Teatr xadimlərinin BAYRAM TƏƏSSÜRATLARI

1873-cü il martın 10-da Bakı teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası tamaşaya qoyuldu. Həmin gün milli teatrımız yarandı. Milli teatrımızın yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun misilsiz xidmətləri var. İlk teatr binasını tikdirən də məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub.

 

Bu gün teatrımızın yaranmasından 144 il keçir. Milli Teatr Günü münasibəti ilə Kulis.Az teatr adamlarından təəssüratlarını öyrənib.

 

Aydın Talıbzadə

teatrşünas

 

Image result for aydın talıbzadə

 

- Ağacdan soruşdular: “Tanrı nədir?”. Ağac dinmədi, çiçək açdı. Teatr adamlarından soruşanda ki, teatr nədir, onlar da ağac kimi heç nə deyə bilmirlər; di gəl ki, hamısı işıqlanır, hamısının gözləri parıldayır. Teatr bir oyundur, bir eşqdir, bir bəladır kim, giriftar olmayan bilməz.

 

Bu heç, elə-belə, bayram qutlaması.

 

Amma mən teatrdan Şərif Ağayar kimi yaza bilmərəm. Çünki teatr mənə çox doğmadır, çox məhrəmdir: mənim onunla bir canbirliyim var.

 

Amma Şərifin söylədiyi fikirlərə tam qatılıram: birindən başqa. “Azərbaycan teatrı” istilahı dünya çapında təsdiqlənmiş tarixi faktdır.

 

Hərçənd bu gün Azərbaycan teatrı Azərbaycan mədəniyyətinin az qala beşinci təkəri kimi bir şeydir. Toplum içrə bütün çabalara, dövlət səviyyəli sərəncamlara, dövlətin teatrı əzizləmək meyllərinə, millətin fikir işçilərinin teatrı gündəmə gətirmək cəhdlərinə, irili-xırdalı müxtəlif proyektlərə rəğmən teatr öz seyrçisilə təmas nöqtəsi bulmaqda çətinlik çəkir. Nə teatrın içində, nə teatrın çölündə olanlar öz teatrları ilə heç cür xoşbəxt ola bilmirlər.

 

Hər şey sürətlə çox tez bir şəkildə köhnəlir: teatrsa elə bil keçmişdən gələn bir duman içində mürgüləyir və dünyanın başqalaşdığını, dəyərlərin başqalaşdığını, düşüncənin başqalaşdığını görmək istəmir; barışmaq istəmir ki, bu gün seyrçinin yetərincə alternativi var.

 

Azərbaycan teatrı uzun müddətdir ki, nə kütləviləşir, nə də elitarlaşır. Teatr öz manifestini ortaya qoya bilmir, yerini cəmiyyətdə və mədəniyyətdə müəyyənləşdirə bilmir. Bilmir ki, onun tamaşalarının real seyrçisi (alıcısı) kimdir.

 

Ona görə teatr bu gün sirli bir dairənin içində sanki mənasızcasına hərlənir və öz üfüqlərinə çıxa bilmir.

 

Bir sözlə, bu bayram günündə problemlər bir yelpik kimi açılıb sərgilənir. Hamısından bir-bir danışsam, gərək böyük bir məqalə yazam.

 

Sonucda teatra müraciətlə söyləyirəm mən bunu: heç olmasa, bu bayram günündə bir səbəb deyin ki, seyrçi sizləri sevə bilsin, teatrı sevə bilsin.

      

Vidadi Həsənov

M Teatrın bədii rəhbəri, Əməkdar artist

 

Image result for vidadi həsənov

 

- Əvvəla, özüm də bu sənətin içində olduğuma görə, teatrı sevən, onu sevərək yaşadan insanları bu bayram günü münasibəti ilə təbrik edirəm. Gərək bayramı bayram əhval-ruhiyyəsinə çevirə biləsən. Hər sahədə olduğu kimi teatrda da çatışmazlıqlar olur, olmalıdır və olacaq. Gərək belə əlamətdar günlərdə o çatışmazlıqları nəzərə almayasan. Mən belə hesab edirəm ki, teatr cəmiyyətin bir parçasıdır. Cəmiyyət necədirsə, teatr da o cürdür. Cəmiyyətdə nələr baş verirsə, teatrda da o cür hadisələr baş verir. Cəmiyyətimizin inkişaf edən tərəfləri olduğu kimi çatışmayan tərəfləri də var. Teatrda da çatışmayan və inkişaf edən tərəflər var. Əlbəttə, istəyərdik ki, mənəviyyatımızın, incəsənətimizin inkişafı bir az da sürətli olsun. Arzulamaq hər insanın içində olmalıdır. Mən yaşda adamlar isə daha çox arzulayırlar. Teatr adamlarına gələcəkdə daha gözəl illər arzulayıram.

 

İlham Rəhimli

Teatrşünas-tənqidçi, professor

 

Image result for ilham rəhimli

 

Artıq neçə ildir ki, martın 10-u Milli Teatr Günü kimi qeyd edilir. Mən də sıravi teatr maraqlısı kimi bayram münasibətlə bu sənətdə çalışan bütün peşə sahiblərini ürəkdən təbrik edirəm. Bu, öz yerində. İstərdim ki, aşağıda göstərəcəyim iradlar növbəti bayramlarda mövcud olmasın.

 

Bu gün Azərbaycanda 26 dövlət, bir Bələdiyyə teatrı fəaliyyət göstərir. Ölkəmizdə milli sənət ocaqlarımızla yanaşı, rus, gürcü və ləzgi teatrları da var. Təbii ki, teatrlarımızın hamısında yaradıcılıq səviyyəsi eyni deyil. Hazırlanan tamaşaların da hamısı çağdaş estetik tələblər baxımından fərqlidir: uğurlusu da var, uğursuzu, qüsurlusu, çox primitivi də.

 

Teatr məhsulu, yəni tamaşa fundamental möhkəmliklə üçbucaqda bərqərar olur: dramaturq (yaxud klassik pyes), rejissor və aktyordan ibarət üçbucaq. Məncə, Azərbaycanda kifayət qədər istedadlı dramaturq da var, aktyor və rejissor da. Təəssüflər olsun ki, bu üç yaradıcı peşə sahiblərinin möhtəşəm iş birliyi prinsiplərində çatlar, yanlışlıqlar və qüsurlar var. Müştərək, həmrəy yaradıcılıqla işləmək vərdişləri çox itib.

 

Milli və dünya klassikasına müraciət etməkdə ənənə davam edir və bu, vacibdir. Amma və di gəl ki, klassikanı müasir zamanın tələbləri prinsipində “oxumaqda” və ona dövrün vacib ictimai-sosial, mənəvi-əxlaqi dəyərləri ilə sıx bağlılıqda səhnə təcəssümü verməkdə, orijinal janr, forma axtarışlarında görüləsi vacib yaradıcılıq işləri çoxdur.

 

Rejissorlarımızın bir qismi klassikaya, yaxud dünya şöhrətli əcnəbi müəlliflərə müraciət edəndə işlədikləri kollektivin yaradıcılıq imkanlarına istinad etmək əvəzinə, daha çox şəxsi bioqrafiyalarını düşünürlər. Buna görə də əksər klassik əsərlərin tamaşaları uğursuz alınır... amma həmin əsərin adı rejissorun bioqrafiyasına yazılır.

 

Teatrlarımız 20–25 yaşlı obrazları 50-55 yaşlı tanınmış aktyora və ya aktrisaya tapşırmaq vərdişlərinə birdəfəlik son qoymalıdır. 50 yaşında Məcnunu, 45 yaşında Leylini qəbul etmək çətin və müşkül işdir.

 

Dövlət teatrlarının səhnəsindən Azərbaycan dilinin şəhd-şirəsinin, lətafətinin həssaslıqla qorunmaması, şivəçiliyə, yerli ləhcələrə aludəlik dözülməz haldır.

 

Çağdaş teatrımızın mövcud problemlərinin analitik təhlil-mənzərəsini vermək üçün biz teatrşünaslar lazımınca prinsipial cəhd və səy göstərmirik.

 

İncəsənət, o cümlədən teatr tamaşasının ən başlıca funksiyası heyrətləndirməkdir. Arzu edirəm ki, teatr tamaşasından çıxanların hamısının  daxilində estetik heyrət, poetik heyrət, füsunkar heyrət baş qaldırsın. Bu heyrətin yoxluğu teatrın mövcudluğuna kölgə salır...

 

Gümrah Ömər

YUĞ Teatrının baş rejissoru

 

Image result for gümrah ömər

 

Bu gün zəhmətkeş teatr fədailəri öz əqidələrinə sadiq qalaraq heç bir çətinliyə, zorluğa, dövrə baxmadan mənəvi həyatımızın missiyasını ortaya atıblar, öz yolu olan ənənə yaradıblar. Əlbəttə, bu çox xoş hadisədir. İndiki dövrdə də teatrla məşğul olan rejissorlar, aktyorlar heç bir çətinliyə baxmadan öz şərəfli, vacib borclarını yerinə yetirirlər. Bu gün teatr bayramıdır. Bayramda nə deyərlər? Ancaq xoş sözlər. Problemlər, çatışmazlıqlar sonrakı məsələlərdir. Bunlar xırda, həll olunandır. Yaradıcılıq şəxsi məsələdir. Yaradıcılıqla məşğul olan insan nümunədir. Yaradıcılıqla məşğul olmayan insanla bizim işimiz yoxdur. Mən teatra can qoyan adamları təbrik edirəm. Əsas can sağlığıdır. Qalan məsələlər öz həllini tapacaq.

 

Amid Qasımov

YUĞ Teatrının aktyoru

 

Image result for Amid Qasımov

 

Səhər evdən çıxıb işə gələndə nə baş verdiyini anlamadım. Şəhərin bütün mərkəzi küçələrində bayram bayrama qarışmışdı. Parklarda bütün müğənnilər oxuyurdu. İnsanlar xoşbəxt görünürdü. Birdən dostum Qan Turalıdan sms gəldi: "Teatr bayramın mübarək, əziz dostum". Sən demə, mənim bayramım imiş xəbərim yox. İctimaiyyətin də bu bayramı belə qutlamasına çox sevindim. Əlbəttə, mən birinci növbədə bu mədəniyyətlə dünyasını dəyişmiş Ulu Babalarımızı təbrik eləyirəm. Azərbaycan mədəniyyətini təbrik edirəm. Və əlbəttə ki, bu mədəniyyəti layiqincə yaşadan bütün sənət adamlarını təbrik edirəm.

 

Mənə elə gəlir ki, teatr özü elə həm də problemdən yaranıb. Bu mənada istənilən problem normaldır, yetər ki, o faydalı yaradıcılıq naminə olsun. Bir sözlə ustadım Vidadi Həsənov demişkən "Problemsiz düşmənimiz olsun".

 

Elmin Bədəlov

ADO teatrının bədii rəhbəri

 

Image result for Elmin Bədəlov

 

ADO 10 Mart Milli Teatr Günü ilə bağlı təbriklərə qatılmır. XXI əsrdə hələ də çərçivələrin aşılmadığına görə. Teatr günü bizim haramıza yaraşır? Teatrlar hansı standartı aşa biliblər ki, bu günü də bayram edirlər?! 

 

LENT

29 May 2017
28 May 2017
27 May 2017
26 May 2017
25 May 2017
24 May 2017