Şeir yazmayan şair

Belə də olur...

 

Misir kahinlərinin eqoya qarşı maraqlı dirənişi məlumdur. Sahildə, qum üzərində nəsə çəkər, nəsə yazar və eləcə qoyub gedərdilər. Külək, yağış, ya da elə sahilə yayılan dalğalar onları tez bir zamanda yox edərdi. Kahinlər bununla göstərmək istəyirdilər ki, qalıcı yaradıcılıq eqodur, onu saxlamaq, yaymaq və sonra onunla qürrələnmək insana özündən razılıq və bərabərində başqalarına yuxarıdan aşağı baxmaq duyğusu verir...

 

Misir kahinləri olsun ki, ağıllı adamlarıydılar və olsun ki, düz edirdilər. Amma mən hardasa əminəm, onların da içində elələri vardı ki, yaratdıqlarını öz istəyiylə deyil, başqalarının təsiri altında, qınanmaqdan, dışlanmaqdan çəkinərək qum üzərində qoyub gedirdi. Bəlkə də məhz o adamlar sonralar kahinlikdən ayrıldılar, qalıcı və ötürülən əsərlər yaratdılar...

 

Yaradıcılıq eqodur, ya eqo deyil, bu suala hərənin öz eqoist cavabı var...

 

Haqqında düşünərək bu yazını yazdığım adam çox gözə görünən adam deyil. Orda-burda, təqdimatlarda, müzakirələrdə, necə deyərlər çoxunun çox vaxt olduğu yerlərdə olmur. Düzü, mən heç bilmirəm o indi hardadır, nə işlə məşğuldur...

 

Şeirlərinə, hekayələrinə, lap elə məqalələrinə sayğı duyduğum müəlliflər çox olub. Amma bir də baxırsan ki, adam o deyil, yazdığı deyil. Bilirəm, bunu gözləmək yanlışdır, adam olar ikili yaşar, adam olar yazıları onu gizləməyə vasitədir, adam var özü yazılarını gizləməyə...  Adam var,  çox istəyər yazdığı zaman olduğu adam olsun, olammaz...

...İyunun əvvəlləri. Həftənin altıncı günü, azca buludlu səhər. Kitabımı götürüb evdən çıxıram. Bir az qırğınam, bir az acıqlıyam, bir az da ağlamağım gəlir. Puşkinin heykəlinin yaxınlığında oturub adətən oralarda avaralanan adamlara baxıram, bir az kənarda bomj çörək qırıqlayıb başına yığılan göyərçinləri yemləyir. Kitabı oxumağa başlayıram, bir az keçmiş vərəqlərin üstünə iri-iri yağış damcıları düşür. Yağış başlayır. Ayağa qalxıram, amma evə qayıtmıram, sahilə düşürəm. Üstünə yağış yağan dənizin mənzərəsi həmişə arzulanandır...

 

Sahil boşdur, adamsız və dumanlıdır. Açıq kafelərin işçiləri kətilləri daldaya daşıyır, bəziləri başını qaldırıb mənə baxır, yəqin ki, yağışın altında tələsmədən gedən qadın onlara ağıllı adam təsiri bağışlamır...

 

...Unutqan adamam, amma bilirəm ki, bu gün Yaradıcılıqdan Vasif Əlhüseynin kitabının təqdimatı olacaq. Bu az danışan, ciddi oğlanla biz deyəsən fakültədə heç salamlaşmırdıq da. Amma qarşılıqlı münasibətlər maraqlı deyil, kitabı almaq istəyirəm...

 

Məni gözləmirdilər, heç təqdimatdakı dostlar da Bakıda olduğumu bilmirdilər, amma gözəl olur, Vasifə yaxınlaşıram, üzü gülür, həyəcanlıdır, neçə illərin dostu kimi əl sıxışıb görüşürük, təbrik edirəm. Bu çox gözəldir, yad heç nə yoxdur, bizim ortaq sevinclərimiz var və bu yetərlidir...

 

Satıcılara yanaşıram, kitabı götürürəm və adına baxıram, hərçənd elanlardan bilirəm hər şeyi.

 

... “Divara yazılmış azadlıq sözü”...

 

İçimizdə, zehnimizdə, gözümüzdə, arzularımızda olan söz...

 

Sadəcə sözmü? Yox, sözə sığışdırılmış, sıxışdırılmış, gizlədilmiş ruhani duyğu...

 

Vasif onu divarda yazılmış görür...

 

...Sonralarda, hardasa il yarım sonra mən onun hansısa saytda çap olunan üç şeirini oxuyub mat qalacağam, sonra bir axşam kitab evində görüşəcəyik, xeyli söhbət edəcəyik və mən tez-tez təkrar edəcəyəm ki, sənin şair olduğuna inanıram, amma şeirlər hanı?

 

Vasif susacaq, deyəsən bir yerdə deyəcək ki:

- İş-güc aman vermir...

 

...”məftildən maşın düzəldirdik uşaqlıqda

böyüdük yorğandan qadın düzəltdik

belə öyrəndik

başsız qadın bədəninə sarılmağı

 

sonra anamızı qoyduq qəbirə

qollarımızda

və belə hiss etdik

qucağımızdakı qadın ağırlığını”...

                                

Və...

 

Azadlıq kəlməsinin yazıldığı divar hələ də orda durur, Vasiflə qəlbi arasında, Vasiflə duyğuları arasında, Vasiflə şeirlərin arasında. O divar çətin aşılan divardır, amma aşmaq istədiyimiz divardır...

 

Bəzən baxıram, bəzilərinin qarşısında nə divar var, nə o divarın məsuliyyəti, nə o divarın qalınlığı. Aydın məsələdir, divar yoxdursa heç nə yoxdur...

 

Məncə Vasifin qarşısındakı divar bir az da qorxudur, yazılacaq şeirləri gün işığına çıxarıb sonra onlara həyat verə bilməmək qorxusu...  İyrənc cəmiyyətdə ana olmaq istəməyən qadının qarşısında duran divarla Vasifin qarşısında duran divar eynidir-üstünə “Azadlıq” kəlməsi yazılmış, eləcə baxılan, eləcə öldürən, eləcə basdıran...

 

... - Niyə şeir yazmırsan?

 

- Vaxt yoxdur

 

-...

 

-...

 

- Amma sən şairsən

 

- Hardan bilirsiniz?

 

- Yazmadığın şeirlərdən...

 

LENT

17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017