Vəli Xramçaylı: “27 ildir ki, hər gün bir litr araq içirəm”

Kulis.az şair Vəli Xramçaylı ilə söhbəti təqdim edir.

 

- Vəli qağa, bu Dərviş təxəllüsü nədir götürmüsən? Bir az məsuliyyətli işdi eee...

 

-  Doğru deyirsən, məsuliyyətlidir, özü də çox. Amma onu deyim ki, Dərviş mənim təxəllüsüm deyil. Bildiyin kimi, biz bu saz ruhunun, Yunis Əmrə, Dədə Ələsgər məktəbinin davamçılarıyıq həm də. Şeirimizin bir qanadı da ora gedib çıxır. Sovet dövründə bu dərvişlikdən yazmaq qadağan idi hardasa. 88-ci illərdə ki, azadlıq hərəkatı başladı, biz o kökə bir qayıdış elədik. Mən də bir silsilə qoşma-gəraylı yazdım. Hamısı üç bənd, hamısı aşiqlik, dərvişlik mövzusunda. O şeirlərin möhür bəndində özümdən asılı olmadan “Dərviş Vəli” ilə başlanan misralar gəlirdi. O qalan-bu qalan, adımın yanında qaldı bu söz.

 

- Sonra o şeirləri kitab elədin.

 

- Hə.

 

- Üstü göy naxışlı balaca kitab idi, yadıma gəlir.

 

- Tamamilə doğrudur.

 

 

- Daha bir Dərviş də vardı: Cavanşir...

 

- Dərviş Cavanşir məndən fərqli olaraq bu adı təxəllüs kimi götürmüşdü. Həm də məndən əvvəl götürmüşdü. Mənim əsas təxəllüsüm Xramçaylıdır.

 

- Bu hardan gəlir?

 

- Xram çayı Gürcüstandan gəlib bizim kənddən - İkinci Şıxlıdan keçir, kəndimizin aşağısında Kürə qarışır. Mən bu çayın sahillərində böyümüşəm. Ancaq çayın adından təxəllüs götürmək ağlıma gəlməyib heç vaxt. Şeirlərim əvvəllər familiyamla çap olunurdu: Vəli Nəsibov.

 

- Çay adından təxəllüs Əliağa Kürçaylıdan qalıb...  

 

- Onun da təsiri vardı, amma mənim təxəllüsümə səbəb Ramiz Qusarçaylı oldu. Rəhmətlik qardaşım Eldar Sibireli tanıyırdınız də...

 

 

- Tanıyırdım, əlbəttə. Eldar Nəsib...

 

- O, Ramiz Qusarçaylının şeirlərini çox sevirdi. Bir gün dedi, bu necə Qusarçaylıdırsa, sən də o cür Xramçaylı ol. O vaxtdan Xramçaylı kimi nəşr olunmağa başladım.

 

- Eldar müəllim doğrudan Sibirdə doğulmuşdu?

 

- Bəli. Mən də Sibirdə doğulmuşam. Babalarımız sovet hökumətinin əlindən qaçıb Türkiyəyə getdilər, qalan iki qardaşı güllələdilər. Bizləri də ailəlikcə Sibirə sürgün elədilər. Mən yaş yarım olanda bəraət çıxdı, Xruşşov repressiyaya məruz qalanların geri qayırtmasına icazə verdi. Biz də köçüb gəldik Qazağa...

 

 

- Səmimi deyin, “qazaxşina”lığınız var?

 

- Vallah, yoxdur. Mən qazaxlılardan çox Vaqif Cəbrayılzadəgilin dəstəsiylə oturub-dururdum. Hətta bunu mən qüsur tutan yerlilərim olurdu. Mən kimin haradan olmasına fərq qoymamışam, adamın adamlığına, istedadına baxmışam. Şübhəsiz, qazaxlılar mənim üçün çox doğmadır, ancaq bu doğmalıq başqa regionun insanlarına sevgimə təsir eləməyib. Azərbaycanın hər tərəfindən çox dəyərli dostlarım var.

 

- Yaxşı, belə deyək: ən çox sevdiyin qazaxlı kimdir?

 

- İsmayıl Şıxlı.

 

- Qohumunuzdur, məncə...

 

- Hə, qohumuq. İsmayıl Şıxlı atamla dayoğlu-mamoğludur. Atamın anası Cahandar ağanın bacısı qızıdır.

 

 

- Heç bir qazaxlı yerlibazlıq elədiyini boynuna almır. Bəlkə başqa rayonun adamları edirlər “qazaxşinalığ”ı? Edirlər ki, adınız belə çıxsın...

 

- (Gülür). Bilirsən nə var, o vaxt yeddi xalq yazıçısının dördü qazaxdan idi. Qazaxdan istedadlı adamlar çox çıxıb və biri-birinə kömək edib. Bu da kənar rayonların xoşuna gəlməyib. Mehdi Hüseynin ürəyini niyə partlatdılar? O məsələlər idi də.

 

- İlk şeirlərindən nə qədər qonorar almısan?

 

- İlk şeirlərimi Vaqif Cəbrayılzadı “Ulduz”da çap eləyib. İki şeir idi. Biri dörd, biri üç bənd. Misraya 1 manat verirdilər.

 

- 28 manat...

 

- 28 manat... Amma şeirlərim Vaqifin o qədər xoşuna gəlmişdi ki, hər il mənə bir silsilə ayırırdı. O vaxt silsilə ildə bir dəfə gedirdi. Bir dəfə də 150 misralıq silsiləm çap olundu. Bu, o zaman üçün ciddi hadisə idi.

  

 

- Vaqifə şeir bəyəndirmək asan deyil...

 

- Çox bəyəndi. Heyrətləndi. Hətta qucaqlayıb üzümdən də öpdü. Bilirsən hansı şeirlər idi?

 

Həsrətəm qayıdıb dönən yoluna ,

Əlim əllərinə uzalı qalıb ,

İndi sənin adın başqa ünvana ,

Xatirən qəlbimə yazılı qalıb .

 

- Bu şeiri mən əzbər bilirdim. Sənindir? Çox məşhurdur.

 

- Hə. Ağadadaş Ağayev oxuyub. Sonra çoxlu müğənnilər. Mənimdir. Sadəcə özümü reklam eləməmişəm. Vaqif də çox bəyəndi. Dedi, ruhən mənə çox yaxınsan. Hansısa kitabını mənə bağışlayanda avtoqrafda yazmışdı ki, gələcəyin böyük şairliyinə namizəd Vəli Xramçaylıya...

 

 

- Oldunuzmu böyük şair?

 

- Narazı deyiləm.

 

- Hətta bir dəfə dövrümüzün ən böyük şairiyəm demişdin...

 

- Yenə deyirəm.

 

- Misal üçün, özünü Ramiz Rövşəndən böyük şair hesab edirsən?

 

- Müqayisə düz deyil. Hərənin öz yeri, öz işi var. Bütün böyük şairlərin beş-altı yaxşı şeiri olur. Düşünürəm ki, mən bu beş-altı şeiri yaza bilmişəm.    

 

 

- Vəli qağa, səni həm də “Azərbaycan” nəşriyyatının simvolu hesab eləmək olar. Nə vaxt getsək, ordasan...

 

- Həəə... (Gülür). Ora mənim evimdir. Otuz ildən çoxdur ki, ordayam.

 

- Tək ev yox, həm də meyxanə küncü...

 

- Onsuz olarmı ki? (Gülür).

 

- Zarafatsız, hər gün içmək çətin deyil?

 

- Mən 30 yaşacan nə siqaret çəkirdim, nə içki içirdim. Çox abırlı, həyalı kənd uşağı idim. Sonra elə oldu ki, rəhmətlik Məmməd Arazın yanında, “Azərbaycan təbiəti” jurnalında işə düzəldim. Məmməd müəllim də mənə şərait yaradırdı ki, bütün Azərbaycanın ən gözəl yerlərini gəzim. Ezamiyyət pulu da olurdu, maaş da yaxşı idi. Üstəlik getdiyim yerlərin qonaqpərvərliyi... Elə gözəl yerlərdə olurdum ki, orda içməmək günah idi. Belə-belə içməyə öyrəşdim. Amma məqamı düşəndə içirdim. 20 Yanvar hadisələrindən sonra gündəlik içməyə başladım. Evimiz dağılmışdı o gecə... Bizim evimiz o vaxt “Salyanski kazarma”nın yanındaydı. Tanklar həyətə girib hər şeyi alt-üst eləmişdi. Yaxşı ki, qardaşım ailəmizi götürüb başqa yerə aparıbmış... O vaxt mən hərəkatdaydım. Ölümə tam hazır idim. Xasiyyətimi bilirdi qardaşım. Ona görə gəlib uşaqları aparmışdı. 20 Yanvara keçən gecə də küçələrdə idim. İlhamı bizim yanımızda vurdular. Güllənin biri də mənim sağ qılçamı yüngülcə yaladı. Ancaq heç kimə bildirmədim. Bilənlər bilir...   

 

 

- Və o vaxtdan başladınız gündəlik içməyə...

 

- Sarsılmışdım. Bəlkə də məni qınayacaqlar, amma olanı deyirəm, düz qırx gün saqqal saxladım. Hər gün də içdim. O gündən indiyədək günə bir litr araq içirəm. Bu, mənim normamdır.    

 

- Bir litr?

 

- Bir litr.

 

- Adamın inanmağı gəlmir.

 

- Heç kim inanmır. Deyirlər, sənin qara ciyərin sıradan çıxmalı idi. Bir həkim dostum var, bir həftə əvvəl getmişəm yanına ki, o qədər deyiblər, özüm-özümdən qorxuram, bir bax gör nəyim var, nəyim yox. Müayinə elədi, dedi sapsağlamsan. 62 yaşım var, nə şəkər, nə təzyiq, nə duzlaşma... Heç nə! Biz nəsillikcə sağlam adamlarıq. Öləndə də ürəkdən ölürük. Eləcə qəfil dayanır.

 

- Elə ən yaxşısı budu...

 

- Əlbəttə ki! Sənə bir fakt da deyim, yəqin inanmayacaqsan: hələ indiyə qədər mənə nə bir iynə vurlub, nə bir gilə dərman atmışam!

 

- Xəstələnəndə nə edirsiniz bəs?

 

- Bu qardan əvvəlki qar yağanda qızdırmam qalxdı, iynə gətirdilər, dedim, o yana eləyin. Özüm sağalacam. Dörd gün halsız qaldım, beşinci gün qalxdım ayağa. 

 

- Maşallah olsun!

 

- Çox sağ olun.  

 

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017