“Atamla-anamı yanımda öldürdülər!” – Xocalının 14 yaşlı şahidi...

Təsəvvür edin, 14 yaşınız var, qarlı-çovğunlu bir qış səhəri dağların meşədən nisbətən təmizlənmiş geniş yaxasında ailəlikcə qaçaqaçdasınız. Qəflətən camaatla birlikdə sizi aypara kimi mühasirəyə alan əsgərlər atəşə başlayır.

 

Yaşlı atanızın və ananızın harada qaldığını bilmirsiz, eləcə qışqıra-qışqıra yaxınlıqdakı çayın yamacına tərəf yüyürürsüz və təsadüf sizi bu güllə yağışından - bəndələrin düzəltdiyi Qiyamətdən xilas edir. Qulaqlarınız batır və ağlaya-ağlaya çay yenişə tanımadığınız istiqamətə qaçırsız. Bəzən ayağınız sürüşür, çaya yıxılırsız, islanmış bədəniniz daha çox üşüyür. Göz yaşınız yanağınızda donur. Amma, tanrı sizə qüvvət verir və tək-tənha qaçıb xilas ola bilirsiz.

 

- Səhər açılmışdı. Gördüm kəndə oxşar nəsə var. Bir kişi də qabağında iki inək gedir. Yaxınlaşdım. Kişi vəziyyətimi görəndə çaşdı. Düşünürsən, səhər tezdən, şaxtalı-qarlı havada meşə tərəfdən əyni-başı islanmış, paltarı qanlı bir uşaq gəlir. Yaxınlaşıb mənə nəsə dedi. Ağzı tərpəndi, səsi çıxmadı. Əvvəl elə bildim kişi laldır. Handan-hana anladım ki, güllə səslərindən qulaqlarım batıb! Üç gün heç nə eşitmədim... – çaydan bir qurtum alır Tofiq.   

 

Çoxdan tanışıq

 

Şəklinə diqqətlə baxsanız, qəribə bir doğmalıq görərsiz Tofiqdə. Onunla, yeyib-içməyə, məhəllə davasına, adaxlıbazlığa, müharibəyə - hər yerə gedə bilərsiz. Güvənə bilərsiz yəni! Sevinci də, nəşəsi də, hərdən köks ötürüb qüssələnməsi də Azərbaycana elə bənzəyir ki... Sanki hamının qohumu, hamının dostudur. Elə əslində bu cürdür. Onu tanıyan insanların hamısı onunla dostdur! Ciddi deyirəm. Küçə ilə getməli deyil özüylə. Az qala hamıyla görüşüb bir-iki dəqiqə dərdləşir. Dönərsatan, tələbə, müəllim, qız, qadın, qoca, uşaq, “stayanşik”. Hətta hərdən bahalı maşınları saxlayıb kamali-ədəblə görüşürlər Tofiqlə, qulluq təklif edirlər. Aramızda qalsın: bir balaca da vurub tutandır! Qırma kimi partlayır, sağa-sola qaynayır. Oturub bir stəkan çay içmək istədinsə başına ən azı on adam yığılacaq. Xüsusən, “Elmlər Akademiyası” metrosu həndəvərində, Bakı Dövlət Universitetinin tələbə şəhərciyində...

 

Əvvəllər orda qalırdı Tofiq. Sonra Müşfiq qəsəbəsindən ev verdilər onlara. İndi mənzil şəraitləri yaxşıdır. Amma Tofiq yenə dava-şava salır. Deyir, bir dəfə “atapleniya” partlamışdı, baxan yoxuydu, gəlib “Qaçqınkoma”can çıxdım. Problemi həll eləməmiş geri qayıtmadım.

 

Əli Kərim demiş, zəhmətsevər, ağır, enli, cod əlləri var. Fəhlə işləyir. Yaxşı ustadır – ev üstü vurur! Amma deyir, sifarişlər az olanda dolanışıq çətinləşir.

 

Üç uşağı var: iki oğlan, bir qız...

 

 

Dərd-qəm bu insana heç yaraşmır. Görəndə istəyirsən gün-axşamacan deyib-güləsən özüylə.    

 

Belə adamla Xocalı barədə necə danışasan. Adam qıymır ona, dərdlərini-ağrılarını yadına salmaq istəmir...

 

Amma faciənin ildönümündə danışdırmaq istədim. Neçə ildi dostuq, başına gələnlərin sadəcə ucundan-qulağından eşitmişəm. Dərddən qaçmaqla deyil ki! Bizim dərdimizin ayaqları var, harda olsa gəlib bizi tapır (M.Yaqub).

 

İraq olsun!

 

Doğrudan ağırdır.

 

İraq olsun deyirəm də, amma bizi o müdhiş gecədən zamanca 25 il, məkanca 350 km məsafə ayırır.

 

Elə də uzaq deyil!

 

- Əslində biz iki dəfə qaçqın düşmüşük... Əvvəlcə, Əsgəranın Ballıca kəndindən Xocalıya, sonra Xocalıdan Ağdama...

 

Tarixini dəqiq xatırlayıram ilk qaçqınlığımızın. Bu unudulası gündümü: 1988-ci il 18 sentyabr. 10 yaşım vardı...

 

 

Ballıca balaca kənd olub. Cəmi 7 evi varmış. Tofiq deyir axşam yeməyinə yenicə oturmuşduq, Styopa adlı erməni qonşumuz hay-harayla gəldi ki, ara, Stepanakertdən (Xankəndi) silahlı ermənilər gəlib, sizi öldürmək istəyirlər. Qaçın, gedin!

 

İşıqlarını söndürüb yaxınlıqdakı meşəyə qaçıblar. Ölkədə vəziyyətin qarışıq olduğunu bildiklərindən, haqlı olaraq, qorxurmuşlar. Bir az keçəndən sonra yaba, balta və dəhrə ilə silahlanmış ermənilər gəlib ballıcalıları tapırlar və onlara kəndi tərk eləmək üçün 3 gün vaxt verirlər. Tofiqgilin ailəsi yığışıb Ağdamın Şelli kəndinə gəlir. Bir müddət orda – qohumlarının yanında qalandan sonra ailəyə Xocalıda fin evi verilir.

 

Xocalı

 

- Atam Həsənbala Əzimov zəhmətkeş adam idi. Təsərrüfatla məşğul olur, halal zəhmətlə yaşayırdı. Elə anam Pərvanə də zəhmətkeş qadın idi. Evdə 7 uşaq idik – beş qardaş, iki bacı. Mən altıncı uşağam. Məndən balaca bir bacım var.

 

Sevinirəm ki, Xocalı dağılan gecə bacılarım orda deyildi...

 

Aran Qarabağa, qohumlarımızın evinə yollamışdıq onları. Çünki müharibə başlamışdı artıq. İki qardaşım Laçında döyüşürdü.  Çətin idi bizə...Blokada şəraiti, qorxu içində, dolanışıq ağır...

  

O səhər

 

Əslində gecədən atışma başladı. Güllə səsləri həmişə gəldiyindən öyrəncəli idik. Ona görə yıxılıb yatdıq. Birdən oyandıq ki, Xocalı başdan-ayağa nur içindədir. Elə bil gündüzdür. Səmaya o qədər fişəng buraxmışdılar...  Birdən qıraq məhəllələrdəki fin evlərinin yandırıldığını gördük. Onda başa düşdük ki, bu xına, o xınadan deyil. Qonşular vahimə içində bir yerə toplaşdı. Başımızı itirmişdik, hara gedəcəyimizi bilmirdik. Bir yan Əsgəran, bir yan Stepanakert! Atam məsləhət gördü ki, Laçına tərəf gedək, amma sonra adamlar artdı. Bu uşaqlı, qocalı, qadınlı insan seli Stepanakertin yanından keçə bilməzdi. Hamılıqla Qar-qar çayına tərəf qaçdıq. Çayda da körpü yox idi. Havanın dondurucu şaxta olmasına baxmayaraq hamı özünü çaya vurdu. Yadımdadı, məni qardaşım Şahin belinə alıb keçirdi çaydan. Kətiy dağına tərəf gedib, orda gizlənmək istəyirdik. İnsanlar başını elə itirmişdi ki... Bu qədər adam necə gizlənə bilərdi?!     

 

Şelli ilə üzbəüz Qara qaya adlı yerdə bir BMP dayanmışdı, üstündə iki rus əsgəri. Silahsız adamlar – qocalar, qadınlar, uşaqlar BMP-nin sağ-solundan keçib gedirdilər. Birdən atəş başladı...

 

 

Müsahibim söhbətinin bu yerində udqundu, dayandı. Deyəsən, 25 il əvvəlin incə detallarına, kədərli təfərrüatına varmaq üçün bir az zamana ehtiyacı vardı.

 

Qan

 

- Ha düşünürəm, detallar təfərrüatı ilə yadıma düşmür. Bir o yadımdadır ki, güllələrdən biri əmim qızının əlini parçalayıb qucağındakı uşağa dəydi. Yazıq elə anasının qucağındaca keçindi... 

 

Atamla-anamı son dəfə necə gördüm? Qaçırdılarmı, biri-birinə sığınıb əyilmişdilərmi –yadımda deyil. Atışma başlayan kimi, elə bir boğanaq qopdu ki, hamı bir-birini itirdi. Mən də tanımadığım istiqamətə qaçmağa başladım. Bircə ayağıma ilişən uşaq meyitləri yadımdan çıxmır. Bəzən ayağım ilişir, onların üstünə yıxılırdım. Gəlib Ağdamın aeroportuna çıxanda üstüm-başım qan içində idi.

 

Qardaşım Hüseyndə silah vardı deyə, önə çıxıb camaatı müdafiə eləmək üçün bizdən ayrılmışdı. Ata-anamın yanında bircə Şahin varmış onlar vurulanda. Artıq ikisinin də öldüyünü görüb, qaçmışdı.

 

Şahin bir xəndəkdə təsadüfən əmim oğlu Nəsibə rast gəlib, yaralandığında orda gizlənibmiş. Nə illah edir, ayağa qaldıra bilmir. Onu da orda qoyub gəlməli olur. Əmim oğlu əsir düşdü. Ona o qədər fiziki əzab vermişdilər ki, danışsam bəlkə heç kim inanmaz! Çox sonralar əsirlikdən azad etdik – erməni ilə dəyişdik.

 

Ağdam

 

Laçında döyüşən qardaşlarım hadisəni eşidib Ağdama gəldi. Qucağında uşağı öldürülən əmim qızını da Ağdamda, xəstəxanada gördüm.

Qardaşım Nadir silahlılara qoşulub meyitləri gətirmək üçün atışmağa gedirdi. Saxladılar ki, kömək gələcək. Kömək həqiqətən də gəldi. Bir vertolyot bizimkiləri müşayiət etdi ki, gedib meyitləri gətirsinlər. Rəhmətlik Çingiz Mustafayev də orda idi.

 

Qardaşlarım Şahinin bələdçiliyi ilə gedib atamla-anamı gətirdilər. Martın 1-i idi. Dəfn isə martın 2-də oldu. Onları Ağdamda “Abidə” adlı yerdə basdırdıq. Sonra isə Ağdam alındı. “Abidə”dəki bütün şəhid qəbirlərini dağıtdılar.

 

Qaçqınlıq

 

- İlk dəfə Oğuz rayonuna gəldik. 8 ay orda çox ağır günlər keçirdik. Sonra bizi Hacıkəndə köçürdülər. Dövlət bizə yaxşı baxırdı Hacıkənddə. Ev verdilər, gündəlik yemək-içməyimizi verdilər. Amma şəhid ailəsi kimi indiyədək 1 qəpik də almamışıq. O vaxtdan sənədləşdirmədik nədənsə.

 

 

Döyüşdə olan qardaşlarımın ailələri də Hacıkənddə qalırdı. Onlara da, demək olar ki, mən baxırdım. Odun-ocaq, bazarlıq... Nəsə çox uzatmıram. Burda da əzablı bir həyat yaşadım. Ümumiyyətlə, çətinlik alnıma yazılıb.

 

Bakı

 

1998-də Bakıya gəldim.

 

Bakı Dövlət Universitetinin yataqxanasında qalırdım. Sonra evləndim. 2013-cü ilədək burda yaşadıq, ötən il ev verdilər bizə.

 

Xatirələr

 

28 nəfərə yaxın qohumum şəhid oldu. Xocalıda ən çox qohumu ölən ailələrdən biriyik.

 

Düz, 17 yaşınacan Xocalının mənə verdiyi stressdən çıxa bilmədim, xeyli müalicə olundum. Əsəblərim tamam pozulmuşdu. Sonra stressim tədricən keçdi. Amma ağrılar yerindədir. Hələ illər keçdikcə daha da ağırlaşır.

 

 

Bir də ata-anamın qəbrinin dağılması yaralarımızı təzələdi. Onlardan bu dünyada yeganə xatirə bu fotoşəkildir. O da Laçında bibimgilin evində imiş deyə salamat qaldı. Yoxsa, bu da olmaya bilərdi...

 

Bir də Qarqara tərəf qaçanda bir yaralı uşaq gördüm, üzümə baxıb inildədi. Onun səsi hələ də qulaqlarımdadır...

 

Nə deyim eee, – səsi boğulur Tofiqin, çaydan daha bir qurtum alıb boğazının qəhərini udmağa çalışır. 

 

İraq olsun dedim, həəə!!

 

Amma 350 km məkan, 25 illik zaman məsafəsi heç yaxın da deyil!

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018