Bakıda Kitab Təbliğatı Mərkəzi açılır

Bu gün yeni yaradılmış “Azərkitab” Kitab Təbliğatı Mərkəzində mətbuat konfransı keçirildi.

 

Kulis.Azın verdiyi xəbərə görə, mərkəzin açılmasında məqsəd ölkədə kitab təbliğatını inkişaf etdirmək, kitaba marağı artırmaqdır.

 

Layihənin rəhbəri Sabir Hüseynovun sözlərinə görə, ölkədə kitab sahəsi ilə bağlı görülən işlər yetərli deyil: “Bəzən paytaxtımızda tək-tük kitab mağazalarına girəndə, bu mağazalarda olan səriştəsizliyi görəndə qanım qaralırdı, özümə gələ bilmirdim. Ən böyük arzum Bakıda hər bir şəraitə malik bir kitab mağazasına sahib olmaq idi. Mənim arzuladığım kitab mərkəzi bütün nəşriyyatların, müəlliflərin, ali və orta məktəblərin tələbatını ödəyə biləcək imkana malik olmalıdır. Bu gün arzusunda oluğum kitab mərkəzi layihəsini reallaşdırmaq ərəfəsindəyəm”.

 

Sabir Hüseynovun sözlərinə görə, “Azərkitab” SSRİ vaxtı böyük nüfuza sahib olan Azərkitabın mənəvi varisidir. Kitab mərkəzinin məqsədini layihə rəhbəri belə açıqladı: “Məqsədimiz kitaba dönməkdir”.

 

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində təkcə kitab satışı deyil, kitab təqdimatları, imza günləri, yubileylər, ziyalılarla, tanınmış yazıçılarla, gənc yazarlarla görüş də nəzərdə tutulub.

 

Mərkəzdə tədbir üçün nəzərdə tutulmuş otaqlar, akt zalı, müxtəlif kitabların yerləşdiyi “Book cafe” bölməsi, uşaqlar üçün “Nağıl otağı” açılıb.

 

Yaxın günlərdə mərkəzin saytı da fəaliyyət göstərəcək. Eyni zamanda oxucular sosial şəbəkələrdən də mərkəzin fəaliyyətindən xəbər tuta biləcəklər. Mərkəzdə satışda olan bütün növ kitabların internet üzərindən “online” satışı reallaşdırılacaq, oxucuların sifarişləri qəbul olunacaq.

 

“Azərkitab” hazırda ölkədə fəaliyyət göstərən bütün nəşriyyatlarla və tanınmış müəlliflərlə əməkdaşlıq müqavilələri bağlayıb. Mərkəzdə yalnız Azərbaycanda nəşr olunan kitablar deyil, Rusiya, Türkiyə və digər ölkələrdə çap olunan kitabların da oxuculara çatdırılması nəzərdə tutulub.

 

Layihənin rəhbəri Sabir Hüseynovun sözlərinə görə, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi tərcümə kitablarına da xüsusi diqqət göstərəcək, keyfiyyətli tərcümələrlə oxucuların qarşısına çıxacaq. Bölgələrin kitabla təmin olunması üçün fəaliyyətə başlanılacaq: “Bölgələr bizim ağrılı yerimizdir. Rayonlara kitabların çatdırılması diqqətimizdədir. Bizim kitablarımızda ƏDV olmayacaq. Ancaq nəşriyyatların öz ƏDV-si var. Biz bu məsələnin həlli yollarını da axtarırıq”.

 

Sabir Hüseynov qeyd etdi ki, kitab çap etdirməyə maddi vəsaiti olmayan istedadlı gənc yazarların kitablarının nəşr edilməsi, təbliğatı da mərkəzin əsas məqsədlərindən biridir.

 

Xatırladaq ki, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin açılış günü mayın 9-u olacaq. 10 mayda isə mərkəz fəaliyyətə başlayacaq.

 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017