“Ermənilər onu araqla zəhərləmişdi” – Cavanşir Yusifli ilə Tofiq Bayram söhbəti

Kulis.az “Ədəbiyyatımızın dünəni” layihəsindən Cavanşir Yusifli ilə Şərif Ağayarın tanınmış şair Tofiq Bayram haqqında söhbətini təqdim edir. 

 

- Növbəti söhbətimiz üçün bir neçə şair adı yazmışdım, siz Tofiq Bayramı seçdiniz. Nə üçün?

 

- Çünki Tofiq Bayramı o dövrün daha gözəl şairi hesab edirəm. Həm də Tofiq Bayramdan danışmadan sizin sadaladığınız şairlərə keçid eləməyi düzgün saymıram. Yəqin ki, bunun səbəbi o şairlərdən də bəhs ediləndə aydın olacaq.

 

- İlk kitabı 60-larda çıxdı... 60-cılar adətən uğurlu nəsil hesab olunur. Sizcə Tofiq Bayramın şair taleyini uğurlu saymaq olarmı?

 

- İlk kitabı 1964-cü ildə çıxıb. Mən hərdən nəsil söhbətini hardasa regionçuluqla dəyişik salıram, ona görə bu barədə danışmaqdan çəkinirəm. Onların içində yeganə Əli Kərim o illərin çənbərindən çıxdı, təbii şəkildə, 60-cıların hay-küyü qalxanda bu adam heç yada düşmür, həm də düşməsə yaxşıdı. Əli Kərim o cür dedi-qodulardan uazqdı. Tofiq Bayram minillik Azərbaycan ədəbiyyatının bir faktıdır, Səməd Vurğun məktəbinin davamçısıdır.

 

- Bir dəfə sosial şəbəkədə onun bir şeirini paylaşmışdım. Gənc bir şair az qala təhqir eləmişdi məni ki, bu nədir? Sizcə bu qəzəb, bu etiraz, bu nihilist münasibət nədən qaynaqlanır? Bəlkə haqlı tərəfləri də var?

 

- Haqlı tərəfi yoxdu, məncə. Bu, ondan irəli gəlir ki, gənclər bu günlə yaşayırlar, ədəbiyyat tarixini bilmirlər. Müşfiqin “Küləklər” şeirinin arxasında nələrin dayandığını bilmirlər. Bir az da mənim kimi maksimalistdirlər. Zamanla düzələr. O gənc şairin özünün şeir, mətn zövqü necədir, yəqin ki, problem qismən də bununla bağlıdır.

 

- Onun bir “Vağzalı” şeiri var... Bacının gəlin köçməsindən bəhs edir. Belə baxanda qeyri-ciddi mövzu kimi görünür. Amma adam gözəl bir nümunə yarada bilib.

 

- Şeir elə qeyri-ciddi, adi görünəndən qeyri-adi şey, möcüzə yaradandı. Diqqət edin, bu poetik parçada musiqini qabaqlamaq, ötüb keçmək cəhdi də var. Şeirlər hardansa gəlir, sonra onu qələmə alan, katiblik edən şairi də tərk edir, sonra nə olur? Adi bir deyim, görürsən ki, qəfildən ağıl çaşdırır, heç düşünmürsən ki, bəlkə bu, uzaq əsrlərdə bir mətnin elementi imiş, yaxud onu tam şəkildə əvəz eləyən bir şeydi. Yəni, hislər, duyğular fərdi olduğu qədər də köçəridi, sənə yadlaşır ki, kiminçünsə həyatı əvəz eləsin. Metroda basabas vaxtı bir söz eşitdim: “Bura gərək “rajoknan” girəsən...” Bu bir deyimdi, onun yenidən bədii mətnə “qaytarılması” çox fərqli texnologiya tələb edir. “Vağzalı” şeirinə də hansısa deyimin fraqmenti kimi baxmaq lazımdı bəlkə.

 

 

- “Ay gecikən məhəbbətim”. Bu mövzusu da orijinaldır və şeir gözəl alınıb. Yaxşı musiqi də bəstələndi, oxundu...

 

- Bu elə bir şeirdir ki, haqqında danışmadan şeiri tam sitat vermək, oxumaq lazımdı.

 

Mən bir yanda sənə möhtac,

Sən bir yanda gəzdin əlac.

İki qəlbdə bir ehtiyac,

Övladıyıq bir həsrətin,

Ay gecikən məhəbbətim!

 

...Sən əzabsan, göz yaşısan,

Bəxtimin son naxışısan,

Bəlkə tale qarğışısan,

Bəlkə də ilk səadətim,

Ay gecikən məhəbbətim!

 

...Bir könül var, əmanətdir,

Acısı da şirin dərddir.

Bir qadına xəyanətdir,

Bir gözələ sədaqətim,

Ay gecikən məhəbbətim!

 

Yəni, qələm acizdi...

 

- Bakıda doğulan şairlərin bəzilərində qəribə, klassik divan ədəbiyyatının təsirindən tamam arınmış şirin dil olur...

 

- Əslində təəccüblə verilən sualın cavabı çox aydındı. Bakı çoxdan fəth edilmişdi.

 

- Bir vətənpərvər şeiri də var məşhur: “Azərbaycan deyəndə”. O şeirdən misralar hələ də yadımdadır: Bu kobud əllərimlə / Sərhəd məftillərində / Bir muğamat çalaram / Azərbaycan deyəndə...

 

- Vaxtilə bu şeiri rəhmətlik Aydın Məmmədov tənqid eləmişdi, “Zamanla səsləşən şeirlər sorağında” məqaləsində. Məncə, məqalənin özü zəif idi. Tendensiyası etibariylə. Tofiq Bayram ölçülərində yazılmış gözəl şeirdir.

 

 

- “Nizami çələngi”, “Sabir çələngi”, “Səməd Vurğun çələngi”, “Səttar çələngi” silislələri də maraqlıdır...

 

- O dövrdə mütəfəkkir isimlərə yazılan şeir və poemaların əksər hissəsi fikrimizcə, zəif məhsullar idi. Məsələn, Qabilin “Nəsimi” poeması. Amma siz Əli Kərimin Füzuli və Nəsimiyə həsr etdiyi parçalara baxın. Obraz yaratmaq texnologiyası tam fərqlidir. Həm də o dövrün filoloji fikrində, deyək ki, Füzuli haqda deyilən və yaradılan təsəvvürləri ötüb keçən parçalardı. Tofiq Bayramda “Səttar çələngi”ndə və ümumən sadaladığınız silsilələrdə uğurlu hissələr də az deyil. Ancaq…

 

- Ancaq...

 

- Köhnə texnologiya və vəsf estetikası dominantdır.

 

-  Populist şeirləri də var. “Qarabağı vermərəm”. Xeyli də yayılmışdı...    

 

- Bütün şairlər yazır bu tipli populist şeirləri. Ya da belə deyək: hər yazılan şeir deyil. Ümumiyyətlə, bir şair adı çəkin ki, zəif parçaları olmasın...

 

- Elədir. Obrazlar sistemi, bənzətmələri özünəməxsus idi. Haqqında dolaşan əhvalatlardan görünür ki, adi danışıqda da belə ifadələrdən çox istifadə edirmiş... Hansısa dostunun həyətində yüzlərlə ağappaq “inkubator” toyuğunun qaçdığını görüb deyibmiş: “Hara gedirsiniz, ay səyyar “zakuska”lar.”

 

- İstənilən şairin bütün obraz və bənzətmələri sonda bir məcraya axışıb qovuşur, onun dediklərini, demək istədiklərini, deyə bilmədiklərini olsun ki, bir səsə çevirir, yəni ilkin mənbəyinə qayıdır. Şeir, poetik mətnin ilk cücərtisi qəlbdə yaranır, konturları aydın cızılmamış şəkildə, sonradan, illər keçdikcə bu nəfəs, bu “efir” özünə munis bildiyi yerdə yuva qurur. Dövrün, zamanın səsinin çata bilmədiyi bu məkandan baxanda düz-dünya ovuc içindəymiş kimi görünür. Ona toxunan şeylər intibahlar yaradır, insanlar bu misraları, ya bütövlükdə şeiri sövq-təbii pıçıldayırlar. Bu şeirdən düşən, məkan və zamanın künclərində qalan fraqmentlər heç zaman bitişmir. Əslində “lirika” deyilən məfhumun faciəvi cəhəti məhz bu ideyada ehtiva olunur.

 

Tofiq Bayram, şübhəsiz ki, “çoxsəsli” şair deyildi, o ancaq vəsf edirdi, bu şeirləri də sanki hansısa “səsgücləndiricinin” arxasında durub deyirdi (əslində, vəsf xarakterli mətnlərdə şair özü bu aləti əvəz edir – C.Y.), poetik ənənənin elə energetik bazasından istifadə edirdi ki, bununla qəlblərə yol tapmaq, onları həyəcanlandırmaq çətin olmurdu. Bu şeirləri insanlar su kimi içirdilər. Tofiq Bayram, məncə, klassik ənənə baxımından Abbas Səhhət tipinə daha çox uyğun gəlirdi, həm şeirləri, həm tərcümələri ilə... Onun tərcümələri haqqında ayrıca söhbət edilməlidir. Tədqiqatlar aparılmalıdır.  

 

 

- İçən idi... Eyni zamanda mehriban, qəlbitəmiz, zarafatcıl deyirlər... Şair dostlarının adına durduğu yerdə qafiyələr qoşmaq şakəri varmış...

 

- “...Kaş göydən yağış yox, araq yağaydı...” Deyəsən bu deyim də ona məxsusdu. Bir dəfə də onu ermənilər araqla zəhərləmişdilər, Şuşada, ya Xankəndində. Jurnalist Hikmət Sabiroğlunun atasıyla dost idi. Qarabağ aşiqi idi. Əhvalatı da mənə Hikmət danışıb. Onu tanıyırdılar və bilirdilər ki, bu adam tribunaya çıxmamalıdır, ölməlidir. Ancaq Tofiq Bayram zəhərlənsə də ölmədi. Dostları bilən kimi əncam çəkdilər.

 

- Naşir, tərcüməçi, mahnı mətnlərinin müəllifi... Hələ Opera və Balet Teatrında bədii rəhbər də işləyib.

 

- Bədii rəhbər işləyəndə türk aktrisasına vurulur. Ona ən gözəl şeirini həsr edir. Bu barədə şairin bacısının intervüsündə dolğun məlumatlar var. Tofiq Bayrama çınqı bəs imiş ki, sevsin, gülsün, danışsın, bir anda yüz ilin ağrısını çəksin. Onun şair naturasını bilmədən şeirlərini anlamaq olmur.  

 

- Niyazi ilə yaxın dost olub...

 

- Polad Bülbüloğlynan da. Tofiq Bayram dostluqda bütöv adam olub, şəxsiyyət olub.

 

- Siz onunla şəxsən görüşdünüz?

 

- Yox. Ancaq görmüşdüm. Deyəsən, köhnə Natəvan klubunda tədbir idi, Əli Kərimlə bağlı, ya da başqa bir şey. Məmməd İsmayıl aparırdı, Tofiq Bayram gəldi, çəliklə. Bir şeiri var, “Əsgər oğluma”, yəqin elə o dövrdə yaranıb.

 

Deyərdin, kişilər hər gün öpüşməz,

Üstümə güldürmə bütün məhləni,

Üz-gözüm qızarar, bu yaxşı düşməz,

Əsgər gedən günü öpərsən məni.

 

Təki ömrüm-günüm, sən deyən olsun,

O günü görməkçün günləri saydım.

Sən qatara minib düşəndə yola,

Əfsus ki, mən cərrah otağındaydım...

 

İndi uzaqdasan, başımın tacı,

Cahangir deyəndə səsim titrəyir.

Sən silah götürdün, mən əl ağacı,

Oğul ayaq döyür, ata büdrəyir...

 

- Qəribə şeir deməyi də vardı... Əllərini ölçə-ölçə... Yumruqlu-zadlı... Dövrün pafosu... Qalın səs... Artistizm...

 

- O əl-qol ata-ata dediyi şeirləri sükutla oxuyanda başqa anımlar yaranır. Hər bir şeirdə “ikinci mən” var, sükutla oxuyanda bəlli olur, dil tapa bilsən səninlə danışır, pafosla dediyi “Durnalar Səttarın nekroloqunu / göylərə nəqş etdi lələkləriylə...” misraları başqa cür səslənir, səs kadr arxasından gəlir, kimsə pıçıldayır və bu səsdə yalan yoxdu. Bu baxımdan, şeirin oxunuşunda o iki səsdən hansını seçmək, hansını dinləmək seçimi maraqlıdır.

 

Yeri gəlmişkən, bu şeirdə Səttar VƏTƏN kimi vəsf edilir, ümumiyyətlə Tofiq Bayramın poetikasında bu cəhət qabarıqdır; bizə aid olan hər şeyi vətənləşdirmək! Onun yaşadığı və şeirlər yazdığı dövrdə bizim üçün aktual olan problemlərin hamısı məhz bu anlayışın sərhədləri daxilində mənalanırdı. “Yamaclar Səttarın ayaq izini / köksündə saxlayır təbərrik kimi...” Səttara həsr etdiyi silsiləni bir də böyük rəssamın tablolarına baxıb (fikrən - !) oxuyun. Bu misralar o rənglərlə yanaşı qoyulduqda nə alınır?

 

Amma... Tofiq Bayramın Vətən şeirlərində bir plakat üslubu da var. Dünyanı, gerçəkliyi ancaq işıq, sevgi... selində qavramaq, təbliğ etmək, bütün naqislikləri bağışlamaq və sair. Bəlkə “bağışlamaq” sözü heç yerinə düşmür. Çünki o belə görürdü və hər şeyin saf olduğuna ürəkdən inanırdı. Bu hiss Səməd Vurğuna həsr etdiyi şeirində də var. Həm də başqa, tam fərqli məsələlər. Bu mətnə iki “baca”dan baxmaq olar; o dövr insanının hiss və duyğularından, onların gözüylə və indi, Tofiq Bayramın sətirlərinin ağ yerlərindən. O dövrdə (Səməd Vurğunun tribunadan şeir dediyi, Tofiq Bayramın dinlədiyi dövrdə - C.Y.) xalq bu səsə və misralara sırf öz taleyi kimi baxırdı və kiminsə başına gələn hadisələri mütləq şairin eşidib qələmə aldığına inanırdı. Özü də onun danışdığı dildə və ləhcədə! (Səməd Vurğuna həsr elədiyi şeirdə söz Vurğunun “Yevgeni Onegin”dən etdiyi tərcümədən gedir – C.Y.) Bu hadisəyə filologiyada “avtobioqrafik mif” deyilir.     

 

- Məni əbəs yerə gəl tutma dilə / İnamın oduyla yanan bir şamı / Gərək elə yanım, külündən belə / Nəsillər tanısın Tofiq Bayramı. – deyirdi.... Amma deyəsən, elə deyil. Onu gənc nəslə necə tapşırardınız? Ümumiyyətlə, buna ehtiyac varmı?

 

- Ehtiyac var. Xüsusən də gənc nəslə. Çünki onun şeirlərində Vətən, ana dili, sevgi, Vətən eşqi... gəlişigözəl nəsnələr deyildi.

 

Axundova həsr etdiyi “Yaralı nəğmə” poemasında bu kontekst aydın görünür: “Biz behiştə bərabər olan vətənimizin şərafətini əhya etməliyik”, - poema Axundovun sözləriylə başlayır.  Yaxud başqa bir şeirində “Sabir narahat - Şərqin zəlzələlər mərkəzi...”, - deyirdi.

 

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
17 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017