Mario Varqas Lyosa: “Markesin şəxsiyyətinə hörmət bəsləmirəm” - MÜSAHİBƏ

Bu müsahibədə Mario Varqas Lyosa həftənin 7 günü ofisində yazmaqla keçirdiyi toxunulmaz səhərləri haqqında danışır. Ancaq 1988-ci ilin payızında o bu ciddi rejimini pozaraq Azadlıq partiyasının namizədi kimi Perunun prezident seçkilərinə qatılır.

 

Lyosa uzun illər Peru siyasətini açıq tənqid etmiş və Perunun bəzi siyasi məsələlərini öz romanlarının mövzusu etmişdi. Ən son seçkilərə qədər ona təklif olunan prezidentliyə namizədlik təklifini qəbul etməmişdi. Kampaniya müddətində boş emosionalizmdən, seçki siyasətinin dili olan ritorikadan əziyyət çəkdiyini vurğulayıb. O, 1990-cı il iyunun 10-da çox partiyalı seçkidə Alberto Fujimoriyə məğlub olur.

 

Lyosa 1936-ci ildə Perunun cənubundakı Arequipa adlı kiçik şəhərdə doğulub. O hələ uşaq ikən, valideynləri boşanır və Lyosa anasının valideynləri ilə Boliviyaya köçür. 1945-ci ildə o, Peruya qayıdır, Leonica Prado adlı hərbi məktəbdə yazılır. Sonra Lima universitetində hüquq fakültəsində oxuyur. 19 yaşında rəsmi nikahla özündən 14 yaş böyük qohumu ilə evlənir.  Bu evlilik "Julia xala və cızma-qaraçı" romanının mövzusuna çevrilib.

 

Hüquq təhsilini başa vurandan sonra Lyosa öz istəyilə Perudan 17 illik  mühacirət edir. Bu müddətdə o, jurnalistika fəaliyyəti ilə məşğul olur və leksiyalar deyir. Elə həmin müddətdə də roman yazmağa başlayır. İlk romanı hərbi məktəbdəki yaşantılarından bəhs edən “Qəhrəmanın zamanı” 1963-cü ildə nəşr olunur. Onun digər romanlarına “Yaşıl ev” (1963), “Katedralda söhbət” (1969) və “Dünyanın son müharibəsi” (1981) aiddir.

 

Lyosa həm də esseist və dramaturqdur. Bundan əlavə o Peru televiziyasında həftəlik  verilişlər aparıb. O, bir çox beynəlxalq ədəbiyyat mükafatlarına layiq görülüb və 1976-cı ildən 1979-cu ilə qədər PEN-in rəhbəri olub. İndi ikinci arvadı Patricia və 3 uşağı ilə Limada Hind okeanına baxan evində yaşayır.

 

- Siz tanınmış yazıçısınız və oxucularınız əsərlərinizlə tanışdır. Bəs deyə bilərsiz siz özünüz nə oxuyursunuz?

 

- Son beş ildə maraqlı bir şey baş verib. Bir də baxdım ki mən müasirlərimi daha az-az, keçmişin yazıçılarını isə daha çox oxuyuram. 20-ci əsrə nisbətən 19-cu əsr ədəbiyyatından çox oxuyuram. Bu günlər ədəbiyyata esselər və tarixdən daha az meyilliyəm. Nəyi və niyə oxuduğuma o qədər fikir verməmişəm… Bəzən bu peşəkar səbəblərdəndi. Ədəbi planlarım əsasən 19-cu əsrlə əlaqədardı: Viktor Hüqonun səfilləri, yaxud Perulu sosial islahatçı və feminist Flora Tristan-ın həyatından ilhamlanmış roman. Həm də sonra fikirləşirəm ki, 15 və ya 18 yaşında sənə elə gəlir ki, qarşında böyük zamanın var. Ancaq sən 50 yaşa çatanda başa düşürsən ki, bundan sonra sənin sayılı günlərin var və ona görə də selektiv olmalısan. Çox güman ki, bu səbəbdən öz müasirlərimi o qədər oxumuram.

 

- Bəs oxuduqlarınız içində ən çox kimi sevirsiniz?

 

- Gəncliyimdə mən Sartrın çoşğun oxucusu idim. Amerika romançılarını, itirilmiş nəsli – , Heminguey, Fitscerald, Dos Pasos və xüsusilə Folkneri oxumuşam. Gəncliyimdə oxuduğum müəlliflər içində o hələ də mənim üçün çox şey ifadə edir. Heminqueylə zaman-zaman baş versə də, Folkneri təkrar oxuduğumda heç vaxt məyus olmamışam. Bu gün Sartrı təkrar oxumaram. Oxuduğum şeylərlə müqayisədə onun ədəbiyyatı köhnəlib və xeyli dərəcədə öz dəyərini itirib. Esselərinə gəldikdə hələ də bəyəndiyim “Müqəddəs Genet – məzhəkəçi, yoxsa şəhid” istisna olmaqla onlar da indi az əhəmiyyətlidir. Onlar ziddiyətlər, qarışıqlıqlar, səhvlər və rabitəsizliklə doludur. Siz bunu Folknerdə heç vaxt görməzsiniz.

 

Əlimdə qələm və kağız oxuduğum ilk müəllif Folkner idi, çünki onun texnikası məni valeh edirdi. Şüurlu şəkildə əsərlərindəki zaman quruluşunu, məkan və zaman kəsişməsini, təhkiyədəki fasilələri, müəyyən bilinməzlik yaratmaq, hekayəyə əlavə dərinlik vermək üçün onu fərqli nəzər nöqtələrindən nəql etmək bacarığını öyrənməyə çalışaraq onları yenidən yazmağa cəhd etdiyim ilk romançı o idi. Düşünürəm ki, bir Latın Amerikalı kimi mənim onları oxumağım çox faydalı idi, çünki onlar müəyyən mənada Folknerin təsvir etdiyi dünyadan fərqli olmayan bir dünyaya aid edilə bilən qiymətli təsvir texnikaları mənbəyi idi. Əlbəttə, sonralar mən coşqun acgözlüklə 19-cu əsr romançılarını oxudum: Flobert, Balzak, Dostoyevski, Tolstoy, Stendal, Hautorn, Dickens, Melvil. İndinin özündə də mən 19-cu əsr yazarlarının qızğın oxucusuyam.

 

Latin Amerikası ədəbiyyatına gəldikdə isə, kifayət qədər qəribə də olsa, mənim onu kəşf edib böyük həvəslə oxumağa başlamağım yalnız Avropada yaşayandan sonra baş verdi. London universitetində Latın Amerika ədəbiyyatından dərs deməliydim və bu məni Latın Amerika ədəbiyyatı haqqında bütövlükdə düşünməyə vadar etdiyi üçün çox zəngin təcrübə oldu. O vaxtdan Markesdən başqa müəyyən mənada tanış olduğum Borxesi və bütöv o nəsli Karpenter, Kortazar, Guimaraes Rosa, Lezama Limanı oxudum. Markesi sonralar kəşf etdim və haqqında kitab yazdım: “Qarsia Markez – Tanrı qatilinin hekayəsi”. Dərs deməli olduğum üçün 19-cu əsr Latın Amerikası ədəbiyyatını da oxumağa başladım. Sonra mən gördüm ki, bəlkə də esseçi və şairlərdən zəif də olsa bizim son dərəcə maraqlı yazarlarımız var. Məsəlçün, heç vaxt roman yazmayan Sarmiento mənə görə Latın Amerikasının yetişdirdiyi ən böyük hekayəçilərdən biridir. Onun “Facundo”-su şahəsərdir. Ancaq bir nəfəri seçmək məcburiyyətində olsaydım, mən Borxesi seçərdim, çünki onun yaratdığı dünya mənə görə tamamilə originaldır. Böyük orijinallıqdan başqa, o nəhayətsiz təxəyyül və tamamilə özünəməxsus mədəniyyətə malikdir və təbii ki, Borxesin bizim ənənəvi dilimizlə əlaqəsini kəsib yeni ənənə yaradan dilini qeyd edərdim. İspan dili əhatəliliyə və genişliyə meyilli dildir. Servantesdən başlayaraq, Orteqa Kasset, Valle İnclan və Alfonso Reyes-ə qədər bütün böyük yazıçılarımız uzunçu olublar. Borxes isə əksinə lakonik, dəqiq və qənaətcildir. O, İspan ədəbiyyatında təqribən sözü qədər ideyası olan yeganə yazıçıdır. Bizim dövrün ən böyük yazıçısıdır.

 

- Borxesə münasibətiniz necəydi?

 

- Onu ilk dəfə 60-cı illərin əvvəlində, o vaxt yaşadığım Paris şəhərində gördüm. O, burada fantastik və Latın Amerika yerli ədəbiyyatı (gauchesca ədəbiyyatı) haqqında mühazirə deyirdi. Sonra mən işlədiyim Fransa radio televiziyası üçün ondan müsahibə götürdüm. Hələ də həyəcanla xatırlayıram bunları. Bundan sonra biz bir neçə dəfə dünyanın müxtəlif yerlərində görüşmüşdük, hətta bir dəfə Limada mən onu nahara qonaq eləmişəm. Naharın sonunda o məndən xahiş elədi ki, onu tualetə ötürüm. İşədiyi vaxt Borxes qəfildən məndən soruşdu ki, necə düşünürsən katoliklər ciddidir? Sonra özü də cavab verdi ki, böyük ehtimal yox.

 

Axırıncı dəfə mən onu Bounes Ayresdəki evində gördüm. Bu dəfə Perudakı bir televiziya şousu üçün onunla müsahibə edirdim və mənə elə gəldi ki, o mənim bəzi suallarıma acıqlandı. Müsahibədən sonra onun divarları dağılmış və damı sızan evinin təvazökarlığından təəccübləndiyimi – əlbəttəki mən təkcə ona olan böyük rəğbətimə görə yox, həm də belə füsunkar və zərif insana qarşı duyduğum böyük sevgiyə görə son dərəcə diqqətliydim – deyəndə o çox bərk əsəbləşdi. Bu açıq şəkildə onu incitmişdi. Ondan sonra mən onu daha bir dəfə gördüm, ancaq bu dəfə o son dərəcə məsafəliydi. Sonra Oktavio Paz mənə dedi ki, o eviylə bağlı həmin fikrə görə çox əsəbləşib. Onu incidən yeganə şey danışdığım bu hadisə olmalıydı, çünki mən bundan başqa onu tərifləməkdən başqa heç bir şey deməmişdim. Fikirləşirəm ki, mənim kitablarımı oxumayıb. Özünün dediyinə görə o yaşı 40-ı keçəndən sonra yaşayan heç bir yazıçını oxumayıb, eyni kitabları təkrar-təkrar oxumaq…

 

Ancaq o mənim böyük heyranlıq duyduğum yazıçıdır. Əlbəttəki təkcə o deyil, Pablo Neruda heyrətamiz şairdi. Bir də siyasət, incəsənət və ədəbiyyat haqqında fikirlər yürüdən Oktavio Paz, təkcə böyük şair yox, həm də böyük esseistdir. Onun bilgi və maraq dairəsi universaldır. Mən indi də onu böyük məmnuniyyətlə oxuyaram. Bizim siyasi görüşlərimiz də bir-birinə yaxındır.

 

- Nerudanın heyranlıq duyduğunuz yazarlar sırasında olduğunu söylədiniz. Siz həm də onunla dost olmusuz. Necə biri idi o?

 

- Neruda həyata vurğun idi. O hər şeyin – rəssamlıq, ümumi incəsənət, kitablar, nadir nəşrlər, yemək və içməyin divanəsiydi. Onun üçün yemək və içmək demək olar ki, mistik bir şey idi. Stalini öyən şeirlərini nəzərə almasan heyranedici dərəcədə xoş, enerji dolu bir insan idi. Hər şeyin onun xoşbəxtliyinə aparan feodal dünyaya yaxın bir dünyada yaşayırdı. Bəxtim gətirib, bir dəfə həftə sonunu İsla Negrada keçirmişəm. Bu möhtəşəm idi. Onun ətrafında sanki sosial mexanizm işləyirdi: iş görən, biş-düş edən insanlar və xeyli sayda qonaqlar. Bu qeyri-adi dərəcə canlı, intellektuallığın zərrə qədər izi olmayan çox məzəli bir cəmiyyət idi. Neruda heç vaxt içdiyi, çəkdiyi yaxud yediyi görülməyən, hətta sevişdiyi belə düşünülməyən, bütün bunların onun üçün tamamilə ikinci dərəcəli şeylər olduğu və nə vaxtsa etmiş olubsa da bunu da yalnız nəzakət xətrinə etmiş olmalı olan Borxesin bütünlüklə əksi bir insan idi. Çünki onun həyatı ideyalar, mütaliə, düşünmək və yaradıcılıqdan ibarət idi. O, ədəbiyyatın həyatla hiss vasitəsilə təcrübədən yarandığını düşünən Xorxe Amado və Rafael Alberti nəslindən gəlirdi.

 

Londonda Nerudanın doğum gününü qeyd etdiyimiz günü xatırlayıram. O, Temza çayı üzərində gəmidə məclis qurmaq istəyirdi. Xoşbəxtlikdən məlum oldu ki, onun heyranlarından biri ingilis şair Alastair Reid Temzada bir qayıqda qalır. Beləliklə, biz onun istədiyi ad gününü keçirə bildik. Bir vaxt o dedi ki, kokteyl düzəltməyə gedir. Bu, bilmirəm nə qədər Dom Perignon üzüm şərabının, meyvə suyunun və allah bilir daha nələrin qarışdırıldığı dünyanın ən bahalı içkisi idi. Təbii ki, içki çox gözəl idi, ancaq bir stəkan bəs edirdi ki, insanı sərxoş eləsin. Beləliklə, heç bir istisnasız hamımız sərxoş olmuşduq. Ancaq bununla belə üstündən illər keçməsinə baxmayaraq onun mənə dediyi və doğrudan da böyük həqiqət olduğu sübüt olunan bir şeyi hələ də xatırlayıram. Məni təhqir edən və haqqımda yalanlar yazan, ancaq adını tam xatırlamadığım bir məqaləni ona göstərmişdim. Məclisin ortasında o peyğəmbərlik edirdi: sən məşhur olmağa başlayırsan. İstəyirəm səni qarşıda nə gözlədiyini biləsən. Daha çox məşhurlaşdıqca daha çox belə hücumlara məruz qalacaqsan. Hər bir tərifə 2-3 təhqir olacaq. Mənim özümün sinəm təhqir, bədxahlıq, alçaqlıq doludur, hər şeyə dözmək bacarığı göstərmiş adamam. Birini də buraxmamışam – oğru, pozğun, xəyanətkar, quldur, dəyyus… hamısı! Məşhur olacaqsansa, bunların hamısını gözə almalısan.

 

Neruda düz deyirdi: həqiqətən də onun proqnozlarının hamısı baş verdi. Mənim indi nəinki dolu bir sinəm, insan oğluna məlum olan bütün söyüşlərdən ibarət məqalələr dolu çantalarım var.

 

- Bəs Markes haqqında nə deyə bilərsiniz ?

 

- Biz dost idik, iki il Barselonada qonşu olmuşuq, eyni küçədə yaşamışıq. Sonra şəxsi və siyasi səbəblərə görə bir-birimizdən aralaşdıq. Ancaq pozuluşmağımızın əsl səbəbi şəxsi problem idi, onun heç də bəyənmədiyim siyasi inanclarıyla da bunun heç bir əlaqəsi yox idi. Mən düşünürəm ki, onun yazdıqları və siyasi görüşləri eyni səviyyədə deyil. Belə deyək, mən onun işlərini bir yazıçı kimi çox bəyənirəm. Dediyim kimi, onun ədəbiyyatı haqqında 600 səhifəlik kitab yazmışam. Ancaq mənim üçün qeyri-ciddi görünən siyasi görüşlərinə və onun şəxsiyyətinə o qədər hörmət etidiyimi deyə bilmərəm. Fikrimcə onun siyasi görüşləri populist və kütləyə oynayan qəbildəndi.

 

- Qeyd etdiyiniz şəxsi problem deyilənə görə sizin də dalaşdığınız Meksika teatrındakı hadisəylə bağlıdır?

 

- Düzdü, Meksikada hadisə baş vermişdi. Ancaq indi bunun haqqında danışmaq mənə maraqlı deyil. Bu onsuz da xeyli spekulasiyalara səbəb olub, indi dedi-qoduçulara əlavə material vermək istəmirəm. Memuarımı yazası olsam, bəlkə orda bu barədə danışaram.

 

- Kitablarınızın mövzusunu siz özünüz seçirsiniz, yoxsa mövzular sizi seçir?

 

- Mənə elə gəlir mövzu yazıçını seçir. Həmişə o düşüncədə olmuşam ki, bəzi mövzular özlərin diqtə etdir. Mən onlara məhəl qoymaya bilmirəm, çünki onlar həqiqətən də izah edə bilməyəcəyim dumanlı bir yolla hansısa fundamental təcrübəyə əsaslanır. Məsələn, gənc vaxtlarımda Limada Leonico Prado adlı hərbi məktəbdə keçirdiyim illər mənə yazmaq üçün həqiqi bir ehtiyac və vazkeçilməyən bir arzu vermişdi. Bu bir çox yollarla uşaqlığımın son dərəcə travmalı sonunu göstərən bir təcrübə idi. Bu acılarla dolu, sosial, mədəni və irqi fraksiyaların tam bir müxalifətdə olduğu, bəzən də şiddətli döyüşlərə atıldığı ölkəmin zorakı cəmiyyət kimi yenidən kəşfi idi. Düşünürəm ki, bu təcrübənin üzərimdə təsiri olub. Bir şeydən əminəm ki, o məndə yazıb yaratmağa böyük ehtiyac yaratdı.

 

Bu günə qədər demək olar ki, bütün kitablarımla eyni hal baş verib. Mənə elə gəlir heç vaxt rasional, soyuqqanlı şəkildə nəyisə yazmağa qərar verdiyim olmayıb. Əksinə, müəyyən adamlar, hadisələr bəzən yuxular, oxuduğum şeylər özünü diqtə edib və diqqət tələb edib. Ona görə mən ədəbiyyatın tamamilə irrasional elementlərinin vacibliyi haqqında bu qədər çox danışıram. İnanıram ki, bu irrasionallıq oxucuya da ötürülməlidir. Çox istərdim ki, oxucular romanlarımı mən romanı oxumağı sevdiyim kimi oxusun. Ən çox valeh olduğum romanlar məni ovsunlamış romanlardı, nəinki mənə intellekt və ağıl kanalından daha az təsir etmişlər. Bunlar bütün tənqidi qabiliyyətimi əlimdən alan, məni eləcə anlaqsız vəziyyətdə buraxan romanlardı. Mən bu cür romanları oxumaq istəyirəm və bu cür romanlardan yazmaq istəyərəm. Fikirləşirəm ki, romanda iştirakı qaçılmaz olan intellektual elementin hərəkət və hekayəyə qarışıb oxucunu ideyaları ilə deyil, rəngi, yaratdığı emosiyaları, sürpriz elemenentləri və yarada biləcəyi digər sehr və kitaba qərq etmə kimi bacarığı ilə valeh etməsi çox vacibdir. Məncə, əslində roman texnikası deyilən şey oxucu ilə hekayə arasındakı məsafəni azaltmaq və ya əgər mümkün olsa ləğv etmək kimi təsirləri yaratmaq üçün var. Bu mənada mən 19-cu əsr yazıçısıyam. Mənim üçün roman təsvir etdiyim müəyyən qayda ilə oxunan məcarəlar romanıdır.

 

- Romanlarınızdakı yumor hara getdi? Sonuncu romanlarınız “Julia xala və cızma-qaraçı"ndakı yumordan çox uzaqdı. İndi yumor yazmaq çətindir?

 

- Heç vaxt özümə sual etməmişəm ki, mən indi gülməli kitab yazmağa hazırlaşıram, yoxsa ciddisin? Son illərdə yazdığım kitabların mövzusu sadəcə yumora uyğun gəlməyiblər. Fikirləşmirəm ki, “Dünyanın sonu müharibəsi”, “Alexandro Maytanın həyatı” və ya yazdığım digər peyslər yumorla işlənəcək mövzü üzərində qurulub. Bəs “Ögey ananın tərifi” necə? Orda yumor vardı axı, yox?

 

Mən yumora qarşı allergik idim, elə düşünürdüm ki, ciddi ədəbiyyat heç vaxt güldürməz. Əgər əsərlərimdə sosial, siyasi və mədəni məsələlərdən yazmaq istəyirəmsə, o zaman yumor çox təhlükəli ola bilər. Düşünürdüm ki, yumor əsərlərimi suni göstərəcək və oxucularda belə təəsürat yaradacaq ki, onlar yüngül əyləncədən başqa bir şey deyil. Ona görə çox güman ki, hər zaman (ən azı yazılarında) buna qarşı olan Sartrın təsiri altında yumordan imtina etmişdim. Ancaq bir gün başa düşdüm ki, həyatın bəzi təcrübələrini ədəbiyyatda təəssürata çevirmək üçün yumor çox qiymətli vasitə ola bilər. Bu “Pantaleon və xüsusi  xidmət”də baş verdi. O zamandan  yumorun böyük xəzinə, həyat və həmçinin ədəbiyyatın əsas elementlərindən olduğunu anladım. Onun mənim əsərlərimdə yenidən əhəmiyyətli rol oynayacağını da istisna etmirəm. Əslində elədir ki də var. Pyeslərimdə də həmçinin, xüsuslə “Keti və Hippopotamus”da.

 

- Bizə biraz iş vərdişləriniz haqqında danışa bilərsiniz? Necə işləyirsiniz? Roman necə yaranır?

 

- İlk növbədə bu bir xəyal, insan haqqında fikrə dalma kimi yalnız düşüncədə baş verən bir şeydir. Sonra qeydlər götürürəm, təhkiyənin ardıcıllıq xülasəsi, kimsə burda səhnəyə daxil olur, kimsə orda çıxır, bunu edir, onu edir. Roman üzərində işləməyə başlayanda heç vaxt başlanğıc formada saxlaya bilmədiyim, işlədikcə dəyişdiyim, ancaq mənə həmişə start götürməyə imkan verən sujetin ümumi planını cızıram. Daha sonra stillə bağlı heç bir narahatçılıq keçirmədən onları bir yerə yığır, təkrar-təkrar səhnələri yazır, tamamilə bir-birinə ziddi vəziyyətlər yaradıram…

 

Xam material mənə kömək edir və arxayınlaşdırır. Ancaq mənim üçün ən çətini yazmaq hissəsidir. Bu mərhələdə çox ehtiyatlı gedirəm və nəticədən əmin ola bilmirəm. Birinci versiya nigarançılıq içində yazılır. Qaralamanı bitirəndən sonra – bəzən bu çox uzun çəkir, “Dünyanın sonu müharibəsi”də birinci mərhələ iki il çəkdi – hər şey dəyişir. Bilirəm ki, hekayə mənim maqmam adlandırdığım yerdə yatır. Bu, tamamilə xaosudur, ancaq bununla belə o orda durur, çoxlu lazımsız elemenlərin içində itib batır, sonra xeyli sayda artıq səhnələr çıxarılır, və ya hansısa səhnələr fərqli qəhrəmanlarla fərqli perspektivlərdən bir neçə dəfə təkrarlanır. Bu çox xaotikdir və yalnız özüm üçün ayındır. Hekayə bu şərtlər altında doğulur. Sən bunu qalanlarından ayırmalı, təmizləməlisən və bu işin ən ləzzətli yeridir. Bundan sonra birinci qaralamanı yazarkən hiss etdiyim əndişə və gərginlik olmadan daha çox saat işləyə bilirəm. Mənə elə gəlir ki, mən yazmaqdan çox, üzərində işləməyi, redaktə etməyi və yoxlayıb düzəltməyi sevirəm… Məncə yazmağın ən yaradıcı hissəsi burasıdır. Heç vaxt bilmirəm hekayəni nə vaxt bitirəcəm. Bir neçə ay çəkəcəyini düşündüyüm iş bəzən bir neçə ilimi alıb. Hekayəni bitirə bilmirəmsə, onun mənə güc gələcəyini hiss elədiyim vaxt onu bitmiş hesab edirəm. Mənim üçün artıq bəs eliyəndə, doyma mərhələsinə çatanda, daha getmədiyini düşündüyüm vaxt hekayə bitir.

 

- Siz əl ilə yazırsınız, yoxsa yazı makinəsi ilə və ya ikisiylə də növbə ilə?

 

- Əvvəlcə əllə yazıram. Adətən səhərlər, günün erkən saatlarında işləyirəm və əllə yazıram. Bu saatlar günün ən yaradıcı vaxtlarıdır. Əllərim qıc olduğu üçün belə heç vaxt iki saatdan artıq işləmirəm. Sonra əllə yazdıqlarımı yazı makinasında yazıram və yazdıqca dəyişikliklər edirəm. Bu əlbəttə ki, yazdığımın üzərində işin ilkin mərhələsidir. Həmişə axırda bir neçə sətir buraxıram ki, sabah makinada yazmağa dünən yazdığımın sonundan başlayım. Makinada yazmaq müəyyən dinamika yaradır, bu qızınma məşğələsi kimi bir şeydir.

 

Heminquey də eynilə bu texnikadan istifadə edirmiş. Sonuncu cümləni yarımçıq buraxırmış ki, sabah qaldığı yerdən mövzunun ipucunu tutub davam edə bilsin.

 

Hə, o düşünürmüş ki, sabah daha asan başlamaq üçün bu gün ağlında olan hər şeyi heç vaxt axıracan yazmamalıdır. Mənə ən çətin gələni başlamaqdı. Sabah yenidən mövzuyla kontakt yaratmaq, bunun əzabı…  Ancaq əgər sənin etməli olduğun texniki işlər varsa, deməli iş başladı. Makina işləməyə başlayır.

 

Mənim çox ciddi iş cədvəlim var. Hər səhər saat ikiyə kimi ofisimdə oluram. Bu müddət mənim üçün müqəddəsdi. Bu o demək deyil ki mən bu saatları həmişə yazıram, bəzən mən materialı gözdən keçirirəm, qeydlər götürürəm. Ancaq sistematik olaraq bu müddəti mən ofisdə işdəyəm. Təbii ki, yaradıcılıq üçün uğurlu və uğursuz günlər var. Ancaq buna baxmayaraq, hər gün işləyirəm, hətta əgər mənim hansısa yeni ideyalarım yoxdusa da, yazdıqlarımı gözdən keçirirəm, düzəlişlər edirəm, qeydlər götürürəm və sair. Bəzən bitmiş hissələri yenidən işləyirəm, vurğunu, durğu işarələrini dəyişirəm.

 

Birinci gündən altıncı günə kimi davamlı olaraq roman üzərində işləyirəm, bazar gününü isə jurnalistik yazılara, esselərə həsr edirəm. Bu cür işləri bazar günü ayrılmış vaxt müddətində saxlamağa çalışıram ki, o həftənin qalan günlərinin yaradıcı işinə maneçilik törətməsin. Qeydlər götürəndə klassik müsiqiyə qulaq asıram, o vaxta qədər ki, oxuyan olmasın. Bunu çox səs-küylü evdə yaşayandan elməyə başlamışam. Səhərlər mən təkbaşına işləyirəm, heçkim ofisə gəlmir. Hətta telefon zənglərini belə açmıram. Açmış olsam həyatım canlı cəhənnəmə dönər. Təsəvvür etməzsiniz nə qədər telefon zəngi alıram, nə qədər ziyarətçilərim olur. Hər kəs bu evi tanıyır. Təssüfki, mənim ünvanım ictimai əraziyə çevrildi.

 

- Heç bu sparta rejimində imtina etdiyiniz olub?

 

- Görünür yox, mən bilmirəm başqa cür necə işləmək olar. Oturub ilhamı gözləsəydim, yəqin heç vaxt kitabı bitirə bilməzdim. Mənə görə ilham pərisini müntəzəm zəhmət yaradır. Bu rutin mənə böyük günlərdən asılı olmadan rahatlıqla işləməyə imkan verir.

 

Viktor Hüqo ilham pərisinin sehirli gücünə inanırdı. Markes deyirdi ki, Yüz ilin tənhalığı ilə bir neçə illik əlləşib-vuruşandan sonra, bir dəfə maşınla Akapulkoya səyahət zamanı roman özü özünü onun başında yazıb. Siz indi dediniz ki, ilham sizin üçün dissiplin məhsuludur. Bəs sizdə heç vaxt məşhur vəyh gəlməsi baş verməyib?

 

Mənim başıma heç vaxt gəlməyib.  Bu çox ləng prosesdi. Başlanğıcda anlaşılmaz, həyəcanlı bir vəziyyət, ehtiyat və maraq var. Mən belə başa düşürəm ki, bu maraq və həyəcanımı oyadaraq sonradan işə, qeyd kağızlarına və ssenarinin qısa məzmununa çevrilən dumanlı qarışıq bir vəziyyətdir. Sonra mən sxemlə materialları ardıcıl qaydada bir yerə yığmağa başlayanda yenə də bir cür dağınıqlıq və tutqunluq davam edir. Vəhy ancaq iş prosesində gəlir. Yüksək duyğu, o aydınlanma, çözüm və idrak yaradan coşğunluq, bütün bunları gərgin əmək yarada bilər. Artıq uzun müddət işlədiyim əsərin ən önəmli yerində çatanda, bəli ondan sonra nəsə baş verir. Hekayənin soyuqluq və yadlığı itib gedir. Əkisnə, o elə canlı, elə vacib olmağa başlayır ki, yaşadığım hər şey yazdığım mətnlə münasibətdə mövcud olur. Eşitdiyim, gördüyüm, oxuduğum hər şey bu və ya digər şəkildə işimə kömək edir. Bir növ reallığın hannibalına çevrilirəm. Ancaq bu mərhələyə çatana qədər işin katarzisindən keçməliyəm. Bir növ daimi qoşa həyat yaşayıram. Minlərlə başqa işlər görsəm də, ağlım həmişə əsas işimdədir. Bəzən bu açıq şəkildə əsəb və alüdəçiliyə çevrilir.  Bu müddətdə filmə baxmaq məni yüngülləşdirir. Özümü daxili qarışıqlıq içində tapdığım ağır iş gününün sonunda filmin mənə çox köməyi dəyir.

 

Tərcümə: Abzas.net

LENT

29 İyul 2017
28 İyul 2017
27 İyul 2017
26 İyul 2017