Nazənin qızların acı dillisi... - QOŞMALAR

Kulis.az gənc şair Pərviz Axundun yeni qoşmalarını təqdim edir.

 

Gedir

 

Qəfil qəzaların zamanı olmur,

Hər yaşa uyuşur, hər sinə gedir.

Bir anda qocalır dünya gözəli,

Şux qamət bükülür, tər sinə gedir.

 

Adamlar yoluxur dərdə, görürsən,

Göydə gəzdiyini yerdə görürsən.

Və bir də görürsən, bir də görürsən,

İşlərin çevrilib tərsinə gedir.

 

Axund, boş-boşuna danışma, kiri,

Gedib-gəlməkdədir vaxtın kəfgiri.

Baxırsan, ağıllı bildiyin biri

Ən axmaq adamın dərsinə gedir.

 

Adamları

 

Bir kəlmə dindirib söylətmək olmur,

Nə yaman tez tutur söz adamları.

Qatıb-qarışdırıb çarxın gərdişi

Dərin adamları, üz adamları.

 

Vaxt gəldi bir əyri zamana çıxdı,

Mütləq bildiyimiz gümana çıxdı.

Yaxşılar yonulub yamana çıxdı,

Tanıya bilmədik biz adamları.

 

Baxırsan, görürsən gendən, ilahi,

Çıxmışıq imandan, dindən, ilahi.

Bircə diləyim var səndən, ilahi,

Ağıl sırasına düz adamları.

 

Getdi

 

Kimisi ağladı dünya dərdinə,

Ürəkdən bir kərə gülmədi getdi.

Biz ölüb tükəndik zülmün əlindən,

Zalımın həvəsi ölmədi getdi.

 

Gördük, quru çıxdı sudan adamlar,

Hər işdə qazanan, udan adamlar.

Kütbeyin yaşadı nadan adamlar,

Doğrunu, yanlışı bilmədi getdi,

 

Çalışdıq dolanaq dünyada beş gün,

Qaldıq yurda həsrət, ocağa düşkün.

Hər zaman kənarda dayandı xoş gün,

Bir qədəm yaxına gəlmədi, getdi.

 

Axundam, dünyanın nə xeyri mənə?!

Nə gəşdi gərəkdir, nə seyri mənə.

Zəmanə yazdırdı bu şeyri mənə,

Mətləbim bir neçə kəlmədi, getdi.

 

Dilbər

 

Bir sevda uğruna könül qoyaram,

Salaram qürbətə yolumu, dilbər.

Niqabın üzünə çəkib durunca

Halımdan eylərsən halımı, dilbər.

 

Əlvan çiçəklərin qıvrım tellisi,

Ürkək maralların incə bellisi,

Nazənin qızların acı dillisi,

Xumar gözlülərin zalımı dilbər.

 

Axundam, çəkilməz bu qədər nazın,

Çıxmaz xəyalımdan o qəmər üzün.

Bir yola başlaram uzundan uzun,

Üzərəm dünyadan əlimi, dilbər.

 

Ağlaram

 

Müddətdi görmürəm hilal qaşlımı,

Ötüşər həftələr, aylar, ağlaram.

Çırağım sönüncə düşər gözümdən

Çırağban eşiklər, öylər, ağlaram.

 

Getdi gözlərimdən xallı maralım,

Harda arayalım, harda soralım...

Bilmərrə kəsilib səbri-qərarım,

Hicran bağrım başın teylər, ağlaram.

 

Sərgərdan olmuşam yar sorağında,

Mənzil bəlləmişəm qəm durağında.

Haçandı dayanıb yol qırağında,

Gəlib-gedənləri əylər, ağlaram.

 

İlqar bağlamışdıq zalım qızıynan,

Başımı tovladı işvə-nazıynan.

Ozan dədələrin telli sazıynan

Dərdimi dağlara söylər, ağlaram.

 

Axundam, yar gedər, həsrəti başlar,

Həsrət qəm gətirər, möhnət bağışlar.

Halımdan təlx olar yağan yağışlar,

Dolar bulud-bulud göylər, ağlaram.

 

2017

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018