Salam, Xocalı!

 

Aliyə

 

Xocalı faciəsinin il dönümüylə bağlı bağçalarda, məktəblərdə anım tədbirləri keçirilir. Uşaqlar əllərində qərənfil məktəbə yollanır. Çantalarında Xocalı rəsmləri var-tanklarla, qanla, qarla, yıxılan adamlarla dolu şəkillər var... Evimizdən məktəbə yola salırıq Xocalını, uşaqların düçüncəli üzündə də qarşılayırıq. Həmişə belə olacaq - Çöl deyəndə yaşıl çəmənlik yox, o qarlı çöllüyü düşünəcəyik...

 

Uşaqlarımıza da danışacağıq. Amma ehtiyatla. Qorxutmadan. Məktəbdə divar lövhəsində özü yaşda uşaqların cəsədlərini görmüş körpəni evdə aldadacağıq: elə şey olmaz, - deyəcəyik. - Heç adam da uşağı öldürərmi? – deyəcəyik. Bir az böyüklərə şeirlər seçəcəyik, amma daha bağçada “Bir ərin qolları düşüb yanında...” kimi şeiri 5 yaşlı uşağa verməyəcəyik. Uşaqların əllərinə qərənfillər verəcəyik, xatirə lövhələrinin, heykəlləri ziyarətə göndərəcəyik. Bu qətliam haqda filmlər çəkəcəyik, tamaşalar qoyacağıq, amma eləsini ki, terror “təkrarlanmasın”, bunu bizdə qorxu yaratmaq üçün etmişdilər axı? Biz qorxutmayacağıq, ağıllı olacağıq.

 

Bizsə sevginin, işığın qorxunu yendiyi filmlər çəkəcəyik. O dəhşətin bir yerində mütləq insana, insanlığa ümid saxlayacağıq. Filmlərimizlə qələbə çalacağıq! Necə ki, “Fəryad” fimində düşmən uşağına görə evi yanmaqdan xilas edən Ceyhun Mirzəyev qalib əsgər obrazı göstərdi bizə. O erməniyə, yaralı, heysiz vəziyyətdə qalib gəldi, “Mən insanam” deyə bildi. Filmlərimiz dərdimizi başqasına danışmaq kimi öhdəlikdən çıxıb özümüzlə söhbət olacaq!

 

Yaralarımız qanayanda insan olduğumuzu yadımıza salacaq! Bizim düşməndən fərqimiz bu olacaq!

 

O qətliamdan o dəhşətli şəkilləri böyüdüb binaların üstündən asmayacağıq. Reklam, ya da “müvəqqəti narahatlığa görə üzr istəyirik” lövhəsinin üstünə yapışdırmayacağıq. Onlar o şəkillərdən yox, bizim kədərimizdən anlayacaqlar hər şeyi. TV-lərimiz müğənnilərin qarderobundan çıxıb qəfil kədərlənməyəcək.

 

Biz bu faciəni unutmaqdan da qorxmayacağıq. Çünki heç zaman unuda da bilmərik...

 

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017
21 May 2017
20 May 2017
19 May 2017