“Eyni anda min qadın sevə bilərəm!” - Nejat İşlər

O, Türkiyənin ən məşhur və sevilən aktyorlarından biridir. İstedadı, yaraşığı ona çoxlu sayda pərəstişkar qazandırıb. Azərbaycan tamaşaçıları da onu yaxşı tanıyır və sevir, xüsusilə də, xanımlar. Bir müddət öncə keçirdiyi ağır xəstəlik onu karyerasından uzaq salsa da, yenidən fəaliyyətinə davam edir. O da 4 ildən bir doğum gününü qeyd edən məşhurlardan biridir. Müsahibələrinin birində soyadını babasının işindən götürdüyünü bildirib.

 

 

Həyatı

 

Məşhur aktyor Nejat İşlər 1972-ci il fevralın 29-da İstanbulun Eyüp səmtində dünyaya göz açıb. Atası da, babası da fəhlə olub. Nejat liseydə oxuyarkən mühitə öyrəşə bilmədiyinə görə, yeni kollektivdə məşhur olmaq və dərslərdən yayınmaq üçün məktəbin teatr qrupuna yazılıb. Qısa zamanda məşhur olan Nejat dərslərindən tamamilə uzaqlaşırdı. Buna görə də liseyi bitirdikdən sonra universitetə girə bilməyib və işləməyə başlayıb. Pul qazanmaq üçün çay evi işlətmək istəyib. Ancaq işlər onun planlaşdırdığı kimi getmədiyindən borc alıb və borclarını ödəmək üçün köynək satmaq qərarına gələn Nejat qış aylarında köynək yerinə kitab, jurnal və val satıb. İki il sonra Yıldız Texniki Universitetinin fotoqrafiya ixtisasına qəbul olub və əsgərlikdən ötrü orda oxumaqdan imtina edib.

 

 

Karyerası

 

Nejat 27 mart Dünya Teatr Günü Taksimdə gəzdiyi zaman teatr səhnəsində pulsuz nümayiş olunan “Dantenin ölümü” tamaşasını seyr edib. "Mən niyə bu işlə məşğul olmuram?” - deyə düşünən Nejat İşler dayısının yanına gedərək Eskişehirdə konservatoriya imtahanına girməyə qərar verib.

 

1991-ci ildə İstanbula geri dönərkən Memar Sinan Universitetinin konservatoriyasına qəbul elanını görərək müraciət edib. Konservatoriyaya qəbul olan Nejat 1995-ci ildə məzun olana qədər dövlət teatrında və televiziya seriallarında rol alıb. Təhsillə yanaşı CD və kitab satmağa da davam edib. 1995-ci ildə məzun olduqdan sonra iki dostu ilə birgə “Qəhrəmanlar və Təlxəklər Teatrı”nı qurub. Teatr qurulandan sonra öz pyeslərini yazmağa başlayıb. Nejat müsahibələrinin birində deyirdi:

 

“Bəlkə heç oxumayan biri də yaza bilər bunları, yazmaq xətrinə yazmıram, sadəcə teatrda oynaya bilmək üçün yazıram”.

 

Nejat beləcə “Qəribə şəhər hekayələri”, “Biz yazıq kişilər” və “Yalnızlıq mənim gizli sevgilimdir" adlı üç kitab yazıb.

 

Hər fürsətdə məqsədinin baş rol oynayıb şöhrət qazanmaq olduğunu bildirən Nejat tək tamaşa zamanı ölmək arzusunda olduğunu bildirib. 1994-cü ildə rol aldığı ilk televiziya serialı olan “Qürur”dan sonra “Dəli ürək”, “Şahnaz tanqo”, “Evdə necə qaldım”, “Atam, Gofret və mən”, “Şeytan detallarda gizlidir” seriallarında rol alıb. Əsl məşhurluğunu “Gülbəyaz” və “Aliyə” serialları ilə qazanıb.

 

 

Rol aldığı ilk film isə 1999-cu ildə “Sentyabr fırtınası” olub. “Mustafa haqqında hər şey” və “Anlat İstanbul” filmləri ilə kino aktyorluğuna davam edib.

 

2006-ci ildə “Oğurlanmış gözlər”, “Həyatın sahilində” və 2007-ci ildə isə “Barda” və “Yumurta” filmlərində rol alıb.

 

2007-ci ilin ən məşhur rollarından biriylə "Bıçaq Kürəyi" adlı televiziya serialında çəkilən aktyor 2009-cu ilin payızında başlayan “Kapalıçarşı” serialında da oynayıb.  

 

2011-ci ildə oynadığı bir film və bir serial ona böyük uğur gətirib. “Kaybedenler kulübü” filmində baş rolu oynayan aktyor elə həmin il çox böyük məşhurluq qazanan “Behzat Ç.” serialında da rol alıb. Ankara polisindən bəhs edən serialda bütün rollarından fərqli olan, seriya qətllər törədən qatil Ərcümənt Çözər rolunu canlandırıb. Nejat eyni zamanda Haluk Bilginer, Olgun Şimşek, Cem Yılmaz, Özgü Namal kimi məşhurların iştirak etdiyi “Suzan Kardeş & Makyaj palatası şarkıları” albomunda yer alıb və “Hancı” adlı mahnını səsləndirib.

 

 

Nejat Kanal D-də yayımlanan “Keşanlı Əli dastanı” serialında baş rolu canlandırıb. Daha sonra məşhur “İntiqam” serialında Rüzgar rolunu oynayıb. Xəstələndiyi üçün serialdan ayrıldıqdan sonra onu “Kaybedenler kulübü” filmində birgə oynadığı Yiğit Özşener əvəz edib.

 

Nejat İşlerin hələ ki oynadığı sonuncu film 2016-cı ilin sonlarında nümayiş olunmağa başlayan “İkimizin yerinə” filmidir. Filmdə Nejat İşlər kiçik qəsəbədə ədəbiyyat müəllimi olan Doğa rolunu canlandırır. Aktyorun filmdəki tərəf-müqabili son illərdə ən sevilən məşhur aktrisalardan biri olan Serenay Sarıkayadır.

 

Aktyor hazırda Kanal D-də yayımlanan “Bodrum masalı” serialında Bora xarakterini canlandırır. Keçirdiyi xəstəlikdən sonra sakit həyat tərzi yaşamaq istəyən aktyor Bodrum Gümüşlükdə kitab mağazası açıb. Eyni zamanda 2015-ci ildə Bodrumun “Gümüşlükspor” klubunun rəhbəri seçilib.

 

 

Xəstəliyi

 

2013-cü ilin sentyabr ayında Beren Saat ilə birlikdə baş rolunu canlandırdığı “İntiqam” serialından xəstəliyinə görə ayrılmaq məcburiyyətində qalan Nejat Bodrum Gümüşlükdəki evinə gedib. O, haqqında yayılan “müalicə olunmaq istəmir” iddiaları ilə bağlı Facebook səhifəsində açıqlama verib: “Müalicəni rədd etmək, vaxtından əvvəl ölmək kimi niyyətim yoxdur. Bəzən cavabı ağır olsa da, həqiqəti öyrənmək istəyirsən. Bir sözü milyon dəfə eşidəndə bədən də zərər görür. Bu dünyaya çılpaq gəlmişəm, çılpaq da gedəcəm. Məqsədim zamanı satın almaqdır. Mülk əldə etmək kimi dərdim yoxdur. Mülkiyyət oğurluq kimi bir şeydir. Sevmirəm. Biz sevməyi, bir şeyə bağlanmağı öyrənməmişik. O tərəfimiz inkişaf etməyib. Mən dünyanın bir parçasıyam. Nəsə səhv gedir, bəziləri acı çəkir. Mən də çəkirəm eyni ağrını. Ən son model avtomobil sürüb, gözəl ev alanda xoşbəxt olacam? Xeyr, ola bilmərəm. Aramızda xoşbəxt olanlar varsa, zəkalarına və gözlərinə şübhə edirəm. Çünki yaxşı görmürlər. Siz məni məğlub etməmisiz, çünki mən hələ sizlə oynamamışam. Mən gedirəm deyəndə “getmə” deyən birini yox, “Mən də gəlirəm, tək gedə bilməzsən” deyən birini istəyirəm”.

 

 

Nejat İşlər 17 yanvar 2014-cü ildə xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Ona septik şok diaqnozu qoyulub.

 

22 yanvar 2014-cü ildə müalicə olunduğu Bodrumdakı xəstəxanadan İstanbuldakı Acıbadem xəstəxanasına köçürülüb.

 

30 yanvar 2014-cü ildə həkimlər İşlərin danışmağa başladığını bildirib.

 

2014-ci ilin aprel ayında isə müalicə aldığı Vehbi Koç Vəqfi Amerika Xəstəxanasından evə buraxılıb.

 

Müsahibəsi

 

Nejat İşlər hər zaman xanımların sevimlisi olub. Buna görə də sevgililəri çox olub. Ancaq heç vaxt evlənməyib. “İkimizin yerinə” filminin qalasında barmağında üzük olan aktyorun nişanlandığı və ya evləndiyi ilə bağlı iddialar səsləndirilsə də, təsdiqini tapmayıb. Nejat İşlərin müsahibədəki qadınlarla bağlı fikirlərini təqdim edirik:

 

- Evliliyə inanırsınız?

 

- Mən heç bir şeyə inanmıram, evlilik də daxil. Amma istərdim həyatımda biri olsun. Birlikdə yaşamağı nəzərdə tutursunuzsa, istəyərəm əlbəttə, hətta çox gözəl olar.

 

- Evlilik və uşaq sahibi olmaq çətin qərardır, yoxsa gözümüzdə çox böyüdürük?

 

- Əslində, bir az böyütməliyik. Maşın sürmək üçün vəsiqə verilir, amma uşaq sahibi olmaq üçün yox.

 

- Əgər bir gün qızınız olsa, ona kişilərlə bağlı verəcəyiniz ən vacib məsləhət nə olardı?

 

- Deyərdim, hamısı axmaqdır, istədiyin kimi hərəkət et.

 

 

- Sizə yaxın olmaq istəyən bir qadının sizlə, yoxsa heyran olduğu hər hansı obrazınızla maraqlandığını anlaya bilirsiniz?

 

- Anlayıram. Bunu da zamanla öyrənmişəm. Əvvəllər bunu başa düşməyə şərait yox idi. İlk avtomobilini 30 yaşında alan bir dostum var idi, özünüz düşünün. Ona görə deyirəm ki, hər anım dərs kimidir.

 

- Qadın və kişi dost ola bilməz deyirlər. Bu fikrə qatılırsız?

 

- Yox, niyə ki? Olur. Mənim olub. Niyə də yox?

 

- Bəs, sizcə niyə belə deyirlər?

 

- Bir anlıq çatmadı fikir. Niyə elə demiş ola bilərlər?. Təbii ki, bir kişi gördüyü qadınla yatağa girməyi düşünür. Əslində, bir şey deyimmi? Mən birlikdə olduğum qadınlarla həmişə əvvəlcə dost olmuşam. Bu, mənim üçün əhəmiyyətlidir.

 

- Bəs sonra dost qala bilirsiniz?

 

- Bir mahnı var: birinə səni sevirəm deyirsənsə, səni iki şey gözləyir - ya ölənə qədər birlikdə yaşamaq, ya da çox pis ayrılıq... Yoxsa, təbii ki, ayrılıq sonrası yoldaş qalmağa cəhd edirsən, amma bir yaxınlıq olubsa, bu bəzən mümkün olmur.

 

- Dost qalmaq sizin seçiminiz olur?

 

- Hərtərəfli münasibətdən danışırıqsa, mən eyni anda min qadın sevə bilərəm!

 

- Böyük ürəyiniz var?

 

- Yox, amma qadınları çox sevirəm, neyləyim? Qadınlar möhtəşəmdir.

 

- Amma kişilər bizlərdən çox şikayətçidir ...

 

- Bu, "fala inanma, faldan da qalma" məsəlinə bənzəyir...

 

LENT

25 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017