Meşədə azan qızların ölüm qorxusu

 

Kulis.az Təranə Fazilqızının “Üç qızın macərası” adlı yazısını təqdim edir.

 

Bu lap çoxdanın əhvalatıdı. Hadisə belə olmuşdu. Biz üç rəfiqə istirahət mərkəzlərinin birində dincəlirdik. Günümüz deyib-gülmək, əyləncəli oyunlara qatılmaqla keçir, axşamın nə zaman düşdüyündən xəbərimiz belə olmurdu. Qaldığımız düşərgə meşəyə yaxın olduğundan meyvə ağacları, çay kənarı moruq kolları aşıb-daşırdı. Hər səhər əlimiz-ağzımız qaralanadək moruqdan yeyir, doyduqdan sonra, ümumi səhər yeməyinə yollanardıq. Xoşbəxtlik üzümüzdə, gözümüzdə oynayırdı. Günlərin bir günü gənclikdən doğan maraqla qərara aldıq ki, sübh tezdən meşənin dərinliyinə üz tutaq. Doyunca gəzək, şəkillər çəkdirək, günorta naharına yaxın da düşərgəyə qayıdaq. Beləliklə, heç kimə demədən yola düzəldik...

 

Əvvəl-əvvəl hər şey adi qaydada gedirdi. Biz ayaq izləri olan çığır istiqamətində yol almışdıq. Müxtəlif söhbətlər edir, ən xırda bir titrəyişə həyəcanla yanaşırdıq. Havanın rütubəti, ayağımız altda xışıldayan quru yarpaqlar hər kəsi öz aləminə aparmışdı. Elə bu zaman bizə doğru sürətlə uçan səsli çəyirtkələr saçımıza, bədənimizə yapışsa da, özümüzü itirmədən onları üstümüzdən atıb ordan qaçdıq. Sükutumuzu pozan, şənliyimizə səbəb qarşımıza çıxan nəhəng bir ağac oldu. Ağacın gövdəsi o qədər yoğun idi ki, iki nəfər arxasında sərbəst gizlənə bilərdi. Qocaman ağacın tən ortasında iri dərin oyuq vardı. Oyuğun içi balla dolu idi. Ətrafda təkəm-seyrək arılar olsa da, cəsarətlə oyuğa əl uzadıb baldan yedik. Balın şirinliyi boğazımızı göynətsə də ləzzət elədi. Əllərimizi yumaq istədikdə su olmadığından barmaqlarımızı ağacların yarpaqlarına sürtür, ovcumuzda sıxaraq şirəni aparmağa çalışırdıq. Bir təhər təmizləyib oyuğun yanında şəkillər çəkdirir, sevinirdik. Elə düşünürdük ki, nadir bir şey tapmışıq. Yanımızda balı apara biləcək heç nə olmadığından təəssüflə üç kiloya yaxın baldan vaz keçməli olduq. Ehtiyatsız tərpənmiş, su götürməmişdik. Dilimiz-dodağımız yanırdı, vücudumuz nəmlikdən yapışqan kimi olmuşdu. Ətrafda nə çay, nə bulaq gözə dəyirdi. Bərk yorulmuşduq. Eyni yolu təkrarən fırlanır, ağacların sıxlığından boğulurduq. Güvənliyimiz azalmış, əsəblərimiz tarıma çəkilmişdi. Vuruşmağa, deyinməyə başlamışdıq. Hər kəs bir-birini ittiham edirdi. Təxminən dörd– beş saat olardı ki, meşədə idik. Azmışdıq, susamışdıq deyə gedəcəyimiz yolun istiqamətin ayırd edə bilmirdik. Meşədə qalmaq qorxusu, su içmək yanğısı bizi haldan salmışdı. Xeyli ağır-ağır getdik. Qarşımıza yosunlarla əhatələnmiş göl çıxdı. İçi dolu quru budaqlar, xəzəllər, çirkli lil bizə axar şəlalə qədər əvəzsiz göründü. Üçümüzdə qaçıb əllərimizi, üzümüzü  yumağa başladıq. Suyun sərinliyi üzümüzə, qollarımıza dəydikçə yorğunluğumuz canımızdan çıxırdı. Biz yenə gülməyə başlamışdıq. Su içməli olmadığından ağzımızı yaxalamaqla kifayətləndik. Rəfiqələrimdən biri ayağını yumaq məqsədiylə gölə girdi. Bu vaxt gördüyümüz hadisə bizi dəhşətə gətirdi. O bataqlığa düşmüşdü, qorxudan qışqırır, biz isə, nə edəcəyimizi bilmirdik. Yanımda dayanan rəfiqəm kömək məqsədilə gölə düşmüş qıza əl uzadıb çıxarmaq istədi. Lakin, kömək əvəzinə özü də suya düşdü. Onların hər ikisi çapalayır, əl-qol atdıqca bir az da dərinə gedirdilər. Qorxudan nə edəcəyimi bilmirdim. Onlar da elə hey qışqırır “kömək et”, deyə fəryad edirdilər. Bu kimi hadisələrdə nə etməli olduğumu düşünüb iri ağac parçasının bir qolunu sürütləyərək onlara tərəf uzatdım. Bu mənə il qədər uzun gəldi. Həyəcandan əllərim əsir, tər-su içində sağa-sola qaçırdım. Palçıq, lil qızların sinəsinə qədər gəlib çatmışdı. Bilmirəm necə, nə cür oldu onlardan biri möcüzə nəticəsində göldən sürünərək çıxdı. Biz ikimiz köməkləşib o biri rəfiqəmizi də bu cəhənnəm əzabından çıxartdıq...

Halımız çox pis idi, əməlli qorxmuşduq. Hərəmiz bir kötük tapıb oturduq. Qızlar palçığın içində idilər. Nə edəcəyik, hara gedəcəyik bilmirdim. Düşünürdüm ki, yəqin bu da ömrümüzün sonudu. Adamlar yoxluğumuzdan hali olanda bizi meşədə xeyli axtaracaq, tapmayacaqdılar. Onda biz burda acından, susuzluqdan öləcəkdik. Ya da qurd-quşa, ilana, ən yaxşı halda iri ayıya yem olacaqdıq. Valideynlərimiz xeyli keçdikdən sonra, sümüklərimizə yapışan paltarlardan bizi tanıyacaq, ağlayacaqdılar...

 

Elə bu zaman uzaq olsa da, bizə tərəf gələn adamların ayaq səslərini, söhbətlərini eşitdik. Hər üçümüzün üzündə həyat eşqi, gözlərdə qığılcım səs gələn tərəfə yüyürdük.

Meşədə gəzən yerli adamlar köməyimizə gəlmiş, bizi düşərgəyə aparmışdılar. Ondan sonrakı əhvalat isə lap biabırçı idi. Düşərgədə olan hər kəs təlaşla bizə baxırdı. Çirkli üst-başımızla ətrafdakıların heyrətinə səbəb olmuşduq. Səndəlləri bataqlığa düşən qızlar ayaqyalın, üst-başları cırıq-cızıq olmuş, saçları dağınıq halda, mən də arxalarınca otağımıza sarı gedirdik. Sonradan komendant xəbərdarlıq edib bizi xeyli danlamış, ordan dərkənar etmək istədiyini bildirmişdi. Lakin, buna baxmayaraq, on səkkiz günlük istirahətimizi son gününə qədər orda qalmışdıq.

 

Gəncliyin coşub-daşan ehtirası, həyat eşqi o hadisənin axarında şirin nağıla dönüb bu günümüzə gəlib çatmış, bizim dostluğumuza təkan olmuşdu.

 

 

05.03.2017.

LENT

19 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017