23 Xocalı sakinini xilas etmək üçün əsir düşən qəhrəman haqqında film

 

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar 24 fevral tarixində, saat 17:00-da Nizami Kino Mərkəzində "Natiq Qasımov" sənədli filmi nümayiş olunacaq.

 

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdur.

 

Elçin Musaoğlunun Azərbaycan xalqının qəhrəman oğlu Natiq Qasımovdan bəhs edən "Natiq Qasımov" adlı yeni sənədli filmi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib.

 

“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Kulis.Aza açıqlamasında filmin cəmiyyət üçün bir nümunə olduğunu söyləyib:

 

“Bu gün bizim cəmiyyətə ən lazımlı olan pozitiv nümunələrdir. Pozitiv nümunə cəmiyyətin inkişafında əsaslı rol oynayır. Əfsuslar olsun ki, bu gün bəşəri ideyalar yerinə mənfi, kriminal obrazlar təqdim olunur cəmiyyətə. Bu da bizim inkişafımıza mane olur. Çox sevinirəm ki, mənim prodüserliyimlə Natiq Qasımov haqqında film çəkilib. Ona görə ki, Natiq Qasımov öz əməli, igidliyi ilə Vətəni qorumağı nümunə kimi bizə göstərdi. Natiq Qasımovun hekayəsi gənclərin vətən sevgisi üçün örnək olacaq”.  

 

Rejissor Elçin Musaoğlu isə film haqqında bunları söyləyib:

 

“Mən əvvəl bu filmi müstəqil çəkmək istəyirdim, maliyyə tapa bilmədim. Millətçilikdən danışan adamlara da müraciət etdim, bir şey çıxmadı. Sonra prodüser Müşfiq Hətəmovla danışdım, filmin mövzusu, ideyası xoşuna gəldi və dedi ki, sənə mütləq dəstək olacam. Müşfiq bəy Mədəniyyət Nazirliyinə film haqqında danışdı və nəhayət, maliyyəni əldə edə bildik. 2016-cı ildə filmin çəkilişlərinə başladıq. İtaliyada, Moskvada, Mingəçevirdə olub çəkilişlər. Mənim bu filmi çəkməyimdə məqsəd ədaləti bərpa etmək üçün idi. Sənədli filmin əsas qayəsi bu idi. Uzun müddət Natiq Qasımov haqqında müxtəlif doğru-yanlış informasiyalar var idi. Sonuncu informasiya bu yaxınlarda çıxmışdı. Deyilirdi ki, o, aprel döyüşlərində qrantla erməniləri öldürüb. Səhv məlumatlar çox olmuşdu. Mən Natiq Qasımovu araşdırmağa başladım. Heyrət elədim ki, bizim bu cür möhtəşəm qəhrəmanımız olub. Beş gün ac-susuz döyüşən, 21 yaşında 22 nəfəri azad eləmək üçün canından keçən igid. Təslim olanda ermənilərin onu tikə-tikə eləyəcəyini bilirdi, ancaq vaz keçmir. Hətta təslim olmağa da bayraqla gedir. Məni ən çox maraqlandıran məhz bu hissə oldu. Bayrağı kilsəyə gətirən də o olub, ordan endirən də. Ermənilər kilsəyə adam göndəriblər, məktəb direktoru Cəfər Cəfərovu. Deyiblər ki, təslim olmasa girovluqdakı xocalıları öldürəcəklər. Cəfər danışır ki, ora gedəndə gördüm Natiqin iki gülləsi qalıb. Soruşdum ki, bu iki gülləylə neyləyəcəksən. Dedi ki, özümü vurmaq üçün saxlamışam. Onda Cəfər müəllim deyib, birini mənə vur, Natiq razılaşmayıb. Ermənilər də onun orda tək vuruşduğuna inanmırlarmış, elə bilirlərmiş ki, bir rota döyüşür. Nəhayət, Natiq bayrağı qoparıb təslim olur. Ermənilər onun tək gəldiyinə inanmadı heç. Elə bilirdilər, orda çox adam var. Bayrağı əlindən almaq istəyiblər əvvəlcə. Ancaq ordakı jurnalistlər ermənilərin humanistliyini göstərmək üçün bunun qarşısını alıblar. Və Natiq bayraqla o möhtəşəm gedişini eləyib. Filmi məhz buna görə çəkdim, haqq-ədalət məsələsini yerinə oturtmaq üçün. Bu adam milli qəhrəmanın görəcəyi işi görüb, ancaq adı itkin düşənlərin siyahısındadır. 25 il əvvəl canından keçən, bu qədər erməni öldürəndən sonra özünə güllə vurmaqdan vaz keçib təslim olmağa, zülmlərə razı olan bu adam görün necə böyük ürəyə sahib olub”.

 

Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdı. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir. Ağdamda Yaqub Rzayevin başçılığı altında “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır.

 

1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir, gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Burada bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürülmüş Xocalı sakinləri içərisindən yaşlı bir kişini - Cəfərov Cəfər Məhəmməd oğlunu çağırıb ona bildirirlər ki, məbəddəkilər təslim olmasalar, bütün xocalıları güllələyəcəklər. Bu xəbərdarlığı çatdırmaq üçün Cəfər Cəfərovu Azərbaycan döyüşçülərinin olduğu yerə göndərirlər.

 

Girovluqdan azad ediləndən sonra Cəfər müəllim bu hadisəni Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına belə danışıb:

 

“22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar sizi azad edəcəyik.

 

Məni kilsəyə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa 22 nəfər Xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hissdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi. Natiq bir əlində avtomat, o birində bayrağı göyə qaldırdı, dalbadal havaya iki güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Onlar hələ də gəlməyə qorxurdular. Mən özümü onlara göstərib işarə edəndə tökülüşüb gəldilər, onun üst-başını axtardılar, tək olduğuna inanmadılar. Məbədin içərisini atəşə tutdular. Heç kimin olmadığını görəndə daha da qəzəbləndilər. Orada 2 xarici jurnalist də vardı, fotokamera axşamın toranında əlində bayraq düşmənə gözləri nifrətlə zillənmiş Natiqə tərəf yönəldi…”

 

Cəfər müəllimin gördüyü jurnalistlərdən biri Rusiya Federasiyasında nəşr olunan məşhur “Oqonyok” jurnalının müxbiri Konstantin Smirnov, digəri isə fotomüxbir Enriko Sarzini idi. Jurnalın 1992-ci ilin aprel nömrəsində Natiqin əlində bayraq erməni hərbçiləri tərəfindən əsir götürülməsini əks etdirən foto dərc olundu…

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

LENT

29 Aprel 2017
28 Aprel 2017
27 Aprel 2017
26 Aprel 2017
25 Aprel 2017