Başını daşla yaran dostu bağışlamaq - “İnternat ədəbiyyatı”

Kulis.az “İnternat ədəbiyyatı” layihəsindən 1 saylı internat məktəbinin IV sinif şagirdləri İlqar Cəfərovla Əbil Zamanovun birlikdə yazdığı hekayəni yayımlayır. Layihəni rəhbəri Vüsalə Məmmədova, redaktoru Sevinc Elsevərdir.

 

LAYİHƏ: “İnternat ədəbiyyatı”

 

Bir neçə aydır ki, yazar Sevinc Elsevərlə baş-başa verib, həftə sonumuzu fərqli keçirməyə qərar vermişdik. “Ədəbiyyat saatı” layihəsi çərçivəsində internat məktəblərində uşaqlarla birlikdə kitab oxuyur, müzakirə edir, bəzənsə, xəyallarımızı sözə çevirməyə, öz düşüncələrimizi yazmağa cəhd edirdik. Qısa müddətdə uşaqlar öz dünyalarının qapılarını bizə açdılar... Onların balaca və kimsəsiz ürəklərindəki bütün dünyanı sevəcək qədər sevgiyə, qollarındakı bəşəriyyəti qucaqlayacaq qədər gücə heyran olduq. Çiyinlərində yük kimi daşıdıqları talelərinə baş əyərək, keçmişlərinə mərhəmətlə boylanan bu balacalardan öyrənəcək o qədər şey var ki...

 

Elə buna görə də görüşlərimiz boyu uşaqların yazdığı nağıl və hekayələri “İnternat ədəbiyyatı” altında Sizə təqdim etmək qərarına gəldik. Sizi internat uşaqlarının dünyasına dəvət edirik...

 

Vüsalə Məmmədova

 

Əbillə İlqarın dostluğu

 

Biri var idi, biri yox idi, iki dost var idi. Bu iki dostdan biri tənbəl, nadinc, o biri çalışqan və intizamlı idi. Tənbəl dostun adı İlqar, çalışqan dostun adı Əbil idi. Onlar xasiyyətcə bir-birindən çox fərqlənsələr də, uşaqlıqdan bir-birini çox istəyirdilər. İlqar əlinə bir quşatan alıb quşları vururdu. Əbil ona nə qədər xəbərdarlıq eləsə də, İlqar vecinə almırdı. Axırda bir gün Əbil İlqara dedi:

 

- Sənin heç vicdanın yoxdurmu? Axı xırda, günahsız quşları öldürməklə nə qazanırsan?

 

İlqar dedi:

 

- Adi quşdu da, vururam. Burda nə var ki?

 

Bu zaman Əbil İlqara cavab verdi ki, o, bu xasiyyətini tərgitməsə, onların dostluğu tutmayacaq. Doğrudan da Əbil İlqarı dindirməməyə başladı. Heç ona tərəf baxmırdı da.

 

Bir gün İlqar Əbili kənara çəkib, günahını boynuna aldı. Söz verdi ki, Əbil onu bağışlasa, bir də daha heç vaxt quşlara daş atmayacaq.

 

Əbil dostuna inandı, onlar barışdılar.

 

Ertəsi gün Əbil məktəbə dostu ilə birlikdə getmək üçün İlqargilin evlərinə tərəf gəldi. İlqar artıq evdən çıxmışdı. Yoldan keçərkən o, ağaclardan birinə iki quşun qonduğunu gördü. Tez cibindən quşatanını çıxardıb, ortasına iri bir daş qoyub, quşları nişan aldı. İlqar daşı atmaqla quşlar ikisi də birdən havaya qalxdılar.

 

İlqar saatına baxdı ki, dərsə gecikir. Yoxsa o da evdən çıxanda fikirləşmişdi ki, Əbilgilə gedib, onu çağırar, məktəbə dostu ilə birlikdə gedər. İlqar gecikdiyinə görə, birbaşa məktəbə yollandı. Sinfə girəndə gördü ki, Əbilin partası boşdur. O, dərsə gəlməyib.

 

İlqar uşaqlardan öyrəndi ki, Əbilin başı partlayıb. Dərsdən sonra o, tez Əbilgilə yollandı. Əbilin anası deyinirdi: “Görürsən, ay İlqar, uşağımın başını nə hala salıblar? Görüm o daşı atanın əli qurusun!”

 

İlqar pərt oldu. Amma daşı özünün atdığını Əbilin anasına demədi. Həmin gün İlqar ürəyində özünə söz verdi ki, bir də əlinə nə quşatan, nə də daş alacaq.

 

Əbil sağalandan sonra İlqar hər şeyi ona açıb danışdı və üzr istədi. Əbil gülümsəyib dedi:

 

- Bilirdim ki, elə bu sənin işindir. Amma mən gördüm ki, o hadisədən sonra sən quşatanı sındırıb atdın. Bir daha da quşlara daş atmadın. Elə o vaxtdan səni bağışlamışam. Özün hər şeyi danışmasaydın, heç vaxt da üzünə vurmayacaqdım.     

 

Dostlar qucaqlaşdılar. Hər ikisi bir-birindən razı qaldılar.

 

Layihənin əvvəlki yazıları:

“Bacım atamın qucağında öldü”

“Paxıllıqdan saralan güllər”

 

LENT

23 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017