Qədim Romada Sevgililər günündə qadınları döyürlərmiş...

 

 

Müqəddəs Valentin və ya Sevgililər günü dünyanın bir çox ölkələrində qeyd olunur. Valentin günü xristianlığın ilk dövrlərində yaşamış keşiş Müqəddəs Valentinlə bağlı olsa da tarixi xristianlıqdan əvvələ gedib çıxır.

 

Hələ Qədim Romada fevral rəsmi şəkildə yazın girdiyi ay hesab olunurdu. Bu ay təmizlənmə ayinləri ilə zəngin idi.

 

Fevralda Luperkaliya adlı erotik festival keçirilirdi. Festival sevgi ilahəsi Juno Februata və sürülərin hamisi tanrı Favnın (ləqəbi Luperk) şərəfinə 13-15 fevralda təşkil olunurdu. Favn Qədim Yunan mifologiyasında isə tanrı Panın eyni idi. Pan keçi ayaqlı, buynuzlu, insan bədənli varlıq sayılırdı. O, meşələrdə, dağlarda nimfalarla birgə yaşayırdı. Panı görən insanları adətən qorxu bürüyürdü. “Panikaya düşmək” ifadəsi də onun adından yaranıb.

 

Tarixçi Plutarxın məlumatlarına görə torpağın, sürülərin məhsuldarlığını və eləcədə qadınların doğum qabiliyyətini artırmaq üçün hər il bu günlərdə Palatin təpəsində yerləşən müqəddəs Luperkal mağarasında qurbanlar kəsilirdi. Əfsanəyə görə bu mağarada bir vaxtlar Roma şəhərinin qurucuları Romul və Remin əmizdirən canavar yaşamışdı. Latın dilində dişi canavar da “lupus” deməkdir və Luperkal sözü bundan törəyib.

 

 

Antik dövrdə uşaq ölümləri yüksək həddə idi. E.Ə. 276-cı ildə qadınların ölü doğması, uşaq salması kütləviləşərək Roma əhalisinin kəskin azalmasına gətirib çıxarmışdı. Bu vaxt orakul bəyan edir ki, doğumun səviyyəsini artırmaq üçün qadınları qurbanlıq heyvanların dərisi ilə şallaqlamaq lazımdır. Hər hansı səbəbdən uşağı az olan və ya heç olmayan insanlara lənətlənmiş adam kimi baxır və onlara qarşı mistik ayinlər həyata keçirirdilər ki, uşaqları olsun.

 

Kahinlər ruhani təmizlik üçün keçi və it kəsirdilər. Qurbanlıq heyvanların qanı əkinlərin suvarılmasında istifadə olunurdu. Cavan din xadimləri isə qurbanlıq heyvanların dərisini zolaq-zolaq kəsir, onları müqəddəs qana batırır, daha sonra Palatin təpəsinin ətrafında qaçırdılar. Qaçış ayini zamanı onlar bu dəri qamçılarla qadınları döyürdülər. Qəribədir ki, qadınlar bunu xoş qarşılayır, özlərini şövqlə döydürürdülər. İnanca görə şallaq zərbələri onların sonsuzluğunu aradan qaldırır, doğmaq qabiliyyəti bəxş edirdi.

 

Amma bu bütpərəst məhsuldarlıq-bərəkət bayramı təkcə bir ayinlə yekunlaşmırdı. Luperkaliya həm də coşqun ehtirasların baş qaldırması şənliyi idi. Qurşağa qədər dəriyə bürünmüş çılpaq kişilər qarşılarına çıxan qadınları öpür, oxşayır, qamçılayırdılar. Mərasimin sonuna yaxın qadınlar da çılpaq soyunurdular.

 

 

Luperkaliya Romada çox geniş yayılmış ritual idi.

 

Xristianlığın gəlişi ilə bir çox bütpərəst bayramlar ləğv edilsə də Lukerpaliya hələ uzun müddət yaşadı. 494-cü ildə Roma Papası I Gerasi Luperkaliyanı ləğv eləməyə cəhd eləsə də Müqəddəs Valentin günü başlanğıcın bu bayramdan götürdü.

 

Orta əsrlərdə Müqəddəs Valentinlə bağlı rəvayətlər xalq arasında geniş yayılmışdı. Əfsanəyə görə o sevgililəri gizli şəkildə evləndirirdi. Guya qəddar Roma imperatoru Klavdiy belə qərara gəlir ki, subay əsgər döyüş meydanında daha cəsur mübarizə aparar. Buna görə də kişilərə evlənməyi, qadınlara isə ərə getməyi qadağan edir. Adi səhra həkimi və keşiş olan Valentin isə gizlincə sevgililərin kəbini kəsirmiş. Tezliklə onun bu gizli işinin üstü açılır, Valentini qazamata salıb ölüm hökmünə məhkum edirlər. Keşiş həbsxana gözətçisinin qızı Yuliyaya aşiq olur və ölüm qabağı ona sevgi məktubu – valentinka yazaraq məhəbbətini etiraf edir. Ölüm hökmü 14 fevral 269-cu ildə həyata keçirilir.

 

 

Başqa bir əfsanəyə görə Valentin gizli şəkildə xristian olub, , öz nökərlərini də bu dinə dəvət edibmiş. Bir gün o, nökərlərinin kəbinini kəsdiyi yerdə həbs olunur. Valentin yüksək cəmiyyətdən olduğu üçün ölüm cəzasından xilas ola bilərmiş, nökərləri isə yox. Valentin bunu qəbul etmir və din qardaşlarını xəbərdar etmək üçün kor qız vasitəsilə onlara məktub yollayır. O, həbsxana gözətçisini yola gətirərək nökərinin yerinə həbsxanaya girir və edam olunur. Edamına az qalmış keşiş kor qız vasitəsilə son məktubunu göndərir. Bundan sonra qızın gözləri açılır .

 

XIV əsrdən başlayaraq ingilis və fransız ədəbiyyatının təsiri ilə Müqəddəs Valentin əfsanəsi daha da möhkəmləndi və qeyd olunmağa başladı. Bu əfsanənin məşhurluq qazanmasında “ingilis ədəbi dilini atası” Cefri Çozerin yazdığı poemanın da rolu oldu. 

 

 

1969-cu ildən başlayaraq Roma katolik kilsəsi Müqəddəs Valentinin anım gününün keçirilməsini ləğv elədi. Səbəb belə idi; mənbələrdə bu əzabkeşin adından və başının qılıncla kəsilməsindən başqa məlumat yoxdur.

 

Valentin günü Avropada XII-XIII əsrlərdən keçirilməyə başlayıb. ABŞ-da isə ilk dədə 1777-ci ildə qeyd olunub. Yaponiya da ötən əsrin otuzuncu illərindən qeyd olunan bayram Səudiyyə Ərəbistanında qadağandır və bu günü qeyd edənlər böyük məbləğdə cərimə olunurlar.

 

 

LENT

25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017