Bizim Əlabbas

Kulis.Az yazıçı Azad Qaradərəlinin “Bizim Əlabbas” yazısını təqdim edir.

 

(Qələm dostum Əlabbasın 60 yaşına)

 

 

Böyük ərəb şairi Adonisin sözüdür: “Yaradıcılıq məlum olmayan obyektə müdaxilə etməkdir.” Bilmirəm, o kişi konkret “məlum olmayan” deyəndə nəyi nəzərdə tutub, amma mənimçün “məlum olmayan” deyəndə hələ kəşf olunmamış bir planet, təbiət qanunu (məsələn, nisbilik nəzəriyyəsi kimi), yazılmamış bir romandır...

 

Bir çox qələm adamları kimi yazıçı Əlabbasla da tanışlığımızın tarixi çox deyil: 7-8 il ola-olmaya... (Başqa bir qələm dostum Avdı Qoşqarın qızının toyunda toy sahibi məni bir masaya göndərib dedi: ”Bax, orda, Əlabbasın yanında otur, orda sənə rahat olar”)

 

Təbii ki, onacan Əlabbası tanıyırdım, amma qiyabi şəkildə. Və biz orada tanış olduq. Bir-birimizi oxuyurmuşuq sən demə. O, “Soyxa”dan, “Kişi familiyası”ndan danışdı, mən də “Köhnə kişi”dən. Beləcə, elə ilk görüşdən ədəbi dostluğumuzun təməli qoyuldu. Nəinki dostluq, hətta bir müddət əməkdaşlıq eləyəsi də olduq - mənim təklifimlə yeni yaranan “Yazı” dərgisində...

 

Bəri başdan deyim ki, Əlabbasla məni bir nasir kimi bağlayan tellər çoxdur. İkimizin də ilgiləndiyimiz mövzular, hətta mövzulara oxşar yanaşmalarımız da var. Hətta qəhrəmanlarımızın düşdüyü situasiyalar belə oxşar olur bəzən. Məsələn, Əlabbasın “Qul” hekayəsi ilə mənim “Qul bazarı”mda ağrı-acı o qədər yaxındır ki, birləşsələr, bir adamın tab gətirməyəcəyi dərəcədə ağırlıq yaranar...

 

Dedim ki, bizi Əlabbasla birləşdirən nöqtələr çoxdur. Amma ayıran nöqtələr də az deyil. Bu yubiley yazısında, təbii ki, o ayrılıqlardan danışmayacağam. Zira o ayrılıqlar  da bizi birləşdirməyə xidmət edir bəzən. Hər şey bunca asan olsaydı, yaşamaq və mücadilə mənasız olardı axı...

 

Əlabbas 80-cilərin öncüllərindəndir. “Bəzən dizimizin üstdə də yazmalı olduğumuz anlar olub o qasırğa dolu illərdə, amma yazmışıq. Bəzilərinin papağını başında saxlaya bilmədiyi o təlatümlü çağlarda biz yazmaqda davam etmişik. Bizə disrək göstəriblər, burnumuzun üstündən vurublar, amma biz yazmışıq. Bizi sevməyənlərin, bizi istəməyənlərin, bizi gözü götürməyənlərin acığına yazmışıq...” (A.Qaradərəli “Məndən sonra” memuar romanından)

 

Bəzən özümüzü müxtəlif janrlarda ifadə etməyə çalışırıq. Epistolyar janr da belələrindəndir. İllər öncə “Yaxın-uzaq dostlara məktublar” yazmışdım. Orada Sabir Əhmədli, Musa Yaqub, Sabir Rüstəmxanlı, Doktor Cavad Heyət kimi məşhurlarla yanaşı bizim Əlabbas da vardı. Həmin “Məktub”dan bir parçanı burda da gətirirəm:

 

Bir zəka sahibindən soruşurlar: “Ətrafın bu qədər sərvətlə dolu ikən niyə  belə yoxsul yaşayırsan?” O, qürurla cavab verir: “Onları götürmək üçün əyilmək lazım gəlirdi, ondan.”

 

Bu sənin öz cümlələrindir: “…Görəsən, nə ağılla ələ qələm alıbmışam o vaxt? İşə başlayanda adam bir fikirləşməz ki, bu meydan nə meydanıdı, burdan bir yana çıxış var, ya yox, ortada at oynadanlar kimlərdir?”(Əlabbas “Sonun başlanğıcı”,  Bakı, 2007)

 

Bu da mənim cümlələrimdir: “ …Bütün yazdıqlarıma şübhə ilə yanaşırdım. Hər dəfə hekayəm çap olunanda (elə indi də!) xəcalət qarışıq bir şübhə məni əzirdi :”Görəsən necə alınıb?” (Azad Qaradərəli “Ulartı”, Bakı, 1999 )

 

Mən sənin  “Qiyamçı”nı oxuyana qədər yalnız özümün tikə-parça halında qəzetlərdə çap etdirdiyim “Günəş tutulan yerdə” romanımı son illərin romanı hesab edirdim. Açığı bir az pul tapıb onu kitab şəklində çap etdirə bilərdim, fəqət özüm bu işi saxladım. Ki görüm bu əsər (əgər əsərdirsə?) on ilin köhnəsi kimi gərəklidirmi? Yox, əgər on ildən sonra həmin əsər kommunistlərin sözü olmasın “aktuallığını itirəcəksə”, heç onun çapı dəyməz beş qəpiyə!

 

Sənin də təkidindən sonra həmin romanı kitab halında çap etdirmək fikrindəyəm. İnşallah, yaşayarıq, görərik. Özü də çap olunandan sonra sənin “Qiyamçın”la güləşdirəcəyəm onu! Təxminən yazıldığı vaxtdan düz yeddi il keçib… Bir də ki, heç özüm də bilmədim ki, yeni romanımı - “Arazbar”ı nə vaxt başlamışam. Bu isə o deməkdir ki, köhnə ilə üzülüşmək vaxtıdır.

 

Mən səninlə cismani tanışlıqdan sonra bir şey də öyrəndim: yazılarımızın, ədəbi təsərrüfatımızın qayğısına qalmaq! Düzü, bu barədə əvvəllər fikirləşmirdim. Düşünürdüm ki, yazı, əsl yazıdırsa, özü öz qayğısına mən bu dünyada olmayanda da qalmağı bacarmalıdır. Mənim indi ona “daydayılıq” eləməyimin nə mənası? Amma  sonra anladım ki, ey dili qafil, başqaları kimi kitablarımız haqqında məqalələr, resenziyalar, hətta kitablar yazdırmasaq da, bu tənqidçi, oxucu kütləsinin bəzilərini kitablarımızı oxumağa ən azı təhrik eləməliyik. Yenə kommunistlərin sözü olmasın, “təbliğatımızı” özümüz aparmalıyıq.

 

Sənin yazılarının hamısı mənə doğmadır. Amma bir hekayən var ki, ona yaman quşum qonub. “Gözəl”i deyirəm. Axı bu mövzuda mən bir hekayə və bir də bayaq adını çəkdiyim, hələlik yeganə olan romanımı yazmışam.

 

Yaxşı yazmısan. Vətənimizin ən dərin bir yarasına Əlabbas kimi işıq salmısan. Qurd düşən, içində qurdlar qaynaşan o yaraya sən bir ata kimi, qardaş kimi, öğul kimi imdad çağırışı eləmisən. Əlbəttə, bağırmadan, çığırmadan, səssiz-küysüz…”(Azad Qaradərəli “Yaxın-uzaq dostlara məktublar”,Nərgiz nəşriyyatı, 2010)

 

Düz beş il öncə qələm dostumuz Eyvaz Zeynalov, Əlabbas və mən bir may günü çayxanada oturub çay içir, Türkiyədən göndərilmiş təzə diktofonu qurdalayırdıq. (Diktofonu oğlum göndərmişdi. Dərgi üçün lazımımız idi.) Almaz-salmaz onu Əlabbasa uzadıb zarafatla “bir kaç kəlmə” söylə dedim. O da eyni almaz-salmazlıqla segah üstə oxudu:”…dostlar, bu günlərdə mənim 55 yaşım tamam oldu…” Və zarafatla uzadılan diktofondan ciddi suallar yağmağa başladı Əlabbasa. Ciddi-ciddi müsahibə aldıq. İndi “Yazı”nın 3-cü sayında (2012) getmiş o müsahibədən bir qısa fraqmentə nəzər salaq:

 

 

“Sual – Bir yazıçı kimi 55-ə qədər nəyi edə bilərdin, amma etməmisən və niyə etməmisən? Nə yazmaq istəyirdin, amma yaza bilmədin?

 

Cavab – Elə bilirəm ki, nəyi yaza bilmişəmsə, elə onları yazmışam. Qaldı ki, nəyi yaza biməməyimə, buna sadəcə vaxtım olmayıb… Ailə-məişət qayğıları, maddi sıxıntılar imkan verməyib… Azərbaycan dünyanın ən istedadlı adamlarının toplaşdığı ölkədir. Amma kimi dindirirsən, ailə-məişət qayğılarından, maddi sıxıntılardan danışır… Mən də bu çətinliklərlə zaman-zaman üz-üzə gəlmişəm, heç indi də məni bu problemlər tərk etməyib…”

 

Qələm dostumun – bizim Əlabbasın bu günlərdə 60 yaşı tamam olur. Təpədən dırnağa ədəbiyyat adamı olan Əlabbas həm də ovqat adamıdır. İnanıram ki, onun ovqatı həmişə yerində olacaq bundan belə.

 

 

Sizə bir sirr də açım sonda: bizim nəsil – 80-cilər – 60 dan sonra revanş götürən olur. Hər mənada ha! Revanşın və yaşın mübarək, qardaşım!

LENT

17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017