Mübariz Örən və Fitscerald: PARALELLƏR, AYRINTILAR

Kulis.az yazıçı Azad Qaradərəlinin “Ağ buludlar” povesti (Mübariz Örənin) haqda yazdığı “Paralelliklər, ayrıntılar” essesini təqdim edir.

 

(F.S.Fitsceraldın “Möhtəşəm Qetsbi” və Mübariz Örənin “Ağ buludlar” əsərlərinin qarşılıqlı müqayisəsi)

 

Klassik Amerika ədəbiyyatının yaradıcılarından olan (Folkner, Heminquey, Vulfla birlikdə) Frensis Skot Fitscerald yazırdı: “Cilalanmayan istənilən almaz böyük görünür."

 

Bu misalı niyə başdan gətirdim? Əslində, Fitscerald özü tam cilalanmamış almaz kimiydi. Bütün həyatı, ömrü sərxoşluqla keçən bu böyük ədibin ömür yolu bir əfsanəydi. İkinci Dünya savaşından sonrakı dönəmdə qadağan olunmuş alkoqolun və cazın əsirinə çevrilən Amerika ictimaiyyəti üçün Fitscerald təkcə yazıçı yox, həm də parlaq bir obraz, “caz əsrinin qəhrəmanı” idi.

 

Ədibin yaradıcılığında “Möhtəşəm Qetsbi” romanı mühüm yer tutur. Kasıb bir ailədən çıxan Qetsbi yüksək cəmiyyətin nümayəndəsi olan bir qıza – Deziyə vurulur və ona layiq olmaq üçün snobizm xəstəliyinə tutulur. Amerika cəmiyyəti özünün ən çirkli bir dövrünü yaşayır – bir gündə biriləri var-yoxdan çıxır, başqa biriləri bir neçə ilin içində milyonçu olur. Yazıçı romanda həmin dövrü bir cümlə ilə ifadə edir: “Alçaqlıq üstündə oturmuş alçaqlar.”

 

Belə bir dövrdə özünü yüksək cəmiyyətin adamı kimi təqdim edən Qetsbini müəllif belə tanıdır oxucuya: ”...o, əsli-nəsli olmayan kimsəsizin biriydi və simasız hökumətin şıltaqlıqları onu istənilən an dünyanın o başına ata bilər.” Və atır da. Düz beş il qaranlıq işlərlə, ağlagəlməz ticarətlə məşğul olan keçmiş zabit Qetsbi, nəhayət, fantastik dərəcədə varlanır. Yalnız bundan sonra onun, əslində niyə belə gərginliklə pul qazanmağa girişdiyinin səbəbi məlum olur.

 

...Qetsbinin əski sevgilisi Dezi özü kimi yuxarı sinifdən olan Tom adlı biri ilə ailə qurub və Nyu-Yorkdan aralıda Lonq-Aylenddə yaşayır. Bir qızları da var. Aralarında sevgi olmasa da, onları xoşbəxt cütlük hesab edirlər... (Tomun gizli sevgliisi də var. Amma ailəsinə də bağlı biridir.)

 

Elə bu vaxt onların qonşuluğunda bir villada hər bazar günləri böyük qonaqlıq, şənlik və atəşfəşanlıq təşkil olunur. Nyu-Yorkdan, qonşu qəsəbələrdən snoblar, avara-gor müftəxorlar şəxsən tanımadıqları ev sahibinin villasına qonaqlığa gəlir, yeyir-içir, rəqs edir, əylənir, üstəlik də ev sahibi haqqında dedi-qodu yayırlar. Halbuki yazıçının romanın başlanğıcında yazdığı bir cümlədə deyilir: “Əgər nə vaxtsa kimisə ittiham etmək fikrinə düşsən, unutma ki, səndə olan üstün cəhətlər dünyadakı bütün insanlarda yoxdur.”

 

Hər həftə villasında küllü miqdarda içki, yeyib-içmək israf olunan, tanımadığı yüzlərlə adama qonaqlıq verən həmin kasıb təbəqədən olan Qetsbidir. Sevimli Dezisinin yerini öyrənib burada belə bir əfsanəvi qonaqlıqlar, rəqs axşamları, musiqi gecələri təşkil etməklə sevgilisinin diqqətini cəlb etmək istəyir və bacarır da. Dahi Fitsceraldın qələmi bu möhtəşəm sevgini məharətlə təsvir edə bilib. Nə yazıqlar ki, əksər sevgilərin sonu kimi, “Möhtəşəm Qetsbi”nin də axırı faciə ilə bitir... Kirli milyonlar üzərində qurulmuş məhəbbət də kirlənmiş olur... Bu da Fitsceraldın sözüdür, fəqət başqa bir romanından: “Bu ki, kirdir, əgər sən bunu görmürsənsə deməli sən də natəmizsən.”

 

Böyük Heminquey yazıçılıqla yanaşı, zəmanəsinin ədəbi qəhrəmanına və içki düşkününə çevrilən dostu Fitsçerald barədə yazırdı: “Əgər o, "Möhtəşəm Qetsbi" kimi belə bir möhtəşəm kitab yaza bilibsə, mən heç şübhə etmirəm, o, bundan da yaxşısını yaza bilər.”

 

Fitscerald çox az – 45 il ömür sürüb. Facələrlə dolu həyatı onun əsərlərinə də yansıyıb. Təsadüfən demirlər: hər bir yazıçı özünü yazır...

 

 

***

 

“Möhtəşəm Qetsbi”nin (bəzən onu “Böyük Qetsbi kimi tərcümə edirlər) yazıldığından təxminən yüz il sonra bizim ədəbiyyatımızda da təxminən o motivlərlə köklənmiş başqa bir roman (bu, həcminə görə uzun hekayə, yaxud povest adlandırılsa da, məncə hər mənada romandır) - Mübariz Örənin “Ağ buludlar”ı yayımlandı. Bu iki əsərdə paralellik və kəsişmələr çox olduğundan və üstəlik hər iki əsərdə yazıçı manevrlərinin zənginliyi onları bir essedə  təhlilə çəkməyimizə səbəb oldu. (Orası da var ki, “Ağ buludlar”da olan bəzi insest səhnələri, psixoloji məqamlar onu “Möhtəşəm Qetsbi”dən fərqləndirsə də, hər ikisinin mayasında bu var: müharibə sonrası dağıntı və məhrumiyyətlərə sinə gərərək çox pul qazanmaq üçün isti od-ocağını tərk etmək, var-dövlət üçün həyatını riskə atmaq, natəmiz, kirli işlərə bulaşmaq...)

 

“Ağ buludlar”ın adsız qəhrəmanının davranışından, hərəkətlərindən, qadına zəifliyindən qafqazlı, konkret olaraq həmvətənimiz olduğu bilinir. Uşaq evində böyüyən bu adsız obraz Qetsbi kimi qarşısına məqsəd qoyur: varlanacaq, pula pul deməyəcək! Gedib onu uşaq evinə verən anasını, atasını tapacaq... Zatən soruşanlara onları kimyaçı alim, savadlı insanlar kimi təqdim etməmişdimi? (Daha bir paralellik: Qetsbi də Deziyə özünü yuxarı təbəqənin adamı, snob kimi təqdim etmişdi. Sonradan pula pul demədiyi vaxtlarda elə o pulun da badına gedir. Cəmi 3-4 adamın iştirakıyla dəfn olunur. Ən fəlakətlisi isə bilirsinizmi nədir? Qetsbinin kasıb, ac, az qala səfil kökündə atası gəlib çıxır və oğlunun faciəli ölümü onu yandırsa da, var-dövlətli, ehtişamlı villası olan ölmüş oğlu ilə gizli fəxarət duyğusu yaşayır...)

 

Çox düşündüm: müəllif niyə qanı qanımızdan olan bu qəhrəmanına ad qoymayıb? Cavab əsərin səhifələrinə səpələnmiş rəzalətlərdədir: bu soysuz adam soysuz atası kimi “Çar Edib” arağından içərək bacısı ilə yatır (təbii, bilmədən), atasının yatdığı qadına tamah salır... İşə bax ki, acı tale onu gör necə cəzalandırır: yatmaq istədiyi gənc qadınla (əslində bacısı ilə) tövlədə, mal-heyvanın pox-sidiyinin, irinin-çirkin içində cinsi əlaqədə olur...

 

(Böyük L.Tolstoyun “Əvvəlinci şərabçı” adlı əsəri var. Bu əsəri ilə bütün bəlaların kökündə şərin və onun suyu olan şərabın dayandığını deyən dahi nə qədər haqlı idi. İstər Sodomorda, istər qazax çöllərində insanların bir fikri var: “aldavay” – yəni imkan tapıb vurmaq, bacardıqca çox içmək və “paxmel” olmamağın yollarını aramaq. İçmək, içmək, içmək... Tanış mənzərədir, deyilmi? “Möhtəşəm Qetsbi”də də adamlar məlum villada şərabı, viskini su kimi içirlər. Əsərin o məşum sonluğunda isə Tom da, Qetsbi də, Dezi də sərxoş halda avtomobili idarə edərkən faciəli hadisə baş verir... Bura, əslində əsərin qırılma nöqtəsidir... Qəribədir ki, qəhrəmanları kimi Fisçerald da içki düşkünü idi və ömrü boyu ədibi təqib edən bu bəla onun sevgili Zeldasını da, cavan ömrünü də, yazıçı taleyini də nakam qoyur.)

 

Əslində, tale onu başdan cəzalandırmağa başlamışdı: qurduğu sığorta şirkəti (guya atasından qalmış) iflasa uğrayır, əlində-ovcunda qalan pulunu isə yardım etmək istədiyi Elistalı aparır. Və atışma zamanı öldürülən o Elistalı iki ayağını da öz əlləri ilə mişarın ağzına verən atasının oğlu çıxır. Nə yazıqlar ki, bir zamanlar atası da bu murdarlıqlarla dolu Sadomorda - bu qəsəbəni dostları təsadüfən belə adlandırmayıblar – özü də bilmədən öz qızı ilə yatır.

 

Naməhrəmlərin əli ilə murdarlanmış Müqəddəs gölün üzərində toplaşan buludlar insan oğluna bəlaların göydən gəlmədiyini, onları insanın özünün doğurduğunu çatdırmaq istəyir sanki.

 

Burada yadıma Ç.Aytmatovun “Çingizxanın ağ buludu” əsəri düşdü. Orada da bulud parçası bir bəkarət, təmizlik və nicat mücəssəməsi kimi verilib. Fəqət, yer ünsürlü olan bulud yerdə ləkələnib göyə qalxmışsa, günah göydəkinin deyil ki?! (Bu barədə mənim “Əllidən bir kəm” romanımda da keçən səhifələr var.)

 

Mübarizin adsız qəhrəmanı da Qetsbi kimi ağlasığmaz fəlakətin içinə düşür: geniş, sonsuz, sonsuz olduğu qədər də amansız olan qarlı çöl onu udur...  

 

...“Ağ buludlar”ı həyacanla oxudum. Universitetdən tələbəm, “Yazı” dırgisindən həmkarım, əslən dostum hesab etdiyim Mübarizin uğurunu öz uğurum bilmişəm hər zaman. Hər dəfə “Sənin hekayələrindən roman qoxusu gəlir” deyirdim. O da iri yazı yazmaqdan ehtiyat etdiyini dilə gətirirdi. Nəhayət, yazdı və bura qədər dediklərimə bir də bunları əlavə etmək istəyirəm: Mübariz öz mövzuları olan yazıçıdır. Elə mövzular ki, gəzdiyi Sibir çölləri kimi geniş və nəhayətsizdir. Və bu mövzuları ondan yaxşı kim bilər ki?! Ömrünün ən mənalı çağlarını tökdüyü o geniş çöllərdən indi o nadir nəsr nümunələrini toplamağın vaxtıdır.

 

S.A. (Söz ardı)

 

Sonda Fitsceraldla Mübarizin şəxsiyyətlərinə də qarşılaşdırmaq istərdim: hər ikisi ədəbi obraz kimi də maraqlıdır. Fitscerald kimi Mübariz də qəfil gəldiyi ədəbiyyatda parlaq obraza çevrildi. Çox istərdim ki, onun həyatı Fitsceraldın həyatına bənzəməsin. Onun qarşısında hələ uzun bir ömür var. Onu mənalı yaşayıb çoxlu gözəl əsərlər yaratsın.

 

LENT

17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017