Kitaba vaxtı olmayanlar

Kulis.az Şərif Ağayarın “Kitabın gücü” essesini təqdim edir.

 

Səhər metroda təsadüfən görüşdüyüm dostumla söhbət edirəm, əlimdə kitab görüb qüssələnir: “Çoxdandı kitab oxumuram!”

 

“Niyə?” – cavabını bilə-bilə sualı verməkdən özümü saxlaya bilmədim.

 

Cavabı hardan bilirəm? Təcrübədən.

 

“Vaxtım yoxdur!” – kitab oxumayan insanların yüzdə doxsanı bu cavabı verir və sizə deyim ki, tutarlı bəhanədir.

 

Yəqin beyninizdə sual doğdu: “Tutarlıdırsa, niyə bəhanə olsun?”

 

Cavab verim.

 

Əslində, həyatımız o qədər çətindir ki, heç nəyə vaxt yoxdur. Hətta, yaşamağa da!

 

Möhsün Mahmalbafın “Seks və fəlsəfə” adlı filmi var. Rəqs müəlliminin 40 yaşı tamam olur və eləmə tənbəllik bir saat götürüb xoşbəxt anlarını hesablayır. Məlum olur ki, adam bu 40 ildə beş-on dəqiqə yaşayıbmış.

 

Gerçəkdən belədir və bunu anlamaq üçün elə beş-on dəqiqə fikirləşmək yetərlidir.

 

Belə bir qaçdı-qovdu dünyada, özü də bu dünyanın Azərbaycan üzündə kiməsə “Niyə kitab oxumursan?” – sualını verib “Vaxtım yoxdur!” cavabını almaq salam verib əleyk eşitməkdir.

 

Amma vaxt nəyə deyirsiniz?

 

Vaxt belə şeydir ki, istəyəndə olur.

 

Dedim axı, əslində bizim yaşamağa belə vaxtımız yoxdur, amma yaşamaqda davam edirik.

 

Xəstə yanına getmək planlayırıq, o xəstənin həyatımızdakı əhəmiyyətlilik dərəcəsinə görə avtomatik vaxt bölgüsü aparırıq və nəticə çıxarırıq. Etiraf edək, belə anlarda biz vaxtdan yox, vaxt bizdən asılı olur.                   

 

Yas da, toy da, görüş də, qonaqlıq da, ibadət də, balıq ovu da, bulvar gəzintisi də, teatr-kino da eləcə...

 

Zaman həqiqətən nisbidir və ondan nə qədər faydalı istifadə edirsənsə o qədərdir.

 

Sözümün canı budur: problem vətən övladının, lap belə, evladının kitab oxumağa vaxt tapmaması deyil, problem kitabın vətən evladının həyatında əhəmiyyətli yer tutmamasıdır.

 

İnanın, əgər son üç cümlədə yazdıqlarım çevrilib tərsinə olsa, hər şey qaydasına düşər.

 

Və vətən evladının həyatında kitabın əhəmiyyətli yer tutmaması cəmi bəlaların anasıdır.

 

Xırda bir misal da çəkim, zəhlənizi çox tökmədən yazımın jalüzünü endirəcəm.  

 

Bir hind filmi də var: “Ana Hindistan”. Çoxunuz baxmış olarsınız, mən sadəcə yada salıram və diqqətinizi ordakı Lala obrazına yönəltmək istəyirəm.

 

Lala kənd ağasıdır. Onun lopa bığları, çoxlu var-dövləti və qara cildli bir kitabı var. Kitab kəndin torpaqlarını və əhalisini idarə etmək üçün yazılıb. Heç kimin yazıb-oxuya bilmədiyi bu məmləkətdə Lalanın kitabı lövhi-məhfuz kimidir. Orda nə yazılıbsa və necə yazılıbsa, ömür boyu əkin-biçində qan-tər tökən bütün zəhmətkeşləri Lalaya borclu çıxardır. Öküzlərə qoşulub yer şumlasalar da borclarını ödəyib qurtara bilmirlər.

 

Bəli. Kitabın gücü budur. Əgər sənin həyatında əhəmiyyətli yer tutmursa, qiymətdən düşən kitab yox, sən özün olursan.

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017