Tanımadığı qocadan ötrü ağlayan rəssam qız – ŞUKŞİNİN HEKAYƏSİ

Kulis.az Vasili Şukşinnin “Günəş, qoca və gənc qız” hekayəsini təqdim edir.

 

Günlər ağ işıqla yuyunurdu. Torpaq cadar-cadar olmuş, ağaclar isə od tutub yanırdı. Quru otlar ayaq altında qalıb xışıldayırdı. Sərin mehsə ancaq axşamlar əsirdi. Həmin vaxt sürətlə axan Katunya çayının kənarında qoca bir adam peyda olar, eyni yerdə – kötüyün üstündə oturar, günəşə baxardı. Axşamüstü günəş daha böyük və qırmızımtıl olar, dağların arxasına çəkilərdi. Qoca tərpənmədən elə hey oturardı. Qorxunc və qəhvəyi rəngli büzüşmüş əllərini dizlərinin üstünə qoyardı. Üzü qırış-qırış, gözləri donuq idi. Boynu nazik, başı isə yekə idi. Mavi rəngli çit köynəyinin altından kürək sümükləri çölə çıxırdı.

 

Bir gün qoca yenə də beləcə oturarkən arxadan səs eşidildi:

 

– Salam baba!

 

Qoca başını yellədi.

 

Əlində yastı çamadan olan qız qocanın yanında oturdu.

 

– Dincəlirsiniz?

 

Qoca yenə başını yelləyib qıza baxmadan dedi:

 

– Hə.

 

– Sizin şəkilinizi çəkə bilərəm?

 

– Necə yəni? – qoca yaxşı başa düşmədi.

 

– Şəklinizi çəkmək istəyirəm.

 

Qoca bir qədər susdu. O, günəşə baxır və qırmızımtıl göz qapaqlarını qırpırdı.

 

– Artıq yaraşıqlı deyiləm, axı?

 

– Niyə ki? – gənc qız təəccübləndi. – Xeyr, baba, siz hələ də yaraşıqlısınız.

 

– Mən həm də xəstəyəm.

 

Gənc qız bir xeyli müddət qocaya baxdı. Sonra yumşaq və kiçik ovcu ilə qocanın quru, qəhvəyi rəngli əllərini oxşadı və dedi:

 

– Siz çox yaraşıqlısınız, baba! – Həqiqətən, qoca az da olsa, gülümsədi.

 

– Əgər elədirsə, çək şəklimi. – Gənc qız çantasını açdı. Qoca bir neçə dəfə əlini ağzına tutaraq öskürdü:

 

– Şəhərlisən?

 

– Hə.

 

– Sizcə, buna pul verərlər?

 

– Həmişə yox, – yaxşı çəksəm, verərlər.

 

– Səylə çalışmalısan?

 

– Hə.

 

Susdular.

 

Qoca dayanmadan günəşə baxırdı.

 

Qız profildən diqqətlə baxaraq qocanın şəklini çəkirdi.

 

– Bu yerlərdənsiz, baba?

 

– Hə.

 

– Burda doğulmusunuz?

 

– Hə.

 

– İndi neçə yaşınız var?

 

– Yaşım? Səksən...

 

– Aman Allah!

 

Qoca da yaşının çox olduğunu təsdiqləyərək gülümsədi.

 

– Bəs sənin?

 

– İyirimi beş.

 

Yenə susdular.

 

– Günəş necə də gözəldir, – qoca dilləndi.

 

– Necə? – qız başa düşmədi.

 

– Deyirəm, günəş çox gözəldir.

 

– Hə... Bəli, buralar həmişə belədi.

 

– Hə.

 

– Sanki, günəşə qan töküb qarışdırıblar.

 

– Hə, çox gözəldir. – Qız qarşıdakı sahilə baxaraq dedi.

 

Image result for Шукшин, Василий Макарович

 

Günəş Altayın zirvəsinə dəydi və yavaş-yavaş mavi dəryaya qərq oldu, günəş nə qədər çox batsa dağlar bir o qədər təmiz görünürdü. Çayla dəniz arasında qalan vadidə isə gün batanda qırmızısı yavaş-yavaş itirdi və dağlardan qəribə bir kölgə yaxınlaşırdı. Günəş Baburxan sıra dağlarının arxasında gizləndi və xeyli vaxt sonra açıq sarı işıqlardan əmələ gələn güclü bir yelpazə göy üzünə tərəf yönəldi. Bir qədər sonra o da yavaşca söndü. Göy üzünün digər tərəfində isə axşamın qızıllığı alışıb-yanmağa başladı.

 

– Getdi... – qoca ah çəkdi. Qız isə yarpaqları qutuya doldururdu.

 

Bir qədər beləcə oturdular. Sahilə yaxınlaşan zəif dalğaların səsini dinlədilər.

 

Sonra da vadidəki duman yumaq şəkilində yayıldı. Meşəyə yaxın bir ərazidə gecəquşu yüksək səslə oxuyurdu. Qarşıdakı sahildən ona lap yüksək səslə cavab verirdilər.

 

Qız isə uzaqdakı doğma şəhərinə tez çatmaq və çoxlu şəkil aparmaq haqqında düşünürdü. Bu şəkillər arasında qocanın da portreti olacaqdı. Qızın rəfiqəsi istedadlı, əsl sənət adamı idi və mütləq hirslənəcəkdi. Yenə qışqırıqlar qopdu. Niyə? Sibirdə quru iqlim olduğunu və insanların çox işlədiyini hamı bilir. Bəs sonra? Qız özünün çox da istedadlı olmadığını bilirdi. Fəqət, bu yaşlı adamın nə qədər kəşməkəşli həyat sürdüyünü düşündü. Əlləri necə də qırışmışdı.

 

– İşləmək, işləmək və yenə də işləmək lazımdır.

 

Qız qocadan soruşdu.

 

– Baba, sabah bura gələcəksiz?

 

– Gələcəm – qızın sözünü təsdiqlədi.

 

Qız ayağa qalxıb kəndə sarı getdi. Qoca isə hələ bir qədər də oturub, sonra evə getdi. Evə çatıb, sobanın yanındakı küncdə əyləşdi, oğlunun işdən gəlib, axşam yeməyini onunla bir süfrə arxasında yeyəcəyini gözlədi. Oğlu çox vaxt evə yorğun və narazı gəlirdi. Gəlini də həmişə nədənsə narazı idi. Nəvələr isə böyüyüb şəhərə getmişdilər. Onlar olmayanda qoca evdə lap darıxırdı. Şam etmək üçün əyləşdilər.

 

Qocanın da südünə çörək doğradılar. O, stolun küncündə oturub yeməyini qaşıqlayırdı. Çalışırdı ki, qaşıq boşqaba dəyib taqqıltı salmasın. Hamı sakit idi.

 

Sonra yatmağa hazırlaşdılar. Qoca sobaya yaxınlaşdı, oğlu ilə gəlini isə yatmaq üçün yuxarıdakı mərtəbəyə çıxdılar. Nə danışa bilərdilər ki? Bütün sözlər çoxdan danışılıb qurtarmışdı.

Səhəri gün qoca ilə gənc qız yenə də sahildəki kötüyün üstündə oturmuşdular. Qız tez-tez qocanın şəkilini çəkir, qoca isə günəşə baxaraq danışırdı.

 

– Həmişə yaxşı yaşamışıq, naşükür olmaq günahdı. Dülgər idim. Heç vaxt işsiz olmamışdım. Oğullarım da hamısı dülgər idi. Dördünü müharibədə öldürdülər. İkisi isə salamatdı. İndi onlardan bir ilə – Stepanla yaşayıram. Vanka isə şəhərdədi. Biyiski də sağdı. Yeni salınmış şəhərcikdə tikinti müdiri işləyir. Dolanışığı pis deyil, məktublarında yaxşı yaşadıqlarını yazırlar, bəzən bura gəlib qonağım olurlar. Çoxlu nəvələrim var, məni çox istəyirlər. İndi onların hamısı müxtəlif şəhərlərdədirlər.

 

Qız qocanın əllərini çəkir, tələsir, hirslənir və bəzən çəkdiyini silirdi. Birdən yersiz bir sual verdi:

 

– Yaşamaq çətindir, siz necə fikirləşirsiniz?

 

– Necə yəni? – qoca çaşdı. – Sənə elə gözəl yaşamağımızdan danışıram.

 

– Oğlanlarınız çətin vəziyyətdədirlər?

 

– Necə yəni? – qoca yenə çaşdı. – Dörd dəcəlin öhdəsindən gəlmək asandır? Yoxsa, məni ələ salırsan?

 

Qız başa düşə bilmirdi. Gah qocaya yazığı gəlir, gah da onun qəribə sakitliyi və təkəbbürlü siması onu təəccübləndirirdi.

 

Günəş yenə dağların arasına keçdi. Dan yeri sakitcə parıldayırdı.

 

– Sabah hava buludlu olacaq – qoca dilləndi. Qız isə buludsuz olan göy üzünə baxdı.

 

– Niyə?

 

– Bütün bədənimdə ağrı hiss eləyirəm.

 

– Sabah gələcəksiz?

 

– Bilmirəm, – qoca bir qədər susandan sonra dedi - Bütün bədənim ağrıyır.

 

– Belə bir daşa bu yerlərdə nə deyirsiz? – cibindən qızıl sarısı rəngində, bir qədər də ağ bir daş çıxartdı.

 

Qoca dağlara baxa-baxa soruşdu?

 

– Hansı daşı deyirsən?

 

Qız daşı qocaya uzatdı. Qoca üzünü çevirmədən ovcunu açdı.

 

Daşa baxıb “deməli belə” deyə mızıldadı, daşı quru və qırışmış barmaqlarının arasında o tərəf- bu tərəfə çevirdi.

 

– Bu, bazalt daşıdır, əvvəllər müharibədə istifadə edirdilər.

 

Qızı qəribə bir şübhə bürüdü. Elə bildi ki, qoca kordur. Nə haqda danışdıqlarını unutdu və cavab tapa bilmədi, susdu, qocaya baxdı. Qoca isə günəşin batdığı yerə sakit-sakit, düşüncəli bir əda ilə baxırdı.

 

– Hə... daş – dedi və daşı qıza uzatdı. – Bütövlükdə ağ və ləkəli olanları da var. Ayırd eləmək olmur, yumurta və yumurtacıq da var. Hər iki tərəfi xallı sağsağan və sığırçın yumurtası kimi mavi, çilli olanları da var.

 

Qız gözlərini qocaya zilləmişdi. Və heç vəchlə kor olub-olmadığını soruşa bilmirdi.

 

– Baba, harda yaşayırsınız?

 

Qoca sahildəki evi göstərərək:

 

– Bu yaxınlarda yaşayıram, çox da uzaqda deyil – dedi. – Bu, İvan Kolinkovun evidir, bir az qabaqdakı Bedarevin, sonra Volikitin, sonra Zivoeyevin. Ordakı, ara küçədəki ev isə bizimkidir. Bir şeyə ehtiyacın olsa, bizə gəl. Nəvələr olanda evimiz daha sevincli idi.

 

– Çox sağ olun.

 

– Gedirəm, bədənim ağrıyır.

 

Qoca ayağa qalxdı, sonra cığırdan dağa tərəf getdi. Nə bir dəfə dayandı, nə də büdrədi. Qarşısına baxaraq yavaş-yavaş yeriyirdi. Qız öz-özünə dedi:

 

– Xeyr, kor deyil, amma zəif görür.

 

Səhəri gün qoca sahilə gəlmədi. Gənc qız tək oturub qocanı fikirləşirdi. Qocanın beləcə bəsit və adi yaşam tərzində çox da bəsit olmayan mühüm bir şey var idi. Gənc qız fikirləşirdi: “Günəş də adi şəkildə doğulur və sadə bir şəkildə də batır. Amma bu, o qədər də asan deyil, axı”.

 

Gənc qız çəkdiyi şəkillərə baxdı. Kədərli idi. Qoca üçüncü və dördüncü gün də gəlmədi. O, qocanın evini axtarmağa başladı. Tapdı. Dəmir örtüklü və qalın divarlı evin pəncərəsində, küncdə, təxminən, əlli yaşında olan boylu-buxunlu bir kişi şam ağacını dəzgahın üstünə uzadıb yonurdu. Qız dilləndi:

 

– Salam.

 

Kişi ona tərəf çevrildi, qıza baxdı, iri barmaqları ilə tərli alnını sildi, başını yellədi.

 

– Salam.

 

– Xahiş edirəm, deyin görüm, burda qoca bir adam yaşayır?

 

Kişi diqqətlə, bir qədər də qəribə tərzdə qıza baxdı. Heç nə demədi.

 

Qızın ağzı açıq qaldı.

 

– Öldü? Öldü, hə?

 

– Öldü. – Yenə taxtaya tərəf əyilib, iki dəfə rəndələdi, sonra qıza baxdı:

 

– Sənə nə lazımdı?

 

– Heç ... onun şəklini çəkirdim.

 

– Hə... – Sonra daha sərt bir tövrlə ağacı rəndələməyə başladı.

 

Xeyli davam edən sakitlikdən sonra qız soruşdu:

 

– O, kor idi?

 

– Hə, kor idi.

 

– Çoxdan?

 

– Təxminən, on il olardı, nə olub ki?

 

– Heç nə...

 

Qız otaqdan çölə çıxdı. Küçədə hasara söykənib ağlamağa başladı. Qocaya yazığı gəlirdi. Heç vaxt kor olduğunu ondan soruşa bilmədi. Fəqət indi insanın həyat tərzinin və qəhrəmanlığının mənasını və sirrini daha dərindən başa düşür, özü də fərqinə varmadan yetkinləşirdi.

 

Tərcümə etdi: Fərid Hüseyn

 

LENT

26 Aprel 2017
25 Aprel 2017
24 Aprel 2017
23 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017