Nişanlım məni al-qanın içində qoyub qaçdı – ROMANDAN PARÇA

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

 

əvvəli burada

 

İyirmi yaşlı qızın içində hansı sızıltılar dolaşır, hansı yellər əsir – bunu elə o yaşda qızlar bilər. Zaman hər dərdin dərmanıdı, deyirlər. Mənə dərman olmadısa da, bir az özümü toplamağıma, dikəlməyimə kömək elədi.

 

İçimdə Əliyə nifrət göyərdə bilmirdim, onda günah görmürdüm, amma bunca zəif olduğunu da düşünmürdüm. Elə bilirdim doğmalarım məni zorla bir başqasına ərə versələr, bir ömür xəcalətli qalacam onun yanında; o da evlənməyib gözünü mənim yoluma dikəcək, elə bu həsrətlə də özünü çürüdəcək. Bəs bundan sonra mən ailəmin, uşaqlarımın arasında necə qayğısız, xoşbəxt, dinc ömür sürərdim?! Belə bir namərdliyi nəinki içimə, heç xəyalıma da sindirə bilmirdim.

 

Canımda qızlıq şövqündən bir əsər qalmamışdı. Mənim xəstələndiyimi görcək xalam gözəlağa oğlunu tələsik evləndirmişdi, bu da məni çox sevindirmişdi. Artıq Aqil qardaşımın da toyu çalınmışdı. Doğmalarım xəstəliyimin şiddətlənməyindən ehtiyatlanırdılar deyə mənə nizə burnunda da olsa azadlıq vermişdilər. Anam mənim ocaq qırağında qalacağımdan çox qorxurdu – saçımın iki dəfə qırxılmağı, bizimkilər nə qədər gizlətsələr də, kəndə yayılmışdı; xəstə, üstəlik də nişanı qayıtmış qızı heç kəs öz oğluna rəva bilməzdi. Mənsə bu halımdan lap məmnun idim. Düzdü, azacıq dirçələn kimi, belim bir balaca düzələn kimi ürəyimdə yeni arzular tərpənişirdi, tay-tuşum qızlar sayaq mən də ərə getmək, çoxlu uşaq doğmaq, kiminsə xanımı olmaq istəyirdim. Ancaq kimin? Bu sualın cavabı hələ məni tapmamışdı, hardasa çəkisizlikdə, zamansızlıqda fırlanırdı.

 

Arada yenə ali məktəbə sənəd verməyə can atdım, indi də dedilər ki, gedib uşaq-muşaqla bir qrupda oxuyacaqsan, sənə lağ eləyəcəklər...

 

***

 

Öz kəndimizdən olmasa da, qonşu kəndlərdən bir neçə dəfə mənə elçi düşmüşdülər, ancaq atam-anam heç birinə razılıq verməmişdi. Nəhayət, yaxın kəndlərin birində yaşayan varlı-hallı, nüfuzlu bir kişi, atamın uzaq qohumu məni oğluna istədi. Anam bu təklifdən razı qalıb dingildəməyə başladı, “bunlar əsl bizim adamdı” deyə məndə elçilərə maraq, həvəs oyatmağa çalışdı. Bu yandan da oğlanın tərifini göylərə qaldırdılar; kiçik bacım namizədi hardasa görmüşdü, kəsib kirimirdi ki, çox yaraşıqlı oğlandı.

 

Bir axşam atam da evdə yekə bir bəyanatla çıxış elədi:

 

- Mən səni mahalın ən gözəl oğlanına verirəm!..

 

Mənim üçünsə onun kimliyi, nəçiliyi önəmli deyildi. Konkret bir ər meyarım, kriteriyam da yoxuydu, düşünürdüm ki, təki mən ailəmdən qopum, ailəm də məndən qurtulsun, məndən kiçik iki bacımın yolu açılsın.

 

Bir sözlə, mənim əvəzimə hər şeyi düşünüb-daşınıb qərar da vermişdilər. Mənim gələcək ərimi görüb-görməməyim də kimsəni maraqlandırmırdı; təkcə bibim belə bir təşəbbüs atdı ortaya, ondan sonra təşkil elədilər ki, onu heç olmasa uzaqdan görə bilim. Çox istədim ki, oğlanın səsini də eşidim, dedilər olmaz, oğlan yaxına gəlməyə utanır. İnsafən ailələri adlı-sanlı, gələcək nişanlım özü də gözəgəlimliydi, hətta obanın ərgən qızları mənə həsəd aparırdılar.

 

Uzun get-gəldən sonra nişan günü təyin olundu. Atam, əmilərim böyük əziyyət, xeyli xərc çəkdilər, mənə bir ortabab ailənin toyuna bərabər nişan məclisi qurdular. Gələcək ərimin üzünü də elə nişan günü gördüm – insafən üzdən çox göyçək idi. Ancaq mən onun səsini eşitmək istəyirdim, necə deyərlər, danış, səni görüm.

 

Qonaqlar, qohumlar, qonşular geniş həyətimizdə yeyib-içir, çalıb oynayırdılar. Mən də ikinci mərtəbədə subay sinif yoldaşlarımın, əmiqızıların, xalaqızıların arasında oturmuşdum. Mənim çəpəlayaq, gəvgəndiş baldızım yuxarı çıxıb elan verdi ki, üzüktaxma mərasiminin baş tutması üçün mənim aşağı düşməyim lazımdı. Pəncərədən oğrun-oğrun boylandım: qardaşlarım, əmilərim, əmim oğlanları həyətdə boy-boya vermişdilər. Onların gözünə görünməkdən utandığıma görə sakitcə “düşə bilmərəm” dedim. Bunu eşidən kimi baldız daş atıb başını tutdu, içəridə fısqırıq qopardı, dedi düşməsən, Emin (yəni nişanlım) əsəbiləşəcək. Cavabında dedim zərər yoxdu, qoy əsəbiləşsin. Mənim zarafatla dediyim bu sözə otaqda hamı güldü, baldızımsa başılovlu özünü atdı aşağı, ancaq içəridən çıxaçıxda fürsəti qaçırmayıb dodağının altında nəsə donquldandı (Sonra bildim nə deyibmiş: “Belə elədin ki, nişanın qayıtdı eyy...”).

 

Az sonra xəbər gəldi ki, aşağıda ara qarışıb, Eminə deyiblər zərər yoxdu, qız düşmür, sən çıx yuxarı; o da deyib yox, qoy qız düşsün aşağı. Ancaq gələcək qaynatam işə qarışandan sonra atasından çox çəkinən Eminin əlacı kəsilib. Bir də gördüm fısıldaya-fısıldaya çıxıb ikinci mərtəbəyə ki, nişan üzüyünü barmağıma taxsın.

 

Mən qızların arasında utancaq ədayla dayanmışdım. İçəri keçər-keçməz nişanlımın ilk sözü bu oldu:

 

- Nə özünü qoymusan dağ başına, ayağına adam gətirirsən!

 

O səs mənə hər şeyi açıq-aydın dedi, o səs mənim gələcək bəlalarımın anonsu oldu. Bir an başımdan keçdi ki, hələ barmağıma taxılmamış üzüyü ondan alım, üstünə tüpürüb atım ayaqlar altına, bununla da hər şeyi alt-üst eləyim. Bu fikirlə başımı qaldıranda yazıq-yazıq baxan qardaşlarımı, bacılarımı gördüm, elə həmin andaca səsimi uddum...

 

***

 

Nişandan iki ay ötmüşdü, ancaq biz hələ də görüşməmişdik. Hövsələsi daralmış qaynanam artıq xəbər xəbər dalınca göndərirdi ki, bəs belə olmaz, nişanlılara görüşmək üçün şərait yaradılmalıdı. Qayda beləydi ki, gərək qız evi oğlanı qonaq çağıraydı.

 

Ardıcıl təzyiqlər nəticə verdi, atamgil Eminin bizə ayaq açmasına yaşıl işıq yandırdılar. Bundan sonra nişanlım ürəkləndi, həftədə bir yol qapımıza maşın sürüb məni dükan-bazara aparmağa başladı.

 

Emin öz xislətini elə birinci görüşümüzdəcə büruzə verdi. Bir nişanlı qız kimi Allah qoymasa guya özümə bəzək-düzək vermişdim. Bəzəyim də nəydi – o vaxtlar dəbdə olan qırmızı “vodalazka”, bir də ətəyi dizimi tam örtməyən yubka. Bu görüşə bir ayrı həvəslə gedirdim – içimdə yenicə pardaxlanmağa başlamış gözəl duyğular, gözümdə təzə açılmış lalələr...

 

Adam məni görəndə nə desə yaxşıdı:

 

- Bu koftanı geyməklə döşlərini kimin gözünə soxmaq istəyirsən, özünü kimə göstərirsən?!

 

Qulaqlarım guppuldadı, eşitdiyimə inanmadım. Əvvəl elə bildim bu, bir zarafatdı – bəyəm adam anlamırdı ki, mən özümü kimə göstərirəm?..

 

Beləcə, hər görüşümüzdə o, ya mənim geyimimə, ya hansısa bir sözümə-hərəkətimə qulp qoydu, mənə sataşdı, məni lağa qoydu. Birdən elə nadan suallar verirdi mənə, heyrətdən gözüm kəlləmə çıxırdı. Çox tezliklə anladım ki, bu adam mənlik deyil.

 

Bir gün də bazarda əmim oğluyla qarşılaşdıq, o, məni görcək bağrına basıb bərk-bərk qucaqladı, hər iki yanağımdan öpdü. Gözümün ucuyla gördüm ki, Emin bu səhnəyə qanlı-qanlı baxır. Əmoğlu məndən qopandan sonra ona əl uzatdısa da, əli havada qaldı, Emin onun salamını almadı. Əmim oğlu mənim pərt olduğumu, sarsıldığımı sezib:

 

- Ay qız, vecinə də alma, - dedi, - canın sağ olsun, təki sən sağ ol!

 

Bunu deyəndən sonra o, gülə-gülə bizdən aralandı. Emin arxadan onu ikrahla süzüb mənə sarı qayıtdı:

 

- Nədi, indi həmişə belə olacaq?!

 

Mən ona əmim oğlanlarının məni öz doğma bacılarından seçmədiklərini anlatmaq istədimsə də, alınmadı, nişanlım mənim ailəmin, nəslimin, kəndimin ünvanına xoşagəlməz sözlər dedi. Onda sözümüz çəpləşdi, bir az deyişəndən sonra o, qolunu açıb üzümə möhkəm bir şillə vurdu. Beynim silkələndi, dünya gözümdə qaraldı. Nişan üzüyünü barmağımdan çıxarıb var gücümlə onun sifətinə çırpdım. Sonra da bir maşına oturub birbaşa evimizə sürdürdüm...

 

Yolda qəti qərara gəlmişdim: nişanı qaytarıram!

 

Evə çatanda başıma gələnləri ata-anama yerli-yataqlı danışdım, sonra da qərarımı bəyan elədim. Elə bunu dediyimi gördüm, evimizə elə bil vay düşdü. Bir qızın iki dəfə nişan qaytarması o vaxtlar üçün görünməmiş hadisəydi, belə bir rüsvayçılıq yükünü kənd yerində, elə şəhər yerində də heç kim daşıya bilməzdi. Ona görə də nə atam, nə anam, nə qardaş-bacım – heç kəs, heç kəs mənim sözümü demədi, heç kim mənə arxa-dayaq durmadı.

 

...Sən onda gəlməliydin, Dostum, bax onda...

 

***

 

Nişandan sonra bir müddət kənddə qalıb dərsə getmədim. Emin məndən təhsilimi yarımçıq qoyub peşə məktəbiylə üzülüşməyimi tələb eləyirdi. Mənsə iki illik əziyyətimi bir neçə aya görə bada vermək istəmirdim. Artıq məktəbi bitirməyimə üç ay qalırdı. Heç cür anlaşıb isinişə bilmədiyim nişanlımla çəkişə-çəkişə, didişə-didişə çox böyük çətinlik bahasına qayıtdım Bakıya.

 

Bir həftə sonra Emini tədris korpusumuzun qarşısında görəndə elə bil yuxudan ayıldım. Nişan üzüyümü barmağıma taxmamışdım. Üstəlik, nişanlandığımı da qrup qızlarından heç kimə deməmişdim. Hətta Xuraman müəllimənin də bu işdən xəbəri yoxuydu.

 

Özümü Eminə göstərmədən arxa qapıdan çıxıb birbaşa evimizə getdim. Gəlinimiz Fəridə də, universitet tələbəsi bacım Sevil də məni görcək dərsdən tez qayıtdığıma təəccübləndilər, həyəcanla bunun səbəbini soruşdular. Mən Emini məktəbin həyətində gördüyümə görə evə qaçdığımı dedim. Hər ikisi buna görə məni qınadı. Sonrakı iki günü dərsə getmədim ki, bəlkə o, məni gözləməkdən bezib qayıda kəndə.

 

Növbəti gəlişində Emin artıq evimizin yerini öyrənmişdi. Mən məktəbi bitirənə qədər şəhərə neçə dəfə gəldisə, hamısında yolunu bizdən saldı. Hər dəfəsində də aramızda mübahisə, narazılıq yarandı, heç bir məsələdə ortaq fikrə gələ bilmədik. Görünən buydu ki, biz qonşu kəndlərdə böyüsək də, ayrı-ayrı planetlərin adamlarıyıq, heç vaxt da anlaşa bilməyəcəyik. Onunla görüşmək, danışmaq məndən ötrü cəhənnəm əzabına çevrilmişdi.

 

Peşə məktəbindən diplomumu alıb evə qayıdanda isə aramızdakı gərginlik pik həddinə çatdı. Mən artıq yır-yığış eləmişdim, on yaşlı dayım oğluyla birgə axşam qatarıyla kəndə qayıtmalıydım. Emin gündüzdən bizə gəldi, kəndə nə vaxt gedəcəyimi soruşdu.

 

- İki gündən sonra, - deyib onu aldatdım. Bu uzun yolu onunla birlikdə getmək gözümə durmuşdu, o boyda məşəqqətə dözəsi halda deyildim. Bilirdim yolda yenə mənasız bir şeydən ötrü dava-dalaş salacaq.

 

Sağollaşıb çıxanda Emin darvazanın ağzında dayım oğluyla qabaqlaşar. Uşaq bu axşam qatarla kəndə gedəcəyimizi sevincək ona xəbərləyər.

 

Axşam dayımla Hakim bizi dəmiryol vağzalına aparıb qatara mindirdilər. Yükümüzü, ayın-oyunumuzu yerbəyer eləyib, qatar tərpənəndə vaqondan düşdülər. Kupedə bir yaşlı qadın, bir cavan oğlan, bir də dayım oğluyla mən qaldıq. Qatar tərpənənə qədər canımda dərin səksəkə vardı, ancaq qatar yola düşəndə rahatlaşdım. Uşağı yerinə uzandırdım, özüm də ayaqqabılarımı çıxarıb yatağın bir küncündə ayaqlarımı altıma yığdım. Qadın məni söhbətə tutmaq istədi, ancaq danışmağa könülsüz olduğumu görüb kiridi. Hər nömrəsini maraqla oxuduğum “Oqonyok” jurnalını çantamdan çıxarıb vərəqləməyə başladım.

 

Birdən kupenin qapısı şaqqıltıyla açıldı. Mən üzümə tutduğum jurnalın altından yerə baxdım, öz-özümə dedim ki, bu ayaqqabılar necə də Eminin ayaqqabılarına oxşayır. Başımı yavaş-yavaş yuxarı qaldıranda isə həyəcandan dilim batdı.

 

O, qorxu saçan baxışlarıyla düz burnumun qabağında dayanmışdı. Həyəcandan gülmək istədim, ancaq gözümü açmağa, nəsə düşünməyə amanım olmadı. Mənim gələcək ərim saçlarımı əlinə yığıb harama gəldi var gücüylə vurmağa başladı. Dayımgil məni kupedəki yaşlı qadına tapşırıb çıxmışdılar – yazıq arvad bilmədi neyləsin, dadıma nə təhər çatsın. Gözü qızmış Emin bir göz qırpımında məni qanıma bələdi. Arvad başını kupedən çıxarıb qışqırmaq istəyəndə onu da dartıb yerinə pərçimlədi, “nişanlımdı, özüm bilərəm” deyib o mülayim qadını hələ borclu da çıxardı.

 

Əynim-başım tamam qızıl qana boyanmışdı. Bələdçinin yatağa sərmək üçün verdiyi mələfəni, dəsmalı üzümə sıxıb saxlayırdım ki, bəlkə ağız-burnumun qanı dayana, amma qanım axdıqca axdı, deyərdin heç kəsməyəcək.

 

Səhərəcən o, məndən bir addım aralanmadı. Handan-hana dayımın yolda uşağın içməsi üçün aldığı bir şüşə suyu az-az mələfəyə damcıladıb üz-gözümün qanını təmizləməyə çalışdım. Əllərimdə qan iyi, damağımda qan dadı Eminlə göz-gözə oturdum. Uzun-uzadı onun sifətinə baxdım ki, bəlkə orada bir peşmanlıq işartısı görəm. Görmədim.

 

Emin məni vuranda barmağımdakı üzükləri çıxarıb atmışdım onun üstünə. Elə o şillə-yumruğun altındaca qərarımı vermişdim. Həmin gecə sübhə qədər ürəyimdə əzrayıla yalvardım ki, elə indicə canımı alsın. Səhər qatar düşəcəyimiz stansiyada silkələnib dayananada Emin hara yox oldu, bilmədim. Bizi qarşılamağa gələn Kamil məni görəndə qorxdu:

 

- Sənə nə olub, yıxılmısan?!

 

Mən çəkinə-çəkinə:

 

- Yox, məni Emin bu hala salıb, - dedim.

 

Kamil bizi maşına mindirib, özü bütün vağzalı ələk-vələk elədi, ancaq onu tapa bilmədi.

 

Evə çatanda əl-üzümə su vurmamış, sir-sifətim o halda atamın-anamın ayaqlarına döşəndim, yalvardım ki, kömək eləyin bu boyunduruqdan qurtarım.

 

- Qulunuz-köləniz olacam, bir ömür sizə qulluq eləyəcəm, nolar, məni bu oda atmayın, - dedim.

 

Anam yenə günahı məndə gördü. Bundan sonra özgə çarəm qalmadı, Eminə qarşı bacardığım qədər diqqətsiz oldum, onunla daha da kobud davrandım ki, bəlkə bezib özü bu işi bitirə.

 

ardı var

 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017