Yasəmən mövsümü

Sevinc Əhmədova

 

Xəstəxanada elə pasyentlər olur ki, onların xüsusi yeri olur qəlbimdə. Onlarla tez-tez söhbət etmək, müəyyən hadisələrə fikirlərini bilmək maraqlı gəlir. Səma da mənim "sevimlim"di. Onu bircə gün görməyəndə sanki nəyimsə çatmırdı. Xəstəxana həyətinin bir küncündə hündür şam ağacı varıydı, Səmanın yeri oraydı, ağacın kölgəsində yerdəcə oturub, uzun-uzadı gözlərini bir nöqtəyə zilləyib sanki xəyala dalırdı. Mənə elə gəlirdi, o uşaqlığını xatırlayır, valideynlərinin yanındakı xoşbəxt günləri gözünün önündən keçir, bəlkə də uşaqlarla qaçdı-tutdu oynadığı vaxtları yadına düşür. Hər nə düşünürsə onu bilirəm ki, gözəl şeylərdi ağlınnan keçənlər, çünki üzündə sevinc işartıları görürdüm, öz-özünə qəhqəhə çəkib güldüyünün şahidi olurdum.

 

Günəşli aprel səhəriydi, günəşin ilıq şüası torpağı isitdikcə, otlar, çiçəklər xumarlanaraq günəşə tərəf boylanır, xoşhallanaraq sürətlə boy atırdılar. Quşlar ağacdan-ağaca, budaqdan-budağa qonaraq oxuyur, sanki insanları təbiətə çağırırdı. Pasiyentləri həyətə çıxartmışdılar, nəzarətçi bir kənarda oturub mürgüləyirdi, tibb bacısı həyətin günəş tutan tərəfində günəşlənirdi.

 

Səma həmişəki yerində oturub, əlindəki   balaca daş parçasıyla yeri didişdirir və hərdən qəhqəhəylə gülürdü. Onun yanına gəlib sakitcə oturdum, qaşqabağını töküb mənə arxasını çevirdi.

 

- Səma necəsən?

 

- Sənə nə oldu, mənnən niyə incimisən?

 

İkimiz də xeyli səssizcə oturduq, bir az keçmişdi ki, qəflətən, əsəbi halda:

 

- Mənim də ad günümdür. - dedi.

 

Küsməsinin səbəbini deyəsən anladım, bu gün qızlardan birinin doğum günüydü və mən ona yasəmən çiçəyi yığıb aparmışdım.

 

Demək Səma yasəmən istəyir.

 

- Ahh, Səmacım, sənin doğum günün yadımdadır dekabırın 5-i idi.

 

Gül istəyirsənsə sabah sənə gətirərəm.

 

- Gül istəmirəm, yasəmən. - deyib, susdu.

 

- Yaxşı sabah sənə bir qucaq yasəmən gətirəcəm.

 

Səma yanımnan durub palatasına tərəf tez-tez addımlamağa başladı, yenə qəhqəhə çəkdi, uzaqlaşdıqca səsi daha ucadan gəlirdi...

 

Səhəri gün bir qucaq yasəmən yığmışdım həyətdən, sevinirdim, çünki Səma sevinəcəkdi, və yenə qəhqəhə çəkib güləcəkdi, elə gözəl görünürdü güləndə. Səmanın palatasının qapısı açıq idi, tibb bacısı əlində şpris otaqdan çıxırdı, ona sakitləşdirici vurub, yatızdırmışdılar, məni görəndə tibb bacısı:

 

- Birdən birə özünü pis aparmağa başladı, Adiləni ( dünən ad günü olan qız) qəflətən necə itələdisə yazıq qız üzü üstə dəydi, burnu qanadı .

 

- Bəs Səma, sonra sakitləşdimi, doktor bildimi, nə dedi?

 

- Sabah agır şöbəyə köçürəcəklər..

 

Yasəmənləri stolunun üstünə qoyub çıxdım. Səma görəsən niyə belə edib, yoxsa qısqandımı, ona yasəmən verdiyimə görəmi əsəbiləşib, ehh bilsəydim gətirməzdim..

 

Bir neçə saat keçdi, Səmanın yanına gəldim ki, baxım halı necədir, gördüm  bütün yasəmıni bir-bir yolub otagın hər yerinə səpib, xadımə qadın deyinə-deyinə süpürür:

 

- Axı bunlar nə qanır yasəmən nədir, gül nədir, ay qızım ?...

 

- Bəs Səma hanı?

 

- Göndərdilər dəə, harda olacaq...

 

Hər yasəmən mövsümü onu xatırlayıram, qəhqəhəsi gəlir qulağıma, Səma görəsən yasəmənin çiçəkləməsinnən xəbər tuturmu...

LENT

23 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017
19 Aprel 2017
18 Aprel 2017