Qovdum divardakı hörümçəkləri

 

Həsən Kür

 

Qar havası

 

Bayırda qar havası

Ucsuz-bucaqsız dəniz

Çıraqsız neft yatağı

Sahildəki balaca

Səslənir ləpələrə:

"Eşidirsən atacan?"

 

Bayırda qar havası

Köhnə qocalar evi

Pəncərədə bir ana

Hey ah çəkir dərindən

Qız isti yuvasında

Oğul iş səfərində

 

Bayırda qar havası

Yataqxana üstündə

Üzü üstə çevrilən

Boş əlil arabası

İntihar məktubuna

Üç-dörd söz yazılıbdır

"Başına çöksün görüm

o icra xarabası"

 

Bayırda qar havası

Səkinin kənarında

Dilənən mamaroza

İsinməyi vəd edir

Bu hava da iyrəncdir

Bu sarsaq vədlər kimi

Bomjlar bürünüblər

Hisli-paslı adyala

Eynilə yay gecəsi

İşıq dirəklərini

Öpüb bağrına basan

Ağcaqanadlar kimi

 

 

İntihar Məktubu

 

Sən bunu oxuyanda

Yəqin ki, çox gec olar

Bir ağacın qolunda

Asılmış vəziyyətdə

Ruhum göyə ucalar

 

Dəyişərəm dünyamı

Yarı qorxaq yarı mərd

Bəlkə də eşidəndə

Bir az kədərlənərsən

Dolarsan, olarsan pərt

 

Camaat əzab ilə

Daşıyacaq leşimi

Söndürə bilməyəcək

Anamın göz yaşları

Cəhənnəm atəşini

 

Atam bir az qocalar

Alnına qırış düşər

Bir müddət lal oturar

Çinardan qisas alar

Kökünə balta vurar

 

Kim hardan biləcək ki

Mənə intihar fikrin

Əslində sən ötürdün

Sallandığım çinarın

Dibini sən bellədin

Suyunu da sən verdin

 

Bəlkə də... lap əksinə

Ölməyim haqda sənə

Çatmayacaq səs-səmir

Lənətə gəlmiş poçt da

Doğru-düzgün işləmir

 

 

İnsan itkisi

 

Gözlərim yolunda qalıbdır yenə

Gələndə yadımdan çıxıb gətirmək

Çünki ağlımı da itirmişəm mən

Axı asan deyil insan itirmək

 

Bu səhər yuxudan çox tez oyandım

Ümidlə götürdüm telefonu mən

Yazdım ki, sabahın xeyir əzizim

Görüş yerimizə gələ bilərsən?

 

Çox keçdi, amma ki, cavab gəlmədi

Hər keçən saniyə çəkirdim zülüm

Sənə nə olubdur? xəstələnmisən?

Axı bu vaxtadək yatmazdın gülüm

 

Ya da ki, telefon sönülü olub

Mesaj yazdığımı bilməmisən sən

Bu səhər mən elə davranırdım ki

Sanki yaşayırsan ölməmisən sən

 

Qalxıb çay dəmlədim tələm-tələsik

Qonaq otağında süfrə düzəltdim

Aldım bəyəndiyin şirniyyatlardan

Hər şeyi ayrı bir həvəslə etdim

 

Gül satan qadının güldürdüm üzün

Aldım əlində ki, tər çiçəkləri

Əynimi dəyişdim, üzümü qırxdım

Qovdum divardakı hörümçəkləri

 

Ancaq ki, heç yerin tozun silmədim

Çünki, saxlayıram əllərindən iz

Nə olar, yanında yer sal mənimçün

Yəqin ki, tezliklə ölərəm sənsiz

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
17 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017