Doktor Nərimanın açıq qapısı - REPORTAJ

 

 

“Mən 1925-ci il martın 19-da, iş qurtarandan sonra, axşam saat 9-a 15 dəqiqə işləmiş, ya da 9-un yarısında Aleksandr bağının hasarı yanındakı səki ilə Trotski darvazasından İnqilab meydanı tərəfə gedərkən, bir nəfərin hasara söykəndiyini və bərk öskürdüyünü gördüm. Halı pis idi. Kömək etmək üçün yaxınlaşanda əvvəllər ambulatoriyamızda bir neçə dəfə gördüyüm MİK sədri Nərimanov yoldaşı tanıdım. O da məni tanıyıb dedi: “Məni tez xəstəxanaya aparın, ölürəm”. Təzədən soruşdum: “Evə getmək istəyirmi?” Qəti tapşırdı ki, onu xəstəxanaya aparaq”.

 

Tibb işçisi Yuliya Litvinin Kremlə məlumatı...   

 

 

* * *

 

“Nəriman Nərimanov martın 19-da axşam saat 20:30-da Moskvada ürək partlamasından vəfat etdi. Nərimanın ürəyi daxili çəkişmələrə, bolşevizmin ağır və acı siyasətinə dözə bilmədi. Ürək belə vəziyyətdə partlamayıb, neyləməliydi ki?”

 

“Pravda” qəzeti, 1925-ci il...

 

* * *

 

“Nərimanovun Orconikidzenin qurduğu məclisdə Azərbaycandan göndərilmiş yarpaq dolması ilə zəhərlənməsi haqqında yazılanlar yalandır. Onu kofe ilə zəhərləyiblər”.  

 

Doktorun ev muzeyinin direktoru...

 

 

* * *

 

Nərimanovun İstiqlaliyyət küçəsi, 55 ünvanında yerləşən ev muzeyindəyəm. Muzey 1977-ci ildə yaradılıb və Heydər Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.

 

Doktor bu mənzildə Həştərxan sürgünündən qayıdandan sonra 1913-1918-ci illərdə ailəsi ilə birlikdə yaşayıb. Ev muzeyinin direktoru, doktorun qardaşı Salmanın nəticəsi Kamilə Hüseynova deyir ki, 1918-ci ildə mart soyqırımından sonra doktor möhkəm stress keçirir və onu Həştərxana palçıq müalicəsi qəbul etmək üçün xərəkdə yola salırlar. 1919-cu ildə Nərimanov Qafqaz müsəlmanlarının qurultayında iştirak etmək üçün Moskvaya yola düşür və ilk dəfə Leninlə görüşür. Vladimir Ulyanov doktora RSFSR Xalq Xarici İşlər Komissarlığında Şərq şöbəsinin müdiri vəzifəsini təklif edir.

 

 

1920-ci ildə Azərbaycan sovetləşəndən sonra Bakıya qayıdır. Və ona indiki Niyazi küçəsindəki İncəsənət Muzeyinin yerləşdiyi binada mənzil verirlər: “Nərimanov o cür dəbdəbəli evdə yaşamaq istəmirdi. Qardaşının qızı İltifat xanım mənə danışırdı ki, mühafizəçilərin evdə iki gündən artıq qalmasına icazə vermədi. Deyirdi, məni kimdən qoruyursunuz, öz xalqımdan? Doktor 1915-cü ildə, 44 yaşında bu evdə Gülsüm xanımla evlənib. Mənzilin açarını Nərimanova tacir Babayev soyadlı bir dostu verib ki, pulunu xırda-xırda verərsən. Bunu o vaxtlar gizlədirdilər ki, Nərimanov tacirlə dostluq edə bilməzdi. Sonra Cəlil Məmmədquluzadə Bakıya qayıdanda Nərimanov ona bir evin açarlarını vermişdi ki, "Sənindir". Gülsüm xanım bu evə çadrada gəlib, doktor onun çadrasını bu evdə çıxarıb”.

 

 

Haşiyə: 1870-ci ilin 14 aprelində Tiflisdə Kərbəlayi Nəcəfin ailəsində doğulan Nərimanov ailənin doqquz övladından biri idi. 1907-ci ildə qardaşı Salman, bir il sonra isə Salmanın həyat yoldaşı Səltənət vəfat edir. Dörd uşaq başsız qalır. 1905-ci il hadisələri zamanı Tiflisdə ailə başçılarını itirmiş Səkinə və Mərziyə yetim qalmış uşaqları ilə Bakıya köçüb Salmanın himayəsində yaşayırdılar. Salman öləndən sonra isə bu yük həkim diplomu ilə Odessadan Bakıya gələn Nəriman Nərimanovun üzərinə düşdü.

 

1925-ci ilin 28 yanvarında oğlu Nəcəfə yazdığı bitməməmiş məktubdan: "Əziz oğlum Nəcəf! Mən iyirmi yaşımdan qardaş və bacılarımın ailəsinə baxmış, bu 30 ildə 11 adam tərbiyə etmişəm. Onlardan 8 qızı ərə vermiş, qardaşımın üç oğlunu öz maaşımla böyütmüşəm. Bütün bunların hamısını icra etdikdən sonra mən yenə də təhsil almağa başladım. 30 yaşında universitetə daxil olmuş, onu bitirdikdən sonra bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsi ilə məşğul oldum. Bütün bu işlərdən mən yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verdikdən sonra, 1925-ci ildə azad olmuşam. Mən 1925-ci ilə qədər başqaları üçün yaşamışam. Bəs sonra? Sonra da belə davam edəcək. Bütün bunları ona görə yazıram ki, sən məni bəşəriyyət üçün az iş gördüyümə görə məzəmmət etməyəsən”.

 

* * *

 

Mən soruşuram: "Doktorun toyunda kimlər olub?" Cavab: “Qardaşının qızı xatirələrində yazır ki, toyda Üzeyir Hacıbəyov, Çəmənzəminli, Abdulla Şaiq, Haqverdiyev, Nəcəf bəy Vəzirov, Ərəblinski, Səməd Mənsur, həkim dostu Qara Qarayev, Ömər Faiq Nemənzadə, Müslüm Maqomayev iştirak edib. Hər cümə günü bu evdə Nərimanovun dostları çay süfrəsi ətrafında toplaşar, söhbət edərmişlər. Axırda da Hüseynqulu Sarabski oxuyarmış. Bu ev çox hadisələrlə bağlı olub. Məsələn, mart qırğınlarında ermənilər üzbəüz binadan Nərimanovun evini də atəşə tutanda Gülsüm xanım Bakı Sovetinə xəbər verib ki, vəziyyət pisdir. Şaumyanın oğlu Suren gəlib nənəmgili aparıb Şaumyanın evinə.

 

 

Bu, Nərimanovun ailəsini girov götürmək idi. İki gün orda qalıblar. Mikoyan da, Çaparidze də orada olub. Ermənilər Nərimanovu evindən aparmaq istəyəndə qardaşı qapıya çıxıb ki, Nərimanov mənəm. Onu aparıblar öldürməyə, xoşbəxtlikdən meyitlərin altında sağ qalıb. Doktorun da heç nədən xəbəri olmayıb, iki-gün küçələrdə, camaatın arasında olub. Ordu ikinci dəfə Bakıya girəndə Nərimanov onların qabağına çıxmayıb. Lenin ona zəng edib, nə danışıblarsa, qabağına nə şərtlər qoyulubsa, məcbur olub qarşılayıb. Görünür, şərt belə olub ki, Nərimanov ya ordunu qarşılamalı idi, ya da qırğınlar olacaqdı”.

 

* * *

 

Muzeyin 1-ci otağında Nərimanovun uşaqlıq və gənclik illərinə aid sənəd və materialları var. Bura nə daxildir? Məsələn, doktorun anadan olması haqqında şəhadətnamə, Qori müəllimlər seminariyasını bitirməsi haqqında şəhadətnamə, Qızılhacılı kənd məktəbində müəllimlik fəaliyyətindən bəhs edən sənədlər, Tiflisdəki evinin maketi, həkimlik diplomu və s.  

 

Ekspozisiyanın 2-ci otağı Nərimanovun ictimai-siyasi fəaliyyətinin XX əsrin ilk onilliklərini əhatə edən sənəd və materialları əks etdirir.

 

3-cü otağın ekspozisiyasında isə xatirə əşyaları, tutalım, tar, əsa, çarpayı, çilçıraq, oğlu Nəcəfə yazdığı yarımçıq məktubu...

 

 

Və 4-cü otaq. Doktorun tibbi kabineti. Otaqda hər şey Nərimanovun böyük qardaşı Salmanın qızı İltifat xanımın xatirələrinə əsasən 1913-1918-ci illərdə olduğu kimi bərpa edilib. Otaqda kitabxana, tibb alətləri, dərman saxlanılan şkaf, asılqanı görə bilərsiniz.

 

Kamilə xanım danışır: “Nərimanov qəzetdə elan verdirib ki, cümə axşamları xəstələri təmənnasız qəbul edir. Gecə yarı da olsa, xəstə yanına gedərmiş, qapısı da həmişə onların üzünə açıq olub. Özü də balışın altına pulu elə qoyarmış, heç kimin xəbəri olmazmış. Soruşanda da zarafata salarmış ki, müsəlman hər şeyə pul verər, dərmandan başqa. Özü zəngin yaşamayıb. İltifat xanım danışırdı ki, qəbula imkansız xəstə gəldi, müayinə etdi, cibindən pul çıxarıb verdi ki, dərman alarsınız. Əbdürrəhim bəy Haqverdiyev də evdə doktorla bir yerdə olub. Haqverdiyev deyib, bu qədər olmaz, sən ailəni dolandırmağa pul tapmayacaqsan. Doktor deyib, yox, bilirəm ki, yazdığım dərmanların heç birini ala bilməyəcək. Tiflisdəki evlərindən bir az yuxarıda kirayəyə ev götürüb, balaca müalicəxana açıb. Qoz ağacından xərəyi olub. 30-cu illərdə xalq düşməni elan olunanda həmin xərəyi ev yiyəsi nə çölə ata bilib, nə də evdə saxlamağa ürək edirmiş. Xərəyi doğrayıb yandırıblar ki, izi itirsinlər”.

 

* * *

 

Evlə tanışlıq başa çatır. Kamilə xanımın iş otağında oturub söhbət edirik. Mən Nərimanovun şəxsiyyəti ilə bağlı olan bütün ziddiyyətli fikirlərdən doğan suallarıma cavab istəyirəm. Bizim cəmiyyətdə doktor, yazıçı, tərcüməçi, maarifçi Nərimanovla bağlı mübahisəli heç bir məsələ yoxdur. Hər halda mən bu cür düşünürəm. Elə ki söhbət Kərbəlayi Nəcəf kişinin oğlunun siyasi fəaliyyətinə, vəzifə başında olanda XI Qızıl Ordunun Bakını işğal etməsinə, Zəngəzurun ermənilərə verilməsinə gəlib çıxır, fikirlər haçalanır, mübahisələr qızışır, ittihamlar ard-arda düzülür...

 

Kamilə xanımla söhbətimizi müsahibə şəklində yazmıram. Bunu doktorun irsini qoruyan fədakar xanımın APA-ya danışdığı monoloqu da hesab etmək olar. Sadəcə, yarımbaşlıqlar əlavə edəcəm, vəssalam! Ondan qabaq isə Nərimanovun Leninə yazdığı və hazırda Tarix Muzeyində saxlanılan (inv. № 2041) məktubundan bir parçanı oxumağınızı rica edə bilərəmmi?

 

 

“Əziz Vladimir İliç, məgər “Müstəqil Azərbaycan” Sizin dilinizdən çıxmamışdırmı? Axı məhz buna əsaslanaraq, biz Müsavatın qurduğu fitnəkarlığı məhv edə bildik. İndi vəziyyət belə bir şəkil alır: həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycan ərazilərini almışdır. İndiyə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdir. Üç respublikadan birinci olaraq Sovet Rusiyasının qoynuna atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir. Vladimir İliç! Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz”.

 

* * *

 

Kamilə Hüseynovanın monoloqu:

 

“Nərimanovun taleyi elə gətirib ki, ona heç bir dövrdə birmənalı münasibət olmayıb. Rusiyada vəzifə tutanda ruslar onu özlərininki kimi qəbul etmirdilər. 1925-ci ildən 1956-cı ilədək bu insanın adı yasaq olunub. Bütün ailə üzvləri, bütün nəsli "xalq düşməninin qohumları" damğası altında yaşayıb.

 

 

1956-cı ildə bəraət almasına baxmayaraq, 1970-ci ildə Nərimanovun 100 illik yubileyi keçirilməsinə də təzyiqlər olub. Heydər Əliyev o zaman bu yubileyin keçirilməsi üçün çox əziyyət çəkib. Eləcə də onun heykəlinin qoyulması, muzeyinin açılması da Heydər Əliyevin zəhmətinin nəticəsidir. İndi deyirlər ki, Nərimanovun heykəli götürülsün. Bəs doktorun maarifçi, ədib, həkim kimi xidmətlərinə necə göz yumaq? "Hümmət" təşkilatında Məhəmməd Əmin Rəsulzadə ilə  bərabər olanda hər ikisinin məqsədi Azərbaycanı çarizm əsarətindən qurtarmaq olmuşdu.

 

Nərimanov 1918-1920-ci illərdəki prosesləri izləyirdi və başa düşürdü ki, çox çətin vəziyyətdir. İngilislər Qafqazdan əl çəkmirdilər. O bilirdi ki, Rusiyanın siyasəti çox güclüdür. Hətta Atatürk onlardan çəkinirdi, Leninlə danışıqlara getməyə məcbur olmuşdu. Ona görə də Nərimanov Rusiyaya kəskin şəkildə arxa çevirməyin əleyhinə idi. Bəzən bu böyük ictimai-siyasi xadimi sadəlövhlükdə, təcrübəsizlikdə ittiham edirlər. Necə təcrübəsiz idi ki, həmin dövrdə Qarabağı protokollaşdırıb ermənilərə vermişdilər. Nərimanov bir gecədə o sənədləri dəyişdirtdirib buna imkan vermədi. Tədqiqatçı alim Firdovsiyə Əhmədova Nərimanovun fəaliyyəti ilə bağlı ciddi tədqiqatlar aparıb və haqlı olaraq yazır ki, Nərimanov fəaliyyətə başlayarkən Azərbaycan artıq İrəvan və Dərbənd ərazilərini itirmişdi. Zaqatala, Qarabağ, Zəngəzur və Bakının taleyi isə mürəkkəb olaraq qalırdı. Məhz onun qətiyyəti sayəsində Zaqatala və Qarabağ Azərbaycanın tərkibində qalmışdı.

 

Zəngəzur qətnaməsinin elanı...

 

Bəli, Nərimanov Zəngəzurun Azərbaycandan ayrılmasının qarşısını ala bilməmişdi. Çünki artıq Zəngəzuru de-fakto ermənilər idarə edirdi. Başqa bir tərəfdən də Zəngəzurun Ermənistanın tərkibində daxil olması müzakirə olunanda Nərimanov onun əleyhinə səs vermişdi. 1921-ci ildə siyasət və təşkilat bürolarının iclası çağırılır. Səsvermədə səkkiz nəfər Zəngəzurun Ermənistanın tərkibinə verilməsinin lehinə səs vermişdi. Səs verənlər kimlər idi: Stasova, Orconikidze, Yeqorov, Sarkis, Əliheydər Qarayev, Mirbəşir Qasımov və başqaları. Tək Nərimanovun səsi nəyi dəyişirdi? Sadəcə, hər şeyi Nərimanovun üstünə yıxmaq üçün qətnamənin hazırlanmasını və elan oxunmasını onun boynuna qoyurlar. Bundan başqa, mart soyqırımı haqqında yalnız Nərimanov səsini qaldırmışdı. Nənəm danışırdı ki, martın axırlarına yaxın narahatlıqlar başlamışdı, böyük otaqda telefon zəng çaldı. Gülsüm xanım telefonu götürüb, deyib, Şaumyandır. Nərimanov Şaumyanla çox kəskin danışıb və dəstəyi yerə çırpıb ki, siz qırğın törətmək istəyirsiniz? Mart qırğınından sonra isə o, əsəbdən xəstələndiyi üçün və bolşeviklərin hərəkətlərinə etiraz olaraq Həştərxana getmişdi. Demək istəyirdi ki, mən bu çirkin işlərdə sizinlə bir yerdə qalmaq istəmirəm.

 

 

Tağıyev zəng vururdu ki, Nəriman, gəl, məni incidirlər

 

İndi gəlin, Tağıyevin Nərimanovla münasibətlərindən danışaq. Əvvəla, Tağıyev Nərimanovu təmənnasız oxutdurmayıb. Müqavilə imzalanmışdı ki, Nəriman oxuyub qayıdandan sonra Tağıyevin kontorunda işləyib pulu hissə-hissə qaytaracaq.

 

Bu, sadəcə, borc vermək idi. Nərimanovun bu haqda məktubu da var. 20-ci ildən sonra Tağıyevi narahat edəndə Nərimanova zəng vururdu ki, gəl, məni incidirlər. Nərimanov da hər zaman gedirmiş. Tağıyevi axıra qədər qoruyan Nərimanov olub. Axırda vəziyyət o yerə gəlib çıxıb ki, doktor deyib, ay Hacı, səni bu mülkə görə çox narahat edəcəklər, ya bağ mülkünü götür, ya da şəhərdəki evi. Tağıyev də bağı götürüb, ora köçüb. Doktora xəbər çatanda ki şəhərdəki mülkü uşaq evi ediblər, dərhal qadağan edib. Deyib, ora muzey olmalıdır. Bakıya gələndə də Mərdəkanda Tağıyevlə görüşərmiş. Bundan başqa, Bakıda olanda Tağıyevin qız məktəbinin həkimliyini öz üzərinə götürmüşdü.

 

 

Stalinlə mübahisə, zəhərli kofe...

 

Nərimanovun Leninə və Stalinə yazdığı məktubları var. Məktublardan sonra Azərbaycana komissiya gəlir və Nərimanovun işində heç bir qüsur tapmır. Bundan sonra ona münasibət daha da pisləşir. Stalinə neçə dəfə istefa ərizəsi yazıb ki, siyasətdən uzaqlaşmaq, Azərbaycana qayıdıb ədəbi fəaliyyətlə məşğul olmaq istəyir. Stalin heç vaxt razı olmazdı ki, o Bakıya qayıtsın. Ölümündən 12 gün qabaq Tiflisə gəlir, vaxtilə dərs dediyi Qızılhacılı kəndində olur. Tiflis teatrı görüş üçün kiçik olur, səhəri qəbiristanlıqda yığışırlar. Orda son sözü bu olur: “Bir ayağım burda, bir ayağım gordadır. Bilmirəm bir də sizinlə görüşəcəyəm, ya yox. Məndən sizə vəsiyyət: balalarınızı oxudun”. Hiss edirdi ki, ölümü yaxınlaşıb. Tiflisdən Bakıya qayıdanda nənəmi və anamı götürüb, Moskvaya aparıb. Bu söhbət bizim evdə gedirdi. Nənəm danışırdı ki, əmim səhəri gün getdi işə, axşam 5-də evə gəldi ki, 7-də iclas var, Azərbaycanın məsələsinə baxılacaq, bir az uzanım.

 

Divanda uzanıb, deyib, maşın gələcək, yuxuya getsəm, oyadarsınız. Mənə heç bir yazı lazım deyil, bunlar uşaqlıqdan eşitdiyim sözlərdir. Doqquzun yarısında zəng gəlib ki, doktorun halı pisdir. Gülsüm xanımın dalınca maşın gəlib, aparıblar xəstəxanaya. Deməli, iclasda Stalinlə mübahisəsi olub, bərk əsəbiləşib, iclasdan yarımçıq çıxıb. Nənəm danışırdı ki, həmişə çay içirdi, həmin gün ona bufetdə kofe veriblər. Halı pisləşib, sürücüyə deyib, sən get, mən havada gəzəcəyəm. Bağda gəzəndə başlayıb öskürməyə. Həmin vaxt da bir qadın ona rast gəlib, deyib, ölürəm, məni xəstəxanaya çatdırın. Xəstəxanada Nərimanovun ölməyinə şərait yaradıblar. Təsəvvür edin, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri ölüm ayağındadır, iclasda olanlara da xəbər veriblər, amma iclas davam edib. Doktor palatada tək qalıb, heç kim ona yaxın gəlməyib. Gülsüm xanım çatanda artıq keçinibmiş. Nənəm çox şeyi bilirdi. O deyirdi ki, əmimi zəhərləyiblər. Dəfndən sonra nənəmgil 15 gün Moskvada qalıblar, sonra Gülsüm xanımı və Nəcəfi Bakıya gətirmək istəyiblər. Kolıgin məsləhət görüb ki, Bakı onlar üçün təhlükəlidir, getməsinlər. Gülsüm xanım bir dəfə gizlin gəlib. Qohumları ilə görüşə gedib, qayıdıb ki, evin altını-üstünə çeviriblər.

 

 

Donetskdə bir məzar var...

 

Nərimanovdan sonra Gülsüm xanım Nəcəfi atasının adına layiq böyüdüb. Nəcəf fransız, ingilis, alman, ərəb və fars dillərini bilirdi. Müharibə vaxtı əsirləri onun iştirakı ilə dindiriblər. Stalinqrad uğrunda döyüşlərdə igidliyinə görə ona medal veriblər. Ukraynada döyüşlər gedən vaxt Nəcəfi ölü tapıblar. Moskvadan teleqram gəlib, onu götürmək üçün poçta gedəndə vurublar.

 

 

Təsəvvür edin, Gülsüm xanım Nəcəfin məktubuna cavab yazan vaxt qapı döyülüb, poçtalyon içəri girib ki, oğlunuzun qara kağızını gətirmişəm. Nəcəfin əsgərlərindən biri 50-ci illərdə Bakıya gəlib, nənəmə deyib ki, Nəcəfi arxadan qəsdən vurublar. Nərimanovun oğlunu qoyardılar sağ qalsın? Məzarı Donetskdədir, indi bilmirəm necədir, nə vəziyyətdədir? Bilmirəm, kiminlə əlaqə saxlayım ki, qəbrin vəziyyəti haqqında mənə məlumat versin”.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017