Köhnə nişanlıdan məktub: “Onun bədənində...” – BİRCƏNİN ROMANI

 

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

 

əvvəli burada

 

Qəlbimi çatladan bu yaranın yeri sağalmamış Emin məni qatarda bir dəfə də döydü...

 

Cehizimin əyər-əskiyini almaq üçün atam məni qardaşlarıma qoşub Bakıya göndərmişdi. Bir həftəyə hər nə lazımsa, hamısını alıb yığdıq. Emin mənim şəhərə getdiyimi eşidər-eşitməz düz paytaxta hücum çəkdi, məni kəndə qaytarmasına izin versinlər deyə qardaşlarımı dilə tutdu. Onlar da xeyli tərəddüddən sonra münasibətləri daha da gərginləşdirməmək naminə razılaşdılar.

 

Qatara minib kupeyə girən kimi mübahisə başlandı; şəhərə ondan icazəsiz gəldiyimə görə Emin məndən bərk yanıqlıydı. Mənim atamın, qardaşlarımın razılığıyla gəldiyimi deyib özümə bəraət qazandırmaq istəməyim onu daha da cinləndirdi, söz güləşdirməyimi bəhanə eləyib bu dəfə də məni möhkəm əzişdirdi.

 

Səhəri mən yenə göyərmiş üz-gözümü atamın, anamın ayaqlarına sürtdüm, yalvardım ki, bu adam mənim adamım deyil, nə olar, kömək eləyin ondan canımı qurtarım. Anam yenə hamıdan qabaq meydana atıldı, dedi sənə bu evdə yer yoxdu, məni başımı əzdirməklə, doğratmaqla hədələdi; atam da, təbii ki, onun dediyini dedi. Heç kimi anlada bilmədim ki, nişanlımla mənim səviyyəmiz, dünyagörüşümüz çox, lap çox, yerlə göy qədər fərqlidi; anlada bilmədim ki, bu adam hələ bir kitabı başdan-ayağacan oxumaq nədi, heç varaqlamayıb da; çox dedim məni belə bir cahilin caynağına verməyin, faydası olmadı.

 

Yenə içimdəki qızlıq duyğuları çilikləndi, yenə gözlədiyim ağ atlı oğlan atdan düşüb ulağa mindi. Ailədə hər kəs üstümə yeridi, hamı bir ağızdan dedi ki, bu nişan da qayıtsa, nəslimiz eldə-obada bütün nüfuzunu itirəcək, camaat bizi barmaqla göstərəcək, gədə-güdə bizə dil uzadacaq, üstəlik, bacılarımın da yolu bağlanacaq. Məni ailəmizin şərəfinə kəm baxmaqda, nişan-nişan oynamaqda qınadılar, bir nəfər də mənim sözümü demədi.

 

Toyumuz hələ gec olasıydı, ancaq anam baş verənlərin aramızdakı münasibətləri tezliklə korlayacağından, ən çox da mənim qırımımdan (mən də zatən işləri korlamaq üçün əlimdən gələni əsirgəmirdim) əndişəyə düşüb toyu tezləşdirməyə başladı. Eminin anasıyla himləşdilər, məsləhətləşdilər, xeyli götür-qoydan sonra qərara gəldilər ki, Məhərrəmlik çıxan kimi toyumuzu çaldırsınlar. Amma yenə içimdə paslı bir umud vardı ki, qarı fələyin bu tələsindən nə yollasa qurtulacam.

 

Əlimyandıda toy tədarükü görməyə başladılar. Toya üç gün qalmış gecəyarısı nişan güzgüm öz-özünə yerə düşüb çilikləndi. Evdə hamı bu işə mat qaldı, mənsə o ki var güldüm. Sonralar bildim ki, qayınatamın mənə göndərdiyi başı xınalı qurbanlıq qoçu da həyətimizdə ilan çalıb öldürübmüş; anam gecəylə əmimə kənddən bir ayrı qoç aldırıb, öz əliylə qoçun başını xınalayıb, bacılarıma da bərk-bərk tapşırıb ki, bu barədə mənə heç nə deməsinlər.

 

Atam mənə qapımızda təmtəraqlı toy çaldırdı – bizim kənddə qız toyuna “parçabiçdi” deyərdilər, həm də çox vaxt belə toylar çalğısız olardı. Parçabiçdi axşamı məni bir qara sancı tutdu, kimin üstünə qaçdımsa, anam dedi fikir verməyin, artistlik eləyir. Səhərəcən ağrıdan qovruldum, yediyimi-içdiyimi qaytardım, yenə inanan olmadı. Dan sökülhasöküldə elə bildim göbəyim partladı, elə o dəqiqə də sancım kəsdi. Ardınca boğulmağa başladım, sonra huşumu itirdim...

 

Gözlərimi açanda xəstəxana çarpayısında uzanmışdım. Sən demə, o gecə kor bağırsağım partlayıbmış. Ölüm mənə bu dəfə də mərhəmət göstərməmişdi.

 

Tibb işçisi olan qayınanam o günlər canımın hər qarışını ələk-vələk elədi, analizlərimin cavabını, epiqrizlərimi lupayla oxudu. Bu da ürəyimin dərinliyində məni çox sevindirirdi, istəyirdim məndə elə bir qorxulu xəstəlik tapsınlar ki, nişanımı qaytarmağa məcbur olsunlar...

 

...O xəstəxana nəfəsliyindən görünən bir qarış göyündə yenə gözüm Səni axtardı, Dostum. İçimə ün salan pıçıltılarımla yenə fəryad qopardım. Yenə əlimi ətəyindən üzmədim, yanmış dilimlə yenə Sənə səsləndim. Sən yenə məni eşitmədin, görmədin.

 

Mənim o günümdə bəs hardaydın, Dostum, hardaydın?..

 

***

 

Əlacım olsaydı, hələ neçə ay o xəstəxanada yatardım, toyun vaxtını uzadardım ki, bəlkə o zamanacan bir möcüzə baş verə. Həkim yaxşılaşdığımı deyəndə mən dilxor olurdum, istəyirdim elə bir dərdə düşüm ki, illərlə xəstə yatım, məni fələyin dibigörünməz quyusuna atanların planı pozulsun.

 

O günlər nişanlım xəstəxana qapısının ağzında qarovul çəkdi, yanıma gələnləri bir-bir gözündən keçirdi. Barmağıma tikan batanda saçını yolan əmim oğlanları onun üzündən gəlib mənə dəymədilər. Adam ali təhsilli olsa da, dar düşüncəliydi, hansısa məsələ barəsində onunla normal söhbət eləmək, paylaşmaq, bölüşmək, polemikaya girmək mümkün deyildi. Yadıma düşmüşkən dediyimə bir misal çəkim...

 

Qadın var ki, kələm kimi geyinir, ancaq mənim uşaqlıqdan istiyə dözümüm olmayıb, elə indi də beləyəm. Nişandan bir müddət sonra Emin Bakıya gəlmişdi ki, gəlin köçəcəyim evi mənə göstərsin (guya toydan sonra biz şəhərdə yaşayasıydıq). Danışdığımız kimi, o, dərs qurtaran saatda gəlib məni məktəbdən götürməliydi. Dərsə gedəndə məcbur olub geyindiyim kapron kalqotka məni həmişəki kimi bərk darıxdırırdı, bədənim səpir, nəfəsim tıncıxır, əsəblərim gərilirdi. Dərsin bitməsinə az qalmış gördüm lap çatlayıram, hara gedəcəyimi unudub özümü verdim tualetə, əynimdəki kalqotkanı tuman qarışıq soyunub basdım çantama.

 

Emin deyilən vaxtda gəlib məni götürdü, yolüstü xırda bir bazarlıq da eləyib getdik təzə evə. İnsafən təmirdən yenicə çıxmış ev çox xoşuma gəldi. Boş otaqlarda səsim əks-səda verirdi.

 

Az sonra Emin nəyə görəsə aşağı düşəsi oldu, mən ondan qayıdanda maşında qalmış çantamı da gətirməyi xahiş elədim. Onun düşməyilə qayıtmağı bir oldu. Bu qısa aralıqda mən hansı otağı necə bəzəyəcəyimi, uşağımızın hansı otaqda yatacağını düşünə-düşünə xəyala dalmışdım.

 

Emin içəri girər-girməz ley kimi üstümə şığıdı, çantamı döşəməyə atıb ətəyimi başıma qaldırdı. Bir göz qırpımında budlarım, qasığım, qarnım qaldı çılın-çılpaq. Siftə-siftə mən başqa şey anladım; elə bildim onun fikri toy olmamış burda məni zorlamaqdı. Ağlayıb yalvardım ki, amandı, məni el içində bədnam eləmə. O mənim uzun yubkamın altından çıxmış çılpaq bədənimi görəndə dəliyə döndü, məni əlli-ayaqlı götürüb divanın üstünə tulladı. Sonra sorğu-sual başlandı: niyə soyunmuşam, harda soyunmuşam, nə vaxt soyunmuşam...

 

Mən Eminin caynaqlarında çırpına-çırpına halımı ona anlatmağa çalışırdım, di gəl, gözləri kəlləsinə çıxmış nişanlım heç bir sözümə inanmır, gah məni var gücüylə divara vurur, gah da boğurdu. Mənsə gülməkdən özümü güclə saxlayırdım, o atılıb-düşdükcə, ağlına gələn əcaib fikirləri dilinə gətirdikcə qəşş eləmək istəyirdim. Onun var səsiylə “qəhbəəəə!..” deyib bağırması hələ də qulaqlarımdan getməyib. Zərbələrdən qorunmaq üçün başımı qollarımın arasına alanda fürsətdən istifadə eləyib içim çalxana-çalxana gülürdüm, o isə elə bilirdi ki, ağlayıram. Handan-hana başımı zorla yuxarı qaldırıb gülən gözlərimi, pörtmüş sifətimi görəndə Emin daha da qızdı, mənə demədiyi hərcayı söz qalmadı, təzə evin sevincini korladığıma görə məni o ki var söyüb danladı.

 

Bunlarla da ürəyi soyumadı, məni evə aparıb darvazamızın ağzında bacımla gəlinimizə təhvil verəndə qırmızı-qırmızı düz onların üzünə dedi:

 

- Toya qədər heç olmasa qızınıza tuman geyməyi öyrədin!..

 

...İndi də xəstəxanada yanımdan ayrılmayan böyük qaynımın arvadı (gələcək eltim) Maralı yarım saatdan bir bayıra çağırıb qulağına nəsə pıçıldayırdı. Sonra bildim: sən demə, ona bərk-bərk tapşırırmış ki, məni tumanımı soyunmağa qoymasın...

 

Yaxşılaşan kimi məni evə yazdılar. Həkim toyu ən azı bir ay yubatmağı tapşırdı. Bunu eşidən qaynanam toy üçün qoyduğu turşuların xarab olacağı qorxusundan əməlli-başlı yasa batdı.

 

***

 

Vaxt su kimi axıb gedirdi. Möhlət daraldıqca mənim ürəyimin yağı əriyirdi. Qaynanam parçabiçdidə mənə bir sini qızıl bəzək-düzək gətirmişdi, özü də sini başında oynaya-oynaya çıxmışdı qabağıma. Ancaq mən o bir şələ qızıldan birini də üstümə-başıma taxa bilmirdim, bu da nişanlımla qayınanamı bərk dilxor eləyirdi.

 

Toya bir həftə qalmış atamgil mənə təmtəraqlı bir xınayaxdı məclisi də qurdular. Xınayaxdıdan əvvəlki gün Eminlə yenə gərgin mübahisəmiz oldu, mən yenə hamını nişanı qaytaracağımla hədələdim. Ancaq səhəri hər şeyi unudub, yenə geyinib-bəzəndim, tay-tuşum qızları başıma yığdım.

 

Məclis boyu hər iki bacımın, bir də bibimin halı özündə deyildi, ortalıqda canlı meyit kimi dolaşırdılar. Mən bunun səbəbini anlaya bilmirdim, onlardan nəsə öyrənməyə çalışdımsa da, heç birindən bir dürüst cavab ala bilmədim.

 

Sonra bildim ki, axşam qonaqlar dağılışandan sonra evimizin alt qatındakı arxa otaqda qapalı ailə yığıncağı keçirilib (mən onda üst qatda öz aləmimdəydim). Yığıncağın gündəliyinə ağır bir mövzu çıxarılıb: sən demə, keçmiş nişanlım Əlinin adından Eminə bir məktub çatdırıbmışlar. O məktubu da elə xınayaxdı günü mənim çəvəl baldızım gətirib heç nədən xəbərsiz Lalə bacımın ovcuna qoyubmuş.

 

Əliylə mənim istəkli olduğumuz bütün rayona necə yayılmışdısa, bizim barmaqla sayılan görüşlərimizdən də hər kəsin xəbəri vardı. Bu münasibət ərzində biz bircə dəfə əl-ələ tutmuşduq, o da, əvvəllər dediyim kimi, Bakıdakı görüşümüzdə. Vəssalam, bundan artıq heç bir təmasımız olmamışdı, zatən kənd yerində buna heç şərait də yoxuydu.

 

Məktubda isə mənim bədənimin görünməyən yerlərinin əlamətlərindən bəhs olunurdu (mən o məktubu çox sonralar oxudum), sinəmdəki xalın dəqiq koordinatları göstərilirdi; sonda da keçmiş nişanlım indiki nişanlıma xeyir-dua verir, xoşbəxtlik arzulayırdı. Yəni ki, mən bu qızın bütün bədənini tanıyıram, indi özün bax gör də...

 

Anam məktubu gizlətmək istəyib, bibim qoymayıb. Axşamkı qapalı iclasda qardaşlarımın, atamın, bir də Musa əmimin iştirakıyla məktub oxunub. Çox ürəkli, çox da sərt olan əmim şallağını götürüb qəzəblə yerindən qalxıb ki, dərhal Əlinin atasının üstünə getsin. Orta məktəb müəllimləri olan qardaşlarım – Səməndərlə Kamil onun qarşısını kəsiblər. Onlar dərs dedikləri şagirdlərin xəttini gözüyumulu tanıyırdılar – Kamil məktubu görən kimi xəttin xalam qızına aid olduğunu deyib. Anam daş atıb başını tutub, bu ehtimalı yaxına da buraxmayıb.

 

Yumşaq könüllü Səməndər qardaşım bu işin üstünə getməməyi, məsələni böyütməməyi təklif eləyib. Sərt intizam tərəfdarı Kamil qardaşımsa bu bədniyyət əməlin vacehinə yetməyincə rahat olmayacağını bildirib.

 

Səhəri gün Kamil xalam qızının məktəbin toz-torpaqlı arxivində saxlanan yoxlama yazı dəftərlərindən birini tapıb gətirib əmimlə atamın qarşısına qoyub. Onun səbirlə apardığı təhqiqatın yekununda bəlli olub ki, xalam qızıyla kənddə yaşayan böyük dayımın qızı birləşib Əlinin adından belə bir məktub yazıblar. Faktı dana bilməyən anam gözdən pərdə asmaq üçün bacısıyla yalandan gileyləşib. Ana qohumlarımızdan yanıqlı olan Musa əmim gecəylə atını sürüb xalamgilin qapısına. Xalamla qızı qaçıb gizləniblər. Mənim guya göbəkkəsdim olmuş xalam oğlu əmimin üstünə xoruzlanmaq istəyib, əmim də heç vaxt əlindən düşməyən şallağıyla onun üz-gözünə bir neçə yerdən imza atıb.

 

Qardaşım bütün bu olanlar barədə mənə araşdırma bitəndən sonra məlumat verdi. Nə qədər yalvardımsa, o məktubu mənə göstərmədi. Ancaq ürəyimdə çox sevindim, elə bir məktub yazmaq ağıllarına gəldiyinə görə xalam qızına, dayım qızına alqış da elədim. İçimdə bir umud işarmışdı ki, bəlkə o məktubdan sonra oğlan tərəf bu izdivacı poza.

 

Ancaq elə olmadı; əksinə, o məktub mənim ərli dönəmimdə yeni problemlərə, yeni bəlalara yol açdı...

 

ardı var

 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017