Unu sığallayan kişi, şerlərini ürəyində gəzdirən şair

 

 

Kulis.az “Naməlum kino” layihəsində İlqar Nəcəfin “Kölgəsiz komalar” və “Bir qoca vardı” qısametrajlı sənədli filmlərini təqdim edir.

 

“Köçkünlərin milliyyəti olmur. Onları bir araya gətirən həsrətdir. Doğma ocaq həsrəti” titrləriylə başlayan “Kölgəsiz komalar”ı film portret adlandırmaq daha uyğun olar.

 

Çünki müəllif müharibəyə insan üzlərindən baxır. Atəşkəs olsa da, müharibə dinc dövrdə yaşayan insanların həyatında davam edir: onların üz cizgilərində, duruşunda, baxışında, vəziyyətində.... Və bu davamlı müharibə döyüş səhnələrindən, silah səslərindən daha tükürpədici, daha sarsıdıcıdır. Rejissor müxtəlif insan portretləri ilə onların yaşantısını, ağrısını bizə yaxın, doğma edir, qəhrəmanlarla tamaşaçı arasında səmimi, içdən kontakt qurulur.

 

İlk kadrlarda bomboz düzənlikdə salınan yoxsul komalar, ensiz küçələr gözə dəyir. Sakinlərin məişətini, gün-güzəranını müşahidə edirik: orta planda qab yuyan qadın, palçıq tutan qadın, günəşdən qorunmaq üçün komanın kölgəsinə daldalanan ümidsiz, gənc kişilər, xarici təşkilatların payladığı ərzaq növbəsinə dayanan adamlar...

 

Rejissor ən çox uşaqlara fokuslanır. Bu da təsadüfi deyil. Müharibənin zərbəsi, xüsusən psixoloji zərbəsi ən çox uşaqlara dəyir.

 

Yaşlı qadın heç olmasa doğulduğu kənddə dəfn edilmək arzusunu dilə gətirir. Bir qoca isə doğma yurdunu ölmədən görməsinə ümidlidir. İstidən cadar – cadar olmuş, susuzluqdan yanan torpaq onun kədərinə, ümidsizliyinə, dərin qırışlarına metafor kimi verilir.

 

Sənədli filmin önəmli cəhətlərindən biri reallığı olduğu kimi köçürmək yox, müəllifin bizə görünməyənləri göstərməsidir. Bu mənada rejissor görünməyənləri nəzərə çarpdırır. Ərzaq növbəsinə duran adamlar göstərilir, kamera maraqlı məqamları axtarıb seçir və sanki təsadüfən onların arasında kövrək uşaqlara, növbədə özünü narahat hiss edən adamlara, unu sanki sevgiylə sığallayan kişinin sevincinə fokuslanır.    

 

Yastı, palçıqdan komalar, adamsız küçələr, kilsə zəngi kimi səslənən məktəb zəngi Bunuelin Meksika dönəmində çəkdiyi filmlərin atmosferini gətirir. Və təzadlı səhnə: yoxsul geyimli məktəblilər vətənə məsudluq arzulayır: “Üçrəngli bayrağınla məsud yaşa”...

 

Filmin ən təsirli, yaddaqalan səhnələrindən biri yeniyetmənin tar çalmasıydı. Yeniyetmə tar çalır, onun gözündə bir damla yaş parlayır. O, bütün qüvvəsini toplayıb ki, hönkürməsin, ifasını sonadək, ləyaqətlə başa vursun. Sanki bir an zəiflik göstərib özünü boş tutsa, emosional partlayış keçirəcək.

 

İ.Nəcəf sonradan, 2004-cü ildə bu səhnəni (təqribən 1 dəqiqəlik) filmdən çıxararaq Berlin Film Festivalına göndərib. Bir dəqiqəlik film festivalın proqramına daxil olan Berlinale Talent Compusda iştirak edib.

 

“Kölgəsiz komalar” rejissorun şəxsi vəsaiti ilə İmişlidə qaçqın düşərgəsində çəkilib.

 

“Çəkilişlər zamanı unuda bilmədiyiniz hadisə yaşandımı?” sualının cavabında müəllif deyir: “Çəkilişlər vaxtı, bir həftə bir köçkünün evində xəstə yatdım, bunu heç vaxt unutmayacam”.

 

2001-ci ildə çəkilən filmin operatoru Etibar Şirinovdur.

 

 

***

 

İlqar Nəcəfin ikinci filmi şair Kərim Naləyə həsr olunmuş “Bir qoca var” sənədli lentidir.

 

Əvvəldə danışma və eşitmə qabiliyyət olmayan uşaqların təhsil aldığı internatdan görüntülər yer alır, sonrakı əhvalat Kərim Nalənin evində nəql olunur.

 

Kərim Nalə üçün də bu uşaqlar kimi ümumi sosial mühitin standartlarına uyğunlaşmaq çətindir. Və onlar kimi onun da ətrafla ünsiyyəti alınmır.

 

Yəni qəhrəman cəmiyyətin qanunlarından kənarda yaşayan autsayderdir. Küçədə də adamlar arasında dərhal geyimi, yerişi ilə fərqlənir. O, özü də bunu dərk eləyir: “Məni heç kəs qəbul eləmir. Ölümdən isə qorxmuram. Məni Allah yaradıb, ölüm yaratmayıb ki...”

 

Film Kərim Nalənin yaşamaq üçün minimal şərtlərin belə olmadığı evdə çəkilib.

 

“Necə dolanırsan?” sualına “Xalq məni saxlayır. Amma onlar da nə qədər hörmət edər. İndi hamının vəziyyəti ağırdır. Onlar boğazlarından kəsib mənə köməklik edirlər” deyə cavab verir.

 

Müəllif filmi ilə bağlı deyir: “Kərim demək olar ki, şeirlərini kağıza yazmırdı. Necə ki, Səttar Bəhlulzadə bir çox rəsmlərini adi kağıza və yaxud vərəqə çəkib atırdı. O əsərləri biz heç vaxt görməyəcəyik. Ola bilər ki, o rəsmlərin arasında onun şah əsəri də olub, kim bilir? Kərim də tərk edilmiş insanıydı, ruhunun səsini kağızlara köçürmürdü. Şerlərini ürəyində gəzdirirdi”.

 

Finalda rejissor qəhrəmanını çəkilişə getdiyi rayona aparır. Şair sarı zəmidə addımlayır və “yuxuda bunu görmüşdüm” deyir.

 

İ.Nəcəf: “Mən onu, yuxusunda gördüyü yerlərə aparmaq istəyirdim. Özü istəmişdi...”

 

Filmin operatoru Məzahir Əzimovdur.

 

“Bir qoca var” ekran işinin rejissor şəxsi vəsaiti ilə 2001-ci ildə Bakıda və Qobustanda çəkib.

LENT

29 May 2017
28 May 2017
27 May 2017
26 May 2017
25 May 2017
24 May 2017