Od çərşənbəsinin inancları

 

Kulis.az AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev “Od çərşənbəsi” yazısını təqdim edir.

 

Qədim zamanlardan günümüzədək Novruz ən gözəl milli bayramımız hesab edilərək, hər il bolluq, ruzi-bərəkət, firavanlıq rəmzi və yeni ilin başlanğıcı kimi təmtəraqla qeyd olunmuşdur. Novruz bayramından əvvəlki dörd çərşənbə (su, od, yel, torpaq) xüsusi mərasimlərlə keçirilir. Həmin çərşənbələrdən ikincisi Od çərşənbəsidir. Bu çərşənbə xalq arasında “Üsgü çərşənbə”, “Addı çərşənbə” kimi də adlandırılır. Od çərşənbəsinin qeyd edilməsi qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. İnsanlar qədim zamanlardan bu günə kimi hər zaman oda, istiliyə ehtiyac duyublar. Odun kəşf olunması insanları həm vəhşi heyvanların hücumundan müdafiə etmiş, soyuqdan, donmaqdan xilas etmiş, həm də gündəlik məişətdəki işləri rahatladan ən mühüm vasitələrdən biri olmuşdur. Mifoloji rəvayətlərdən də aydın olur ki, keçmişdə qədim insanlar ən çox nəyə ehtiyac hiss etmişsə, köməklərinə ən çox nə çatmışsa, onu müqəddəs olaraq qəbul etmiş və həmin ünsürə aid inanclar, mərasimlər yaratmışlar. 

 

Elə qədim dövrlərdən türk xalqlarında da günəşə, oda, atəşə böyük hörmət, inam olmuşdur. İnsanlar odu qorumuş, ocağı illərlə sönməyə qoymamışlar. Oda andlar içilmiş, müxtəlif mərasimlər təşkil edilməklə, insanlar öz şükranlıqlarını ifadə etmişlər. El arasında yayılan adət-ənənəyə görə Od çərşənbəsində tonqal qalayıb, üç dəfə “Ağırlığım, azarım-bezarım odda yansın” deyərək, odun üstündən tullanmaqla xəstəliklərdən xilas olunur, azar-bezarları yandırırlar. Digər üç çərşənbədə olduğu kimi, od çərşənbəsində də yeməklər, şirniyyatlar hazırlanır, ocağın üstü boş qalmır. Od çərşənbəsində odun, tonqalın yandırılması həm qışın soyuğundan xilas olmaq, həm də gələcək ilin isti, bərəkətli keçməsinə işarə sayılır. Od, tonqal, atəş, günəş istiliyin mənasını daşıyır və yaz fəslinin başlanması da havaların isinməsinin əsas göstəricisidir.

 

Qədim zamanlarda kənd yerlərində Od çərşənbəsinin başlanmasını xəbər vermək və insanları bir yerə toplamaq üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa hündür yerlər seçərək, o hissələrdə tonqal yandırılarmış. Türk xalqları dağ başında tonqal qalamaqla, oddan həm şad günlərində şənlənməyə, həm də düşmənin hücumu zamanı müdafiə olunmağa toplaşmaq üçün işarə verirmişlər. Dağ başında, hündür yerlərdə qalanan tonqalın sayına görə qədim türklər uzaqdan-uzağa həmin obanın, elin vəziyyətini təyin edərək, köməyə getmişlər. Bunu “Kitabi-Dədə Qorqud” dastanında da aydın görmək olar. “Dədə Qorqud” filminin sonunda Dədə Qorqud Bamsı Beyrəyin oğluna deyir ki, “Bir tonqal qalayanda elimiz şənliyə yığışır, iki tonqal qalayanda basqından, yağı hücumundan qorunmağa yığışır. Üç tonqal qalayanda zəhmətə toplaşırıq”. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi odun müqəddəsliyini bir daha diqqətə çatdırır.

 

Od çərşənbəsi ayin və mərasimlərindən biri günəşi çağırmaq, istiliyin olması üçün icra edilən “Qodu-qodu” oyunudur. İnsanlar Günəşi çağırmaq üçün “Qodu-qodu” mahnısı oxuyar, ondan istilik diləyirlər. “Qodu-qodu” mərasimində kənd cavanları üzərini qırmızı bəzədilmiş çömçəni Günəşin rəmzi kimi götürüb qapı-qapı gəzərək nəğmələr oxuyarlar:

 

Qodu-qodunu gördünmü?

Qoduya salam verdinmi?

Qodu burdan ötəndə

Qırmızı günü gördünmü?

 

Qoduya qaymaq gərək, 

Qablara yaymaq gərək, 

Qodu gün çıxarmasa, 

Gözlərin oymaq gərək. 

 

Yağ verin yağlamağa, 

Bal verin ballamağa, 

Qodu gülmək istəyir. 

Qoymayın ağlamağa.

 

Bu nəğməni oxuyaraq evlərdən pay yığılar.

 

Odla bağlı atalar sözləri.

 

Odu su ilə söndürmək olmaz.

 

Od çərşənbəsində ocağı boş qoymazlar.

 

Odsuz ocaq olmaz.

 

Od ilə oynamaq olmaz.

 

Od yanan yerdən tüstü çıxar.

 

Od yanmasa tüstü çıxmaz.

 

Ocaq keçər, külü qalar. 

 

Oda pənah aparanın ocağı sönməz.

 

Od qalar köz olar, qız qalar söz olar.

 

Od insanı həm qızdırır, həm də yandırar.

 

Od ilə pambığın nə dostluğu?

 

Od olsa özünü yandırar.

 

Ocağı söndürən çox olar, yandıran az.

 

Od ilə od sönülməz. (çözülməz).

 

Od düşəndə, yaş da yanar, quru da.

 

Od söndürər, su yandırar.

 

Odun imanı, sudadır.

 

Od yanan yerdən işıq gələr.

 

Oddan kül törər, küldən nə törər?

 

Odla bağlı inanclar.

 

Ocaq yananda səs çıxırsa, deyərlər ki, kimsə sözünü danışır.

 

Od hisli olarsa, “uzaqdan qonaq gələcək” deyərlər.

 

Ocaqda kül titrəyəndə “od xeyirə oynayır” deyərlər.

 

Ocağı dağıdan xeyir tapmaz.

 

Ocaq sönməyən yerdə məskən salarlar.

 

Çərşənbədə ocağı boş qoymazlar.

 

Odla bağlı alqışlar.

 

Ocağın odlu, qazanın qaynar olsun.

 

Ocağınız odlu, eviniz nurlu olsun.

 

Ağrın, acın odda yansın.

 

Ocağına nur çilənsin.

 

Ocağın bərəkətli olsun.

 

Ocağın sönməsin.

 

Odla bağlı andlar.

 

Od haqqı!

 

Gün haqqı!

 

İşığa and olsun!

 

Çıraq haqqı!

 

Hər zaman cağınızın yanar, odunuzun sönməz, eviniz işıqlı olması diləyilə, Od çərşənbəniz mübarək olsun!

LENT

17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017