Mustafa Məstur: “Mən oxucunun xoşuna gəlmək üçün yazmıram”

 

 

Kulis.az İran yazıçısı Mustafa Məsturun müsahibəsini təqdim edir.

 

Mustafa Məstur dünyanın bir çox dillərinə əsərləri çevrilmiş, günün çox məşhur İran yazıçılarındandır. Onun budəfəki səfəri Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi və ATV tele-kanalının təşkilatçılığı ilə baş tutmuşdu. 22 noyabra Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Kitabxanasında M.Məsturla görüş və imza günü keçirildi. 

 

M.Məstur müsahibə verməyə meylli yazıçılardan deyil, bunun da əsas səbəbi budur: O, hesab edir ki, yazıçı obrazlarına səpələnib və bütün obrazları onun yerinə az-çox hansı məqamdasa danışır. Hər halda başqa müsahibələrində o fikrini belə əsaslandırır. Ancaq bizə müsahibə verməyə razı oldu və onunla biz – Səlim Babullaoğlu və Fərid Hüseyn uzun bir söhbət etdik. 

 

Söhbətdən əvvəl biz axşam yeməyi yeyərkən qəfil valideynlərdən söhbət düşdü, M.Məsturun gözləri doldu və maraqlı, insani məsələlərdən danışdı: "Atam-anam sağ olanda mən onları ziyarət edərdim. Çalışardım ki, onları maraqlandıran məsələlərdən danışım. Belədə onlar daha çox danışmağa meyl edərdilər və doyulmaz söhbətlər uzanardı. Onlar məni televizorda görəndə diqqətlə baxırdılar. Atam evdəkilərə əmr edərdi: Sakit olun! Onlar ədəbiyyat adamları deyildilər. Mənim nə haqqında danışdığımı tam mənada bilməz, anlamazdılar. Amma onlara məni sadəcə görünməyim bəs edərdi ki, fəxr etsinlər. Bir neçə il əvvəl hər iki valideynimi itirdim.  Yalnız uşaqlar və valideynlər insanları anlamadan sevə bilirlər”. 

 

Bu sözlərdən sonra Məstur göz yaşlarına qərq olsa da, valideyn, bütövlükdə insan sevgisi onu bizim gözümüzdə daha da ucaltdı... Sonrasa yenə həmişəki söhbətlər, yenə ədəbiyyatdan danışdıq...

 

Sonda qeyd edək ki, müsahibə zamanı bizim suallarımızı və yazıçının cavablarını Mustafa Məsturun "Cüzamlı əllər və donuz sümüyü”, eləcə də "Tanrının Ay üzündən öp” romanlarının tərcüməçisi şərqşünas Ariz Tarverdiyev tərcümə edirdi. 

 

Fərid Hüseyn: Azərbaycanda çap olunan hər iki romanınızı "Cüzamlı əllər və donuz sümüyü” və "Tanrının ay üzündən öp” kitablarınızı oxumuşam və həmin kitablar haqqında bəzi suallarım var. Kitabları oxuyarkən müəllif tərəfindən qoyulan bəzi suallarla qarşılaşırıq. Yazıçıların sualları adətən iki cür olur: özlərini düşündürən, cavab tapmaq istədikləri suallar və oxucunu düşündürmək üçün olan suallar. Sizin əsərlərinizdəki suallar dediklərimdən hansına aiddir?

 

Mustafa Məstur: Mən romanın sual və ya cavab vermək üçün bir müstəvi olmadığı qənaətindəyəm. Roman elə bir yer, elə bir müstəvidir ki, sən orada hər hansı bir hadisəni əks etdirir və ya hər hansı bir mövzunun təsvirini verirsən. Məsələn, şahmat taxtası kimi. Deyək ki, bir piyada fil ilə qarşı-qarşıyadır və mümkündür ki, fil onu vursun. Biz filin onu vurmasının yaxşı olub-olmamasını deyə bilmərik. Piyadanın özünü necə qorumasını və bu qarşıdurmadan necə yayınmasını da təklif edə bilmərik. Biz sadəcə deyirik ki, piyada təhlükə altındadır və piyada ilə eyni rəngdə olan hər hansı bir at ona kömək etmək istəyir. Və yaxud eyni rəngli vəzir fili vura bilər. Biz bu minvalla vəziyyəti aça bilərik. Əlbəttə, mümkündür ki, bu vəziyyət belə oxucunun beynində çoxlu suallara səbəb olsun. Lakin, yazıçının işi bu suallara cavab tapmaq deyil. Yazıçı yalnız o vəziyyəti izah edə bilər.

 

Məsələn, əsərdə Allahın varlığına şübhəylə yanaşan, Allaha inanmayan və ya Allaha dərindən inanan, bağlı olan iki obraz ola bilər. Oxucu həm Allaha inanan adama, həm də Allaha inanmayana qulaq asa bilər. Bu romanda da cərəyan edən hadisələr də belədir. Oxucu özü qərar verir ki, hansı obraz onu xilas edə bilər və ya ümumiyyətlə, xilas edə bilərmi? Yəni, roman məsələlərin həlli üçün bir vasitə və ya bir müstəvi, həmçinin bir sıra problemləri çözümləyən fəlsəfə kitabı da deyil. Romandakı hadisələr bəzən özü bir sualdır, amma bəzən hadisənin özü bir cavab ola bilər. Əslində, yazıçı yazmağa başlayanda nə sual vermək, nə də cavab tapmaq məqsədi güdməməlidir. Yalnız hadisələri canlandırmalıdır. 

 

Fərid Hüseyn: "Tanrının ay üzündən öp” romanında detektiv xətti də var ki, bunu tam detektiv adlandırmaq olmaz. Bu oxucunu hadisələr aydınlaşana qədər intizarda saxlayan metod kimi istifadə olunub, yoxsa bu obrazların mahiyyətini açmaq üçün bir üsuldur?

 

Mustafa Məstur: Qeyd etdiyiniz birinci məsələni doğru hesab edirəm. Mən istədim ki, oxucular romanda ilişib qalsınlar. Bunu hekayəni daha cazibədar etmək üsul da adlandırmaq olar. Mən bütün hekayələrimdə və əsərlərimdə çalışıram ki, maraqlı, sirli mətn yaradım. Əslində, detektiv üsula bəzən romanı cazibəli etmək və ya oxucunu sual qarşısında qoymaq üçün müraciət olunursa, bəzən də zarafat, əyləncə və yaxud da satiradan da bu məqsədlə istifadə olunur. Bəzən isə oxucunu aldatmaq metodu kimi sınanılır. Gərək oxucu romanı oxumağa başlayan kimi əhvalatın içinə düşsün və oradan çıxa bilməsin. Bu rabitə baş verdiyi zaman oxucu mütləq sizin dediklərinizə qulaq asacaq. Mən heç vaxt yazdıqlarımı oxucunun fikrinə görə nizamlamıram. Oxucu nə düşünər və ya nə fikirləşər, bunu nəzərə almıram. Amma oxucunun romanın içində azıb qalmaması üçün nəyi, necə deməliyəm, əlbəttə, bunu düşünürəm və diqqət edirəm. Romanlarım quruluş etibarilə mürəkkəb ola bilər, lakin dili heç vaxt qəliz olmur, həmişə sadə, rəvan, anlaşıqlı olur. Lakin, oxucunun yazıçını nə demək istəyini əvvəlcədən bilməsi də yaxşı hal deyil. Belə olan halda ən yaxşısı budur, o mətn heç çap olunmasın. Çünki oxucu daim maraq və müəmma içində olmalıdır.

 

Səlim Babullaoğlu: Kortasarın bir romanı var, ilk cümləsi çox qarışıq və müəmmalıdır. Bütün roman sanki bu anlaşılmazlığı, bu anlaşılmaz cümləni, situasiyanı, vəziyyəti izah eləməkdən ibarətdir. Kamünün "Yad” romanı da belədir.  "Anam dünən öldü, ya da bu gün, xatırlamıram.” Bütün roman bu "xatırlamıram”la bitən cümləni izah eləməkdən başqa bir şey deyil. Müəllif istəyir ki, oxucu qəfildən romanın içinə düşsün. Əslində oxucunu romanın içinə salan adətən, ya birinci cümlə, ya da birinci abzas olur. Sizin romanda da belədir. Birinci abzasdan sonra hadisələrin içinə düşürsən. Mən aeroportdakı situasiyadan sonra artıq romana qapılmışdım və mənə maraqlı idi ki, bundan sonra hadisələr hansı mürəkkəbliyə doğru inkişaf etməlidir. Belə bir fikir var ki, romanların birinci cümləsi şeirdir, poeziya hadisəsidir, qalan cümlələr isə onun izahı, davamı və ya o enerjinin əks-sədasıdır. Çoxlu yazıçılar var ki, əsərlərində şeirlərdən istifadə edirlər, hətta özləri şeir uydururlar. Məsələn, Avqust Strinberq "Tənha” romanında çoxlu şeirlər yazıb. Mən istərdim Mustafa Məstur bu xüsusda öz yaradıcılıq mətbəxindən bəzi sirləri bizə açıqlasın.

 

Mustafa Məstur: Bunun bir neçə səbəbi ola bilər. İnsanlar çox vaxt şair olmaq istəyirlər, lakin bir müddət sonra şeir yaza bilmədiklərini görüb, hekayə yazmağa başlayırlar. İlk olaraq qısa hekayələr yazırlar, bu da alınmadıqda keçirlər romana. Mən elə gəlir şeir yazmaq daha çətindir. Mən şeirləri və şairləri üstün tuturam. Mənim bir kitabımda obrazın dilindən şeirlər vermişəm. Sonradan həmin şeirləri bir kitabda toplayıb çap etdirdim. Nəticədə bu mənim şeirlərimdir. Hadi Çubi adlı bir şair obrazının şeirlərini isə "Mümkünün ən yaxşı şəkli” kitabında vermişəm və o da bu yaxınlarda dərc olunacaq. "Qonşu pişiyi” adlı şeirlər məcmuəsini tamamlamışam, lakin hələ ki çap eləmək fikrində deyiləm. 

 

Bəzi insanlar var ki, onların həyatları yazdıqları nümunələr kimidir və yaxud yazdıqları öz həyatları kimidir. Necə ki, danışırlar, yazırlar elə də yaşayırlar və yaxud da yaşadıqları kimi yazırlar. Məsələn, Söhrab Sipehrinin şeirlərində sufizm var və bu onunla həyat tərzilə əlaqəlidir. Həmçinin, Füruğ Fərruxzad. Onun yazdıqları öz həyatına çox oxşayırdı. Mən də Selincer kimi, yazdıqlarında saxtakarlıq edən yazıçıları sevmirəm. Buna görə də mən əsərlərimdə məhz yaşadıqlarını yazan və ya yazdıqlarını yaşayan Füruğ Fərruxzad kimi şairlərin şeirlərindən sitat gətirirəm.

 

Fərid Hüseyn: Romanların adları ilə bağlı sual vermək istərdim. "Cüzamlı əllər və donuz sümüyü” romanın adı İmam Əlinin bir kəlamından gəlir, digər romanınızda isə qəhrəmanın təsadüfən yolda rastlaşdığı və maşınına götürdüyü xanım avtomobildən enərkən deyir ki "Tanrının ay üzündən öp”. Əslində, iki kənar məqam, xətt yaradan cümlələr romana ad seçilir. İstərdim ki, bununla bağlı açıqlama verəsiniz.

 

Mustafa Məstur: Mən hesab edirəm ki, əsərə ad seçmək çox mühüm məsələdir. Hekayənin və romanın adı, gərək onun qısa xülasəsi, romanın sıxılmış forması olsun. Mənim fikrimcə, ən uğursuzu romanda iştirak edən obrazlardan hansısa birinin adının romana ad olaraq seçilməsidir. Lakin bəzən elə hallar da olur ki, yazıçının başqa bir seçimi qalmır, hekayə bir şəxsiyyət haqqında olur və məcburən onun adını verirsən əsərə. Məsələn, Tolstoy "Anne Karenina”dan başqa seçim edə bilməzdi. Əlbəttə, bu adların hər birinin özünün mahiyyəti, işlənmə texnikası var. Məsələn, "Bir neçə mötəbər hekayə” adlı hekayələr kitabımda ayrı-ayrı hekayələri məsələn, "Eşq haqqında bir neçə mötəbər rəvayət”, "Həyat haqqında bir neçə mötəbər rəvayət” və sairə başlıqları məhz bu ad altında toplamışam. "Mötəbər” burada həm də dini termin kimi başa düşülə bilər. Məsələn, elə hədislər var ki, mötəbər deyil.

 

Səlim Babullaoğlu: Hədislərdə mötəbərlik deyəndə onların səhihliyi ,dürüstlüyü, bir neçə nəsildən yoxlanaraq gəlməsi nəzərdə tutulur. Hədisşünaslar, mühəddislər hədislərin 7 müxtəlif  nəsildən, mənbədən keçdiyini qeyd edirlər. Bəs, siz mötəbər rəvayət deyəndə, nəyin mötəbərliyini, nəyin dürüstlüyünü, dəqiqliyini, səhihliyini nəzərdə tutursunuz?

 

Mustafa Məstur: Mən bunu yazanda özümə istinad eləmişəm, özümə vurğu vurmuşam. Bəziləri kimi mətndə yalan danışmıram. Bunları heç kimdən eşitməmişəm. Bu adı əsas götürərək mənim haqqımda bir neçə tənqidi məqalə də yazmışdılar. Birinin də adı "Mustafa Məstur haqqında bir neçə mötəbər rəvayət” idi. Məhz bu ad seçiminə görə, məni tənqid etmişdilər. Sonra bəzi qəzetlərin bu adı rubrika adı kimi seçərək, istifadə etdiklərini gördüm. Mən həmin qəzetə nəyə görə müəllif hüquqlarını pozduqlarını irad tutan zaman, onlar mənə cavab verdilər ki, onsuz da hamı bilir ki, bu Mustafa Məstura məxsusdur. Ümumiyyətlə, bu kitabdan sonra həmin ad, ifadə İran ədəbiyyatında çoxalmağa başladı. Və yaxud da "Nadir Fərabi haqqında risalə” kitabını misal göstərə bilərik. Əlbəttə, mən bu kitabın adını "Nadir Fərabi” də qoya bilərdim, lakin o zaman uğurlu seçim olmazdı. Çünki, bu bir risalədir. Risalə burada bir növ traktak, monoqrafiya kimi də qəbul oluna bilər. Kitab 4 hissədən ibarətdir. Birinci hissə məqalədir, ikinci Fərabinin özü yazdığı qeydləridir, romanın digər hissəsi bir isə rəvayətdir. Bunu mən Fərabi haqqında yazmışam. Dördüncü hissə isə epiloqdur.

 

Səlim Babullaoğlu: Nadir Fərabinin qeydləri artıq təhkiyə nöqteyi-nəzərindən onun dilindəndir. Romanın hər hissəsində üslub fərqi varmı?

 

Mustafa Məstur: Bu hissələrin hər birinin ayrı-ayrı üslub fərqləri olsa da, onlar birləşib bir rabitəli bir mətni, yəni romanı əmələ gətirirlər. Yeri gəlmişkən, bunu Mahmud Dövlətabadi də bəyənib. Mənim ən sonuncu nəşr etdirdiyim "Mümkünün ən yaxşı şəkli” məcmuəsində altı hekayə var. Bu altı hekayənin hər birinin adı ayrı-ayrı şəhərləri özündə ehtiva edir: Şiraz, Əhvaz, İsfahan, Məşhəd, Tehran və Bəndər Ənzəli. Həmin bu altı hekayənin hər birində "mümkünün ən yaxşı şəkli” ifadəsi işlənib. Məsələn, "Tehran” adlı hekayədə obrazlardan biri xərçəngə yoluxub, ömrünün son günlərini yaşayır və bütün bunlar onun evə, maşına, xoşbəxt ailəyə, uğur iş həyatına nail olduqdan sonra baş verir. Bu obraz öz-özüylə danışır və deyir ki: "Bu məqamda qəflətən mənə nəsə və ya kimsə deyir ki, oyunu tamamla və çıx get dünyadan”. Yəni, oyunun ən yaxşı yerində oyunu tərk edib, getməyini tələb olunur. Mümkünün ən yaxşı halında. Bu ifadə hekayələrdə istifadə olunduğuna görə mən bunu həm də ad kimi seçmişəm. Və ya "Şiraz” adlı hekayədə belə bir xətt var. Əvvəllər bir insanı edam etmək istəyəndə onun boynuna ipi salmaq üçün kimisə seçirdilər və heç kəs könüllü şəkildə bu vəzifəni icra etməyə razı olmurdu. Mən uşaq olanda bu işi icra edən bir qoca kişi var idi. Onun yaşadığı həyətdə xurma ağacı olduğuna görə mən onun adını Xurma qoymuşam. Həmin hekayədə belə bir ifadə var: "Xurma ipi məhkumun boğazına keçirəndə mümkünün ən yaxşı şəklini edirdi”. Bu işdə nəyin yaxşı, nəyin pis olduğunu müəyyənləşdirmək çətindir əlbəttə. Lakin bütün hekayələrdə mümkünün ən yaxşı halı, mümkün olduğu ən yaxşı halda ifadə olunub.

 

Fərid Hüseyn: Müasir ədəbiyyatşünaslıqda təsvirlə bağlı belə bir ifadə var. "Mətbəxi təsvir eləmə, bıçağın yerini de”. Sizin romanlarda biz bu lakonikliyi, qısalığı hiss edirik, müasir oxucuların vaxt məhdudiyyətini nəzərə alırsınızmı?

 

Mustafa Məstur: Mənim demək istədiklərim inandıqlarımdır. Mən nəyisə oxucunun xoşuna gəlməsi üçün yazmıram. Məsələn, oxucu müharibədən, kasıblıqdan söhbət açılmasını istəyə bilər, lakin mən bunu istəmirəmsə yazmayacağam. Əgər mən hər hansı bir hadisə barədə danışmağı qərara aldımsa, son məqama qədər çalışıram ki, oxucu məni anlasın. Nə dediyimi yox, necə dediyimi fikirləşirəm. Forma, qəlib baxımından oxucunu fikirləşə bilərəm, lakin mahiyyət və mövzu baxımından yox. Fikrimcə, sadə bir hekayə yazmaq qəliz bir roman yazmaqdan daha çətindir. Məsələn, biz Səlimlə bir yolda gedirik. Səlim diqqət edir ki, mən küçədə itməyim, onun işi bir az çətinləşir, gərək mənə qarşı diqqətli olsun. Onun diqqəti məndə olmasa, mən itə bilərəm. Çox qəliz, dolaşıq yazmaq da məhz onun kimidir, yazıçı oxucunu fikirləşməsə, ona diqqət yetirməsə, o əsərin içində itə, aza bilər. Bu baxımdan mən oxucunu fikirləşirəm ki, o məni itirməsin. Amma hara gedəcəyim tamamilə mənə aid olan bir işdir, bir şərtlə ki, oxucu mənimlə birgə addımlasın.

 

Fərid Hüseyn: Hansı ölkələrdəki senzura olub yazıçılar bu senzuranı istər-istəməz düşünüblər. Sizcə, İrandakı bu senzura sizin çiyindən asılmış "Domokl qılıncı” deyilmi? 

 

Mustafa Məstur: İranda senzura var, biz bunu diqqətdən kənarda qoya bilmərik. Qəbul etməliyik ki, üç sahədə açıq aydın senzura var – din, əxlaq və siyasət sahəsində. Özüm barədə danışmalı olsam, deməliyəm ki, mənim əsərlərim çox vaxt senzuraya ilişib qalmır. Çünki, mən siyasi mövzulara maraq göstərmirəm, hətta yazdıqlarım ictimai ədəbiyyat belə deyil. Lakin bu o demək deyil ki, mən siyasət haqqında, ictimaiyyət haqqında heç nə fikirləşmirəm və yaxud da fikrimi çatdırmıram. Sadəcə olaraq mənim bu fikirlərim ədəbiyyatdan kənardır. Əxlaqi baxımdan da əsərlərimdə erotik, cinsi münasibətləri əks etdirən səhnələr yoxdur. Bunu yazmağa marağım da yoxdur. Lakin sivil cəmiyyətdə yaşayırıqsa, hər birimizin borcudur ki, qanunları dəyişək, sərhədləri və qırmızı xətt deyilən o məhdudiyyəti sərhədlərini geri çəkək. Onu da qeyd etməliyəm ki, əvvəllər mövcud olan senzura son illərdə nisbətən yüngülləşib. Buna baxmayaraq, senzura heç zaman xeyir verməyib və verməyəcək də. Bəzi hekayələrdə şərab açar sözdür, mühüm detaldır. Bir əsərin tərcüməsi zamanı məndən tələb edirdilər ki, mətndəki "şərab” sözünü "çay”, "qəhvə” sözləriylə əvəz edim. Ola bilər ki, "şərab”ı "qəhvə”ylə, "çay”la dəyişəndə əsərin mahiyyətindən heç nə itməsin, amma iranlı oxucu artıq bu kimi şeylərə alışıb. Amma əgər həmin mətn şərab açar sözdürsə, vəziyyət dəyişir. Və o, oxuyanda artıq başa düşür ki, bu "çay”, əslində, "şərab”dır.

 

Səlim Babullaoğlu: Əksər əsərlərinizdə ölüm mövzusu var. Bəlkə də, bu sizin romanlarınızda əsas mövzudur. Və bəlkə də ölüm insan həyatına doğuluşdan hakimdir. Kamü yazır ki, "ölüm elə bir şeydir ki, onu yalnız bir dəfə və yalnız öləndə öyrənə bilərsən, ondan sonra isə danışa bilməzsən”. Onun bütün yaradıcılığı da, əslində, ölümün çevrəsində olan yazılardır. Böyük rus şairi Boris Pasternak isə deyir ki, ölüm bizlik deyil, ölüm Allahın işidir. Bu iki fikirlə bağlı düşüncələrinizi eşitmək istərdim.

 

Mustafa Məstur: – "Tanrının ay üzündən öp” romanında – Mehrdadla Yunusun ölüm haqqında danışdığı epizodda bu məsələyə birbaşa olaraq toxunulub. Yunis ölümlə bağlı düşüncələrin adını "dəhşətli suallar” qoyub. Əgər Tanrı varsa, biz öləndə başa düşürük ki, ölüm nədir, əgər Tanrı yoxdursa, biz heç bir zaman ölümün mənasını başa düşməyəcəyik. Hər iki halda biz ölümdən dirilərə bir hesabat və ya məlumat verə bilmirik. Məsələn, biri deyir ki, düş dərin bir quyunun içinə, bax gör nə var orda? Əgər getsən, quyunun içində heç kəs olmasa və ya əksinə kimsə, nəsə olsa bu barədə heç kimə məlumat verə bilməyəcəksən, yalnız özün biləcəksən. Ona görə də ölüm haqqında suallara cavab tapmaq dərin bir quyuya düşmək kimi bir şeydir. Siz ölən zaman yoxsunuz, təcrübə yaşayan insanlara məxsus bir şeydir. Siz öləndən sonra təcrübə deyilən bir şey qalmır. Hayderger deyir ki, bütün fəlsəfələr ölüm haqqında fikirləşmək səbəbindən, zərurətindən yaranıb. Siz inansanız ki, Allah yoxdur və biz təsadüfən dünyaya gəlmişik, insan cildinə düşmüşük, o zaman bizim üçün dünya dəhşətli bir yerə çevrilər. Elm bu suala cavab verməkdə acizdir. Bu sualların cavabını başqa yerdə axtarmaq lazımdır – fəlsəfədə, irfanda və dində. Bunlar bu suallara cavab təqdim edə biləcək dükanlardır ki, əgər insanlar ölməsəydilər, əbədi yaşasaydılar o zaman fəlsəfə, din və irfan pəncərəni bağlayıb o dükanı tərk edərdilər. Heç bir işləri olmazdı. Bu suala cavab verməyə iddialı olan qüvvə dindir. Dünya üzərində elə bir insan ola bilməz ki, bu barədə düşünməsin. Bütün eşq, ədəbiyyat, fəlsəfə, məzhəb, din məhz bu sualdan yaranıb.

 

Fərid Hüseyn: Həm "Tanrının ay üzündən öp” romanında, həm də "Cüzamlı əllər və donuz sümüyü” romanının qəhrəmanları Mövsümün də, Yunisin də həyatını bağladıqları adamlar onlarla, tamamilə, ziddiyyət təşkil edən adamlardır. Hətta, belə bir yer var, qəzet səhifələrində qadın hüquqlarından danışırsan, lakin öz evində qadınının hüquqlarını qorumursan. Əsərlərinizdə belə ziddiyyətli xarakterləri bir araya gətirməkdə yazıçı kimi əsas qayəniz nə idi?

 

Mustafa Məstur: Bu, qadınla kişi arasındakı təzaddır. İndi gərək ki, mən uzun danışım, çünki qadınlarla bağlı mövzular həmişə uzanır (gülür). Mənim qadına baxışım necədir, qadınların həyatımıza təsiri nədir? Mən qadınların çox güclü təsiri altındayam. Çox qısa şəkildə bir şey demək istəyirəm. Mənim qadınlara baxışlarım cümlələrdə ehtiva olunub: "Qafsız, şinsiz, nöqtəsiz eşqin hekayəsi”ndə, məsələn. Bu kitabı mən, bütünlüklə qadınlara həsr etmişəm. Əgər bu kitabın aciz, pənahsız kəlmələrində az da olsa, qadınlara hörmət, ehtiram varsa, mən təvazökarlıqla bunu bütün qadınlara ithaf edirəm. Onlar həyatımızın yeganə işıqlı, məsum və mənalı hissəsinin sakinləridir. Qadınlar həyatın ən işıqlı hissəsindədirlər, kişilərsə ən zülmət hissəsində. Qadınlar bizdən çox şey istəmir, onlar sadəcə yaşamaq istəyirlər. Amma kişilər bu kiçik istəyi belə onlardan əsirgəyirlər. Mən yaşadığım şəhərdə törətdikləri cinayətlər illərlə zindanda çürüyən kişiləri, bir də soyuqda, qarda, qışın çovğununda, isti havada zindan qabağında uzun-uzadı növbələrdə min bir əzab-əziyyətlə dayanan qadınları görmüşəm. Bu mənim üçün kişi və qadından ibarət bir tablodur. Bu çəkdiyimiz misalın hər ikisinə baxın və görün ki, qadınlar kişilərdən nə istəyirlər. Bu qarşılaşdırmanı ona görə vurğulayıram ki, hansı mövqedə dayanacağımızı bilək. Mən o romanın digər hissəsində yazmışam ki, əgər kişilər dovşan ətinin haram olan yarısıdırsa, qadınlar halal olan yarısıdır. Romanımda da qeyd etmişəm; bir kişinin çantasını açsan içində nələr görə bilərik? Bəs qadın çantasını açsaq nə görərik? Güzgü, bilet, dodaq boyası və s. Düşünürəm ki, qadınlar dünyadan çox şey istəmirlər. Dünyanı kişilər idarə edir, qadınlar yox. Dünya pisdirsə də, yaxşıdırsa da kişilərin adı ilə bağlıdı. İki böyük dünya müharibəsi baş veribsə, məncə, bu elə də yaxşı hal deyil. Kiçik müharibələri yaddan çıxartsaq, bu müharibələrə görə yüz milyon insan ölüb. Və bu kişiləri işidir. Qadınların isə əlləri pakdır. Svetlana Alekseyeviçin də "Müharibənin qadın siması yoxdur” adlı əsəri var. Bu bizə əsas verir, deyək ki, qadınlar həyatımızın ən aydın, günahsız, məsum hissəsindədir.

 

Fərid Hüseyn: Çıxışlarınıza və əsərlərinizə əsasən, demək olar ki, nəyisə təlqin və təbliğ etmək məqsədi güdən yazıçılardan deyilsiniz. Mən bununla razıyam, amma "Tanrının ay üzündən öp” romanında belə bir cümlə var ki, "əsl insansansa mütləq iz qoymalısan” Və "Cüzamlı əllər və donuz sümüyü”ndə də belə bir məqam var: "İsa bir söz idi, lakin mənalı söz, amma siz nəsiniz? Bir yığın mənasız söz! Sizin bir söz kimi mənanız olsun”. Sizcə, bütün insanlara məhz bu iz qoymaq missiyası vacibdirmi və ya hər kəs insanlar iz qoya bilərmi?

 

Mustafa Məstur: Şüar səsləndirməklə hər hansı bir mövqeni nümayiş etdirmək eyni deyil. Məsələn, bir var mən sənə məsləhət verirəm, sən bunu edə bilərsən, bir də var mən sənin gözlərinə baxaraq fəryad edirəm ki, sən bu dünyada mütləq bir iz qoymalısan. Sən bu dünyada bir iz qoymalısan ki, səndən sonrakı insanlar sənin varlığından xəbərdar olsunlar. Bu kiməsə nəyisə təlqin edən sözlərdən deyil. Bunu Selincerin, Milan Kunderanın əsərlərində açıq-aşkar görmək olar ki, onlar istiqaməti göstərirlər. Əsas odur ki, əsərdəki səmimiyyət oxucuya ötürülsün. Əgər səmimiyyət ötürülmürsə, bu artıq yazıçının günahıdır. 

 

artkaspi.az

LENT

21 İyul 2017
20 İyul 2017
19 İyul 2017