Bu dahilərin əsərlərini bəyənmirdilər - Çexov, Kafka…

 

Elə məşhur əsərlər var ki, öz dövründə bəyənilməyiblər. Yalnız üstündən uzun zaman keçəndən sonra qəbul olunublar. Görünür bəzi sənət əsərlərinin həqiqi dəyərini alması üçün zaman məfhumu da vacib rol oynayır. Kulis.az vaxtında dəyərini almayan sənət şedevrlərini təqdim edir.

 

 

Musiqiçinin uğursuzluğu

 

 

Sergey Vasiyleviç Raxmaninov hələ həyatda ikən məşhur idi. O, həm bəstəkar, həm pianoçu, həm də dirijor kimi insanların qəlbini fəth etmişdi. Amma onun parlaq karyerasının ağır dövrləri də olmuşdu. Bəlkə də musiqiçi üçün ən ağır zərbə Birinci simfoniyanın müvəffəqiyyətsizliyi idi.

 

Sergey Raxmaninov Birinci simfoniyasını təqdim etməyə uzun müddət hazırlaşmışdı. Gərginliyi nəzərə alan bəstəkar gün ərzində on saat işləyirdi. Bəstəkarın konsertindən yüksək nailiyyətlər gözləyən musiqi tənqidçiləri onunla pis zarafat edərək əsəri yerdən yerə vurdular. Üstündən uzun müddət keçəndən sonra əminliklə demək olar ki, əsərin uğur qazanmamasının səbəbi onun zəif olması deyil, pis ifa olunması idi. 15 mart 1897-ci ildə Sankt-Peterburqda Raxmaninovun Birinci simfoniyasının premyerası keçirildi. Orkestrə dirijorluğu dünyagörüşü, temperamenti və yaradıcı prinsipləri Raxmaninovdan köklü sürətdə fərqlənən Aleksandr Qlazunov edirdi. Birinci Simfoniyanın həmin vaxt uğursuza düçar olması Raxmaninov üçün ağır zərbə idi. Gənc bəstəkar yazırdı: “Bu simfoniyadan sonra üç il heç nə yazmadım. Özümü uzun müddət aldığı zərbə nəticəsində başı bədənindən ayrı qalmış adam kimi hiss edirdim... Simfoniyanı bir də nümayiş etdirməyəcəm və vəsiyyət edəcəm baxışına qadağa qoyulsun...”

 

Əsər uzun müddət çap edilmədi. Belə hesab edirdilər ki, partitura itib. Ancaq musiqişünas Aleksandr Ossovski notları bərpa edir və bəstəkarın ölümündən iki il sonra Birinci simfoniyanın ikinci premyerası uğurla keçirilir.

 

 

Depressiv əlyazma

 

 

Yəhudi əsilli alman yazıçı Frans Kafka bu gün bütün dünyada məşhur olsa da sağlığında demək olar ki, heç tanınmırdı və cəmi bir neçə hekayəsi çap olunmuşdu. Onların içində “Çevrilmə” – bir səhər oyanıb böyük həşərata çevrildiyini görən bir adam haqqındakı hekayə də vardı. Kafkanın özünəməxsus darıxdırıcı manerasında mürəkkəb insani əlaqələrə münasibəti əks olunmuşdu. Naşirlər əvvəlcə bu qəribə əlyazmanı çap etmək istəmirlər, üstündən iki il keçəndən sonra nəhayət alman ədəbiyyat jurnallarından biri onun dərc edir. Gözlənildiyi kimi müasirləri müəllifin ideyasını anlamırlar. “Çevrilmə” Kafkanın ölümündən uzun illər keçəndən sonra, İkinci Dünya müharibəsi ərəfəndə məşhurlaşdı. Bu depressiv oçerk həmin vaxt repressiyaya məruz qalan Şərqi Avropa əhalisi arasında əks-səda yaratdı.

 

Maraqlıdır ki, müəllifin özü hekayəni bəyənmirdi. O yazırdı:“ İndicə “Çevrilmə”ni təzədən oxudum və mənə çox mənasız göründü.” İlk növbədə onu əsərin sonu qane etmirdi. Bir sözlə Kafka öz yaradıcılığına qarşı olduqca ciddi idi, hətta ölümqabağı dostuna çap olunmamış əsərlərini yandırmağı belə vəsiyyət etmişdi. Yaxşı ki, dostu Maks Brod buna əməl etmir.

 

Səfil rəssam

 

 

Məşhur fransız rəssam Pol Qogen həyatının böyük qismini yoxsulluq içərisində keçirib, əsərləri isə demək olar ki, incəsənət biliciləri arasında heç bir maraq oyatmayıb. Müasirləri onun ən tanınmış əsərlərindən olan “Hardan gəlmişik? Biz kimik? Hara gedirik?”-ə də layiqli qiymətini verməyiblər. Onu çəkməmişdən bir qədər əvvəl Qogen yazırdı: “Gücümü bərpa etmək üçün heç bir tikə çörəyim də yoxdur. Ancaq su ilə özümü saxlayıram, arada indi-indi yetişmiş quava meyvələri və manqo yeyirəm, hə bir də şirin su krevetləri ilə qidalanıram”. Heç kəs tərəfindən qəbul olunmayan və yoxsulluğa məhkum olunmuş rəssam 1897-ci ildə intihar etmək qərarına gəlir, ancaq bundan əvvəl həyat haqqında düşüncələrini təsvir etdiyi sonuncu şedevrini yaradır. “Hardan gəlmişik? Biz kimik? Hara gedirik?” əsərini bitirəndən dərhal sonra Qogen arsen zəhəri olan qutunu götürüb dağa qalxır. Ancaq olduqca yüksək doza zəhər qəbul etdiyindən, bu onda fasiləsiz ürəkbulanma yaradır. Nəticədə rəssam xilas olur.

 

Yalnız 1906-cı ildə, rəssamın ölümündən üç il sonra o, tanınır və şöhrət qazanır. Cəmi doqquz il əvvəl uğursuzluqla bitən hərracın keçirildiyi Parisdə (47 tablosundan yalnız 9-u satılmışdı) rəssamın sensasion sərgisi baş tutdu. Tamaşaçılar burada artıq qəbul olunmuş incəsənət ustasının 227 əsər ilə tanış oldular.

 

 

Məşq edilmədən qoyulan pyes

 

 

Anton Pavloviç Çexovun məşhur “Qağayı” pyesinin premyerası 17 oktyabr 1896-cı ildə Peterburqun Aleksandrinski teatrında keçirildi və gözləntilərin əksinə olaraq müvəffəqiyyətsizliklə nəticələndi. Deyilənə görə məşum tamaşanın rejissoru Yevtixiy Pavloviç Karpov əsərin ideyasını bir tərəfə ataraq aktyorların cəmi bir həftəyə öz rollarını öyrənmələri ilə məşğul olmuşdu. Mizansəhnələr isə qurulmamışdı. Öz əsəri ilə bu cür rəftardan sonra Çexov daha teatr üçün yazmamaq qərarına gəlir. “Qağayı” teatr tarixinin ən uğursuz tamaşası qəbul edilir. Artıq səhəri gün paytaxtın mədəni dairələri aktyorların öz rollarını zəif öyrənmələri, müəllifin tamaşaçılara qarşı etinasızlığı və pyesin zəifliyi haqqında danışırdı. Yeni pyesin müasirlər tərəfindən qəbul olunmamasında təkcə bədbəxt aktyorlar deyil, Çexov özü də “günahkar” idi, çünki “Qağayı” simvolikası ilə dövrünü qabaqlayırdı.

 

Çexovun yeni poetikası üçün yeni teatr formaları gərəkli idi. Bu formanı Moskva Bədaye Teatrının yaradıcıları Konstantin Sergeyeviç Stanislavski və Vladimr İvanoviç Nemiroviç-Dançenko tapdı. 17 dekabr 1898-ci ildə baş tutan triumfal premyera ilə Bədaye Teatrı Çexovun “Qağayı”sını reabilitasiya elədi.

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017