Günəş başqa sabahlar üçün doğdu... – ŞEİR

Kulis.az gənc şair Saqif Zeynalın şeirlərini təqdim edir.

 

***

 

Qara-qıvrım saçları

Bir az tumarsız,

Bir az da sığalsız idi...

 

Yerimiz yanaşıydı kazarmada,

Üst çarpayıda...

 

Qəribəydi onunla yanaşı yatmaq...

Yatmaqdan çox

Gecənin açılmağını gözləyirdim düyün kimi...

 

Saçlarını unuda bilmirəm hələ də

Dolaşıb xəyalımda qaldılar...

 

Bir dəfə mənə demişdi ki,

atamın əlləri Xocalıda qalıb...

 

Açılmadı,

O düyün açılmadı...

 

Günəş də başqa sabahlar üçün doğdu...

 

***

 

Burda uzaqlar yaşayır,

Adamları qərib-qərib.

Əllərimi çiçək kimi

Əllərindən dərib, dərib...

 

Çıxıb getdi küləkləri,

Hər yan sərhəd dirəkləri...

O taydan da qərib bir qız

Nəmli-nəmli baxışını,

Məftillərə sərib, sərib...

 

Bu ömür bir qəfil qəza,

Nələr gəldi başımıza.

Bir də çıxmaz qarşımıza,

Tanrımız da çıxıb getdi

Yollarını yığıb, yığıb...

 

***

 

Hərdən küt ağrılar kimi

Çıxıb gedərsən

Gedərsən sevdiklərinin canından

Kor-peşman...

 

Hərdən unudulmağı

Ağrı kimi hiss edərsən

Təkliklər mərtəbəsinə yuvarlaqlanmış,

Yalnızlığa imzalanmış bədənində...

 

Və bir gün

Bu qədər gedəcək adam varkən,

İtirməyə kimsənin olmadığını anlayarsan

Bu üzüyola şəhərdə...

 

LENT

25 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017