəniyyəti olması baxımından maraqlıdır.

 

Kamal Abdulla: Mən sizinlə tamamilə razıyam. Azər müəllim, sizə bir şey deyim, o şəhərdə yaşayan insanlar özlərini etrusklarıln varisi sayırlar. Və onlar deyirlər ki, biz bablarımızdan, onlar da öz babalarından eşidiblər ki, etrusklar buralara Qafqazın Xəzər sahillərindən gəliblər. Qafqazın Xəzər sahilləri isə buralardır. Onlar bizimlə ciddi əlaqələr qurmaq istəyirlər.

 

Azər Turan: Etrusklar və Qafqazın Xəzər sahilləri ilə bağlı oxuduğum bir faktı da mən deyim.  Troyada məğlub olan, dağılan troyalıların bir qismi Qafqazın Xəzər sahillərinə, bir qismi də indiki İtaliyanın yerində olan Etruriyaya köç edib.

 

Kamal Abdulla: Qədim yunan mifologiyasında Prometeyi gətirib harda zəncirləyirlər? Qafqaz dağlarında. Allahlar bütün dünyaya, dünya genişliyində nəzarət ediblər. Elə bil Prometeyi iki dağ o tərəfdə qayaya mıxlayıblar. Yunanıstan hara, Olimp dağı hara, Prometeyin zəncirləndiyi Qafqaz dağları hara? Məsafə böyükdür, həm də son dərəcə kiçikdir. Yəni, dünya bizim təsəvvür elədiyimiz qədər böyük deyil. Amma bizim təsəvvür elədiyimiz qədər kiçik də deyil.

 

Azər Turan: Bayaq dediniz ki, mən həmişə ona təəssüf etmişəm, bizim ədəbiyyatda mifologiya yoxdur.

 

Kamal Abdulla: Bəli, bizim ədəbiyyatda mifologiya yoxdur. Bizim ədəbiyyatda Orta əsrlər demək olar ki, yoxdur. Bizim ədəbiyyat tarixi keçmişimizi olduğu kimi təsvir etməklə məhdudlaşır. Orda fantaziya elementləri yoxdur. Yəni, bütün bunların olmadığı halda birxətli, birhüceyrəli, sadə şəkildə ədəbiyyat öz gündəlik işini görür. Sadəlik böyük şeydir, amma bizdə mürəkkəbliyin sadəliyi olmayıb.

 

Azər Turan: Amma türk ədəbiyyatında mifolojini mətnə tətbiq edən Tanpınar vardı.

 

Kamal Abdulla: “ Həm içindəyəm Zamanın, həm də büsbütün dışında”. Tanpınarın təkcə bu misrası öz-özlüyündə bir mifologiyadır.

 

Azər Turan: Mən İstanbulda Əli bəy Hüseynzadənin rəssam qızından mifolojiyə böyük meylinin kökündə atasınınmı dayandığını soruşdum.  “Tanpınar Gözəl Sənətlər Akademisində müəllimiz idi. Ondan öyrəndim”, – dedi və əlavə etdi ki, Tanpınar da mifoloji ilə bağlı  çox şeyləri babamdan öyrənmişdi.

Kamal Abdulla: – Laokon və oğlanları rəsmi yadınıza gəlirmi? İlanların əhatəsində. İlanlar boynuna sarmaşıblar. Bu ilanları Hera Laokoonu öldürüb susdurmaq üçün göndərmişdi. Laokon bir kahin idi və troyalılara deyirdi ki, Troya qapılarını açmayın və Yunanların qoyub getdiyi atı qalanın içinə gətirməyin. Bax biz, başdan ayağa Laokonu ilanlar saran kimi mifologiyanın əsarətindəyik. Məsələn, deyir, qarşı yatan qara dağ. Qarşı yatan nə deməkdir? Bu isə o deməkdir ki, Dağa canlı kimi baxıb qədim insan. Dağ yatıb və oyanacaq mənasında.

 

Azər Turan: Çağdaş Azərbaycan ədəbiyyatında geniş ölçüdə mifolojini ədəbiyyata siz tətbiq etdiniz.

 

Kamal Abdulla: Elə deməzdim. Bizim ədəbiyyatımızda miflərə istinad həmişə olub. Bəlkə düşünərəkdən, bəlkə düşünməyərəkdən. Amma həmişə olub.

 

Azər Turan: Düşünərəkdən edəndə artıq ədəbiyyatda Tanpınar hadisəsi gerçəkləşir. Bu da Tanpınarın misralarıdır:

 

Yıldızların altın bahçesindəyiz,

Əbədiyyətlə gəldik diz-dizə.

 

Məncə, bu da mifologiyadır.

 

Kamal müəllim, sizinlə söhbətdən doymaq olmur… Bilmək istərdim,  yeni nə üzərində çalışırsınız?

 

Kamal Abdulla: Son vaxtlar bir tədqiqat işini tamamlayıram. Bir neçə ildir,  eskizlər şəklindəydi. Get-gedə bu eskizlər dolğunlaşdı və  semantik-struktur parçalara  döndü. Xırda cilalama işləri gedir və yaxın günlərdə mən onu  nəşriyyata təhvil verəcəyəm.  “Dədə Qorqud poetikasına giriş” adlanır bu tədqiqat. Və o bir neçə variantda yazılıb. Birinci variantın adı  “Dansökülən”dir. İkinci variantın adı “Günortac”dır. Üçüncü variant isə  “Qürub”dur. Üçü də “Dədə Qorqud”dan götürülən anlayışlardır. Poeziyanın dansöküləni. Mifoloji obrazların, hələ müstəqim şəkildə, yəni, bilavasitə insana təsir etdiyi bir mifoloji dövrün poetik mənzərəsi və sonrakı dövr. Dədə Qorquddan danışanlar ancaq onun klassik poetik ənənələrindən danışıblar. Dədə Qorqudun immanent, özünəməxsus, qədim, primitiv dövrününün – buna autentik mif deyilir – yəni, miflə reallığın bir-birinə bərabər olduğu dövr isə unudulub. Məsələn, danışanda deyib, günəş çıxdı və elə bilib günəş hardansa çıxır. Yaxud Dastandan tez-tez keçən belə bir ifadə: "Söylədi, baxalım-görəlim nə söylədi…" Sözə necə baxmaq olar? Sözü biz indi ancaq eşidirik. Amma qədim dövrdə əcdadlarımız sözə həm də baxmaq istəyib. Sözü görmək istəyiblər. İfadənin munisliyini hiss edirsinizmi?! Və ən maraqlısı odur ki, bu munislik bu günə qədər yaşayır. Biz bu gün də deyirik: Baxım, görüm nə deyir…" Bax, mifologiyanın içində biz bu günə qədər bu şəkildə varıq. Mifologiyanın içində olmaq bu deməkdir. Müasir insanın mifologiyanın içində olmasını bir çox mütəfəkkirlər deyir. Bunu Bart deyir, Derrida deyir, Haydegger deyir, Lotman deyir.  Bunu Platon da öz məşhur “Mağara”sında deyir Müasir insan mifologiyanın içində əsirlikdə olan kimidir. Çox zaman biz bunu hiss etmirik. "Baxım, görüm nə deyir" ifadəsinin dərin, müstəqim qatını hiss eləmədiyimiz kimi. Bax, mən öz son tədqiqatımda bu görünməyən “Kitabi-Dədə Qorqud”u görmək istədim. Maraqlı məsələlər çoxdur.

 

Azər Turan: Kamal müəllim, Sizinlə baş redaktoru olduğunuz “Türkologiya” jurnalı barədə də söhbət etmək istəyirdim. Jurnalın dörd sayını oxumuşam. Vaxtilə Sovet İttifaqının dünyada məşhur türkoloji dərgisi olan “Sovetskaya Türkologiya” jurnalının davamı kimi nəşr olunan “Türkologiya” indi əvvəlki kimi bir istiqamətlə, yəni yalnız ədəbiyyat, dilçilik, mədəniyyət istiqamətləri ilə məhdudlaşmır. Daha geniş çevrədə türk xalqlarının fəlsəfəsi, tarixi, mifologiyası ilə bağlı, yazılı abidələri ilə bağlı, sənətin müxtəliff istiqamətləri ilə bağlı, sənətin ən müxtəlif sahələrində türklərin yeri və rolunu bütövlükdə ehtiva edir.

 

Kamal Abdulla: Sevinirəm ki, “Türkologiya” jurnalında coğrafiya rəngarəngliyi və genişliyi öz əksini tapıb. Türkiyədən, Fransadan, Almaniyadan, Rusiyadan, Qazaxıstandan, Tatarstandan, Polşadan, Özbəkistandan müəlliflərimiz var. Bu müəlliflər jurnaldakı fəaliyyətlərini ancaq burda məqalələrini çap etdirməklə bitmiş saymırlar. Bizim onlarla gəldiyimiz bir ümumi fikir bundan ibarətdir ki, xüsusən, türk alimləri Azərbaycanda olarkən onların görüşündə səsləndi bu fikir, biz bu alimlərlə iş birliyimizi təkcə məqalə çapı ilə məhdudlaşdırmayaq. Türkologiya jurnalının nəzdində yaradılmış gənc alimlərin seminarında onların iştirakını təmin edək, bir yerdə "Türkologiya" jurnalının əlavələrini buraxaq, həmin əlavələrdə ən müxtəlif ölkələrdən alimlərin iştirakını təmin edək. Artıq bir il keçib. İnanıram ki, yaxın zamanlarda “Türkologiya” təkcə bir jurnal kimi deyil, həm də türkoloji təhsilə, türkoloji tədrisə, türkoloji ixtisasartırmaya, türkoloji ixtisaslaşmaya, türkoloji kamilliyə öz töhfəsini verəcək.

 

Azər Turan: Artıq verməkdədir.

 

Kamal Abdulla: Üzünüzə demək olsun, Sizin qəzeti də diqqətlə izləyirəm. “Ədəbiyyat qəzeti”ndə son vaxtlar böyük bir dirçəliş hiss olunur. Həm ədəbiyyat tariximizlə bağlı, həm müasir ədəbiyyatla bağlı qəzetdə bir sistemlilik var. Bu barədə fikirlərimi söyləmək istəyirəm. Aparılan müzakirələr, aparılan dəyirmi masalar hamısı sistemli şəkildə bütövlükdə ədəbiyyatı qapsayır. Uğurlar olsun.

LENT

26 Aprel 2017
25 Aprel 2017
24 Aprel 2017
23 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017