Pianonun qapağını ömrümə endir - ŞEİR

Kulis.az Aysel Səfərlinin şeirlərini təqdim edir.

 

Hey, pianist

 

Nə çalırsan?

Yenə həzin dillənir

Toxunduğun səslər.

Barmaqların öpdükcə

Ağ qara notları

Qopur ayrılıq naləsi

Qəlbindən pianonun

Xatirələr küllənir.

Üşüyür indi

Bir vaxt alovunda

Qızınan kəslər.

 

Mənim taleyimin

Matəm musiqisini

Səsləndirə bilərsən?

Üz-üzə danışdığın

Bax, o piano kimi

Heykəl duruşlu

Ağ-qaradır həyatı,

Rəngsizdir onun.

 

Varmıdır şən notların?

Üzə təbəssüm

Qəlbə ümid gətirən

Varmıdır bir musiqin?

Mənim qismətimə də

Öyrətsənə birini?

Ömrümün notlarını

Yazan bəstəkarıma

Bildiyin şən səslərin

Söyləsənə sirrini?..

 

Pianist,

Barmaqların

Məni qəmli oxuyur.

Yaz notlara dərdimi

Mənə ümid bəstələ...

 

Didərgin arzuların

Vurma son akkordunu.

Nədənsə hiss edirəm

O ağ-qara notlar

İtkin şansım kimi

Otağıma dolub

Yenə həsrət qoxuyur.

 

Baxışım təzələyir

Durmadan

Yoxluğuna baxan

Anların rekordunu...

 

Pianist,

İfa et,

Mən də zümzümə edim

Buludlarla gözümün

Yarışını.

Qəbul et

Ruhumun bu son sifarişini...

 

Ordan bir not səsləndir,

Vur son akkordları

Qismətsiz bir sevgiyə...

Deyəsən bitdi mahnı,

Təşəkkürlər,

Durdu qəlbim kimi

Bitdi vüsal inamı...

 

Pianonun qapağını

Bağla,

Ömrümə endir!..

 

Mənim taleyim

 

Mənim taleyimdə yağışlı hava,

Hönkürər, çığırar dəli şimşəklər.

Əzər varlığımı soyuqluğuyla,

Ruhumu dağıdar azğın küləklər.

 

İçimdə bir ömrün xarabalığı,

Dağıntısı altda yetim bir ürək.

Sənin gücün yetməz bu viranədən,

Qoparıb atasan dərdimi tək-tək.

 

Mənim taleyimin od şimşəkləri,

Sənin qismətini dolaşa bilər.

Bu xəstə ruhumun sənsizlik dərdi ,

Qorxuram, sənə də bulaşa bilər.

 

Mənim taleyimdə payız var, qış var,

Yazına aldanma, yazı çox qısa.

Sevgini qalın gey, burda yox günəş,

Çəkin qismətimdən, donarsan yoxsa.

 

Qopar sahilindən əli dalğanın,

Mənim qasırğamdan yorulub dəniz.

Üzünü gizlədib ləpələrində,

Beləcə taleyim ağlayar sənsiz...

 

LENT

29 May 2017
28 May 2017
27 May 2017
26 May 2017
25 May 2017
24 May 2017