Bulqakov necə narkoman oldu?

 

Mixail Bulqakov qadın gözəlliyinə məftun idi. Baxımlı əllər, fransız ətrinin məstedici qoxusu, zəriflik – bunlara biganə qala bilmirdi. Bəs kimlər mistik yazıçının qəlbini ovlaya bilmişdi? Kulis.az Mixail Bulqakovun həyatında önəmli rol oynamış qadınları xatırlayır.

 

 

Necə deyərlər, xeyir-duasız nikah

 

Mixail Bulqakovun birinci həyat yoldaşı Tatyana Lappanın payına böyük sınaqlar düşmüşdü. Qadın taleyin zərbələrinə ləyaqətlə cavab versə də elə ən böyük ağrını ona öz əri yaşatdı.

 

Sevgililərin münasibətini valideynləri başdan qəbul etməmişdi. Halbuki kənardan ideal cütlüyə bənzəyirdilər. İkisi də yaxşı, təhsilli ailədən çıxmışdılar. Ancaq Tatyananın anası belə yeznə istəmirdi. Bulqakovlar ailəsi də öz növbələrində övladlarının bu həvəsinə görə təhsilə laqeyd yanaşmasını qəbul etmirdilər. Böyüklərin etirazlarına baxmayaraq gənclər 26 aprel 1913-cü ildə evləndilər. Lakin bu gözəl hadisəni gələcək ər-arvadın ilk faciəsi qabaqladı – abort. Yazıçı hələ ata olmağa hazır deyildi, Lappa da bu səbəbdən uşağı atdırdı.

 

Gənc ailə ilk başdan sıxıntı çəkirdi. Tatyananın atası onlara kömək edir, hər ay 50 rubl yollayırdı, ancaq bu bəs etmirdi. Mixail qənaət nədi bilmirdi, lap görsə ki, sabah çörək almağa pulu olmayacaq yenə də cibindəkiləri qəpiyinə kimi xərcləyərdi.

 

Hərbi həkim kimi yoldaşının təyinatı cəbhə bölgəsinə çıxanda Tatyana da onun dalıyca yollanır. O, tibb bacısı işləyirdi. Onu nə qan qorxudurdu, nə xəstəlik, nə də ölüm. Hər kişi ürək edib xəstənin əl və ya ayağının amputasiya edilməsini müşahidə etməzdi, amma o qadın əməliyyatlarda iştirak edirdi, özü də hər dəfə! Bir neçə ay bu cür dözülməz həyat yaşadıqdan sonra cütlük Smolensk quberniyasının Nikolskoe kəndinə köçür. Bu dəfə onları başqa bir bədbəxtlik yaxalayır. Xəstə uşağı difteriyadan xilas etmək istəyən Bulqakov onun boğazından xüsusi boru ilə nazik difteriya pərdəsini sovurmağa çalışır. Ehtiyatsızlıqdan özü yoluxur. Dərhal peyvənd olunsa da, bədəni götürmür, allergiya verir: qaşınma, şiş, qızdırma. Bu zaman o ilk dəfə özünə morfi iynəsi vurur, bundan sonra da onun narkotik asılılığı başlayır.

 

Tatyana bu əzaba da səssizcə dözürdü. Elə bil vulkan üstündə yaşayırdı, narkotikin təsiri gedəndən sonra yoldaşının vəziyyəti necə olacaq bilmirdi: ya göz yaşları və “məni bağışla” yalvarışları ilə, ya da ramedilməz aqressiya ilə qaşılaşırdı. Bir dəfə əsəbi vəziyyətdə olan yazıçı yanar primusu arvadına tullayır. Əlbəttə belə şəraitdə yenə hamilə olmaq fəlakət idi. Uşağın xəstə doğulacağından qorxan Lappa ikinci dəfə aborta üz tutur.

 

Mixailin morfi asılılığı bitsə də həyat onlara yeni-yeni sürprizlər hazırlayırdı. 1920-ci ildə Bulqakov tifə yoluxur, az qalır ölsün və azardan qurtulmaq üçün ailə Qafqaza yollanır. 1921-ci ilin payızında Moskvaya qayıdırlar. Moskvada isə insanlar nəinki yaşamaq, ölməmək üçün mübarizə aparırdılar, aclıq baş alıb gedirdi. Ancaq bu, Bulqakovun yaradıcılığına mane olmurdu. O, gecələr yatmır, “Ağ qvardiya”nı yazırdı. Yoldaşı burda da onu tək qoymurdu, tez-tez ləyəndə isti su hazırlayırdı ki, o, soyuqdan donmuş barmaqlarını isitsin. Buna baxmayaraq Tatyananın fədakarlığı, həmişə bütün çətinliklərin altına çiynini verməsi ailənin dağılmasının qarşısını ala bilmir. Yazıçı başqa bir qadına aşiq olduğu üçün Lappa və Bulqakov 1924-cü ildə boşanırlar. Deyilənə görə Bulqakov ölümqabağı birinci həyat yoldaşını görmək istəyirmiş, çünki ömrü boyu onun qarşısında özünü günahkar hiss edirmiş.

 

Sən Dostoyevski deyilsən!

 

Yoldaşı ilə ayrılmaq qərarını yazıçı Lyubov Belozerskaya ilə rastlaşandan sonra verir. Onların görüşü “Nakanune” qəzetinin redaksiyasında, Lev Nikolayeviç Tolstoya həsr olunmuş gecədə baş tutmuşdu. O, Tatyananın tayı deyildi - dəblə geyinən, zərif, o dövrün bir çox tərəqqipərvər adamları ilə tanışlığı olan qadın idi. Həyat yoldaşı İlya Vasilyevsk ilə bir müddət xaricdə də yaşamışdı. Ancaq Rusiyaya qayıdanda artıq boşanmışdı. Yeri gəlmişkən əvvəlcə Bulqakov arvadına üçlükdə yaşamağı təklif edir. Əlbəttə bu cür təklif Tatyananı qəzəbləndirir, belə olduqda o, əşyalarını toplayıb sevgilisinin yanına yollanır.

 

Bulqakov Belozerskaya ilə münasibətini 1925-ci ildə rəsmiləşdirir. Cütlük aktiv kübar həyat yaşayırdılar, xüsusən ona görə ki, Bulqakov get-gedə məşhurlaşırdı. Lyubov arabir ona katibəlik edirdi. Bulqakov öz əsərlərini ucadan oxuyur, o da yazırdı. Hətta birlikdə “Ağ gil” adlı komediya yazmağa başlayırlar, amma sonra əsəri məhv edirlər. Bulqakov ikinci həyat yoldaşına “İt ürəyi”ni və Molyerdən yazdığı pyesi həsr edir. Bir çox araşdırmaçıların fikrincə məhz Belozerskaya yazıçıya təklif edib ki, “Master və Marqarita”ya qadın baş qəhrəman salmağı təklif edib.

 

Buna baxmayaraq onların münasibətləri hər şey qaydasında deyildi. Lyubov ev işlərindən başqa hər şeylə məşğul olurdu. At sürməklə yanaşı avtomobillərə də maraq edir, rəfiqələri ilə telefonda söhbət etməkdən doymurdu. Telefon isə Bulqakovun yazı masasının üstündə yerləşdiyindən bitməz-tükənməz mənasız telefon söhbətləri kiçik mübahisələrə səbəb olurdu. Belə mübahisələrin biri isə yazıçının ürəyini yaralamışdı. Bir dəfə arvadının telefon çərənləmələrindən bezən yazıçı onu danlayır:

 

- Lyuba, belə olmaz, axı mən işləyirəm!

 

Arvadının cavabı:

 

- Eybi yoxdu, sən ki, Dostoyevski deyilsən!

 

Onların münasibəti birinci nikahın xarabalıqları üzərində qurulmuşdu. Lyubov Belozerskaya Tatyana Lappanın əlindən yazıçını almışdı, yeddi il sonra isə Lyubov özü onun gününə düşdü. Bulqakov 1929-cu ildə Yelena Şilovskaya ilə tanış olur. Yelena ərdə ola-ola yazıçı ilə roman yaşayırdı. Belə məsələlər adətən dava-dalaşla yekunlaşır. Ancaq Mixail nəinki keçmiş həyat yoldaşı ilə dost münasibətlərini qoruyub saxlayır, hətta arapozan Şilovskaya da Belozerskaya ilə doatlaşır. 

 

 

Atalar üçdən deyib

 

Yelena Şilovskaya yazıçının üçüncü arvadı, yazıçı isə onun üçüncü əri idi. Qadının ilk əri Yuri Neyelov ilə evliyi qısamüddətli olmuşdu. Yevgeni Şilovskiy ilə olan ikinci evliliyi uğurlu alınmışdı, iki oğulları vardı. Ailənin dolanışığı da yaxşı idi, onlara qibtə etmək olardı. Ancaq Şilovskaya Bulqakovun Marqaritası kimi bəxtəvərlikdən bezmişdi.

 

Onların 1929-cu ilin fevralında ortaq dostlarının evində tanış olurlar. Yelena o dəqiqə Bulqakovun diqqətini çəkir: Baxımlı, incə geyimli, cəlbedici maneraları olan xanım idi. Yazıçı bu cür qadınlara məftun idi.

 

Əvvəlcə onlar ailəvi dost olmağa çalışırlar. Bulqakovlar Şilovskiylərə qonaq gedir, Şilovskilər isə Bulqakovlara qonaq gəlirdi. Yelena ilə Lyubov dostlaşırlar. Ancaq sevgililər tezliklə anlayırlar ki, aralarındakı münasibətin adı dostluq deyil. Mixail yenidən qəti qərar verməyə – ailəsindən ayrılmağa hazır idi. Ancaq Şilovskaya üçün belə radikal addım atmaq çətin idi. Yelena bilirdi ki, əri üçün çox dəyərlidir. Ailəsini atıb getmək onu məhv etmək olardı.

 

Ancaq münasibətləri gizlətmək də gün-gündən çətinləşirdi. Yevgeni arvadının yazıçı ilə əlaqədə olduğunu öyrənəndə Mixaillə arasında qarşıdurma yaşanır. Bulqakov söz verir ki, bir daha Yelena ilə görüşməyəcək. Onların ayrılığı təxminən il yarım çəkir. “Metropol” restoranında qarşılaşanda başa düşürlər ki, hələ də bir-birilərini sevirlər. Yelena ərinə məktub yazıb onu buraxmasını xahiş edir. Yevgeni razılaşır. Boşanma asan baş tutmur, uşaqların kimin yanında qalacağını müəyyənləşdirmək lazım idi. Nəticədə böyük oğlan atası ilə, kiçik anası ilə qalası olur. 4 oktyabr 1932-ci ildə Yelena Şilovskaya və Bulqakov evlənirlər.

 

Bu qadın Mixail Bulqakovun həm həyat yoldaşı, həm ilham pərisi, həm ədəbi katibi, həm bioqrafı, həm dostu, həm də məsləhətçisi oldu. Yelena yazıçının arxivini qorumaq üçün hər şey elədi. Onun sayəsində ölümündən sonra yazıçının çap olunmamış əsərləri, o cümlədən “Master və Marqarita” işıq üzü gördü. Yelena həyat yoldaşından sonra otuz il yaşadı, amma ərə getmədi. O, 1970-ci ilin iyulunda vəfat etdi və Novodeviçyeva qəbiristanlığında - ərinin yanında dəfn olundu.

 

LENT

22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017